Heydər
Hüseynov - Şeyx
Şamilə görə cəzalandırılmış alim (4)
Sara xanım 1950-ci ilin fevral
ayında atasının Mircəfər Bağırovun
yanına çağırılması barədə belə
deyir: “Fevralın 14-dən 15-nə keçən gecə
atamın Bağırovun yanına
çağırıldığını bildirdilər. Atam
dərhal onun qəbuluna getdi.
Bağırov atamla söhbətində
ondan tələb edib ki, o, Şeyx Şamili türk və
ingilis casusu adlandırsın. Ancaq atam bundan imtina edərək
deyib ki, onun vicdanı belə şeylərə yol verə bilməz.
O, Bağırovun yanından qayıtdıqdan sonra artıq
onun taleyi həll edilmişdi. Atam faktiki olaraq ev
dustağına çevrilmişdi. Evimizin yanında gecə-gündüz
xüsusi xidmət orqanlarının əməkdaşları
növbə çəkirdilər”.
Mircəfər
Bağırovla Heydər Hüseynov arasındakı söhbət
sonuncuya baha başa gəldi. Belə ki, Mircəfər
Bağırov və onun ətrafındakıların tələbi
ilə Heydər Hüseynov 1950-ci ilin fevral ayında partiya
sıralarından xaric edildi. Buna paralel olaraq, onu Azərbaycan
SSR Elmlər Akademiyasının vitse-prezidenti və digər vəzifələrdən
azad etdilər. Bu isə ən azından Heydər Hüseynov
üçün sürgün hazırlığı
anlamına gəlirdi. Eyni zamanda Heydər Hüseynovun guya son
kitabının dövlətə xəyanət olması barədə
“qəzəblənmiş” zəhmətkeşlərin
adından Moskvaya şikayət məktubları göndərildi.
Həmin insanların çoxu, ümumiyyətlə, Heydər
Hüseynovu tanımırdı. 1950-ci ilin mart ayında
Bağırovun təşəbbüsü ilə keçirilən
xüsusi toplantıda Heydər Hüseynova verilən Stalin
mükafatının ləğv edilməsi barədə qərar
qəbul edildi. Buna əsas kimi “XIX əsr Azərbaycan ictimai və
fəlsəfi fikir tarixindən” kitabında Şeyx Şamil və
müridizm hərəkatına aid yazılan fikirlər oldu.
1950-ci
ilin may ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin büro iclası çağırıldı. İclasda
“XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən”
kitabı kəskin şəkildə tənqid edildi. Bununla əlaqədar
Heydər Hüseynovun ünvanına söylənilən tənqidlərdə
deyilirdi ki, onun əsərində Qafqaz fəlsəfi fikri tədqiq
edilmiş və səhv nəticələr
çıxarılmışdır. “Heydər Hüseynov
kitabda İmam Şamili mütərəqqi və demokratik lider,
həmçinin azadlıq fenomeni kimi göstərib. Bu da
marksist ideyasına ziddir. Şamil millətçi hərəkatının
nümayəndəsi və türk sultanı və ingilis
maraqlarına xidmət edən şəxs olub”. Eyni zamanda qeyd
edilir ki, kitabda müridizmin təbliği yer alıb və
sufizm təqdir edilib. Bunun ardınca SSRİ ədəbiyyat və
incəsənət sahəsində Stalin Mükafatları Komitəsi
qarşısında Heydər Hüseynovun kitabının
mükafatdan məhrum edilməsi barədə məsələ
qaldırırılır. Yenə də buna səbəb kimi
filosof alimin “ingilis və türk casusu” Şeyx Şamili xalq qəhrəmanı
kimi qələmə verməsi və müridizmi təqdir etməsi
göstərilir. O, pantürkizmdə, millətçilikdə
və sosializm ideologiyasına düşmən mövqe tutmaqda
günahlandırılır.
Əslində alimə qarşı
irəli sürülən bu ittihamlar SSRİ-nin
tanınmış filosoflarının iştirakı ilə
araşdırılmalı və bundan sonra müvafiq qurumlara
yekun rəy təqdim edilməli idi. Amma Stalin xofu Moskvada da
çoxunun həqiqəti söyləməsinə imkan
vermirdi. Ona görə də SSRİ Nazirlər Komitəsi Heydər
Hüseynovun Stalin mükafatından məhrum edilməsi barədə
Bakının müraciətinə müsbət cavab verdi.
1950-ci
il iyul ayının 14-də Bakı Partiya Komitəsinin
iclasında Heydər Hüseynovun ünvanına daha kəskin
və sərt tənqidlər və təhqirlər səsləndirildi.
O, xalq düşməni elan olundu, millətçilikdə,
burjuaziyaya xidmət göstərməkdə, pantürkist və
panislamist ideyaları təbliğ etməkdə
günahlandırıldı. Ona qarşı Cinayət Məcəlləsinin
3 maddəsi ilə ittiham irəli sürülmüşdü.
