Qafur Qantəmir: qələmi ilə
bolşeviklərə qarşı savaşan
yazıçı (3)
Qantəmirin
bədii yaradıcılığında kiçik satirik hekayələr
üstünlük təşkil edir. Amma həcmcə
kiçik olmasına baxmayaraq, bu satirik hekayələrin
gücünü ancaq böyük satirik şair Mirzə Ələkbər
Sabirin satiraları ilə müqayisə etmək olar. Onun
satirik hekayələrində həm də “Molla Nəsrəddin”
məktəbinin təsiri aydın şəkildə nəzərə
çarpırdı. Bu baxımdan Qantəmir Sabir və Mirzə
Cəlil məktəbinin ən layiqli
davamçılarından biri idi.
Hidayət
daha sonra Qantəmir haqqında yazırdı: “Onun
üçün hərəkətlərin və hadisələrin
bilavasitə istiqaməti və məqsədə doğru hərəkəti
yoxdur.
Müəllif
bizim həyatımızın ancaq mənfi tərəflərini
görür və mənfi hadisə və faktlar həmişə
onun əsərlərində həddən artıq
şişirdilir, ümumilik və xarakterlilik mövqeyinə
qaldırılır və bununla müəllif açıqdan
açığa bizim ictimai varlığımızı təhrif
edir, saxtalaşdırır.
Məsələn,
Qantəmir özünün “Xanım Əminə” hekayəsində
Bakının türk hissəsini və yeni Şura
küçəsi rayonunu buradakı nümunəvi dövlət
müəssisələrinə, kino, teatrolara, nümunəvi
çocuq bağçalarına, məktəblərə,
radio stansiyalara və səhiyyə müəssisələrinə
baxmayaraq, ən cahil, ən avam, insan həyatından uzaq, səfalət
yuvası kimi göstərməyə çalışır.
Adama
belə gəlir ki, müəllif proletar sosialist
Bakısının tamamilə yeni, nümunəvi və
sürətlə boy atan şura rayonundan deyil, köhnə
patriarxal İran şəhərlərindən
danışır.
Qantəmirin
yazıçılıq gözü görünməz bir
sürətlə böyüyən bu rayonda şura
yazıçısının qələminə layiq qəti
surətdə heç bir müsbət cəhət tapa bilmir.
Qantəmir
sosialist Bakısının mərkəzi olacaq bu rayona ancaq
şəhvət oyadan qızlara və gəlinlərə
baxmaq üçün gedir. Burada həqiqi insan həyatı,
şura və sosializm quruluşu həyatı yoxdur.
Müəllif
yazır: “15 yaşını yenicə doldurmuş
sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək
olar”.
Həqiqətən,
Qantəmiri ancaq bu gəlinlərə baxmaq, bunların
dedi-qodularını dinləmək maraqlandırır, “siz hər
nə rəng verirsiniz verin, mənim ən çox xoşuma gələn
şey arvad davasıdır”.
Bu,
Qantəmirin ən səmimi ifadəsidir.
Qantəmir
ən qabaqcıl, ən aktiv, hətta firqəçi və
komsomolçu qadında və qızda bir dənə də
olsun müsbət insani xüsusiyyət görə bilmir. Onun
üçün qadın ancaq əyləncə,
“saçının uzunluğuna rəğmən əqli
qısa”, sütül bədənli və ictimai işə
yaramayan bir şəhvət obyektidir.
Qantəmirin
bu tipləri əsərinə almaqda məqsədi qabaqcıl əməkçi
türk qadınlarının obrazını yaratmaq deyil, bu
tiplərin simasında oxucunun hırıltısına səbəb
olan qondarma və süni cizgilər qeyd etməkdir. Qantəmirin
hekayələrində “bitərəflik” və “obyektivizm” ruhu
hökm sürür. Onun hekayələrində hər şeydən
əvvəl ictimai kəsər yoxdur.
Qantəmirin
yumoristliyi haqqında çox danışılır.
Doğrudur, bu hekayələr adamı bəzən
güldürür, ancaq bu gülüş boş və mənasız
hırıltıdan ibarət olaraq qalır.
Bəzən
oxucu bu hekayələrdəki tiplərə deyil, müəllifin
gülünc vəziyyətinə gülür.
Qantəmirin
bədii dil və bədii ifadə vasitələrinə malik
ola bilməməsi xüsusi qeyd edilməlidir. O, çox
çürük, çox yabançı epitetlərdən və
müqayisələrdən istifadə edir.
Qantəmir
öz əsərlərində effekt yaratmaq üçün
bir sıra ən çirkin, ən ləyaqətsiz sözlərə
və küçə söyüşlərinə əl
atır.
