Qəm paytaxtımız
Qədir
Rüstəmovun qəmi Ali Qəmdir.
Qədirin
Məcnunluğu - dərdi dərmanından üstün
tutmaqdır.
Dərdə
məftunluqdur, dərdə könül verməkdir.
Dərdə
bel bağlamaqdır, etibar eləməkdir.
Dərd əlindən
çiçək açmaqdır, dərd
heyranlığıdır.
Qədirin
Məcnunluğu dərdin əlacını dərdin
özündə axtarmaq və tapmaqdır.
Yaranın
acısından məlhəm düzəltməkdir.Yaranı
ağrısı ilə sarımaqdır.
Ali Qəm
hər ürəyin, hər talenin yükü deyil,
seçilmişlərin qismətidir. Çünki Ali Qəm
adilərin qəddini əyir.
Qədirin
qəmi vaxtı aşan, unutduran, ondan asılı olmayan qəmdir.
Çünki vaxta sığmazdır.
Bu qəmə
tutuşan ömrün vaxtla ölçülməyən məcrasına,
axarına düşür.
Ömründə
tək bircə dəfə dərdlə üz-üzə duran
Qədirin qəminə biganə qala bilməz.
Torpaq kimi
quzulayar.
Yüz
illik qar kimi xarlayar.
Piltə
kimi titrəyər, şam kimi əriyər.
Pərvanə
kimi qəmə çırpar özünü...
Bu qəm
ruh qəribliyindən, ruh uzaqlığından gəldiyi
üçün çəkər adamları - qədimliyi, dərinliyi,
qəribəliyi, doğmalığı ilə...
Qəmliliyimiz
qədər qədimliyimiz, qəmliliyimiz qədər özümlüyümüz
yoxdur.
Qəm
düşkünlük deyil, kefsizlik deyil, əhval deyil - həyatın
özüdür elə.
Qəm
biçimində yaşamdır, ömür-gündür, amma
qəmdən böyükdür.
Qədir
oxuduğunu ömürə, taleyə döndərən
fenomendir.
Qəm
ömrün mənasına çevrildiyinə görə,
ömrə fərəh gətirir.
Qəmdə
fərəh tapmaq qəlbiliyi yaranır.
Qəmi fərəhə
çevrilmək zirvəsinə qədər sevmək fədakarlıqdır.
Qədir
qəmi ölçüyəgəlməzdir, tükənməzdir.
Çünki sərhədsiz ruhun qəmidir.
Qədir
ruhunu, genetik yaddaşını oxuyur, minilliklərin dərin
qatlarından, laylarından qaynayıb gələn bulaq kimi
çıxır üzə.
Xalis
axır, saf axır, dupduru axır, şəffaf axır. Ona
görə də qəminin o biri üzü də
görünür.
Ruhunda
olan adamdır deyə, Qədirin qəminə ağılla
yetmək, çatmaq olmur.
Dərkolunmazdır
- elmin boyu çatmayan, ağıl qonmayan yerdir deyə.
Ona ruhla
qovuşmasan, anlamazsan.
***
Qədir
qəm qədri biləndir. O, qəmdən bezmədi, incimədi,
küsmədi, əksinə qəmi müqəddəsləşdirdi,
hamıya sevdirə bildi. Qəm qorxusu əvəzinə qəm
doğmalığı, qəm dostluğu yaratdı.
Könlünü qəmin üzünə açdı
taybatay. Qəmə əl uzatmaq, qəmin əlindən tutmaq
öyrətdi bizə.
Qəmdən
fəryad düzəltdi, qəmi zirvələndirdi.
Qəmi
ağırladı, urvata mindirdi.
Qəmin
yaz mənasını anlatdı.
Onun qəmi
də yaz kimi dolur könüllərə - ona necə
çiçəkləməyəsən...
Bu qəm
çəkilib qurtaran deyil - həyat tərzidir,
ömür-gündür, həmişə bizimlədir.
Qəmlə
yaşamaq, qəmlə öyünmək müdrikliyidir.
***
Qədirin
qəminə qoşulan Vətəni sevdi, İnsanı sevdi, Qəmi
sevdi.
Qəm
qanadlıdır - insanlara qəmnən uçmağı
öyrətdi Qədir.
Qəmdən
qorxana Qədirin səsi yoxuş gələr.
Saflığın
qəmdən böyük ayarı yoxdur.
