“Sevinirəm ki, sadəcə, insan yox, həm də vətəndaşam”

 

Günel Mövlud... Ölkə mediasında ən çox oxunan, müzakirə olunan, şirin, duyğulu yazıları ilə könülləri oxşayan, bəzən isə iynəli yazıları ilə çoxlarını sancan yazar. Dediyinə görə,  ölkə mətbuatında yazılarına görə ən çox qonorar alan yazarlardan biridir.  Onunla söhbətimizdə bir çox məqamlara toxunduq. Söhbətimiz ürəyincə olsa da,  sonda yenə də sözü bu oldu ki,  onun üçün müsahibə almaq  verməkdən daha xoşdur...

 

- Özünüz haqda məlumat verərdiniz: Günel xanım kimdir, haradan gəlib, hara gedir?

- Yazardır. Kənddən şəhərə, əlifbadan ədəbiyyata, insanlıqdan vətəndaşlığa gəlib. Maarifçiliyə, ədalətə, həqiqətə sarı gedir.

- Harada doğulmusunuz, uşaqlığınız necə keçib, ailəniz barədə məlumat verərdiniz?

- Qarabağda doğulmuşam. Araz çayının düz sahilində. Uşaqlığım iki hissədən ibarət olub: rus kəndindəki uşaqlığım və Azərbaycanda aran kəndlərində keçirdiyim uşaqlığım. Atamla anam zəhmətkeş kənd adamlarıdı. İki qardaşım var. Üçqat bibiyəm.

- Jurnalistikaya gəlişiniz, ilk iş yeriniz...

- İlk dəfə “Müxalifət” qəzetində ştatdankənar müxbir işləmişəm. Səhv eləmirəmsə, 1999-cu il idi. Yəni 18 yaşım vardı.

- Yazar olaraq nə ilə “dopinq” edirsiniz?

- Yaxşı yazmaq üçün həmişə üç şey vacibdi - yaxşı mütaliə, istedad və çevrə. Biri nə yazacağını, biri necə yazacağını, üçüncüsü isə yazdıqlarının uğurunu müəyyənləşdirir. Mənim “dopinq”im isə yaxşı zövqü olan dostlarla söhbətlər, dost məclisləri və gerçək həyat hadisələridir

- Adətən, köhnələr təzələri bəyənmirlər, sizdən əvvəlkilər də yəqin sizə iradlarını bildiriblər. Sizcə, bu niyə belədir?

- Bu, əbədi və lazımlı mübarizədir.

- İnsanlarda nəyi sevmirsiniz?

- Riyakarlığı, xırdaçılığı, ədalətsizliyi.

- Hansı hallarda özünüzü bədbəxt hesab eləmisiniz?

- Arada əsəblərimin sıradan çıxdığı olub. Müalicə olunmuşam. O vaxtlar özümə çox yazığım gəlirdi. Amma tez keçdi. İnsanın içində söykənəcəyi şeylər çox olanda bədbəxtlik onu üstələyə bilmir.

- Dünya mediası da daxil olmaqla qibtə elədiyiniz yazıçı, jurnalist varmı?

- Dünya jurnalistikası tarixində Tom Vulf və Con Ridə qibtə eləyirəm. Birincinin jurnalistikadakı yenilikçiliyinə, sevimli Ridin isə çılğın reportyorluğuna heyranam.

- Özünüzü jurnalist hesab edirsiniz, yoxsa yazıçı?

- Özümü jurnalistika ilə məşğul olan yazıçı hesab eləyirəm.

- Dolanışığınızı necə təmin edirsiniz...

- Hələ ki təkcə klaviatura, söz, yazı ilə. Ölkə mətbuatında yazılarına görə ən çox qonorar alan yazarlardan biriyəm.

- Müsahiblərinizi özünüz seçirsiniz, yoxsa təklif edirlər?

- Adətən, özüm seçirəm. Təklifləri isə dəyərləndirirəm. Maraqlı təklif olanda, yəni ya redaksiyada, yə oxuculardan kimlərsə ağlıma salanda ki, filankəslə filan mövzuda yaxşı söhbət eləmək olar, ağlıma batır.

- Tutaq ki, bir nəfərdən müsahibə almısınız. Həmin müsahibənin maraqlı olması üçün özünüzdən (söhbət uğursuz müsahibdən gedir) nə qədər əlavə edirsiniz, ümumiyyətlə, edirsinizmi?

- Həmişə müsahiblərimin hərəkətlərinə, davranışına diqqətlə fikir verirəm. Özlüyümdə analiz edirəm. Yazıda bunları bədii dillə təsvir eləyirəm. Uğurlusunu da, uğursuzunu da.

- Yaxşı bir əsər yazmaq üçün sizə nə lazımdır? Hansı hallarda əlinizə qələm götürmək və ya kompyuter arxasına keçmək ehtiyacı hiss edirsiniz?

- Dəqiq qrafikim və şərtlərim yoxdur. Harada eynimə düşdü, oturub işləyirəm. Səs-küydə də, sakitlikdə də, kənddə də, şəhərdə də. Yazıya qapılanda istəyir lap dünya dağılsın, diqqətim yayınmır. Yəni kaprizlərim yoxdur.

- Gündəlik iş prinsipiniz nədən ibarətdir? Bu sualı gündəlik həyatınıza da aid edirəm...

