Sahil kəndindən dünya
ticarət mərkəzinə...
Yeddi
əmirliyin birləşməsindən meydana gələn Birləşmiş
Ərəb Əmirliklərinin (BƏƏ) ikinci böyük əmirliyi
olan Dubay XX əsrin ortalarına qədər ərəb
yarımadasında yerləşən,
balıqçılıq və körfəzdən inci
çıxarmaqla məşğul olan balaca bir kənddən
ibarət idi. 1892-ci ildə Böyük Britaniya körfəz əmirliklərinin
qəbilə rəisləri ilə müqavilə imzalayır.
Müqaviləyə əsasən bu əmirliklər daxili siyasətində
müstəqil olmaqla yanaşı xarici siyasətlərində
Britaniyadan asılı hala gəlirlər.
Əmirliklər
bir əsrə yaxın Böyük Britaniyanın müstəmləkəsi
olublar. 1968-ci ildə Böyük Britaniyanın regiondan çəkilməsini
elan etməsi ilə 1971-ci ildə altı əmirlik - Əbu
Dabi, Dubay, Şariqa, Umm Qayvin, Acman, Fuceyra - BƏƏ adı
altında birləşdilər. Yeddinci əmirlik (Ras Xaymə)
isə 1972-ci ildə birliyə daxil olur. Ərazi
baxımından Əbu Dabidən sonra ikinci, əhali
baxımından isə birinci sırada gələn Dubayın
iki əsrlik bir tarixi keçmişi var. Dubay əhalisi
1969-cı ildə neft yataqlarının kəşf
olunmasından sonra 40-50 il ərzində həm şəhər
görünüşü etibarı ilə, həm də etnik
tərkib baxımından tamamilə dəyişərək,
dünya ticarət mərkəzinə çevrilmişdir.
Ümumiyyətlə,
körfəz ərəb ölkələri tarix boyu bədəvi
həyat tərzi keçirib. Bu regionda yaşayan köçəri
ərəblər Suriya, Misir, Yəmən, İraq və s.
kimi qədim mədəniyyətə sahib, dövlətçilik
ənənələri olan ərəb ölkələrindən
fərqli olaraq köçəri həyat tərzi
sürmüş, keçən əsrin ikinci yarısından
etibarən təbii qaynaqlar sayəsində qısa müddət
ərzində dəvədən düşərək son model
CİP-lərə və səhradakı çadırlardan
çıxaraq göz qamaşdıran villalara sahib
olmuşlar.
Neft
qaynaqları sayəsində səhrada şəhərlər
salan körfəz ölkələrinin 50 il əvvəlki mənzərəsi
tamamən dəyişib. Ancaq digər körfəz şəhərlərindən
fərqli olaraq neft Dubayın illik gəlir ehtiyatının cəmi
6-7 faizini təşkil edir. Milli gəlir hasilatının 94
faizi isə ticarət və turizmin payına düşür.
Adı
dillər əzbəri olan bu məşhur şəhəri gəzib
görmək məqsədi ilə mühasib dostlarım Kayhan
Emre və Ramil Cəfərovla bərabər Dubayın yolunu
tutduq. Səyahətə çıxarkən iki mühasiblə
getmək maliyyə baxımından məni rahatladar,
demişdim, ancaq, deyəsən,
düşündüyümün tərsi olmuşdu. Məşhur
el məsəlində “Qardaşın necə adamdır
sualına, yoldaş olmamışam cavabı verilir”. Mən də
səfər əsnasında mühasibləri tanıma fürsəti
tapmış oldum. Onlardan maliyyə dəstəyini
düşündüyüm halda bir də baxdım ki, tamam fərqli
mənzərə ilə qarşı-qarşıya
qalmışam. Onların dəstəyi bir tərəfə, əlimdəkilərin
fövtə getməməsi hayına düşdüm.
Bütün bunlarla dostlarım haqqında mənfi
düşüncədə olduğumu söyləmək istəmirəm.
Hər ikisi də yoldaşlıq baxımından təşəkkürə
layiqdirlər. Ancaq maliyyəçi olduqlarından pul məsələlərində
lüzumundan artıq vasvasaçıdırlar. Nə isə,
Meşədi İbad demiş: “Hər gözəlin bir eybi
olar.”