Bu maddələrin hər birində 20 il həbs cəzası
nəzərdə tutulmuşdu. Bu isə ən azından
akademikə ümumilikdə 60 il iş verilməsi demək
idi. Bütün bunlar Heydər Hüseynovda ağır izlər
buraxmışdı. O, işdən
çıxarıldıqdan sonra özünə
qapılmışdı və uzun müddət iş
otağından kənara çıxmırdı. O, baş verən
hadisələri ailəsindən gizlətməyə cəhd
edir və onları narahat etmək istəmirdi. Digər tərəfdən
də, ən yaxın dostları belə Heydər Hüseynovdan kənar
qaçır, onunla görüşməkdən qorxurdular.
Filosof alimin qızı Sara xanım bununla əlaqədar:
“Atamın yaxın dostları çox idi, ancaq onlardan
yalnız 4 nəfəri özündə cəsarət taparaq
baş verən hadisələrlə bağlı ailəmizə
təsəlli verməyə gəlmişdi. Buna görə də
onlar - Rəşid Nurullayev, Hüseyn Bakıxanov, Elşad Əliyev
və İmran Seyidov təzyiqlərə və təhqirlərə
məruz qaldılar”, -deyir.
Həmin dövrdə Heydər
Hüseynova daha bir gözlənilməz yardım əli
uzadıldı. Belə ki, Hüseynov tutduğu vəzifəsindən
azad olunandan sonra Rusiya Elmlər Akademiyasının
Dağıstan filialının direktoru, SSRİ Elmlər
Akademiyasının müxbir üzvü Həbibulla Əmirxanov
alimi öz yanında işə dəvət etdi. Lakin Heydər
Hüseynov onun bu təklifini qəbul etmədi. Çünki
o bilirdi ki, rejim onu dünyanın o biri başında olsa belə,
axtarıb taparaq cəzalandıracaq. Burada bir haşiyə
çıxaraq onu da deyək ki, Heydər Hüseynovun
Şamili milli azadlıq mücadiləsinin qəhrəmanı
kimi qələmə verməsi və onun azadlıq mücadiləsini
təqdir etməsi Dağıstanda və bütün Qafqazda
alimə qarşı böyük rəğbət və sevgi
doğurmuşdu. Hətta Dağıstanda və ona qonşu
olan muxtar qurumlarda Hüseynovun açıq müdafiəsinə
qalxan tanınmış alimlər və ictimai xadimlər belə
olmuşdu. Amma totalitar rejimdə həmin alimlərin haqq səslərini
eşidən olmadı. Əksinə, onları sovet
düşmənləri kimi addımbaaddım izləməyə
başladılar.
Buna
baxmayaraq, bu günün özündə belə Şeyx
Şamilllə bağlı söylədiyi fikirlərə
görə Heydər Hüseynov Dağıstanda məhəbbətlə
xatırlanmaqdadır. Bunu 1997-ci ildə Bakıda keçirilən
beynəlxalq konfransda Dağıstanın o dövrdəki rəhbəri
Muxu Əliyevin dedikləri də sübut edir. Muxu Əliyev
konfransdakı çıxışında: “Heydər
Hüseynov o qəhrəmanlardandır ki, milli azadlıq
mücadiləsinə gedən yol onların sümükləri
üzərindən keçir”,- demişdi
Zənnimizcə, onun bu sözləri
Heydər Hüseynovun vətənpərvərliyinə verilən
ən böyük qiymət, onun çəkdiyi zəhmətin
hədər getməməsi deməkdir.
Heydər
Hüseynovu həmin dövrdə daha çox iki fikir ciddi
şəkildə narahat edirdi. Bu da özünün həbsi
zamanı işgəncələrlə yoldaşları əleyhinə
hansısa ifadələr almaq, bir də ailəsinin
sürgünə göndərilməsi idi. Bütün bunlara
yol verməmək üçün o özünə sui-qəsd
etmək fikrinə düşmüşdü. Yenə də
Sara xanımın xatirələrindən məlum olur ki,
filosofun anası oğlunun özünü öldürməsinə yol verməmək
üçün onun hər
addımını nəzarətdə saxlayır,
gözündən kənara qoymurmuş. Buna baxmayaraq, Heydər
Hüseynov 1950-ci il, avqust ayının 15-də fürsət taparaq damarlarını
doğrayır və çoxlu qan itirmədən
dünyasını dəyişir.
Heydər Hüseynovun dəfnində bir
sürücüsü, bir də ata qohumlarından bir kişi
iştirak edib. Digərləri onun dəfnində iştirak etməyə
cəsarət edə bilməyiblər. Dəfndən sonra həyat yoldaşı 3 qızı ilə tək qalıb
və çox çətinliklə ailəsini saxlaya bilib.
Çünki onara heç kimin kömək eləməyə
cəsarəti çatmayıb. Yalnız alimin keçmiş
tələbələrindən biri ailəyə yardım əlini
uzadıb, onu da dərhal buna görə işdən azad ediblər.
Stalin vəfat edəndən sonra Heydər Hüseynova bəraət
veriblər. 1958-ci ildə alimi layiq olduğu yerdə - Fəxri xiyabanda dəfn ediblər.
Sonrakı illərdə isə akademikin adı həmişə xoş xatirələrlə anılıb. Prezident İlham Əliyevin imzaladığı xüsusi sərəncamla görkəmli filosof alim, SSRİ Dövlət Mükafatı laureatı, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyi 2008-ci ildə təntənəli şəkildə qeyd edilib. Son
Zaman.-2012.-25-27
avqust.-S.6.