Heydər
Hüseynov - Şeyx Şamilə görə cəzalandırılmış
alim (3)
Ermənilərin həmin dövrdə Azərbaycana qarşı qaldırdıqları ərazi iddialarından sonra alimlərə daha həssas münasibət bəsləməyə başlayan, xüsusilə akademik Heydər Hüseynova həmişə rəğbətlə yanaşan, onun yüksək vəzifələrə çəkilməsinə yardım edən Mircəfər Bağırov bu dəfə özünün sərt üzünü göstərərək, imperiya nökərlərinin toruna düşdü. O, dərhal məsələnin araşdırılması və günahkarın cəzalandırılması barədə göstəriş verdi. Onun bu göstərişindən sonra imperiya nökərləri Heydər Hüseynovun əleyhinə təbliğatı daha da gücləndirdilər. Xüsusilə, ziyalılar arasında Heydər Hüseynovun simasında xalq düşməni obrazı yaradılmağa başlandı. Onun nəinki həmin dövrdəki fəaliyyəti, hətta keçmişi, atasının tacir olması belə araşdırılır və bu yolla onun sovet hökumətinə qarşı düşmən olmasını sübut edə biləcək daha tutarlı faktlar tapmağa çalışırdılar.
Heydər Hüseynovun elmi
yaradıcılığının zirvəsi 733 səhifədən
ibarət “XIX əsrdə Azərbaycan fəlsəfi və
ictimai-siyasi fikrinin tarixi haqqında” fundamental əsəri hesab
edilir. Bu əsər istər Azərbaycanda, istərsə də
Moskvada tədqiqatçı alimlər və məşhur
filosoflar tərəfindən yüksək qiymətləndirildi.
Rus dilində yazılan və 1949-cu ildə çapdan
çıxan bu elmi əsər 1950-ci ilin mart ayında Stalin
mükafatına layiq görüldü. Həmin dövrdə
Heydər Hüseynov Azərbaycanda bir neçə il ərzində
dalbadal iki dəfə Stalin mükafatı alan yeganə adam
idi. Onu da deyək ki, vətənpərvər alim hər iki
Stalin mükafatını yetimlər evinə
bağışlayıb.
“XIX əsr Azərbaycan ictimai və
fəlsəfi fikir tarixindən” kitabının redaktoru akademik
Aleksandr Osipoviç Makovelski (1884-1969) Heydər Hüseynovun bu
əsərini son illərin böyük əhəmiyyətə
malik olan elmi tədqiqat işi adlandırmış və bu
münasibətlə müəllifi təbrik etmişdi. O, əsərlə
bağlı “Redaktorun ön sözü” adlı
yazısında adıçəkilən kitabı “XIX əsrdə
Azərbaycan fəlsəfəsinin inkişafının sistemli
şərhinin ilk təcrübəsi”adlandırmış və
fəlsəfə elmi sahəsində qazandığı
böyük uğurlara görə onu digər alimlərə
də nümunə göstərmişdi.
Elmi-fəlsəfi
baxımdan olduqca böyük dəyərə malik olan bu əsərdə
məşhur filosof alim Azərbaycan fəlsəfi və
ictimai-siyasi fikrinin əsas inkişaf mərhələlərini
müəyyənləşdirmiş, M. Ş. Vazeh, A.
Bakıxanov və başqalarının fəlsəfi
dünyagörüşünü araşdıraraq onların
milli fəlsəfi və bəşəri əhəmiyyət
daşıdığını dəqiqliklə müəyyən
etmişdi. Onu da deyək ki, bu elmi əsərində Heydər
Hüseynov XIX əsrdən bəhs etsə də, ondan əvvəlki
dövrlərdəki məşhur Azərbaycan
filosoflarının fəlsəfi
yaradıcılığını da ciddi şəkildə tədqiq
etmişdi. Bununla da filosof alim Azərbaycanın qədim mədəniyyətə
malik olduğunu, min illər boyu bəşərin mədəni
elmi xəzinəsinə onlarla məşhur şair, filosof,
mütəfəkkir verdiyini, onu zənginləşdirdiyini
xüsusi vurğulamışdı.
Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi
fikir tarixindən” kitabı, həqiqətən də, Azərbaycanda fəlsəfi və
ictimai fikri öyrənmək baxımından ən qiymətli
əsərlərdən biri, onun elmi fəlsəfi
yaradıcılığının zirvəsidir.