Qəmin
göyü qıraqsızdır.
Qəmdən
üz döndərmək Haqdan qaçmaqdır.
Çünki qəm Haqdan gəlir, Həqiqidən gəlir.
Qədirin
oxumağı bütövlükdə bir xalqın
oxumağı, bir xalqın səsidir.
Bir
xalqın tarixinin, taleyinin musiqi dilidir, səs kitabəsidir.
Ruhumuzun təskinlik,
dinclik tapdığı yerdir - vətən torpağı
kimidir Qədirin səsi...
Qədirin
səs karvanı qəm yüklüdür.
Qəmlə
dərdimizi izhar edənlərimiz çox olub, amma Qədir
xalqımızın qəm paytaxtıdır, baş kəndidir.
***
Məcnunla
qardaşdır, hardasa Məcnun aqibətlidir Qədir.
Qədiri
qəhr eyləyən milyonların yükünü
daşımaq, milyonların dərdini oxşamaq, milyonları
min il uzaqlıqdan çəkib sabaha qaldırmaq borcu,
missiyasıdır.
Xalqı
özünə qaytarmaqdır. Ulusu uluya
tapındırmaqdır.
Qədirin
Məcnunluğu - sinə dağından məhəbbət məbədi
hörməkdir - göynəm-göynəm, qəm-qəm,
qüssə-qüssə, kərpic-kərpic...
Dağ ilə
insan qəminin, fəryadının,
sarsıntısının böyüklüyünü
cızmaqdır.
Ağrıdan
eşq libası biçməkdir.
Qədirin
Məcnunluğu - dərdi dərmanından üstün
tutmaqdır.
Dərdə
məftunluqdur, dərdə könül verməkdir.
Dərdə
bel bağlamaqdır, etibar eləməkdir.
Dərd əlindən
çiçək açmaqdır, dərd
heyranlığıdır.
Qədirin
Məcnunluğu dərdin əlacını dərdin
özündə axtarmaq və tapmaqdır.
Yaranın
acısından məlhəm düzəltməkdir.
Yaranı
ağrısı ilə sarımaqdır.
Elə
sevməkdir ki, səhra göyərsin, ilğımlar oxusun.
Qədirin
Məcnunluğu - eşqə bağlanıb “yolunu
azmaqdır”,
Dərddən
Leyli düzəltməkdir. Dərdin bahar dəmidir.
Eşqi
qanadlarla ölçməkdir. Qanadlanmaq havasıdır.
Göyü
Yerə sərməkdir.
Yerdən
Göy qurmaqdır.
Yerdə
Göy tapmaqdır.
Səhrada
vahə qismətidir.
Yerdə
Göy həsrəti çəkənlərin
hayqırtısıdır. Dolğun, bütöv, bitkin,
sığmaz...
***
Qədirin
hər oxumağı yüz yer ömrünə təndir.
Bu səs
ana qucağına bənzəyir; o qədər doğma, o qədər
isti, o qədər mehrlidir ki, orada ağlayan da xoşbəxtdir.
Bu səs
ilahi yolçuluqdur, müqəddəs yoldur.
Qədir
oxuyanda adamlar özlərini qoyub onun səsinə
düşüb gedirlər - yol gedən kimi.
Qədirin
səsinə çıxıb gedirlər - səfərə
çıxan kimi.
Qədirin
səsinə qoşulub gedirlər - yoldaş kimi.
Qədirin
səsinin ardınca gedirlər - uşaq kimi.
Qədirin
səsinə uyub gedirlər.
Qədirin
səsində hər kəs öz dünyasını tapa,
öz dünyasına qovuşa bilir.
Yerdə
dərk olunmayanlar yurduna aparır Qədirin səsi
adamları.
Qədir
insanları heyrətlə görüşə, müqəddəsliyə
çağırır.
Qədirin
oxumağı doğma dərd zəvvarlığıdır.
Dərdi
ziyarətgaha döndərir Qədir.
***
Qədirin
səsi havalı səsdi, havalanan səsdi, lələkləyən,
pərvazlanan, qanad açandır.
O səs
havalı yerə aparır ki, hər şeyi unudasan, havaya
düşəsən, havalanasan, görünməz olasan - ruh
kimi.
