Bolşeviklər Azərbaycanın işğalına öncədən hazırlaşmışdılar

 

Sima Babayeva,  Azərbaycan Respublikasi Dövlət Arxıvı direktorunun müavini, fılologiya elmlərı namizədi

 

Aprel ayının 28-də Azərbaycanın Qırmızı ordu tərəfindən işğal edilməsinin və bununla da  Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyulmasının növbəti ildönümü tamam olur. O vaxt bolşeviklər bununla da guya Azərbaycana azadlıq gətirdiklərini deyərək, fəhlə və kəndli hökuməti pərdəsinə bürünərək, dağılmış car Rusiyası imperiyasını SSRİ adı altında yenidən bərpa etdilər. Bundan sonrakı 70 il ərzində imperiya gücləri Azərbaycanın işğalı gününü bayram kimi bizlərə qeyd etdirdilər. Guya o vaxt işğal baş verməmişdi, əksinə öz bəy və xanlarına qarşı üsyan qaldıran xalq köməyə bolşevikləri çağırmışdı. Əslində isə bolşeviklər Azərbacanın işğal edilməsi və hər vasitə ilə onun əldə saxlanılmasını, 1917-ci ilin oktyabr ayında dövlət çevrilişi edərək, hakimiyyəti ələ aldıqdan sonra gündəmə gətirmiş və cəllad Şaumyana Bakıda bolşevik qiyamı qaldıraraq hakimiyyəti ələ almaqda yardım etmişdilər. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə bolşevik Rusiyası ərazilərmizin işğalı planına hazırlaşmağa başladı. Bunu Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlər də sübut edir. Bolşeviklər işlğaldan əvvəl müstəqil Azərbaycan barədə xeyli sayda kəşfiyyat məlumatı toplamışdılar. Bununla əlaqədar sənədlərin birində deyilir: “Müxtəlif mənbələrdən aldığımız məlumata görə, Azərbaycan ordusu bir piyada diviziyasından (Bakı, Göyçay, Zaqatala, Gəncə, Qazax polkları)- 12 min süngüdən, 2 min nəfər qılınclı kavaleriya briqadasından, bir də 8 min nəfərlik könüllü partizan dəstələrindən ibarətdir. Artilleriya iki zirehli qatardan, 6 ədəd zirehli avtomobildən, 5 ədəd aeroplandan təşkil edilib. Ordunun hidroaeroplana malik olub-olmaması məlum deyil.  Ehtiyat ordu isə 2 min nəfər polisdən, parlamenti qoruyan 300 mühafizəçidən və zabitlər hazırlayan məktəbin 400-500 nəfərlik kursantından ibarətdir. Ordunın ümumi sayı 30 min nəfərə qədərdir. Azərbaycanın Dağıstanla sərhədində Qusar-Quba-Xudat ərazilərində 3000 nəfər əsgər və jandarma diviziyonu cəmləşib. Bakıda isə piyada polku, ehtiyat polis batalyonu (2 min nəfər) yerləşib. 20 min nəfər əsgər isə aprel ayının ortalarına kimi Zəngəzur rayonunda - erməni cəbhəsində idi. Bakının müdafiəsi üçün Yalama-Xudat istiqamətində müdafiə səddi (iki cərgə tikanlı məftildən ibarət Yalama-XudatXudat səddi) yaradılıb. Digər bir müdafiə səddi isə 3 cərgə tikanlı məftillərdən ibarət olub Bakı ətrafındadır”.

