Heydər Hüseynov - Şeyx Şamilə görə cəzalandırılmış alim (1)

 

Fars və ərəb dillərini mükəmməl bilməsi Heydər Hüseynova arxivlərdən orta əsrlər Azərbaycan fəlsəfəsinə aid qiymətli mənbələri üzə çıxarmağa və onlardan bacarıqla elmi yaradıcılığında istifadə etməyə imkan vermişdi. Bu dərsliklər müəllifinə böyük şöhrət gətirərək, onun simasında istedadlı alim obrazının formalaşmasına gətirib çıxardı. 1932-ci ildə müxtəlif ali məktəblərdə dərs deməyə başlayan Heydər Hüseynovun qarşısında onu gənc alim kimi uğurlara aparacaq yeni imkanlar açılmışdı.  O, anadan sanki alim kimi doğulmuşdu. Təvazökar, təmkinli və elmi yaradıcılıq işini çox sevən idi. Hansı işə girişirdisə, onu uğurla başa çatdırırdı. Onun həmin dövrdəki yorulmaz fəaliyyəti yeni nəsil filosoflarının yetişməsində  mühüm rol oynadı. Təsadüfi deyil ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov “Fəlsəfi fikrimiz: ona laqeyd qalmaq olmaz” adlı məqaləsində Heydər Hüseynov tərəfindən Azərbaycanda fəlsəfə elmini öyrənən məktəbin əsasının qoyulduğunu yazmışdı.

Onun haqqında bir vaxtlar nəinki ictimai yerlərdə, hətta evdə belə danışmağa qorxurdular. O, sovet rejiminin qılıncının dalının da, qabağının da kəsdiyi, repressiya maşınının gecə-gündüz bilmədən işlədiyi və minlərlə insanı gedər-gəlməzə göndərdiyi bir vaxtda cəsarətlə rejim tərəfindən düşmən elan edilən bir qəhrəman barədə yazmış və onu xalq, milli-azadlıq mücahidi kimi tərifləmişdi. Ona görə də dərhal o dönəmdə Azərbaycana rəhbərlik edən Mircəfər Bağırovun və ətrafındakıların qəzəbinə gəlmiş, başının üstündən ölüm küləkləri əsməyə başlamışdı. Onu ən yaxşı halda Sibirə ömürlük sürgün gözləyirdi. Halbuki o dünənə kimi SSRİ-də ən məşhur filosoflardan biri kimi tanınırdı və iki dəfə “Stalin mükafatı” almışdı. Amma bolşevik rejimi onun ideologiyasına qarşı çıxanları bağışlaya bilmir və onlarla amansız şəkildə haqq-hesab çəkirdi. Ona görə də Azərbaycanın bu məşhur filosofunun da azadlıqda sayılası günləri qalmışdı. O isə heç nədən, günahı olmaya-olmaya həbsə getmək, ailəsinə də sovet rejiminin düşməni damğası vurularaq haralara isə sürgünə göndərilməsinə dözmək istəmirdi. Ona görə də hadisələri qabaqlamaq qərarına gəldi və günlərin birində faciəli bir şəkildə dünyadan köçdü. Söhbət məşhur akademik, filosof və tarixçi alim Heydər Hüseynovdan gedir.

