Çanaqqala içində aynalı
çarşı
Tarixin
hansı mərhələsində olursa-olsun, bütün qələbələr,
zəfərlər xalqın təsəlli
qaynağıdır. Xalq qalib gəlməyi bacarmayanda
folklorunda fantastik qəhrəmanlar
obrazı yaradır və onunla ovunur. Gerçək qələbələr və
gerçək qəhrəmanlar isə illər, əsrlər
keçsə də, uzaqlaşmır, hər zaman
xalqın gözü qarşısında olur, yeni doğulan
hər nəsillə yenidən dünyaya
gəlir. Hələ söhbət Çanaqqala
zəfərindən və Çanaqqala qəhrəmanlarından
gedirsə, mənzərə daha möhtəşəm,
qəhrəmanlıq fövqəladə!
İki duyğu bir arada
Yəqin
Çanaqqala türküsünü eşitmisiniz. Sözləri
nə qədər də nisgilli, nə qədər də
kövrəkdir:
Çanaqqala
içində bir uzun səlvi
Kimimiz
nişanlı, kimimiz evli.
Əgər
ürəyin varsa, kövrəlmə görüm, necə
kövrəlmirsən. Bu türkünün ritmi ağır,
sözləri ondan da ağır:
Çanaqqala
içində vurdular məni,
Ölmədən
məzara qoydular məni.
Bu
türkü o savaşın mənzərəsini də, o
savaşa qatılan mücahid ərənlərin şücaətini
də açıq-aydın göstərir. Bu türküdə
iki duyğu baş-başa verib: ölümün kövrəkliyi,
zəfərin təntənəsi. Xalq bu cür duyğulara
köklənəndə böyük olur. Çanaqqala təkcə
Türkiyənin deyil, Türkiyəni sevən, onu özünə
doğma bilən hər bir xalqın, hər bir toplumun qəhrəmanlıq
dastanıdır
Şəhidlik ruhu
“Şəhid” sözü “şahid” sözündəndir, yəni Allahın varlığına, birliyinə şahid olmuş insan. İnsan şahid olduqdan sonra şəhid olur. Şahid olmuş bir insan dünya ilə savaşacaq qədər güclüdür, yenilməzdir. Şahidin gücü silahında deyil, qəlbində, ruhundadır. Allah-Təala uca kitabı Qurani-Kərimdə: “Şəhidlərə ölü deməyin, onlar Allah qatında diridirlər” buyurur. Şəhid olmaq həyatda ikən ölümün o üzünü görürmüş kimi inanmaqdır, Allah yolunda verdiyi canın əvəzində insanın təxəyyül və təsəvvür edə bilməyəcəyi mükafatlara qovuşacağına əmin olmaqdır.
Şəhidlik - əli Peyğəmbərin ətəyində
olmaqdır.
Şəhidlik
- ölümün zirvəsi, ən ali məqamıdır.
Şəhidlik
- can matahının ən yüksək dəyərə
satılmasıdır...
Şəhidlik
ruhunu anlamış və ona sarılmış toplum və ya
fərd, nəticə nə olursa-olsun, hər zaman qalibdir:
ölsə şəhid, qalsa, qazidir. Məhz bu ruhla yaşayan
xalqlar, toplumlar başqaları qarşısında aciz
qalmırlar, nə cür ağır vəziyyət
olursa-olsun, özləri üçün bir zəfər
qapısı aça bilirlər. Elə Çanaqqala
savaşında olduğu kimi...
Nə
böyüksən ki...
Üç qitəyə hökm edən Osmanlı dövləti dağılmış, onun boşluğunu doldurmağa çalışan İttihad və Tərəqqi hökuməti baş verən hadisələr qarşısında iflic vəziyyətə düşmüşdü. Zaman isə gözləmirdi, hər anın bir hökmü vardı. Ən böyük xəta I Dünya savaşına girmək qərarı ilə işlənmişdi. Amma daha geriyə yol yox idi. Xalq savaşmalı, tarixdə qalıb-qalmayacağını, taleyini həll etməli idi. Çanaqqala savaşı bir komandanın, bir rəhbərin zəfəri deyildi, türkü ilə, kürdü ilə, lazı, çərkəzi, ərəbi ilə bütün Anadolu insanının və sevgisi, duası, canı ilə onunla bir sırada duran qardaşların zəfəri idi.
