“Erməni yalanlarını ifşa etmək üçün təkcə rusgürcü arxivləri kifayətdir” 

 

Tədqiqatçı alim, tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı ermənilərin uydurma iddiaları ilə bağlı tədqiqatlarını davam etdirir. Görkəmli alim bir neçə ay əvvəl Moskva və Tbilisinin mərkəzi arxivlərində bu mövzu ilə bağlı vacib araşdırmalar aparıb. Bu araşdırmaların nəticələri ilə bağlı o, qəzetimizə geniş müsahibə verib.   

Ermənilərin soyqırımı ilə bağlı uydurma iddialarının gündəmə gətirildiyi 24 aprel tarixi ərəfəsində bu yalanları ifşa edən növbəti tarixi faktlar əldə edilib. Bu faktların qeyri-müsəlman ölkələrin dövlət arxivlərindən əldə olunması ermənilərin ifşası baxımından yüksək qiymətləndirilir. Tədqiqatçı alim, tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlının Moskva və Tbilisinin dövlət arxivlərindən üzə çıxardığı materiallar erməni iddialarının tamamilə əsassız olduğunu bir daha sübut edir.

M. Qasımlı qəzetimizə eksklüziv açıqlamasında deyib ki, ermənilərin tarixi saxtalaşdırma cəhdlərini Azərbaycan və Türkiyə arxivlərindəki materiallara istinad etmədən də ifşa etmək mümkündür. “Erməni yalanlarını ifşa etmək üçün təkcə rus və gürcü arxivləri kifayətdir”,- deyən tədqiqatçı alimin fikrincə, sadəcə olaraq bu materiallar dövlətlərarası müqavilələr əsasında satın alınmalı və bu işə böyük bir heyət cəlb olunmalıdır.

Rus və gürcü arxivlərində uydurma iddianın necə üzə çıxması ilə bağlı məlumatlar da var. M. Qasımlı deyir ki, 1916-cı ilin fevralında Harrold Bekston adlı ingilis jurnalist ermənilərin dəvəti ilə Qafqaza gəlir və burada ona uydurma iddialarla bağlı yalan məlumatlar verilir. Sonradan o, bununla bağlı məlumatları erməni mənşəli qəzetdə dərc etdirir və ermənilər bu məsələ ilə bağlı səfərbər olunur. Nəticədə ortaya saxta statistikaya əsaslanan rəqəmlər çıxır.

- Musa müəllim, bu yaxınlarda ermənilərin uydurma iddiaları ilə bağlı Moskva və Tbilisi arxivlərində araşdırmalar aparmısınız. Bu tədqiqatlarınızla bağlı məlumat verərdiniz.

- Məlumdur ki, ermənilər bir tərəfdən Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürürlər, tarixdə heç bir zaman olmayan uydurma erməni soyqırımının tanınmasını istəyirlər və təzminat tələb edirlər, digər tərəfdən Azərbaycanın ərazilərini işğal altında saxlayırlar. Ancaq onların bu iddialarının arxiv materialları və konkret tarixi sənədlər əsasında ifşa edilməsi üçün bir monoqrafiya üzərində işləyirəm. Bu monoqrafiyanı sırf Rusiya və Gürcüstanın arxiv materialları, eləcə də digər ölkələrin rəsmi sənədləri əsasında yazıram. Bunun üçün bu ilin yanvar ayında Moskvaya səfər etdim. Rusiya Dövlət Hərb Tarixi Arxivində, Rusiya Dövlət Arxivində və Rusiya Dövlət Kino Sənədləri Arxivində işlədim və xeyli material topladım. Bu materiallar imperator I Aleksandr, I Nikolay və II Nikolayın, o cümlədən Qafqaz canişinlərinin fondlarından əldə edilib. Bu sənədlərin bir qismi isə Rusiyanın Ədliyyə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin fondlarının materiallarıdır. Tbilisidə Gürcüstan Mərkəzi Tarix Arxivində, Gürcüstan Ən Yeni Tarix Arxivində və Gürcüstan Kino-Foto Sənədlər Arxivində işləmişəm. Bu fondların materialları birmənalı şəkildə erməni iddialarının əsassız olduğunu təsdiq edir. Rus məmurları, diplomatları ermənilərin Cənubi Qafqaza gəlmələrindən 1918-1920-ci illərdəki qırğınlara qədər olan bütün məsələləri aydın şəkildə qeyd ediblər. Hesab edirəm ki, həmin materialların araşdırılması bir tədqiqatçının işi deyildir. Bu arxiv materiallarının surətləri dövlətlərarası müqavilələrlə satın alınmalıdır. İstər Türkiyədə, istərsə də Azərbaycanda bu sahədə sistemli şəkildə tədqiqat işləri aparılmalıdır.

