Dünya ədəbiyyatının böyük patriarxı - Qabriel
Qarsia Markes (2)
Qəzetdə
işlədiyi dövrdə Markes təmasda oduğu
adamların həyatı, ölkədəki vəziyyət və
digər məsələlərə həsr edilmiş “Mənim
macəralarım haqqında həqiqətlər” adlı
oçerklərini yazır. Serial halında oxuculara təqdim
edilən bu oçerklər oxucular arasında böyük
maraqla qarşılanır. İş orasındadır ki, bu
oçerklərin qəhrəmanları həyatda olan real
insanlar idilər.
O,
artıq ədəbi yaradıcılıq yoluna qədəm
qoymuşdu və həvəslə yeni əsərlər
yazmağa başlamışdı. Həmin dövrdə Markes
“Ev” romanı üzərində işə başladı. Ancaq
nə üçünsə bu əsər onun istədiyi kimi
alınmırdı. Ona görə də romanın
yazılması uzanırdı. O, hiss edirdi ki, oxucuya yeni nə
isə verməli, ancaq bunun üçün klassik roman
üslubundan kənara çıxmalı, ədəbi janr
çərçivələrini aşmalıdır. Markes
yaşadığı mühiti dəyişdirmək, daha
çox insanlarla ünsiyyətdə olmaq, yeni personajlar tapmaq
məqsədi ilə 1954-cü ildə Kolumbiyanın
paytaxtı Boqotaya gəldi. O, burada “El Espektador” qəzetində
işə düzəldi. Yeni iş yeri Markesə
çoxsaylı insanlarla tanış olmaq imkanı verdi. O, ilk
vaxtlarda qəzetdə kiçik məqalələr və
müxtəlif filmlərə resenziyalar yazırdı.
Sonra
redaksiyada onun yaradıcılıq imkanlarından geniş
istifadə etmək qərarına gəldilər. Bu məqsədlə
də Markesi xüsusi müxbir kimi xarici ölkələrə,
o cümlədən İtaliya, Polşa, Fransa, Venesuela və
ABŞ-a göndərirlər.
Qəzetdə
işlədiyi dövrdə Markes təmasda oduğu
adamların həyatı, ölkədəki vəziyyət və
digər məsələlərə həsr edilmiş “Mənim
macəralarım haqqında həqiqətlər” adlı
oçerklərini yazır. Serial halında təqdim edilən bu oçerklər
oxucular arasında böyük maraqla qarşılanır.
İş orasındadır ki, bu oçerklərin qəhrəmanları
həyatda olan real insanlar idilər. Məqalələrdə
Kolumbiyanın hərbi gəmilərindən birində baş
verən hadisələrdən danışılır. Hərbi
gəmidə təsadüf nəticəsində dənizdə
batmaqdan xilas edilən ekipaj üzvlərinin etirafları cəmiyyətdə
böyük əks -sədaya səbəb olur. Çünki
Markes baş verən hadisələri oxucuya böyük
ustalıqla çatdıra bilmişdi.
Oçerklərdə
həmçinin hərbi gəmilərdə
qaçaqçılıq hallarının geniş
yayılması, oradakı cəmiyyətə və dövlət
qanunlarına zidd olan biabırçılıqlar barədə
geniş məlumat verilir.
İlk nəsr əsəri:
“Düşmüş yarpaq”
(La
hojarasca)
“El
Espektador”da çalışmaqla və müxbir kimi müxtəlif tapşırıqları
yerinə yetirməklə yanaşı, Markes bədii
yaradıcılığını da davam etdirir. Markes “Düşmüş yarpaq”
adlı povestini yazır və 1955-ci ildə nəşr
etdirir. Povestdə Makonda şəhəri və orada
yaşayanlardan bəhs edilir. Müəllifin yalqızlıq
haqqındakı mətnləri böyük maraqla
qarşılanır. Əslində cəmiyyətdən
ayrı yaşamaq tənhalığa qapılmaq, bəlkə
də, Markesin keçirdiyi həyat tərzindən irəli gəlirdi.
