Salman Mümtaz - məşhur
türkoloq və ədəbiyyatşünas
alim (1)
1906-1917-ci
illərdə Salmanın müxtəlif mətbu orqanlarında
dərc etdirdiyi məqalələrində türkün
şanlı tarixi, onun qəhrəmanlıq zəfəri,
türk oğullarının ən ağır zamanlarda özlərində
iradə və güc taparaq birləşməsi və az
qüvvə ilə özündən qat-qat üstün
düşmənlərini yenməsi dönə-dönə
xatırladılırdı. Onun məqsədi bu yolla türk
qövmlərini yeni qəhrəmanlıqlara ruhlandırmaq, əsarətə,
zülmə qarşı mübarizələrə
hazırlamaq idi. Böyük türkoloq alim Bəkir Çobanzadə
kimi, Salman da türk-islam dünyasının dərdlərini,
əsarətdə yaşamasını həzm edə bilmir,
bunları ürək sızıltısı ilə qəbul
edirdi.
Kiçik
bir millətin (əslində biz
heç də kiçik deyilik, şimallı-cənublu 50
milyon nəfərdən artığıq) bəxti gətirməyən
böyük oğulları haqqında yazmaq həmişə
şərəfli, həm də olduqca çətin və
ağrılıdır. Mən bunu ötən əsrin
50-60-cı illərində adını həm Azərbaycan
tarixinə əbədi olaraq yazdıran böyük siyasi xadim
və dramaturq Şıxəli Qurbanovun fəaliyyəti və
onun faciəli ölümü haqqında yazarkən bir daha
hiss etdim. Və istər-istəməz mərhum Xalq şairimiz
Bəxtiyar Vahabzadənin xalqımızın başına gətirilən
böyük faciələrlə bağlı ürək
yanğısı ilə dediyi: “Kiçik bir millətin
böyük oğlu olmaqdansa, böyük millətin kiçik oğlu olmaq
daha yaxşıdır “,- sözlərini xatırladım. Bu,
həqiqətən də, belədir. Bu dünyada
başına min bir bəla gətirilən, daim məhv edilmək
təhlükəsi altında olan kiçik millətin
böyük oğlu olmaq və mənsub olduğun millətinin
ağrılarını daim bütün varlığında,
canında, qanında hiss etmək, həqiqətən də,
çəkilməsi mümkün olmayan ən ağır dərdlərdəndir.
Bu baxımdan ötən əsrin 20-30-cu illərində Azərbaycan
ədəbi tarixində özünəməxsus bir iz
buraxmış məşhur folklorşünas alim Salman
Mümtazı, sözün əsl mənasında, Azərbaycan
xalqının böyük oğullarından biri hesab etmək
olar. Salman Mümtaz onu yaxından tanıyanlardan birinin dili ilə
desək, unudulmaqda və unutdurulmaqda olan, müxtəlif vasitələrlə
özgələşdirilməkdə, başqalarının
adına çıxarılmaqda olan Azərbaycan folklorunu
toplayaraq üzə çıxaran və bu ağır
yükü ev-ev, el-el, kəndbəkənd çiyinlərində
daşıyaraq onu yenidən öz sahibinə - Azərbaycan
xalqına qaytaran bir cəfakeş alim idi. O, da böyük
türkoloq alim Bəkir Çobanzadə kimi mənsub
olduğu türk millətinin xoş gələcəyi, onun
dilinin, mədəniyyətinin qorunub saxlanılması,
folklorunun yaşadılması uğrunda onun düşmənlərinə
qarşı özünəməxsus şəkildə
mübarizəyə qalxmış və həyatını bu
şərəfli və şanlı bir mübarizəyə həsr
etmişdi. Bu mübarizədə də o, öz şirin
canını fəda etdi...
Azərbaycanın
tanınmış folklorşünası və görkəmli
ədəbiyyatşünas alimi Salman Məmmədəmin
oğlu Əsgərzadə (Salman Mümtaz) 1884-cü ildə
Şəki (keçmiş Nuxa) şəhərində anadan
olub. Amma o bu doğma torpaqda cəmisi iki il yaşayıb. Ailə
vəziyyəti ilə əlaqədar olaraq, anası Zəhra
xanım 1886-cı ildə balaca Salmanı özü ilə
Türkmənistanın Aşqabad şəhərinə
aparır. Salmanın uşaqlıq və gənclik illəri
burada keçir. Amma onun uşaqlıq illəri heç də
həsədaparıcı olmayıb. Belə ki, o hələ
kiçik yaşlarından valideynlərinə kömək
göstərmək, ailənin ağır maddi durumunun, qismən
də olsa, yüngülləşməsi üçün
dükanda işləməli olub. Ağır ailə vəziyyəti
Salmana məktəbdə də sona kimi oxumaq imkanı verməyib.