Qədirin
səsi çalarlı səsdir, içində hər rəngdən
- hər qəmdən var. Qəmin biri qurtarmamış yenisi
başlayır - daha incə, daha yanıqlı, daha kövrək
biçimdə.
Qədirin
səsi dağlayan səsdir, dərdi dağlamaqla sağaldan səsdir.
Dağlamaqla
insanı safa çıxarmaq loğmanlığıdır.
Dağlamaqla
saflaşdırmaqdır.
O, bənzərsiz
dərd təbibidir.
Onun səsinə
düşən yer xiffəti çəkməz.
Ruhuna
ucalan - yerin cəzibəsindən - yer dərdindən azad olar.
Qədirin
səsi zirvə səsdir - ucalığa haraylayan,
azadlığa qovuşduran.
***
Qədir
Yerin Göy sədasıydı.
Qədirin
səsi kotan kimi sürürdü adamların içini. Kotan
kimi çevirirdi ...
Çevirirdi
ki, torpaq kimi içi dönsün işığa.
Çəkirdi
ki, üzü dönsün müqəddəsliyə.
Onun səsində
adam içini görürdü, içi işıqlanırdı.
Qədirin
səsi Ali Qəmlə əhd bağlayana muştuluqdur.
Qədirin
səsi millətimizin himni, dərdimizin oxşaması,
ruhumuzun laylasıdı.
Qədir
özünü tapan, özündə olan nadirlərdən
idi.
***
İnsan
təbiətən özündə özü və özgəsidir.
Qədirin
özündə özündən özgəsi yox idi. Yad
heç nə yox idi. Ona görə bənzərsiz idi. Ona
görə özündə özündən özgəsi
olanlar anlaya bilmirdilər onu. Qəribə gəlirdi, qərib
gəlirdi, anlaşılmaz gəlirdi.
Qəmnən
gedən özünü ötər.
Özünüzü
ötün ki, özünüzü təsdiq edəsiniz.
Qədirin
səsi aparan, yetirən səsdir.
Səsdən
artıqdır - səs biçimində.
Qədirin
səsi işıqlı səsdir.
Çünki
Qədir ifaçı deyil, izharçıdır, ifadəçidir.
Çünki
Qədir oxuduğunu yaşayır, oxuduğuna dönür.
Çünki
Qədir qəm haqqında danışmır, qəmin
özü olur.
Kədərin
şəklini çəkmir, kədərin özü olur.
Amma o kədəri,
qəmi sevməmək mümkün deyil.
Qədir
mahiyyətə o qədər qovuşur ki, dərdlə o qədər
eyniləşir ki, insanı dərddən azad edir.
Mahiyyətin
izhar elədiyi yük o qədər ağırdır ki, forma
belə onun gərginliyinə tab gətirə bilmir, dəyişir,
qeyri-adi şəkil alır.
Qədirin
xarici görkəmindəki dəyişikliklər onun daxilindəki
məna zənginliyinin ifadəsi kimi üzə
çıxır.
Qədir
ürəklərdən düşmədi - ədası ilə,
yerişi-duruşu ilə, səsi ilə, bənzərsizliyi
ilə.
Çünki
onun qəmi də, kədəri də işıqdan xəbər
verirdi.
***
Ölüm
yerdə həyatın sonudur, ruhda son yoxdur.
Ölümün
yer mənası faciəvi görünür, ruh isə onu
tanımır.
Ölüm
yerdə ayrılıqdır, ruhu ilə qovuşanlar həmişə
bir yerdədirlər.
Qədirin
ölümü Qədir adlı hadisənin təsdiqidir.
Qədir
özünü səsinə verdi ki, bizi yerdən
qaldırsın.
Səsinə
qoşulub getdi.
Səsini
sevdiyimizdən səsinə bərabər Ali Qəmlə
mükafatlandırdı bizi - daim bizimlə qalsın deyə...
Bir milyon
yığıla, Qədir ağlartıya sığmaz.
Bir milyon
gələ, Qədir ayrılığa sığmaz.
Ovcumuzda
tutub saxlamaq istədiyimiz işıq kimidir, həmişə
azaddır - heç nəyə sığmaz.
Qədir
görünər, amma görüntüyə sığmaz.
Qədir
Qəm Pünhanlığıdır.
Hər kəsi
öz qəribliyinə, qəribəliyinə çəkib
aparar...
LOGMAN
Zaman.-2012.-28-30 aprel.-S.5.