Dünya ədəbiyyatının böyük patriarxı - Qabriel Qarsia Markes (4)

 

Əvvəlı ötən saylarımızda

 

“Yüz ilin tənhalığı” romanında müəllifin yazdığı bir çox fikirlər hazırda dünyada zərb-məsələ çevrilib. Onlardan bir neçəsini oxucularımıza təqdim edirik:

“İnsanın doğma adamını basdırmadığı torpağa bağlılığı ola bilməz”.

“Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür”.

“Adamların özləri birinci dərəcəli vaqonlarda səfər eləyib, kitabları yük vaqonlarında daşımağa başladıqları gün dünyanın axırı olacaq”.

“Ömür boyu dalınca ölü gəzdirməkdənsə, salamat adamı bir-iki dəqiqə ora-bura sürümək yaxşıdır”.

Markes “Yüz ilin tənhalığı” romanı ilə gözləmədiyi halda məşhurlaşmışdı və o, uzun müddət bu şöhrətin gətirdiyi rahatlığı canında hiss elədi. Hara gedirdisə hörmətlə qarşılanır, dünən onu saymayanlar, salam verməyənlər bu gün qarşısında iki bükülür, yardımlarını təklif edirdilər. Pərəstişkarlarının ona verdiyi qonaqlıqların isə sayı-hesabı bitmək bilmirdi. Bəlkə də başqası olsaydı, bu qonaqlıqlardan sonra başı ayılmaz, tədricən əyyaş yazıçılardan birinə çevrilərdi. Amma keçirdiyi məşəqqətli həyat yolu onu özünə həddindən artıq tələbkar olmağı öyrətmişdi. Ona görə də müəyyən bir müddətdən sonra bu qonaqlıqlardan imtina edərək əvvəlki sadə həyatını yaşamağa başladı. Çünki hiss edirdi ki, bu kef dolu məclislər onun yeri deyil və belə davam etsə, yaşamaq mənasını itirəcək. Kef məclislərindən imtina etdikdən sonra yenidən yazmağa başladı. Lakin elə bil yazmaqdan gözü doymuşdu, yaxşı bir şey fikirləşə, yaza bilmirdi. Ona görə də yenə də qələmini nağıllarda sınamağa başladı. Bu janrda özünü daha rahat hiss edir, qəhrəmanlarını gələcəyə və geriyə aparmağı, dünənlə bu gün arasında maraqlı bir əlaqə yaratmağı bacarırdı.

Yazıçı ona dünya şöhrəti gətirən “Yüz ilin tənhalığı” romanını ürəyi istəmədiyi kimi yazdığı qənaətindədir. Ona görə də üstündən illər ötəndən sonra məşhur yazıçı mətbuata verdiyi açıqlamalarından birində deyir:

 “İmkanım olsaydı, zamanın təkərini geriyə qaytarmağa gücüm çatsaydı, onda “Yüz ilin tənhalığı”nın bütün nəşrlərini, nüsxələrini yığışdırardım. Ən pis halda, onu təzədən yazardım. Mən bu əsərimdən utanıram, çünki bir sıra səbəblərdən onu ürəyim istədiyi kimi yaza bilməmişəm…”

Bu onun, məşhur yazıçının səmimi etirafları, özünə tənqidi yanaşmasıdır. Belə ki, hər yazıçı özündə cəsarət taparaq, dünyada ən çox oxunan və sevilən romanı haqqında bu sözləri deyə bilməzdi.

Mətləbdən uzaqlaşmadan deyək ki, Markes yeni nağılları əsasında 1972-ci ildə  “Sadəqəlbli Erendiranın inanılmaz, kədərli tarixi və onun qəlbsiz nənəsi” adlı nağıllar məcmuəsini nəşr etdirdi. Gözləmədiyi halda bu nağıllar məcmuəsi də ədəbi ictimaiyyətin və tənqidçilərin diqqətini cəlb etdi. Markesin bu əsəri də ciddi tədqiqat predmetinə çevrildi. Həmin il Markes ədəbi sahədə böyük uğurlarına görə beynəlxalq Romulo Qaleqosa  mükafatın layiq görüldü.

Qazandığı uğurlarda jurnalistlik fəaliyyətinin önəmli rol oynadığını yaxşı anlayan Markes yeni qəzet açmaq fikirinə düşdü. Bu məqsədlə də 1974-cü ildə Markes Boqotoda “Alternativ” adlı qəzet nəşr etməyə başladı. Qəzetin təsisçisi və baş redaktoru da özü idi. Bu qəzetdə o heç kimdən asılı olmadan öz fikirlərini açıq şəkildə deyə, onu özü arzuladığı kimi oxuculara çatdıra  bilirdi.

Buna paralel olaraq, Markes ədəbi yaradıcılığını da davam etdirməkdə idi. Bu çərçivədə də 1975-ci ildə o, oxucularına “ Patriarxın payızı” (“El otono del patriarca”) romanını təqdim etdi.  Romanda şəxsi məsələlərə bəşəri problemlər səviyyəsində yanaşılmış və buna qarşı bəzi Latın Amerikası ölkələrində özünü az qala orta əsrlər səviyyəsində aparan diktatorun obrazı qoyulmuşdu. Bu roman da tezliklə onlarla xarici dillərə tərcümə edilərək bütün dünyada ən çox oxunan əsərlərdən birinə çevrildi.