O, cəmisi
üç ay mollaxanada
oxuyub. Amma balaca Salman anadangəlmə fitri istedad idi. Ona görə də heç bir təhsil görmədən həmin
dövrdə işlə
əlaqədar tez-tez təmasda olduğu adamlar vasitəsilə asanlıqla fars,
urdu və ərəb dillərini öyrənmişdi. Salmanın dayısının
dükanına alış-veriş
üçün rus zabitləri və onların həyat yoldaşları da gəlirdilər. Onlarla
sıx ünsiyyətdə
olması Salmana qısa müddətdə
rus dilini də öyrənmək imkanı verdi.
Eyni zamanda düşdüyü
mühit Salmana türk dilinin özbək, qırğız
və qazax ləhcələrini də
asanlıqla mənimsəməsində
xüsusi rol oynadı. Mağazada işlədiyi dövrdə
Salmanı ticarətdən
daha çox, ədəbiyyat maraqlandırırdı.
O, müxtəlif dillərdə
əlinə düşən
bir əsəri oxumamış yerə qoymurdu. Buna görə
də tez-tez evdə ona irad
tutur, ailəsinin və onun gələcəyinin
ticarətdən əldə
edilən gəlirdən
asılı olduğunu
xatırladırdılar. Lakin Salman özü də bilmədən ədəbiyyata bütün
varlığı ilə
bağlanmışdı və
artıq heç bir qüvvə onu bu yoldan
ayırmaq iqtidarında
deyildi. Ədəbiyyata olan maraq onun hələ gənc yaşlarından şeir yazmasına gətirib çıxarmışdı.
1903-1910-cu illərdə Azərbaycanda
mətbuat sahəsində
özünəməxsus bir
inkişaf hiss olunurdu.
1900-1914-cü illərdə Bakıda “Zənbur”, “Kəlniyyət”,
“Tuti”, “Qardaş köməyi”, “Molla Nəsrəddin”,
“Səda”, “Günəş”,
“Tərəqqi”, “Iqbal”,
“Yeni iqbal”, “Açıq söz” qəzet və jurnalları çıxırdı.
Bu mətbu orqanlarının
Aşqabadda yaşayan
azərbaycanlılar və
digər müsəlmanlar
arasında da oxucuları vardı.
Gənc Salman da adıçəkilən
mətbu orqanlarını
ən çox izləyənlərdən, sevə-
sevə oxuyanlardan biri idi. Bu qəzet və
jurnalların hər sayı çıxanda onun üçün toy-bayram olurdu. Hələ 14 yaşlarından
başlayaraq, o özü
də yazmaq istəyirdi, sinəsində
ilhamı bulaq kimi çağlamaqda
idi. Tez-tez şeir yazırdı.
Əvvəlcə, o bunu gizli saxlayırdı. Amma günlərin
birində utana-utana da olsa yazdığı
ilk şeirini “Molla Nəsrəddin” jurnalına
göndərdi. Sözün düzü,
şeirinin dərc olunacağına da inanmırdı. Ancaq gözləmədiyi
oldu və onun ilk şeiri “Molla Nəsrəddin” jurnalında dərc olundu. Şeirinin dərc olunduğu
jurnalı əlinə
alanda uzun müddət gözlərinə
inana bilmədi. Ətrafındakılar isə onu təbrik etməkdə idilər. Beləliklə
“Molla Nəsrəddin”
jurnalında dərc olunan ilk şeiri Salmanın ədəbiyyat və
əbədi şöhrət
dünyasına gedən
əzablı və şərəfli yolunun əsasını qoyaraq, onun gələcək taleyində önəmli rol oynadı. O, ilk vaxtlar bu jurnalda
şeirlərini əsasən
“Xortdanbəy”, “Sərçəqulubəy”
imzası ilə dərc etdirirdi. Yuxarıda qeyd etdiyimiz kimi, Salman həmin dövrdə “Molla Nəsrəddin” jurnalı
ilə yanaşı,
“Zənbur”, “Kəlniyyət”,
“Tuti”, “Qardaş köməyi” jurnalları
və “Səda”, “Günəş”, “Tərəqqi”,
“Iqbal”, “Yeni iqbal”, “Açıq söz” qəzetlərində
də müxtəlifməzmunlu
məqalələrlə, ədəbi-analitk
yazılarla çıxış
edirdi. Bu yazıların
hər sətrində,
hər sözündə
Salmanın Vətən
eşqi, millət yanğısı, xalqı
üçün döyünən
ürəyinin çırpıntıları
hiss olunurdu. Uşaqlıq və gənclik illərini Vətəndən
uzaqlarda keçirsə
də, onun yaşadığı torpaq
ana Turanımızın
- türk dünyasının
bir parçası, qanı-qanımızdan, canı-
canımızdan olan Türkmənistan idi.