İl
yarımdır, ərəb ölkəsinə getmədiyimdən
Dubay səfəri məni xeyli sevindirmişdi. Yenidən ərəblərlə
qaynayıb qarışmaq, uzun illər yaşadığım
nostalgiya hisslərini yeniləmək düşüncəsi mənə
xoş təsir bağışlamışdı.
Dubay
Hava limanından çıxdıqdan sonra otelə getmək
üçün taksi dayanacağına yaxınlaşdıq. Gəldiyim
ölkənin dilini, mədəniyyətini bildiyimə görə
çox rahat idim. Ancaq təəssüflər olsun ki, dərdimizi
anlatmaq üçün ərəbcə bilən bir insan tapa
bilmədik. Qarşımızdakı insanlar hindli,
pakistanlı, banqladeşli, nepallı, çinli, əfqan və
s. kasıb ölkə insanları idi. Ünsiyyət qurulacaq
yeganə dil də ki, ingilis dili. Düzdür, ingilis dilini
fikirlərimizi ifadə edəcək qədər bilsək də,
burada qaldığımız müddətdə ingilis dilinin əhəmiyyətini
daha yaxşı başa düşdük.
Çantalarımızı qalacağımız otelə yerləşdirdikdən
sonra oradan çıxdıq. Artıq axşam
düşmüşdü. Şəhəri gəzməzdən
əvvəl toqqamızın altını bərkitməyi
düşündüyümüz əsnada otelin qarşı tərəfində
“Matam Şami” Şam restoranının
işıqlarının bərq vurduğunu gördük.
Yediklərimiz bizə qalsın, gördüklərimizə
keçmədən öncə Şam bölgəsinə xas
kabab Haləbi, kubbə, fələfil, hummus, fəttuş və
s. kimi yeməklərin adlarını qeyd etməsəm, olmaz.
Dubay şəhəri körfəzlə
iki yerə ayrılır. Şəhərin şimal-şərqi
Deyra, qərbi isə Bor Dubay adlandırılır. Deyra
bölgəsi daha çox qədim yaşayış və
ticarət mərkəzlərindən ibarətdir. Dubayın
son 20-30 illik görüntüsü olan Bor Dubay bölgəsi
isə daha çox çoxmərtəbəli otellərin,
villa tərzindəki iş mərkəzlərinin yerləşdiyi
bölgədir. Deyra bölgəsində gəzərkən
insan özünü Hindistanda hiss edir. Çünki şəhərdəki
bütün xidmət sektorlarında hindliləri görmək
mümkündür. Statistikaya görə, Dubayın 60 faizini
Hindistandan, 20-22 faizini digər ölkələrdən gələn
işçilər təşkil edir. Geriyə qalan 18-20 faizlik
yerli ərəblərə isə şəhərdə rast gəlmək
çətindir. 40-50 il öncəsinə qədər
çadır və daxmalarda yaşayan bu insanlar indi lüks
villalarda yaşayırlar. Dubayın yerli əhalisinə, sadəcə
axşamın sərinində böyük alış-veriş
mərkəzlərində, lüks restoranlarda, əyləncə
mərkəzlərində rast gəlmək mümkündür.
Bor
Dubay Nyu-York, Los Anceles tərzli göz qamaşdıran
çoxmərtəbəli otel və iş mərkəzləri
ilə əhatə olunub. Dünyaca məşhur olan “Burc əl-Arab”
oteli Cumeyra bölgəsində sahildən 100 metr körfəzin
içərisinə doğru süni adanın üzərində
inşa olunub. 2004-cü ildə tamamlanan yelkən
formasında, yeddi ulduzlu bu otel Dubay əmiri Məhəmməd
bin Raşid Əli Maktumun təşəbbüsü ilə
inşa edilib. 321 metr
hündürlükdəki otelin
inşasına 650 milyon dollar
xərclənib.
Dubayda
göz oxşayan müasir tikililərdən biri də Burc
Xalifə (Xəlifə qülləsi) adlı göydələndir.
2009-cu ildə inşası tamamlanan Burc Xalifə, Dubayın mərkəz
hissəsində yerləşir. Dünyanın ən yüksək
qülləsi olan Burc Xalifənin hündürlüyü 828
metrdir. İlk adı Burc Dubay olan qüllənin adını
2010-cu ildə Dubay əmiri Raşid Əli Maktum
açılış əsnasında Əbu Dabi əmiri və
BƏƏ-nin kralı Xalifə bin Zayid Əli Nehyanın
şərəfinə Burc Xəlifə olaraq dəyişdirir.