Bu
tendensiya Qantəmirdə ən zərərli bir təsir
halındadır. Bu bizim tərəfimizdən qəti və
amansız ifşa edilməlidir. Bu əsərlərin “Azərnəşr”in
bədii ədəbiyyat şöbəsi tərəfindən
bu şəkildə buraxılması böyük bir səhv və
bağışlanmaz qüsurdur. Qantəmir öz
yaradıcılığı ilə təhlükəli bir
yoldadır. O, tutmuş olduğu bu mənfi istiqamətdən
mütləq çevrilməli və həqiqi, yenidən
qurulma yollarına düşməlidir”.
Amma əslində
vəziyyət heç də Ə. Hidayətin
yazdığı kimi deyildi. Qantəmirin hekayələrində
rejim, obrazlı şəkildə desək, top atəşinə
tutulurdu. Bunu isə rejim həzm edə bilmirdi. Bolşevik
rejimi Qantəmirdən qorxurdu, çünki o həqiqəti
yazırdı, ona görə də haqsevər
yazıçının taleyi yuxarılarda artıq həll
edilmişdi. O, susdurulmalı idi. Buna yol isə Qantəmirin gedər-gəlməzə,
sürgünlərə göndərilməsindən
keçirdi. Hidayətə gəlincə, o da bolşevik
ağalarının sifarişini yerinə yetirirdi və ona
görə də yazdığı
satirik hekayələri ilə rejimi ifşa edən
yazıçının ünvanına çirkablar
yağdırırdı. Onun məqsədi Qantəmirin həbsə
alınmasına zəmin hazırlamaq idi və bunun öhdəsindən
də gələ bildi. Amma ədəbiyyat tariximizə Ə.
Hidayət iftira və böhtanlar müəllifi, Qantəmir isə
qələmi ilə rejimə savaş açan, vətənsevər
yazıçı kimi düşdü. Qantəmir əbədiyyətə
qədər ədəbiyyatımızda silinməyəcək
imzasını qoydu, ona öz möhürünü basdı.
Od püskürən hekayələr
Qantəmirin bədii
yaradıcılığında kiçik satirik hekayələr
üstünlük təşkil edir. Amma həcmcə
kiçik olmasına baxmayaraq, bu satirik hekayələrin
gücünü ancaq böyük satirik şair Mirzə Ələkbər
Sabirin satiraları ilə müqayisə etmək olar. Onun satirik hekayələrində həm
də “Molla Nəsrəddin” məktəbinin təsiri aydın
şəkildə nəzərə çarpırdı. Bu
baxımdan Qantəmir Sabir və Mirzə Cəlil məktəbinin
ən layiqli davamçılarından biri idi.
Qantəmirin
yazdığı hekayələr “Ağıl dəryası”
(1930), “Şarlatanlar” (1934) və “Kolxozıstan” (1935)
kitablarında toplanıb. Bu kitablardakı “Buğda quyusu”,
“Hacı Qambay”, “Mirzə Aves”, “Vəsiyyət”, “Zeynəb
Tükəzbanova”, “Nisə xala” və s. hekayələri Hidayətin
dediyinin əksinə olaraq, oxucular tərəfindən sevilə-sevilə
oxunurdu.
Qantəmirin
hekayələrinin gücünü nəzərə
çarpdırmaq üçün onlardan bəzi nümunələr
gətirmək istəyirik.
Məsələn,
Qantəmir 1927-ci ildə qələmə
aldığı “Buğda qulusu” adlı hekayəsinin əvvəlində
oxucunu maarifləndirmək və ona istiqamət vermək məqsədi
ilə yazır: “Adam da var adam da. Kiminin dili var, qələmi
yoxdur, kimininsə qələmi var, dili yoxdur. Və kiminin
nə dili var, nə qələmi.
Bu cür adama
bizlərdə kənd
ağsaqqalı deyərlər.
Alim məclisində, üləma
yığıncağında ağsaqqal dinməz, danışmaz, qulaq asar. Ona baxar, qeyriləri
də danışmaz.
Böyük var, kiçik var, alim var, üləma
var, axund var... ölkə
sahibsiz deyil ki? Dünya bir qıldan
asılıdır və
o qıl da qılıncdan kəskindir.
Küləyi, suyu, daşı,
torpağı, ağacı,
heyvanı, əlbəttə,
bir yaradan var”.
Müəllifin son cümlələri əslində ateizmi əllərində bayraq edən bolşeviklərə
qarşı açılan
sərrast atəşi
xatırladır, oxucuya
Allahın varlığı
və onun danılmasının mümkün
bir iş olmadığı aşılanır.