Markes gəncliyində diktatora üsul-idarəsindən çox əziyyət çəkmişdi. Ona görə də Çilidə baş verənlər və orada Pinoçetin hakimiyyətə gəlməsini olduqca pis qarşılamışdı. Bu səbəbdən də onda ruh düşkünlüyü əmələ gəldi və 1975-1981-ci illərdə ədəbi yaradıcılıqla məşğul olmaqdan vaz keçdi. Əvəzində diktaturanı pisləyən və ifşa edən onlarla siyasi məqalə yazdı.

Oxucular və ədəbi ictimaiyyət isə ondan yeni əsərlər yazmasını xahiş edirdi. Nəhayət, o qələmə sarıldı və 1981-ci ildə ”Elan edilmiş ölümün xronikası” adlı romanını yazdı. Bu romanda Markes ölüm və onun insana gətirdiyi mənəvi-psixoloji amilləri izah etməyə və bu müstəvidə milyonlarla insanı maraqlandıran suallara cavab tapmaq istəyir. Həmin il ədəbi sahədə qazandığı uğurlara görə, Markes Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilir. Amma onda Markes hələ bilmirdi ki, daha bir zirvəni fəth etməyin bir addımlığındadır. Nəhayət, onun gözləmədiyi və sonralar özünün də etiraf etdiyi kimi yuxusuna girməyən bir hadisə baş verdi. Belə ki, Markes 1982-ci ildə ədəbi sahədə  uğurlarına görə ədəbiyyat üzrə Nobel mükafatı aldı. Bu, onun həyatında ən xoşbəxt anlardan birinə çevrildi. İndi özünü dünyanın ən xoşbəxt adamlarından biri hesab edir, obrazlı şəkildə desək, şöhrət zirvəsində üzürdü. Artıq yazmaya da bilərdi, özünün illərlə arzuladığı ruhi və mənəvi rahatlığını tapa, çəkdiyi əziyyətlərin mükafatını ala bilmişdi. Ona görə bir müddət yazmadı və belə demək mümkünsə, artıq istirahət, çoxillik əzab və əziyyətlərin əvəzini çıxmaq, bolluca dincəlmək vaxtı idi. Amma yazmayanda da özünə yer tapa bilmirdi. Bu da onun tərəfindən 1985-ci ildə “Taun xəstəliyi zamanı sevgi” (“El amor en los tiempos de cólera”) adlı romanın yazılması ilə nəticələndi. Bundan sonra o, bir-birinin ardınca  “Öz labirintində olan general”  (1989-cu il),  “İyirmi səyyahın nağılı”(1992-ci il),  “Sevgi və başqa şeytanlar” (1994-cü il),  “Qaçırılma haqqında məlumat” (1996-cı il) romanlarını çap etdirdi.

Markes bədii yaradıcılıqla məşğul olmasına və vaxt azlığına baxmayaraq, yenə də özünə əziz olan jurnalistika  fəaliyyətindən heç cür əl çəkə bilmirdi. Sonralar o bununla bağlı yazmışdı: “Mən hiss eləyirəm ki, jurnalistlik fəaliyyətim alın yazımdır. Hərdən ondan bezməyimə baxmayaraq, mən onsuz yaşaya bilmədiyimi anlayıram. Bir də, ədəbiyyatda əldə etdiyim bütün uğurlara görə mən jurnalistlik fəaliyyətimə borcluyam”.

Jurnalistikaya olan bu maraq 1999-cu ildə Markesin  Kolumbiyada həftədə bir dəfə çıxan “Kambio” jurnalını almasına gətirib çıxardı. “Kambio”ya  Markes yeni nəfəs gətirdi və qısa müddətdə jurnal Kolumbiyanın ən çox oxunan mətbu orqanlarından birinə çevrildi. Amma həmin dövrdə Markes tez-tez xəstələnərək həkimə müraciət edirdi. Belə müraciətlərdən birində Markesdə xərçəng xəstəliyi aşkar edildi. 1999-2000-ci illərdə Markes ABŞ və Meksikada adıçəkilən xəstəlikdən müalicə olundu. Artıq ömür karvanının əbədiyyətə doğru getdiyiniölümün isti nəfəsini müntəzəm olaraq başı üzərində hiss edən Markes memuarlarını yazmağa başladı. 2002-ci ildə yazıçının “Bunu danışmaq üçün yaşamaq” (“Vivir Para Contarla”) adlı memuarları çap edildi. Bundan iki il sonra 2004-cü ildə isə Markesin “Mənim kədərli rəfiqələrimdən xatirələr” (“Memoria de mis putas tristes”) romanı işıq üzü gördü. Yazıçının bu romanı da ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.

Xəstə olmasına baxmayaraq, hazırda Markes iki kitab yazır. Onlardan birini “Avqustda görüşərik” kitabını isə artıq tamamlamaq üzrədir. Bu kitab dörd nağıldan ibarət olacaq. Amma yaş və xəstəlik artıq öz işini görməkdədir, yazıçının yaxınları onun yaddaş zəifliyindən əziyyət çəkdiyini deyirlər. Markesin qardaşı Xaim Markes: “Hərdən ağlayıram. Məndə elə hiss yaranır ki, sanki onu itirirəm. Amma onun fiziki durumu yaxşıdır. Qardaşım öz yumor hissini və həyat sevgisini qoruyub saxlayır”,-deyir.

 

 

  Zaman.-2012.-14 avqust.-S.6.