- Tədqiqatlarınızdan üzə çıxan yeniliklər nədən ibarətdir?

- Bunu tam qətiyyətlə demək olar ki, erməni yalanlarını ifşa etmək üçün təkcə rus və gürcü arxivləri kifayətdir. Rus məmurlarının və xüsusilə Qafqazda işləyən rəsmi şəxslərin mərkəzə göndərdikləri bütün sənədlərdə ermənilərin terror dəstələri qurmaları və dinc türk-müsəlman əhalini qırmaları öz əksini tapıb. Bu sənədlərdə erməni silahlı dəstələrinin 1862-cı ildə Zeytunda, 1905-1906, 1918-1920-ci illərdə Cənubi Qafqazda müsəlmanlara qarşı törətdikləri qırğınlar əks olunub. Bu qırğınların əsas təşkilatçısının “Daşnaksütyun” olduğu birmənalı şəkildə təsdiq edilir. Eyni zamanda XIX əsrin sonlarında Türkiyə ərazisində baş vermiş qiyamlarda xaricilərin əlinin olduğu göstərilir. Qeyd olunur ki, Avropa ölkələri Osmanlını parçalamaq və onun ərazisində xristian dövlətləri qurmaq üçün erməniləri bu qiyamlara təşviq ediblər.

Rus məmurlarının qeydləri arasında maraqlı bir məqam da var. Onlar sonrakı dövrlərdə açıq şəkildə yazıblar ki, Osmanlıdan və digər yerlərdən gələn ermənilərin müsəlman torpaqlarında məskunlaşdırılması yolverilməzdir. Məmurlar bunu onunla əsaslandırırdılar ki, ermənilər rusların 300 ilə yaxın bir müddətdə qan töküb işğal etdiyi ərazilərin sonradan öz torpaqları olduğunu iddia edirlər. Məsələn, 1908-ci ilə aid bir sənəddə göstərilir: “Borçalıda ermənilər 200 hektar torpağı icarəyə götürdülər və bu torpaqları ruslara baha qiymətə yenidən icarəyə verdilər. Sonra araya qarışıqlıq düşən zaman bildirdilər ki, bu ərazilər mübahisəlidir və onlara məxsusdur”.

Buna bənzər sənədlər Birinci Dünya müharibəsi illərində də var. Bu dövrdə Rusiya “Daşnaksütyun”un həbsdə olan terrorçularını azadlığa buraxdı və onlar silahlı dəstələr qurmağa başladılar. Bu silahlı dəstələrin hazırlanmasından əvvəl ermənilərin katolikosu və digər din xadimləri Qafqaz canişini ilə görüşdülər. Canişin onlara xeyir-dua verdi. Onların xərcləri də çarizm tərəfindən ödənildi. Eyni zamanda ermənilər də ianə yığmağa başladılar. Əsas məqsəd “Türkiyə Ermənistanı”nın azad edilməsi və “Böyük Ermənistan” qurulması idi. Bu məqsədlə erməni silahlı dəstələri dinc müsəlman əhalisini qırdılar. Həmin sənəddə qeyd olunur ki, ermənilər rus ordusunun Osmanlıda işğal etdiyi ərazilərdə özlərinin hakimiyyətini formalaşdırmaq istəyirdilər. Qafqaz cəbhəsi komandanlığı isə bunun əleyhinə çıxdı. Qafqaz ordusunun qərargah rəisi, general Lyudeniçin bir məktubu var. Lyudeniç yazırdı: “Biz qan tökərək işğal etdiyimiz ərazilərə erməniləri yerləşdirməyək. Çünki sonradan bu ərazilərin ermənilərə məxsus olmadığını sübut edə bilməyəcəyik”. Bu, eynilə 1908-ci ildəki sənədə bənzəyir. General deyirdi ki, bu ərazilərə rusları və kazakları yerləşdirək.

- Rusiya və Gürcüstan  arxivləri ermənilərin uydurma iddiaları ilə bağlı başqa nə deyir? Məsələn, bu mənbələrdə uydurma iddianın necə meydana çıxması barədə hər hansı faktlara rast gəlinirmi?

- Bu uydurma iddianın necə gündəmə gəlməsi ilə bağlı rus arxivlərində ciddi sənədlər var. Bu mənbələrdən biri Qafqazdan göndərilən məlumatdır. Mənbədə qeyd olunur ki, Londonda fəaliyyət göstərən Lord Mera adına Erməni Qaçqınlara Yardım Fondunun nümayəndəsi, jurnalist Harrold Bekston Qafqaza səyahət edir. Bu vaxt onun tərcüməçisi erməni jurnalist olur. Ermənilər onun şərəfinə Tiflis restoranlarının birində qonaqlıq təşkil edirlər. Həmin qonaqlıqda ermənilər ingilis jurnalistə “soyqırımı” ilə bağlı tamamilə yanlış məlumatlar verirlər.