Azərbaycan fəlsəfə tarixində özünəməxsus bir iz qoyan görkəmli alim, akademik Heydər Hüseynov 1908-ci il, aprel ayının 3-də hazırda Ermənistan adlanan Qərbi Azərbaycanın ana şəhəri olan İrəvanda (Yerevan) tacir Hacı Nəcəf Kərbəlayı Hüseyn oğlunun ailəsində dünyaya göz açmışdı. O, ailədəki 6 uşağın ən kiçiyi idi. Onun anası elmli bir qadın idi və Məşhəd şəhərindəki müqəddəs yerlərimizi ziyarət etdiyi üçün qohumları və qonşuları arasında Məşədi Gülsüm adı ilə tanınırdı. Heydər anadan olandan az sonra atası vəfat edir. Yetim Heydəri və qardaşlarını qohumları himayəyə götürürlər. Buna baxmayaraq, həmin dövrdə İrəvanda ailə olduqca ağır bir vəziyyətdə yaşayırdı. Bir tərəfdən də erməni vəhşiliyinin gündən-günə artması balaca Heydərin ailəsini hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Tezliklə də ailənin qorxduğu hadisə başlarına gəldi. Heydərin böyük qardaşı Yusif 1918-ci ildə erməni daşnakları tərəfindən vəhşicəsinə qətlə yetirildi. Hüseynovlar ailəsinin digər üzvləri isə bir möcüzə nəticəsində tamamilə məhv edilmək təhlükəsindən xilas ola bildi. Erməni daşnaklarının əlindən qaçan ailə, əvvəlcə, Gürcüstanın Batumi şəhərinə gələrək burada məskunlaşdı. Ancaq sonra hiss etdilər ki, burada da sakitlik və rahatlıq tapa bilməyəcəklər. Çünki Batumi ətrafı da erməni daşnakları ilə dolu idi və onlar müsəlman əhaliyə divan tutmaqda davam edirdilər. Belə bir vəziyyətdə Məşədi Gülsümün təklifi ilə ailə Batumini tərk etməyə məcbur olur. Həmin dövrdə onlar Azərbaycana, Bakıya gəlməyə can atırdılar. Lakin Batumidən Azərbaycana gedən yollar təhlükəli idi və onlar hər an gözlənilməz hadisələrlə üzləşə bilərdilər. Ona görə də bu dəfə də xilas yolunu tamam başqa yerdə axtararaq, Batumidən Şimali Qafqaza - Stavropola getməyə üstünlük verdilər. Stavropolda da uzun müddət yaşaya bilmədilər. Burada aclıq  tif xəstəliyi tüğyan edirdi. Hər gün onlarla adam bu xəstəliyin qurbanı olurdu. Bir müddət burada yaşayandan sonra ailə çətinliklə də olsa Azərbaycana - Bakıya gəlib çıxa bildi. Ailə az sonra Bakıdakı köhnə evlərin birində sığınacaq tapdı. Həmin dövrdə Heydərin 12 yaşı vardı. Lakin qaçqınlıq həyatı ona oxumaq imkanı verməmişdi. Balaca Heydər isə yaşının çox olmasına baxmayaraq oxumaq istəyirdi. Nəhayət, Məşədi Gülsüm xanım oğlunun istəyini nəzərə almağa məcbur oldu. 12 yaşlı Heydəri çətinliklə də olsa Bakıdakı 18 saylı məktəbdə oxumağa qoydular. İlk gündən xüsusi istedadı ilə seçilən Heydər tezliklə müəllimlərinin sevimlisinə çevrildi. Onun məktəbdə özünü müəllimlərindən birinin də dediyi kimi, filosofcasına aparması, məntiqli danışması və dediklərini faktlarla sübuta yetirməyə çalışması məktəb rəhbərliyi tərəfindən rəğbətlə qarşılanmışdı. Amma Heydər  məktəbdə yalnız oxumaqla kifayətlənmir, imkan düşdükcə maddi vəziyyəti ağır olan ailəsinə yardım edirdi. Belə ki, o, erkən yaşlarından işləməyə başlamışdı. 1924-cü ildə Heydər Pedaqoji Texnikumun kitabxanasında işə düzəldi. Eyni zamanda o, təhsilini də davam etdirdi.