“XIX əsr
Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən”
kitabı onun müəllifinə yeni şöhrət və
eyni zamanda gözlənilməz faciə gətirdi. İş
orasındadır ki, Heydər Hüseynov bu kitabında Şeyx
Şamil hərəkatında aparıcı qüvvə rolunu
oynayan müridizmə də yer vermişdi. O bununla Şeyx
Şamil hərəkatını milli-azadlıq mücadiləsi
adlandıraraq, cəsarətlə ona layiq olduğu qiyməti
vermişdi. Halbuki Heydər Hüseynova kimi heç bir alim
Şeyx Şamil hərəkatının müstəmləkəçiliyə
qarşı aparılan mübarizə olduğunu söyləməyə
və ya yazmağa özlərində cəsarət tapa bilməmişdi.
Amma Heydər Hüseynov haqqı nahaqqa qurban verən alimlərdən
deyildi. Buna baxmayaraq, yuıxarıda da qeyd etdiyimiz kimi, “XIX əsr Azərbaycan ictimai və
fəlsəfi fikir tarixindən” kitabı Stalin
mükafatına layiq görüldü. Amma 30-cu illərin
repressiyalarında olduğu kimi, bu dəfə də Heydər
Hüseynovun paxıllığını çəkən
“sapı özümüzdən olan baltalar” işə
düşdülər. Bütün ziyalılarımızda,
görkəmli dövlət, elm və ictimai xadimlərimizdə
rejimə qarşı düşmənçilik motivləri
axtaran imperiya nökərləri və akademikin ətrafındakı
paxıl və naqis adamlar Heydər Hüseynova da “ilişə”
bildilər. Onlar akademikin Stalin mükafatına layiq
görülən “XIX əsr Azərbaycan ictimai və fəlsəfi
fikir tarixindən” adlı kitabında Şeyx Şamilin
adını çəkməsini və müridizmin əsaslarını
tədqiq edərək, onu islam aləmində daha mütərəqqi
bir cərəyan kimi qələmə verməsi faktından
ona qarşı qarayaxma kimi istifadə etməyə
başladılar. Guya Heydər Hüseynov Türkiyə və
Böyük Britaniyanın “casusu” olan Şeyx Şamilə rəğbətlə
yanaşmaqla və onun milli-azadlıq mücadiləsi apardığını
yazmaqla, müridizmin islamın müsbətyönlü cərəyan
olduğunu deməklə sovet rejiminə qarşı
çıxıb. Bununla əlaqədar əleyhdarları
akademiki türk və ingilis casusu, pantürkist
adlandırmağa, ünvanına çirkablar atmağa
başladılar. İlk vaxtlar Heydər Hüseynovun əleyhinə
çirkin təbliğat aşağı səviyyələrdə
aparılırdı. Amma akademikin əleyhdarları, nəhayət,
bu məsələni Mircəfər Bağırov səviyyəsində
müzakirəyə çıxara bildilər.
Özünü bolşevik rejiminin qatı tərəfdarı
kimi göstərən bu qrup Bağırovla görüşlərində
akademik Heydər Hüseynovun
Stalin mükafatına layiq görülən bu əsərində
sosializmə düşmən faktların olduğunu, “türk
və ingilis casusu” Şeyx Şamili və müridizmi təriflədiyini
söyləyərək, onun qatı pantürkist olduğunu
söylədilər. Bu qrup dərhal “pantürkist” Heydər
Hüseynovun son əsərinə verilən Stalin
mükafatının ləğv edilməsini, alimin
özünü isə gedər-gəlməzə göndərməyi
təklif edirdilər. Halbuki akademikin bu əsəri Moskvada
xüsusi senzuradan keçmiş və orada sovet rejiminə
qarşı hər hansı düşmənçilik motivləri
tapılmamış, əksinə, kitab Stalin mükafatına
təqdim edilmişdi. Ermənilərin həmin dövrdə
Azərbaycana qarşı qaldırdıqları ərazi
iddialarından sonra alimlərə daha həssas münasibət
bəsləməyə başlayan, xüsusilə akademik Heydər
Hüseynova həmişə rəğbətlə yanaşan,
onun yüksək vəzifələrə çəkilməsinə
yardım edən Mircəfər Bağırov bu dəfə
özünün sərt üzünü göstərərək,
imperiya nökərlərinin toruna düşdü. O, dərhal
məsələnin araşdırılması və
günahkarın cəzalandırılması barədə
göstəriş verdi. Onun bu göstərişindən sonra
imperiya nökərləri Heydər Hüseynovun əleyhinə
təbliğatı daha da gücləndirdilər. Xüsusilə,
ziyalılar arasında Heydər Hüseynovun simasında xalq
düşməni obrazı yaradılmağa başlandı.