Turistlərin gəzinti yerinə çevrilən çox sayda
göydələnlərə Dubayda geniş şəkildə
rast gəlmək mümkündür. Xüsusən də gecə
vaxtı al-əlvan rəngə bürünmüş
çılçıraqlı şəhəri gəzmənin
öz ləzzəti var.
Dubayda
turistlərin getdiyi əyləncə və istirahət yerləri
arasında Cumeyra, Cəbəl Əli və Deyra adlı
süni üç ada var. Bu adlardan birincisi dünyanın səkkizinci
möcüzəsi olaraq da adlandırılır. Cumeyra adı
ərəb dilində “cəmilə”, gözəl
sözünün təhrif olunmuş formasıdır.
Dubayda
turistlərin əyləncə yerlərindən biri də səhrada
bədəvi həyat tərzini, adət-ənənələrini
görmək, dəvə minmə təlimi keçməkdir.
Çünki dəvəni idarə etmək özü bir sənətdir.
Bütün
bunlarla yanaşı Dubay hər şeydən öncə sərbəst
ticarət zonasıdır. Ona görə də burada turistlərlə
birlikdə dünyanın dörd bir tərəfindən gəlmiş
tacirləri də görmək mümkündür. Yaxud da
bizim kimi həm ziyarət, həm də ticarət üsulundan
istifadə edənləri də.
İnsana
yüksək dəyər verildiyini görmək
mümkündür Dubayda. Qayda-qanun saat kimi işləyir
burada. Qaydaları pozmağın cəzaları
ağır olduğu,
hətta deportasiya ilə nəticələndiyi
üçün buraya
işçi qüvvəsi
olaraq gələn əcnəbilərin bəlkə
də öz ölkələrində görmədikləri
qayda-qanuna riayət etdiklərini görürsünüz.
Bütün bu gözəlliklərlə
yanaşı Dubayın
da mənfi üzünü görmək
mümkündür. Şəxsən mənim və eləcə də səfər yoldaşlarımın
əziyyət çəkdiyimiz
başlıca problem şəhərin
canına çökmüş
qəribə qoxudur.
Xüsusən də Sakit okean ölkələrinə
məxsus qəribə
qoxu bəzən dözülməz həddə
çatır. Digər tərəfdən
buranın insanları
sanki robot kimi, qanı donmuş, ruhsuz varlıqlar olaraq hərəkət edirlər.
Dubayda tarixi bir yer tapmaq
çətin məsələdir. Sadəcə, əvvəllər həbsxana,
gözləmə qüllələri
olaraq istifadə olunmuş Dubay milli muzeyini istisna etmək olar. Onun da tarixi XIX əsrdən o tərəfə
keçmir.
Şübhəsiz ki, sərbəst ticarət zonası və dəniz sahillərinin olması Dubayı cazibədar hala gətirir. Bu baxımdan Dubayı ziyarət etmək istəyənlər düzgün
qərar vermiş sayılırlar. Ancaq milli,
ənənəvi ərəb
mədəniyyətini görmək
üçün Dubaya
getmək istəyənlərin
yanıldıqlarını söyləyə bilərəm.
Çünki Dubayda ərəb
mədəniyyətini, adət-ənənəsini
əks etdirən millət yoxdur.
1971-ci ildən müstəqil
olmasına baxmayaraq BƏƏ-də, xüsusən də Dubayda ingilis sisteminin hakim olduğunu görmək çətin deyil. Ümumiyyətlə, burada üç təbəqənin olduğunu
söyləmək olar.
Dubayda qarşınıza çıxan
birinci təbəqə
işçi qüvvəsindən
ibarət əcnəbilərdir.
Yerli ərəblər
isə əmirliyin idarə sistemində yer alan,
şəhərin həqiqi
sahibləri, yüksək
rifah içərisində
yaşayan ikinci təbəqədir. Cəmiyyətin üçüncü təbəqəsi
görünməyən ideoloji
sistemin memarları olan ingilis düşüncə
tərzi, sistemidir.
Son 40 ilə qədər
balıqçılıq və
körfəzdən çıxarılan
mirvari ticarəti ilə tanınan Dubay günümüzdə
dünyanın ticarət
mərkəzinə çevrilmişdir. Eyni zamanda,
körfəz sahillərində
yerləşməsi onun
strateji əhəmiyyətini
də ön plana çıxarır.
MAHİR HƏMİDOV
Zaman.-2012.-28-30 aprel.-S.4.