Bu, onun rejimə
qarşı qəhrəmanlıq
savaşı idi.
Qantəmir tərəfindən 1930-cu ildə qələmə alınan “Dəfatirati-üzviyyə”
adlı hekayəsində
isə yazıçı
rejimə qulluq edən bir “qəhrəmanının” iç
üzünü açaraq,
bolşeviklərin ətrafına
buna oxşar mənəviyyatsız adamların
toplandığını oxucuya
çatdırır. Müəllif
qəhrəmanı haqqında
belə yazır:
“22-ci ildən bəri
firqəçi olduğu
halda... hamı ona komsomol Məhəmməd
Cəfər deyir. O, bütün mənası ilə ziyalı bir firqəçidir... bizlərdə belə bir məsəl var: “Əməlisaleh olan övlad dayısına oxşar”. Məmməd
Cəfər də rəhmətlik dayısı
Hacı Səttar bəyə çox oxşayır. Deyirlər
ki, Hacı Səttarın danışdığı
sözlərin yüzdə
doxsan beş
hissəsi yalandır”.
Yazıçı
çox böyük ustalıqla sovet partiya məmurunun iç üzünü açaraq, onun mənəviyyatsız və
simasız olduğunu sadə oxucuya çatdıraraq, cəsarətlə
hökumətin fırıldaqçılardan
ibarət olduğuna diqqəti cəlb edib. Bununla da o, oxucuda rejimə qarşı nifrət oyatmaq istəyib.
Qantəmirin “Vəsiyyət” adlı
digər hekayəsində
də bolşevik rejiminin çirkin əməlləri adi bir vətəndaşın
dili ifşa edilir. Məsələn,
ölümündən əvvəl
vəsiyyətnamə yazdıran
ata övladlarına belə müraciət edir: “Namazımı xəlvət qıldırın.
Amma özümü muzıka ilə dəfn edin. Bunun sizə faydası
olar”.
Ata haqlı idi və bilirdi ki, əks halda
övladlarını sürgün
və həbs gözləyir. Çünki rejim ölənlərimizin
şəriət qayda-qanunları
ilə deyil, musiqi ilə dəfnini tələb edirdi. Buna əməl
etməyənləri isə
sərt şəkildə
cəzalandırırdı. Repressiyaya nifrət vəsiyyətdə
daha güclü şəkildə özünü
göstərir. Ata vəsiyyətində:
“Əgər qardaşlardan
biri tutulsa, familiyanızı elə dəyişdirin ki, qardaş olduğunuz bilinməsin... Tinlərdə
danışılan sözlərə
qulaq verməyin... Düz on il
olur ki, Azərbaycan şuralaşıbdır.
Əgər dağılsaydı, indiyə qədər dağılardı”. Amma atanın
atmacalarından, iradlarından
bir məsələnin
mahiyyəti tam aydınlaşır.
O : “Əbədi heç nə yoxdur...”-deyir
Daha sonra isə ata vəsiyyətində
ağlını itirmədiyini,
huşunun yerində olduğunu söyləməklə
övladlarını bu
vəsiyyətinə əməl
etməyə çağırırdı.
Qantəmir bu hekayəsində
rejimin iç üzünü məharətlə
açaraq, əsl həqiqəti oxuculara çatdıra bilib
“Qisas alındı”
hekayəsi də Qantəmirin bolşeviklərə
nifrət atəşidir. Hekayədə bolşeviklərin Azərbaycanı
işğal etməsindən
sonra Cəfərqulu adlı birisinin Fərhad bəyin mülklərini zəbt etdiyi və onu öldürmək üçün xain üsula əl atdığı təsvir
edilir. Cəfərqulu Fərhad bəyi
həbs etmək üçün göndərdiyi
əsgərlərə tapşırır
ki, yolda “qaçdı” adı ilə vurub öldürsünlər.
Bu baxımdan Qantəmiri bolşeviklərin iç
üzünü açan
mahir bir rəssama bənzətmək
olar.
Sovet rejimi bütün bunları Qantəmirə bağışlamadı
və onu həbs etdirdi. Ancaq Qantəmirin
bəxti nisbətən
gətirdi. Onu digər
repressiya qurbanları kimi güllələməyərək
Özbəkistana sürgün
etdilər.
Sürgündə keçirdiyi mənəvi
sıxıntı və
əzablar isə onun səhhətində ağır izlər buraxdı. Bu böyük satirik hekayələr ustası
1944-cü ildə 56 yaşında
Özbəkistanda Haqqın
rəhmətinə qovuşdu.
Amma özündən
sonra böyük bir satirik hekayələr
məktəbi buraxıb
getdi...
Zaman.-2012.-28-30 iyul.-S.12.