İngilis,
fransız hərbi gəmiləri Dardanel boğazını
keçərək İstanbulu işğal etməyə can
atırdı. Gəlibolu yarımadasının hər
qarışı insan qanı ilə suvarılırdı. Mərmilər
havada toqquşurdu. Gəmilər boğazlardan, təpədən-dırnağa
qədər silahlanmış əsgərlər isə qurudan
hücuma keçmişdilər. Bu döyüşdə
Anadolu insanı 253 min şəhid verərək, əsrlər
uzunu İslam xilafətinin paytaxtı olmuş İstanbulun
köksünə çökmək istəyən düşmənlərin
qarşısını ala bilmişdi. Mehmet Akif Ərsoy məşhur
“Çanaqqala şəhədlərinə” əsərində
belə deyir:
Nə
böyüksən ki, qanın qurtarıyor tövhidi,
Bədrin
aslanları ancaq bu qədər şanlı idi.
Xınalı quzu
Bəzən
ən qanlı hadisələr içərisində ən
kövrək məqamlar yaşanır. Xalq öz gerçəyini
dastana, real qəhrəmanını isə mifik obraza çevirir.
Çanaqqala döyüşləri bu cür möhtəşəm
mənzərələrlə doludur.
Gənc
Mehmeti müharibəyə göndərəndə anası
onun başına xına yaxmışdı. Aradabir fürsət
düşəndə döyüşçü
qardaşları Mehmetlə zarafat edir, başındakı
xınaya sataşırdılar. Mehmet də anasına
yazdığı məktubda soruşdu ki, niyə onun
başına xına yaxıb. Ananın yazdığı cavab
isə Mehmeti də, onun bütün silahdaşlarını da
həm kövrəltdi, həm də şəhidlik ruhuna
sövq etdi. Ana yazırdı:
”Övladım,
bizlərdə adətdir: qurbanlıq qoçun, nişanlı
qızın, vətən yolunda döyüşə gedən ərənin
başına xına qoyarlar. Mən səni bu vətənə
qurban demişəm. Sən mənim xınalı quzumsan”. Bu
cavabdan sonra söz üstünə deməyə söz
tapılmır. Mehmetin xınalı başını zarafat
obyektinə çevirənlər indi o xınalı
başı öpmək istəyirlər.
Seyid çavuş və
top mərmisi
Düşmən
gəmiləri növbəti dəfə boğazı
keçmək üçün hücuma
başlamışdılar. Gəmilərdən atılan
iriçaplı mərmilər türk əsgərlərinin
istehkamını dağıdırdı. Bir top mərmisi Seyid
çavuşun xidmət etdiyi topun yanında partladı və
o, qulağında hiss etdiyi dəhşətli uğultu və
ağrı ilə huşunu
itirib yerə yıxıldı. Ayılıb ayağa qalxanda bütün silahdaşlarının qan içində yerdə
qaldığını gördü. Sanki hər şeyi unutmuşdu. Və birdən
qarşıdakı boğazda gəmini
görəndə bir qədər öncəki
mərmi partlayışını da,
dostlarının son nidasını da xatırladı. Yaralanmışdı, amma o gəminin bu boğazı keçməsini ruhu həzm eləməzdi, göz
gəzdirdi və topdan bir
qədər aralıdakı son mərmini gördü.
O mərmini təkbaşına necə götürdüyünü,
topun lüləsinə necə itələyib
nişan aldığını özü də anlamadı. Gəmi
boğazı keçməkdə idi və
əgər onun qarşısı
alınmasa, İstanbul da,
Anadolu da, bu torpaqlarda yaşayan bütün türklərin, müsəlmanların həyatı
da təhlükə altına girəcəkdi.
Seyid çavuş bütün
bunları o yaralı canı ilə təsəvvüründə
canlandırdı və atəş açdı. Fransızların
yenilməz hesab etdikləri zirehli gəmi bu atəşlə
bir andaca alovlandı və
çox keçmədi ki,
boğazın sularında görünməz oldu.