Onun nəinki həmin dövrdəki fəaliyyəti, hətta
keçmişi, atasının tacir olması belə
araşdırılır və bu yolla onun sovet hökumətinə
qarşı düşmən olmasını sübut edə
biləcək daha tutarlı faktlar tapmağa
çalışırdılar. Halbuki Heydər Hüseynov Mircəfər
Bağırovun kadrı hesab olunurdu. O, yüksək vəzifələrə
də məhz I katibin ( Mircəfərin) tövsiyəsi və
razılığı ilə irəli çəkilmişdi.
Amma indi, necə deyərlər, tale Heydər Hüseynovdan
üz döndərməkdə idi.
Mircəfər Bağırovun məşhur alimə
münasibətinin dəyişməsini təsadüfi hesab etmək
olmaz. Çox güman ki, Heydər Hüseynovun Stalin
mükafatına layiq görülən son əsərində
sovet rejiminə düşmən faktlar aşkarlayan imperiya
nökərlərindən Bağırov özü də
ehtiyat edib. Çünki Bağırov Heydər Hüseynovu müdafiə
edəcəyi halda, imperiya nökərlərinin bu barədə
Moskvaya donos yazacaqları, Heydər Hüseynova münasibətdə
Bağırovu xalq düşməninin müdafiəçisi
kimi ittiham edəcəkləri şübhə doğurmurdu.
Bundan isə Moskvada Stalinin ən yaxın dostlarından biri
hesab edilən Mikoyanın Bağırovun əleyhinə istifadə
edəcəyi aydın idi. Yeri gəlmişkən, onu da deyək
ki, Mikoyan və Stalinin ətrafındakı ermənipərəst
güclər Bağırova düşmən münasibətdə
idilər. Onlar Bağırovu Stalinin gözündən salmaq və
həbs etdirmək üçün bəhanə
axtarırdılar. Buna da səbəb Bağırovun, əvvəlcə,
Mikoyan tərəfindən müharibə iillərində azərbaycanlıların
Orta Asiyaya, Qazaxıstana və Sibirə sürgün edilməsinin,
həmçinin 1945-ci ildə Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi barədəki iddialarının
qarşısını alması olmuşdu. Bəlkə də
Bağırovun birdən-birə Heydər Hüseynova
münasibətinin dəyişməsinə də məhz
Mikoyan və onun ətrafındakı
ermənipərəst güclər səbəb olub.
İş orasındadır ki, əsər Stalin
mükafatına layiq görülməzdən əvvəl
Bağırova onun məzmunu və orada yazılanlar məlum
idi. Yenə də Bağırovun xeyir-duası və
razılığı olmasaydı, çətin ki,
adıçəkilən əsər Stalin mükafatına təqdim
edilərdi. Yeri gəlmişkən onu da xatırladaq ki,
hansısa görkəmli ictimai xadim
və ya adi kolxozçu da istər Bağırov, istərsə
də ondan sonra Azərbaycanı idarə edənlərin
razılığı və tövsiyəsi ilə SSRİ-nin
ali mükafatlarına layiq görülürdü. Bu məsələdə
ölkəni idarə edən birinci şəxsin sözu, rəyi
həlledici idi. Bütün bunları nəzərə alanda
belə hesab etmək olar ki, Bağırov özünü
gözləyə biləcək təhlükədən
sığortalamaq üçün imperiya nökərlərinin
görkəmli filosof barədə çaldıqlarına
oynamağa məcbur olub... Bununla bağlı maraqlı bir
fakta da diqqəti cəlb etmək istəyirik. Həmin
dövrdə Bağırov Heydər Hüseynovu yanına
çağıraraq, ondan Şeyx Şamilin türk və
ingilis casusu olduğunu söyləməsini və bununla
bağlı mətbuatda çıxış edərək səhvini
boynuna almasını tələb edib. Amma Heydər Hüseynov
Şeyx Şamilin ünvanına hər hansı bir xoşagəlməz
fikir söyləməkdən imtina edib. Bu faktı sonralar məşhur
filosofun qızı Sara xanım da təsdiq edib.
Zaman.-2012.-23-24
avqust.-S.13.