“Haqq-ədaləti bərqərar edən
bir müstəntiq rolunun həsrətindəyəm”
O, sənət
aləmimizdə gözəl insan, səmimi dost, aktyor, rejissor,
“şumavik” kimi tanınır. İndiyədək ərsəyə
gəlmiş neçə-neçə ekran əsərində
onun özünəməxsus
imzası var. Onunla - Əməkdar artist Əliqulu Səmədovla
“Azərbaycanfilm” Kinostudiyasında görüşdük.
Söhbətimizə bu yaxınlarda ekranlara
çıxmış “Dolu” filmi ilə başladıq. Bu da səbəbsiz
deyildir. Axı o bu filmdə həm rejissor, həm də
“şumavik” kimi çalışıb.
- Bəri başdan deyim ki, “Dolu”, həqiqətən də, indiyə qədər Qarabağla bağlı çəkilmiş filmlərin ən yaxşılarındandır. “Dolu”nun quruluşçu rejissoru Elxan Cəfərov bu filmdə döyüş səhnələrini çox gözəl effektlərlə verməyə müvəffəq olub. Hətta deyərdim ki, bəzi kadrları ilə “Dolu” Hollivud filmlərini xatırladır. Belə effektlər isə tamaşaçını baş verənlərə, sözün həqiqi mənasında, inandıra bilir. Bir sözlə, “Dolu” döyüşkənliyi özündə ehtiva edən bir enerjiyə malik filmdir: adam istər-istəməz tamaşa zalından birbaşa döyüş bölgəsinə yollanmaq istəyir. Filmin əsas qayəsi də elə gənclərə döyüş ruhu aşılamaqdır. Polad Bülbüloğlu kimi bir bəstəkarın yazdığı musiqi filmin emosional təsir gücünü daha da artırıb. Amma mənə elə gəlir ki, “Dolu”nun çəkilişi, bəlkə də, on il gecikib.
- Niyə?
- Zənnimcə,
bu film Qarabağ münaqişəsinin ilk illərində
çəkilsəydi, yaxşı olardı.
- Filmdə əcnəbi aktyorlar da rol
alıblarmı?
- Yox. Qarabağ bizim dərdimizdir. Unutmayın
ki, heç bir əcnəbi aktyor bu mövzuda çəkilmiş
filmdə əsl azərbaycanlı xarakterini yarada bilməz.
Son illər rejissor kimi
çalışdığım filmlərin heç birində
əcnəbi aktyor çəkilməyib. Ola
bilsin, bir əcnəbi aktyor zahiri görünüşünə
görə tələb olunan rola uyğun gəlsin və o,
filmə dəvət edilsin. Amma həmin
aktyor lazım olan xarakteri yarada bilməyəndən sonra onun
oynadığı rol kimə, nəyə lazımdır?
“Dolu”da rayon katibi rolunu ifa edən Xalq artisti Fuad
Poladovdan başqa, digərləri gənclərdən ibarətdir.
“Bəxt
də gərəkdır”
- Səhv
etmirəmsə, indiyədək irili-xırdalı 40-a
yaxın filmə çəkilmisiniz. Əksəriyyətində
də qismətinizə epizodik rollar düşüb.
- Mən
belə deməzdim ki, hamısı epizodikdir. Çəkildiyim
filmlərdə müxtəlifölçülü
rollarım olub. Fikrimcə, bu və ya digər
filmə çəkilmək doxsan faiz bəxtdən, on faiz
bacarıqdan asılıdır. Yəni
kinoda bəxt amili də var. Amma nəzərinizə
çatdırım ki, mən Ukrayna
kinematoqrafçılarının çəkdikləri iki
filmdə əsas rollara, bir qısametrajlı filmdə baş
rola çəkilmişəm. Əlizadənin
“Qisas” hekayəsi əsasında “Debüt” studiyasında
çəkdiyi qısametrajli filmdə baş rolların
birinin ifaçısıyam. Bundan əlavə,
“Həyat varsa”, “Susmuş vicdan” seriallarında əsas və
baş rollara çəkilmişəm. Bu
mənada məni bəxti gətirməmiş aktyor kimi
xarakterizə etmək doğru olmazdı. Bir
də, filmdə həm aktyor kimi baş rola çəkilmək,
həm də rejissor kimi işləmək çox çətindir.
- 20-yə yaxın filmdə rejissor
kimi çalışmış Əliqulu müəllimin nə
vaxtsa quruluşçu rejissor kimi film ərsəyə gətirmək
fikri varmı?
- Mən Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunun kinoaktyorluq fakültəsini SSRİ Xalq artisti E.
Matveyevin rəhbərliyi altında bitirmişəm. 37 ildir ki, bu kinonun
içindəyəm, yəni kinonun içində
bişmiş adamam: aktyorluq ixtisasına yiyələnmişəm.