Sonralar tənhalıq ruhu onun bütün
yaradıcılığından qırmızı xətt kimi
keçir. “Düşmüş yarpaq” povesti müəllifin həyatında
yeni bir yaradıcılıq dövrünün
başlanması kimi qiymətləndirilir.
1956-cı ildə Kolumbiyada hakimiyyətə diktator Roxas Pinilya gəlir. O, dərhal azadfikirli adamlara, o cümlədən jurnalistlərə divan tutmağa başlayır. Roxas Pinilya xüsusilə “El Espektador” qəzetini sevmirdi və burada gedən məqalələr onu bərk əsəbiləşdirirdi. Ona görə də diktator adıçəkilən qəzetə qarşı təzyiqlərə başlayır və onun adını rejimə düşmən olan mətbu orqanları arasında çəkir. Jurnalistlər də təzyiqlərə məruz qalır və onlar addımbaşı izlənirlər. Buna dözməyən və tezliklə həbs ediləcəyindən ehtiyat edən Qabriel Markes çıxış yolunu Kolumbiyanı tərk etməkdə görür. Bu da əsassız deyildi. İş orasındadır ki, vaxtilə hərbi gəmidə baş verənlər barədə serial oçerklər yazaraq, “El Espektador” qəzetində dərc etdirən Markes bununla da hərbçilərin və diktator tərəfdarı adamların qəzəbinə gəlmişdi. Onu həbs etmək üçün bəhanə axtarırdılar. Bu baxımdan Markesin İtaliyanın paytaxtı Romaya gəlməsi onun tərəfindən qəbul edilən düzgün qərar idi. Digər tərəfdən, Romada onun üçün dil problemi yox idi. Çünki ispan və italyan dillərinin çox yaxın olması Markesə Romada yaşaması və fəaliyyət göstərməsi üçün imkan yaratmışdı. Romada jurnalistlik fəaliyyətini davam etdirən yazıçı ara-sıra yenidən İtaliya haqqında “El Espektador” qəzetinə məqalələr göndərir. Markes buna paralel olaraq, kinematoqrafiya ilə də məşğul olmaq qərarına gəlir. Bu məqsədlə də o, Romada fəaliyyət göstərən Eksperimental Kinematoqrafiya Mərkəzi nəzdindəki rejissorluq kursunda oxuyur. Bu kursda oxuması onun ədəbi yaradıcılığının daha da zənginləşməsinə və yeni məzmun kəsb etməsinə gətirib çıxarır. Bir müddət Romada qaldıqdan sonra İtaliya həyatı yazıçını sıxmağa başlayır. O, hiss edir ki, hələ Avropanı yaxşı tanımır və bu qədim qitənin mədəniyyət mərkəzlərindən biri hesab edilən Parisdə yaşamasa, Avropa və avropalılar haqqında tam təsəvvürə malik ola bilməyəcək. Ona görə də Romanı tərk edərək Parisə gəlir və burada yaşamağa başlayır. Əvvəlcə, Parisdən yenidən Kolumbiyaya qayıtmaq istəyir, ancaq sonra fikrini dəyişir. Çünki Avropanın tanınmış qəzetlərində Kolumbiyada diktator rejiminin özbaşınalığı və xalqa zülmlər etməsi barədə çoxlu sayda məlumatlar gedirdi. Fransanın paytaxtında o həm də jurnalistlik fəaliyyətini davam etdirir və bir neçə qəzetlə əməkdaşlıq edir. Parisdə ədəbi yaradıcılıqla daha geniş şəkildə məşğul olmağa başlayan Qabriel Qarsia Markes “Polkovnikə məktub yoxdur”(El colonel no tiene quien le escriba) adlı povestini yazır. Bu povesti o, 1957-ci ildə bitirir. Əsər Avropada böyük maraqla qarşılanır və o, tənqidçilər tərəfindən parlaq gələcəyi olan yazıçı adlandırılır. Onu da deyək ki, oxucular və avropalı tənqidçilər tərəfindən böyük maraqla qarşılanan “Polkovnikə məktub yoxdur” povesti müəllifi tam qane etmirdi. Ona görə də o bu povest üzərində sonralar 11 dəfə işləyib. Buna səbəb isə povestdə psixoloji vəziyyətlərin çoxluq təşkil etməsi olub.