Heydər işləməsinə baxmayaraq, vaxtından əvvəl məktəbi əla qiymətlərlə başa vuraraq, Lenin adına Pedaqoji Universitetə daxil oldu. O, burada eyni zamanda həm şərqşünaslıq, həm də pedaqoji fakültələrdə oxumağa başladı. Bu da ona ərəb və fars dillərini mükəmməl öyrənməyə imkan verdi. 1931-ci ildə Heydər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini də bitirdi. Amma o yenə də təhsilini davam etdirmək istəyirdi. Bu məqsədlə də Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasında oxumağa başladı.  Onu da deyək ki, təhsilə olan böyük həvəsi, zəhmətsevərliyi, məhz onun gələcəkdə məşhur filosof-alim kimi yetişməsində önəmli rol oynadı. Onu hər yerdə tanımağa başladılar. Həmin dövrdə adı nəinki oxuduğu ali məktəb rəhbərliyi, həm də yuxarılarda istedadlı gənc kadr kimi çəkilirdi. Eyni zamanda o, təhsilini başa vurandan sonra ali məktəbdə fəlsəfədən dərs deməyə başladı. Həmin dövrdə Heydər Hüseynov filosof Əhməd ağa ilə birlikdə Azərbaycan dilində “Dialektik materializm”, “Dialektika və metafizika”, “Dialektika və tarixi materializm” adlı ilk dərsliklərini  yazdı. Qeyd edək ki, fars və ərəb dillərini mükəmməl bilməsi Heydər Hüseynova arxivlərdən orta əsrlər Azərbaycan fəlsəfəsinə aid qiymətli mənbələri üzə çıxarmağa və onlardan bacarıqla elmi yaradıcılığında istifadə etməyə imkan vermişdi. Bu dərsliklər müəllifinə böyük şöhrət gətirərək, onun simasında istedadlı alim obrazının formalaşmasına gətirib çıxardı. 1932-ci ildə müxtəlif ali məktəblərdə dərs deməyə başlayan Heydər Hüseynovun qarşısında onu gənc alim kimi uğurlara aparacaq yeni imkanlar açılmışdı.  O, anadan sanki alim kimi doğulmuşdu. Təvazökar, təmkinli və elmi yaradıcılıq işini çox sevən idi. Hansı işə girişirdisə, onu uğurla başa çatdırırdı. Onun həmin dövrdəki yorulmaz fəaliyyəti yeni nəsil filosoflarının yetişməsində  mühüm rol oynadı. Təsadüfi deyil ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov “Fəlsəfi fikrimiz: ona laqeyd qalmaq olmaz” adlı məqaləsində Heydər Hüseynov tərəfindən Azərbaycanda fəlsəfə elmini öyrənən məktəbin əsasının qoyulduğunu yazmışdı. Zakir Məmmədov adıçəkilən məqaləsində daha sonra yazırdı: “Akademik H. N. Hüseynov 40-cı illərdə Bəhmənyarın kiçikhəcmli iki fəlsəfi traktatını aşkara çıxarıb tədqiqat obyektinə çevirməklə sırf elmi-fəlsəfi irsimizin varlığını elan etdi. Görkəmli tədqiqatçının milli ruhda Azərbaycan fəlsəfəsi tarixinə dair yazdığı kitab elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı və “Stalin mükafatı”na layiq görüldü. Lakin alimin öz xalqınının tarixinin yüksək elmi-fəlsəfi təfəkkürə malik olduğunu aşkar söyləməsi imperiya ağalarının zəhmindən qorxan kölələrə xoş gəlmədi. XII əsrdə elminə görə hakim tərəfindən təqdir edilmii, amal və qayəsinə görə isə öldürülmüş Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) taleyi XX əsrdə təkrar olundu”.

Alim həmin dövrdə fəlsəfə tariximizə, onun dünəninə və o dövrdəki vəziyyətinə həsr edilən 100-dən çox elmi məqalə yazmışdı. Təbii ki bu sahədə alimin apardığı ən uğurlu elmi tədqiqat işlərindən biri də orta əsrlər Şərqinin ən böyük filosofu azərbaycanlı alim Bəhmənyar, həmçinin  Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi yaradıcılığındakı fəlsəfi dünyagörüşünü araşdırması olub.

 Yeri gəlmişkən, onu da deyək ki, görkəmli alim, filosof həm də Azərbaycanda tərcümə məktəbinin əsasını qoymuş, ilk dəfə azərbaycanca-rusca və rusca-azərbaycanca lüğətin hazırlanmasında iştirak etmiş və adıçəkilən nəşrlərin redaktoru olmuşdur.

Elmi axtarışlarını davam etdirən Heydər Hüseynov 1935-ci ildə Azərbaycan dilində dialektik materializm, 1939-cu ildə isə dialektika və metafizika haqqında yazdığı kitablarını  çap etdirir. O eyni zamanda 1936-cı ildə Azərbaycan sovet ensiklopediyasının hazırlanması işlərinə cəlb edilir. 1940-cı ildə isə baş redaksiyaya rəhbər vəzifəsinə təyin edilir.

 

 

  Zaman.-2012.-16-17 avqust.-S.14.