Gerasimov, Bondarçuk,
Makarova, Batalov, Matveyev, Danelya kimi dahi sənətkarların
necə dərs demələrini görmüşəm. Bir
sözlə, mən əsl aktyorluq məktəbi
keçmişəm... Quruluşçu rejissor hər
bir kadra quruluş verməyi bacarmalıdır. Əgər o, bir kadrda nə demək istədiyini
bilmirsə, deməli, rejissor deyil. İndi
quruluşçu rejissor kimi film çəkənlər
çoxdur. Bəzilərinin rejissorluqdan bir az
anlayışları var, bəziləri isə bu sənətdən
tam uzaqdırlar. Bir sözlə,
quruluşçu rejissorun yüksək intellektual səviyyəsi,
zəngin daxili aləmi, mükəmməl biliyi
olmalıdır. Amma onu da bildirim: demirəm ki, bacarmaram,
bacararam, amma bu sahədə çalışmaq istəmirəm.
Çünki bu işdə yaş da öz
sözünü deyir.
- Mükəmməl bir filmin
alınması yalnız quruluşçu rejissordan
asılıdır?
- Kinonun əsas
fiquru quruluşçu rejissordur. O, qarşıya qoyduğu məqsədə
rəssam, operator, bəstəkarla birgə çatır. Onların arasında vəhdət olmasa, o film
heç vaxt alınmaz.
- Aktyor kimi arzusunda olduğunuz rol,
quruluşçu rejissor kimi çəkmək istədiyiniz
film varmı?
-
Heç vaxt deməmişəm ki, Hamletin, Kral Lirin həsrətindəyəm,
sadəcə, haqq-ədaləti bərqərar edən bir
müstəntiq rolunun həsrətindəyəm. Elə bir müstəntiq ki, o, nahaqdan həbs
edilmiş namuslu bir insanın yoluna işıq tutsun. Rejissor kimi isə hansısa filmi ərsəyə gətirməyi
heç zaman düşünməmişəm.
- Bir
zamanlar sənət aləmində durğunluq yaşandı. Bu sənətlə məşğul olanlardan bir qismi
hətta bu kimi sahələrdən uzaqlaşdılar. Məhrumiyyətlərə
dözənlərdən biri də siz oldunuz...
- Bəli,
o illərdə burada çalışanlardan kimi teatrlara
üz tutdu, kimi sənətlərinin daşını birdəfəlik
atıb başqa işlərə baş qoşdu. Mən isə
dözdüm. O illərdə “Qara qış”
(İran), “Onlar da insandır” (Türkiyə) filmlərində
çalışdım. Eyni zamanda o illərdə
kinostudiyamızda çəkilən filmlərin sinxron səslərini
yazmaqla gündəlik tələbatımı az
da olsa, ödəməyə çalışırdım.
“Tələb
olunan səsı çixarmaq heç də asan deyıl”
- Sinxron səsdən
söz düşəndə ilk ağıla gələn şəxs
siz olursunuz...
-
Bilirsinizmi, filmlərdəki dialoqlardan başqa, qalan
bütün kənar səslər sonradan yazılır. Yəni filmdə istifadə olunan əşyalardan
tutmuş, küləyin vıyıltısı, dənizin
dalğası, bir sözlə, ekranda görünən və
görünməyən səslər yenidən yazılır.
Tələb olunan səsi almaq heç də
asan deyil. Bu işdə gərək sənin
özünün fantaziyan olmalıdır ki, hansı səs
üçün hansı əşyadan istifadə etmək
lazım olduğunu biləsən. Kompyuterdəki
səslər həmin effekti vermir. Bəziləri
bu variantdan istifadə etməyə çalışırlar.
Lakin istənilən effekt alınmayanda yenə mənə
üz tuturlar. Bir də, bunun nə institutu var, nə də
texnikumu... Bu işə baxmaqla öyrənmək
olar. Mən də elə bu işi baxıb
öyrənmişəm. Sinxron səsləri yazan adam üçün diqqətli olmaq, ritmi bilmək,
ən əsası səbirli olmaq əsas şərtlərdəndir.
İndiyədək 60-a yaxın filmin sinxron səsini
yazmışam. Heç vaxt işin çətinliyi
məni qorxutmayıb. Təəssüf ki,
müəyyən çətinliklərinə görə indi
bu sahə ilə məşğul olmaq istəyən yoxdur.
Heç bilmirəm, 10-15 ildən sonra necə
olacaq? Bu
gün isə bu işin ağırlığı mənim
çiyinlərimdədir. Yeri gəlmişkən, ötən
il “Əməkdar artist” adı
almağımla bağlı keçirilən tədbirdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevə dedim ki, nə qədər
gücüm, qüvvəm, bacarığım var, Azərbaycan
kinematoqrafıyasına xidmət edəcəyəm.
- Bu peşənin bir adı var, ya
yox?