O Türkmənistan ki, bir vaxtlar
əcdadları olan oğuz-səlcuqlar at belinə
qalxaraq, Anadoluya üz tutmuş və dünyanın ən qüdrətli imperiyalarından biri olan Bizansı qarşılarında diz çökdürərək, bu
ana torpağı əbədi olaraq türk yurdu etmişdilər. Türkün böyük zəfərlərinə
gedən yolun əsası da məhz Türkmənistan çöllərindən başlamışdı.
Anadoluda Səlcuq və Osmanlı imperiyasını
quranlar da türkmən çöllərindən
çıxan qəhrəmanlar
idilər. Gənc Salman
da türkün böyüklüyünü məhz
bizə doğma olan Türkmənistanda anlamışdı. Millətinə olan sevgisi onun
özünə Mümtaz
(üstün, seçilmiş)
təxəllüsünü seçməsinə gətirib
çıxardı. O, əslində bu təxəllüsü seçməklə
türklərin geridə
qalan deyil, üstün, seçilmiş
bir soy, millət olduğuna diqqəti cəlb etmək istəmişdi.
Türkün
bu qəhrəmanlıq ruhu onu hələ gənc
yaşlarından millətinin müstəmləkə
zülmü altında yaşamasının səbəblərini
axtarmağa sövq etmişdi. Axtardıqca da o, hiss edirdi ki,
vaxtilə imperiyalar quran və qılıncı ilə
gündoğandan günbatana kimi böyük bir ərazidə
hökmranlıq edən türk qövmlərinin sonralar
başqa millətlərin əsarəti altına düşməsinin
əsas səbəbi onların tarixi keçmişləri ilə
əlaqələrinin qırılması, öz tarixi köklərindən
ayrı düşmələri idi. Gənc Salman ürək
yanğısı ilə deyirdi ki, düşmənlər
türkləri bir-birinə qarşı qoyaraq, öz əlləri
ilə özlərini məhv etdirmiş, onları hər vasitə
ilə öz köklərindən ayrı salmağa
çalışmış və keçmişlərini,
milli adət-ənənələrini unutdurmaq
üçün ən müxtəlif vasitələrə əl
atmışlar. Ona görə də 1906-1917-ci illərdə
Salmanın müxtəlif mətbu orqanlarında dərc
etdirdiyi məqalələrində türkün şanlı
tarixi, onun qəhrəmanlıq zəfəri, türk
oğullarının ən ağır zamanlarda özlərində
iradə və güc taparaq birləşməsi və az
qüvvə ilə özündən qat-qat üstün
düşmənlərini yenməsi dönə-dönə
xatırladılırdı. Onun məqsədi bu yolla türk
qövmlərini yeni qəhrəmanlıqlara ruhlandırmaq, əsarətə,
zülmə qarşı mübarizələrə
hazırlamaq idi. Böyük türkoloq alim Bəkir
Çobanzadə kimi, Salman da türk-islam dünyasının
dərdlərini, əsarətdə yaşamasını həzm
edə bilmir, bunları ürək sızıltısı ilə
qəbul edirdi. O dövrdə Salman türk xalqları
arasında qırılmış mədəni əlaqələri
bərpa etmək, onları bir-birindən ayrı salan səbəbləri
aradan qaldırmaq üçün folklor nümunələrini
toplamaq qərarına gəlmiş və sonradan bunu
özünün ən müqəddəs amallarından birinə
çevirmişdi.
Zaman.-2012.-25 aprel.-S.12.