- Mən xaotik adamam. Heç bir iş prinsipindən söhbət gedə bilməz. Gecə yatanda sabah nə edəcəyimi planlaşdırmıram. Hər şey öz-özünə baş verir.

- Sizcə, tarixdə jurnalist, yoxsa yazıçı kimi qalacaqsınız? Hansını seçərdiniz...

- Tarixdə ya yaxşı yazıçı, ya da parlaq jurnalist kimi qalmaq istərdim. Məsələn, Azərbaycanın qadın Con Ridi...

- Günel Mövlud Qarabağla bağlı möhtəşəm bir əsəri nə vaxt yazacaq?

- Bayaq da dedim. Yazacaqlarımla bağlı bəri başdan heç nəyi bilmədiyim kimi, bunu da bilmirəm.

- Ev işləri ilə aranız necədir?

- Əla. Ev işləri görəndə dincəlirəm. Hamısını da həvəslə, ürəklə eləyirəm.

- Kimi müəlliminiz hesab edirsiniz?

- Bütün gözəl şeyləri kitablardan öyrənmişəm...

- Heç düşünmüsünüzmü ki, şəhərdən kəndə köçsəm, nə işlə məşğul olardım..

- Çox şeylə. Tərəvəz əkib-becərməklə, mal-qoyun saxlamaqla, süd məhsulları hazırlamaqla, müxtəlif şeylər toxumaqla - bunların hamısını istənilən kəndlidən yaxşı bacarıram.

- Sevindiyiniz və üzüldüyünüz məqamlar...

- Üzülürəm ki, o qədər də yaxşı övlad olmamışam. Üzülürəm ki, nənəm dünyasını dəyişəndə başı üstündə olmamışam. Üzülürəm ki, qardaşlarımı oxumağa, kitaba, elmə həvəsləndirə bilməmişəm. Sevinirəm ki, heç vaxt vicdanıma xəyanət eləməmişəm. Sevinirəm ki, heç vaxt ədalətsizliyə qol qoymamışam, göz yummamışam. Sevinirəm ki, insanlar üçün hər şeyin yaxşısını istəyirəm. Sevinirəm ki, sadəcə, insan yox, həm də vətəndaşam.

- Yazar və jurnalistlərin çoxu işinin ağırlığından gileylənir...

- Sevdiyim, özümü tam ifadə edə bildiyim, mənə şərəf və baş ucalığı gətirən, fəxrlə bildirə biləcəyim işlə məşğul oluram: yazarlıqla.

- Kin saxlayan insansınız?

- Yox. Haqsız olduğumu bilirəmsə, çox səmimi və rahatca üzr istəyirəm. Üzr istəyə bilmək - ürəyin alicənablığından xəbər verir. Bir vaxtlar məni incidən, ağladan o qədər adamı bağışlamışam ki...

- Qeyd etdiniz ki, ölkə mətbuatında yazılarına görə ən çox qonorar alan müəllifsiniz. Ümumiyyətlə, pulla aranız necədir? Düşünürsünüzmü ki, çoxlu pulum olsa, hara xərcləyərəm...

- İnsanlığa fondlar, dostlara isə məclislər vasitəsilə xeyir verərdim. Özümə isə... Bronxitimi müalicə elətdirib, çoxlu dondurma yeyərdim. Bəlkə də on beş ildir ki, dondurmaya həsrətəm...

- Bəs tənqidlə aranız necədir?

- Haqlı və təmkinli tənqidi çox sevirəm. Ancaq savadsız, görməmiş, qərəzli insanların suallarını eşitmək istəmirəm.

- İnsanda ən yaxşı və ən pis xarakter hansıları hesab edirsiniz?

- Ən yaxşılar: adil, mərhəmətli, prinsipial və şən adamlardı. Ən pis xasiyyətlər: ədalətsizlik, xırdaçılıq, prinsipsizlik, riyakarlıq.

- Ən böyük təsəlliniz...

- Mən pis adam deyiləm... Ümumiyyətlə, mənə belə gəlir ki, dünyada insandan dəyərli heç nə yoxdur.

- Sizcə, uğur qazanmaq üçün nə lazımdır? Söhbət yaradıcılıqdan yox, adi həyatdan gedir.

- Yaxşı insan, yaxşı vətəndaş olmaq, həyata bir az ciddi, bir az yüngül yanaşmaq - çox sadə şeylər...

- Heç düşünmüsünüzmü gənclik hansı yaşda bitir?

- Bilmirəm. Gəncliyim bitəndə biləcəm. Nərmin Kamal demişkən, yaman uzun çəkdi gəncliyim...

- Yazılarınızda dostluq mövzusuna tez-tez toxunursunuz...

- Çox maraqlı, dəyərli dostlarım var. Belə bir çevrədə yazıçı kimi yetişdiyimə görə özümü çox uğurlu yazar hesab eləyirəm.

- Müsahibə vermək asandır, yoxsa almaq? Bu söhbətimiz yadınızda necə qalacaq…

- Yaxşı, düşündürücü söhbət idi. Bir növ hesabat kimi. Amma mən müsahibə almağı daha çox xoşlayıram...

 

 

NİCAT İNTİQAM

 

 Zaman.-2012.-28-29 avqust.-S.7.