1920-ci il aprel ayının 21-də Tuxaçevski komandanı olduğu Qafqaz cəbhəsi əsgərlərinin Bakıya yürüşü haqqında direktiv imzaladı. Direktivdə XI Qırmızı ordu komandanı Levandovskiyə və Xəzər hərbi dəniz donamasının komandanı F. Raskolnikova aprelin 27-də Azərbaycan sərhədini keçmək və sürətli hücumla Bakını işğal etmək tapşırılmışdı. Yalama-Bakı əməliyyatını 5 gün ərzində başa çatdırmaq, Kürdəmir rayonu ərazisindəki dəmiryolunu ələ keçirmək üçün kavaler dəstələrini göndərmək qərara alınmışdı. Raskolnikova isə Ələt stansiyası rayonuna desant çıxarmaq və neft mədənlərini zərər görmədən  ələ keçirmək tapşırılmışdı. Aprelin 23-də Levandovskiyə əlavə olaraq tapşırıldı ki, yalnız Bakı deyil, bütün Azərbaycanı işğal etsin. Levandovski isə öz növbəsində aprelin 27-də Qusar və Qubanın, 28-də Qızılburunun (Siyəzən), 30-da Şamaxı və Ağsunun, sonra isə Şəki- Zaqatala bölgəsinin ələ keçirilməsini, Bakı-Gəncə dəmiryolu üzərində nəzarətin əl alınmasını nəzərdə tutan plan hazırlamışdı. Buna paralel olaraq, hər bir diviziyaya adı çəkilən istiqamətlərdə hücuma hazırlaşmaq barədə konkret tapşırıqlar verilmişdi. Məsələn, 32-ci diviziyanın komandanı Şteyqerə taprılmışdı ki, Qərbdən sürətli hücumla Azərbaycan ordusunun Gəncə istiqamətindən çəkilməsi yolunu kəssin və aprelin 27-də atlılardan ibarət hərbi korpusu dəmiryolu boyunca hücuma yeritsin, Quba, Qusar və Qızılburunu işğal etsin. 27-ci diviziya isə aprelin 27-də Xaçmazı, 28-də Dəvəçini, 29-da Giləzini, 30-da Sumqayıtı, mayın 1-də isə Biləcəri və Bibiheybəti işğal etməli idi. Bakını və Abşeron rayonunu ələ keçirmək 30-cu və 28-ci diviziyalara tapşırılmışdı. Yefremovun rəhbərliyi altında zirehli qatar qısa müddət ərzində dəmiryolu ilə Bakıya yaxınlaşaraq şəhərə daxil olmalı idi. Bakıya dənizdən hücum edilməli idi və bu məqsədlə hərbi gəmilərdən ibarət xüsusi dəniz qüvvələri yaradılmışdı. Əmrdə dönə-dönə deyilirdi ki, hücum zamanı neft mədənləri zərər görməməlidir.

Azərbaycan hökuməti bolşeviklərin hücumundan öncədən xəbər tutmuşdu. Ancaq düşmənə güclü müqavimət göstərmək üçün hərbi güc yetərli deyildi. Belə ki, Azərbaycana hücumdan əvvəl ruslar az itki vermək məqsədi ilə ermənilərin əli ilə Qarabağda qiyam qaldırmışdılar. Ona görə də Azərbaycan hökuməti 30 min nəfərlik ordunun 20 min nəfərini bu qiyamı yatırtmaq üçün Qarabağa göndərməyə məcbur olmuşdu. Azərbaycan hökuməti rusların hücumunun qarşısını almaq üçün XI ordu komandanlığı ilə danışıqlar aparmağa cəhd etdi. Bu məqsədlə xüsusi nümayəndə heyəti göndərildi. Lakin bolşeviklər hücumu davam etdirdilər. Aprelin 28-də Yefremovun komdanlıq etdiyi zirehli qatar Bakıya daxil olaraq, şəhəri ələ keçirdi. Onun  ardınca isə digər Qırmızı ordu hissələri Bakıya daxil oldular. Aprelin 28-də Azərbaycan müdafiə naziri general Mehmandarov Azərbaycan parlamentinin yeni Sovet hökumətini tanıdığını bəyan edən əmr verdi. Əmrdə müdafiə nazirliyinə tabe olan hərbi hissələrə yeni hökumətə təhvil verilənədək köhnə qaydada işləmək tapşırılmışdı. Həmin gün Mehmandarov bolşeviklər tərəfindən hərbi dəniz komissarı təyin edilən Çingiz İldırıma öz postunu təhvil verdi. Beləliklə, ruslar Azərbaycanı işğal etdilər və bununla da tariximizdə 71 il davam edəcək yeni əsarət dövrü başladı.

 

 

 Zaman.-2012.-28-30 aprel.-S.2.