Bundan xəbər tutan Petroqrad polisi çarizmin xaricdəki agentlərinə belə bir məlumat ötürür ki, həmin ingilis jurnalist Tiflisdə daşnaklar tərəfindən qəbul edilib və ona ermənilərin indiki vəziyyəti haqqında tamamilə saxta məlumatlar verilib. Bekston da onları əmin edib ki, o, erməni məsələsi ilə bağlı ingilis mətbuatında məqalələr yazacaq və erməniləri müdafiə edəcək. Həqiqətən də Bekston İngiltərəyə qayıtdıqdan sonra ermənilərə məxsus “Ararat” qəzetində “erməni məsələsi” ilə bağlı məqalə yazdı. Bundan sonra böyük bir kampaniya başladı. Bu kampaniya erməniləri onların Osmanlıdan təzminat alacaqlarına və “itirdikləri” torpaqlara qayıdacaqlarına inandırmağa hesablanmışdı. Bu çərçivədə ermənilərdən tələb olunurdu ki, onlara dəyən maddi ziyan barədə məlumatlar göndərsinlər. Həmin vaxt - 1916-cı ildə xeyli dərəcədə şişirdilmiş məlumatlar toplandı. İlk belə məlumatı Bolqarıstan erməniləri tərtib edirlər və onlar guya 850 min erməninin öldürüldüyünü bildirdilər. Amma həmin dövrdə Parisdə yaşayan erməni yazıçısı Arşak Çobanyan yazırdı ki, hadisələr zamanı hər şey şişirdilib və 850 min rəqəmi doğru deyildir. O, bununla bağlı qələmə aldığı “Həqiqət” adlı məqaləsində yazırdı: “Amerikan missiyası gəldi və o işləri yoxlayıb gördü ki, bu qədər erməni ölməyib. Həqiqəti söyləməkdən qorxmaq lazım deyil”.

Digər tərəfdən, 1916-cı ildən sonra Rusiya işğal etdiyi əraziləri ermənilərə vermək barədə düşünmürdü. Ona görə də “Daşnaksütyun” ilə çar hökuməti arasında ixtilaflar əmələ gəldi. Belə olan halda çar hökuməti ermənilərin könlünü almaq üçün “erməni qırğını” məsələsini gündəmə gətirdi. Bu məsələdə erməni kilsəsinin imkanlarından da istifadə olundu. Eyni zamanda Rusiya özünün xarici ölkələrdəki səfirlərinə göstəriş verdi ki, bu məsələdə ermənilərə “gözə görünmədən, pərdə arxasından” (ifadələr sənədlərdə belədir - M.Q.) dəstək versinlər.

Sonra birinci dəfə Rusiyanın Parisdəki səfiri İzlovski Fransa Xarici İşlər Nazirliyinə (XİN) bu məsələ ilə bağlı müraciət etdi. Fransa tərəfi isə çarizmin yazılı bəyanatındakı bir ifadəyə etiraz etdi. O ifadə belə idi: “Bu hərəkətlər bəşəriyyətə və xristianlığa qarşıdır”. Fransanın müstəmləkələrində müsəlmanlar yaşayırdı. Ona görə də Fransa XİN bəyanatdakı “xristianlıq” ifadəsini “sivilizasiya” ilə əvəz etdi.

Daha sonra Rusiyanın Londondakı səfiri Benkendorf da həmin bəyanatı İngiltərənin XİN rəhbəri Erdvard Qreyə apardı. Qrey bildirdi ki, biz  bəyanat versək, Osmanlı haqlı çıxacaq və deyəcək ki, müharibə aparılarkən erməni silahlı dəstələri dövləti arxadan vurdu, dinc əhalini qırdı və buna görə də təhlükəsizlik tədbirləri həyata keçirildi. Qrey təklif etdi ki, bəyanat ancaq Rusiya tərəfindən verilsin. O zaman rus səfiri bildirir: “Söhbət türklərdən gedəndə haqq-ədalətdən danışmağa dəyməz. İndiki şəraitdə belə bir bəyanatın qəbul edilməsi ermənilərin ruhunu yüksəldəcək”. Beləliklə, bu məsələ gündəliyə gəldi.

Arxivlərdə başqa sənədlər də var. Onlar demoqrafiya ilə bağlı rus məmurların, hərbi rəhbərlərin mərkəzə göndərdikləri dosyalardır. Həmin dosyalardan aydın görünür ki, çar ordusunun işğal etdiyi türk ərazilərində əhalinin etnik tərkibində  ermənilərin  sayı xeyli az olub.

 

NATİQ PƏNAHLI 

 

Zaman.-2012.-24 aprel.- S.8.