O top
mərmisinin ağırlığı nə az-nə
çox, 250 kilodan artıq idi. Normalda Seyid çavuş onu təkbaşına
yerindən qaldıra bilməzdi. Amma bu, bir həqiqət idi
ki, Seyid çavuşun yanında ona kömək edəcək
bir Adəm oğlu da yox idi.
Belə də düşmən
olarmı?
Bir qədər
öncə döyüşürdülər, bir-birini
öldürmək istəyirdilər. İndi ikisi də
ağır yaralı halda yanaşı yerə sərilmişdilər.
Hər ikisinin yarasından qan axırdı. Başını
yana çevirəndə düşmənin saralmaqda olan bənizini,
yuxarı çevirəndə isə dibsiz mavi göyləri
görürdü. İki düşmən, iki yaralı
yanaşı uzanıb ölümü gözləyirdilər.
İndi onlar unudulmuşdular, meydan dirilər
üçündür, yaralılar, ölülər üçün
deyil. Bunlar artıq qalxıb düşmənlə
savaşacaq halda deyildilər. Bu halda heç bir-birinin
düşməni də deyildilər, hər ikisi ölümə
namizəd idi. Biri Osmanlı əsgəri idi, o biri fransız.
Osmanlı əsgəri gücünü toplayıb dikəldi
və sürünərək fransıza yaxınlaşdı.
Artıq fransız üçün də müharibə
çoxdan bitmişdi, amma əski düşməninin neyləyəcəyini
də maraqla izləyirdi. Mehmetcik öz paltarının
yaxasını cırdı, fransız əsgərinin
yarasını sarıdı. Sonra da öz sinəsindən axan
qanı saxlamaq üçün yerdən bir topa ot qoparıb
köksünə basdı. Mehmetcik o yara ilə şəhid
oldu, yaralı fransızın isə taleyində hələ
yaşanacaq neçə-neçə illər varmış.
Amma o hadisədən sonra həmin fransız nə
Osmanlıya, nə Türkiyəyə, nə də hər
hansı bir türkə heç zaman düşmən
gözü ilə baxmadı.
Əsrdən uzun gün
1915-ci
ilin 18 martı Anadolu türkünün ölüm-qalım
imtahan günü idi. Əsrlər boyunca İslam xilafətinin
paytaxtı olmuş İstanbul və Anadolu bəlkə də
tarixinin ən ağır və şərəfli
imtahanını verdi o gün. İslam dünyasını yerlə
bir etmək üçün hazırlanmış bütün
səlib yürüşlərinə sinə gərmiş
Osmanlı Avropanın niyyətini hər zaman ürəyində
qoymuşdu. İndi isə avropalıların əlinə
misilsiz fürsət düşmüşdü. Osmanlı
üzərinə hücuma keçən təkcə
avropalılar deyildilər, Kanadadan, Avstraliyadan, Yeni Zelandiyadan,
Hindistandan Afrikadan, Allah bilir, daha harada istila etdikləri ölkələrdən
gətirdikləri muzdlu əsgərlərlə birlikdə
öz qara niyyətlərini gerçəkləşdirmək
istəyirdilər. Rusiya isə başqa bir tərəfdən
Anadolu torpaqlarına girərək erməni müttəfiqləri
ilə birlikdə əliyalın xalqa divan tuturdu. Çanaqqala
zəfəri böyük bir müharibənin taleyini dəyişdi.
O gün Anadolu insanı əldə etdiyi zəfərin hərarəti
ilə bütün cəbhə boyu düşmən üzərinə
yeridi və onları öz torpaqlarından süpürüb
atdı.
İstəmə
məndən məqbər!
Mehmet
Akif məşhur şeirini belə tamamlayır:
Ey
şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə
ağuşunu açmış duruyor Peyğəmbər.
Çanaqqala
döyüşündə və eləcə də tarixin
bütün mərhələlərində şəhid
olmuş qəhrəmanlarımızı sevgi ilə, rəhmətlə
anırıq. Bu cür tarixi günlər əslində yeni nəsillər
üçün bir ibrət tablosu, tarix dərsidir.
ƏLİ ÇƏRKƏZOĞLU
Zaman.-2012.-24 aprel.-S.13.