1957-ci ildə Markesi SSRİ-də
keçirilən Gənclər və Tələbələr
Festivalından reportajlar hazırlamaq üçün Moskvaya
göndərirlər. SSRİ-dən qayıdandan sonra o,
“SSRİ. 22 400 000 kvadratkilometrdə “Koka-Kola”nın reklamı
yoxdur” adlı essesini yazır. Bu essedə o, SSRİ-də
gördüklərini maraqlı bir şəkildə oxuculara
çatdırır. Markes yazırdı: “Mən həmişə
demişəm və sözlərimdən də heç vaxt
imtina etməyəcəyəm. Belə ki,
dünyada ən maraqlı insanlar
SSRİ-də yaşayır”.
Onu da deyək ki, esse oxucular arasında böyük maraqla qarşılandı və müəllifinin daha da tanınmasına səbəb oldu. Amma yazıçı Parisdə vətən üçün darıxmağa başlamışdı. Ona görə də vətənə daha da yaxın olmaq üçün Venesuelanın paytaxtı Karakasa gəlir. Bir müddət o Karakasda nəşr edilən “Momento” adlı jurnalla əməkdaşlıq edir. 1958-ci ildə hələ Parisdə ikən yazdığı və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan “Polkovnikə məktub yoxdur” adlı povestini poçtla Meksikada nəşr edilən bir o qədər də tanınmayan “Mito” jurnalına göndərir. Jurnal dərhal povesti çap edir. Povestin dərc olunduğu jurnal tez bir zamanda oxucuların diqqətini cəlb edir və onun bütün sayları qısa müddətdə satılır. Hətta Avropa və Latın Amerikası ölkələrində belə, “Mito” jurnalı ilə maraqlanır və ona abunə olmaq istəyirlər. Bu da əsassız deyildi. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, “Polkovnikə məktub yoxdur” povesti oxucular tərəfindən sevilə-sevilə oxunurdu. Povestdə hadisələr həmin dövr üçün yaxın olan zamanda - 1956-cı ildə baş verir. Müəllif özünü gözləyə biləcək təzyiqlərdən qorumaq üçün hadisələrin simvolik Makonda şəhərində baş verdiyini yazıb. Povestdəki bütün hadisələr də Makonda şəhərində cərəyan edir. Əsərin qəhrəmanı polkovnik bu şəhərdə yaşayır. Polkovnikin yuxularında gördüklərindən və xatirələrindən, həmçinin vətəndaş müharibəsində iştirak edənlərin dediklərindən də məlum olur ki, əsərin qəhrəmanı bu şəhərin sakinidir, ancaq sonra başqa yerə köçərək orada yaşamağa başlayıb. Müəllif bu povestində real hadisələr ilə əfsanələrin bir növ sintezini yaradıb. Belə ki, Makonda şəhərində real həyatdan götürülən, eyni zamanda əfsanəvi xarakter daşıyan hadisələr baş verir. Makonda şəhəri, zənnimizcə, müəllifin doğulduğu Kolumbiyadakı real şəhərlərdən birinin obrazıdır. Bunu əsərin qəhrəmanı, polkovnikin danışdıqları da sübut edir. Polkovnikin özünün də real surət olması şübhə doğurmur. Xatırladaq ki, yazıçının babası da polkovnik olub və Kolumbiyada baş verən vətəndaş müharibəsində iştirak edib. Güman etmək olar ki, polkovnikin simasında Markes babasının obrazını yaradıb və baş verən hadisələrin çoxunu onun dilindən eşidib.
Zaman.-2012.-4-6 avqust.-S.13.