- Onun
adını bizim dilimizdə heç mən özüm də
bilmirəm, sadəcə, bu prosesə kənar səslərin
sinxron yazılışı deyirlər. Mənə
isə, sadəcə, “şumavik”.
- Səhv
etmirəmsə, indi bəzi telekanallar bu prosesi özləri həyata
keçirməyə çalışırlar.
- Elədir.
Amma mən deyərdim ki, yola verirlər, özü də birtəhər...
Çünki telekanallarda sinxron səsləri
birbaşa necə gəldi dialoqlarla bir mikrofona yazırlar.
Səs təmiz olsun deyə dialoqlar təkrar
yazılır və nəticədə sinxron kənar səslər
itib-batır. Çox vaxt belə yerləri
musiqi müşayiət edir.
- Son illərin dublyajları da
yaxşı alınmır. Bunun əsas səbəbi
nədir?
- İndi xarici filmlər disklər halında gəlir. Onlardan orijinal
səsləri yığışdırmaq
qeyri-mümkündür. Onları
yığışdıranda həm musiqi itir, həm də
inter səslər. Bu səbəbdən dublyaj
yaxşı alınmır. O vaxtın filmləri isə
bir qayda olaraq, lentə çəkilirdi. Onlarda bu kimi prosesləri həyata
keçirəndə elə bir problemlə
rastlaşmırdıq.
“Vaxt gələcək...”
- Son illər bizdə filmlər
çəkilir... Amma müşahidələrimə əsasən
deyə bilərəm ki, kinolarımız o qədər də
yaxşı qarşılanmır. Bəs siz bu
günün ekran əsərləri barədə nə deyə
bilərsiniz?
- O
vaxtların filmlərinə indi nostalgiya ilə baxırlar.
Amma mən deyirəm: vaxt gələcək bu gün çəkilən
filmlərə də eləcə baxılacaq. Təkcə
“motor”, “stop” deməklə, sonra onu kompyuterlə montaj eləməklə
iş düzəlmir. Kinonu çəkmək
üçün mükəmməl təhsil almaq, daha
çox oxumaq lazımdır. Bizim gənc
rejissorlar isə nədənsə təhsilə birtəhər
baxırlar. Onlar unudurlar ki, bu sənətdə
istedadla yanaşı, bilik də tələb olunur. Digər tərəfdən, testlə operatorluğa,
aktyorluğa, rejissorluğa qəbul aparılmaz. Test incəsənət
aləmində qəbuledilməz sınaqdır, seçim
olmalıdır, ən azı sovetdəki kimi. Yenə deyirəm,
vaxt gələcək bu gün bəyənmədiyimiz filmləri
göstərəcəklər və onda deyəcəklər:
“O vaxtlar nə yaxşı filmlər çəkiblər...”
- Belə
çıxır ki, “Oskar” Azərbaycan kinosu üçün
əbədi xəyal olaraq qalacaq...
- Son illər
çəkilən filmlərimizin əksəriyyəti də
Qarabağla bağlıdır. Belə filmlərdə
döyüş səhnələri təbiidir. Dünya ictimaiyyəti isə müharibələri qəbul
etmir. Bu mənada “Oskar”a təqdim olunan
filmlər bəşəri ideallara xidmət edən sənət
əsərləri olur. Müharibədən
bəhs edən filmlər “Oskar”a təqdim edilmir. Stallone kimi aktyor çox filmə çəkilib,
lakin o indiyədək həmin mükafatı almayıb.
Şvartsneger... O da almayıb. Van Dam da eləcə, Ceki
Çan da... Çünki onların filmlərində
bəşəri ideyalar yoxdur. Odur ki,
çalışıb bəşəri filmlər çəkməliyik.
Amma ümidi də itirmək olmaz. Bilirsinizmi, kino “kine” sözündəndir, yəni hərəkət
deməkdir. Heç kəs deyə bilməz
ki, Azərbaycan kinosunun sabahı hansı “kine”də olacaq.
İnanıram ki, sabah ortaya
çıxacaq yeni təfəkkürlü, istedadlı,
bilikli gənc rejissorlar bu tilsimi qıracaqlar. Çünki
artıq yeni təfəkkürlü, yeni
dünyagörüşlü gənclər kinematoqrafiyaya
inteqrasiya olublar.
-
Seriallarımız barədə də sizin fikirlərinizi
eşitmək istərdik.
-
Müharibə şəraitində yaşayan, lakin atəşkəs
rejimi hökm sürən bir ölkənin telekanallarında
boş-boş seriallar nümayiş etdirməyin heç bir mənası
yoxdur. Xalqa bununla nə demək istəyirlər? Bizim hər
şəhidimiz bir qəhrəmandır. Onlardan seriallar
hazırlamaq olar, niyə eləmirlər? Türklərin
mehmetcikləri ilə bağlı hazırladıqları filmlərə
baxın da... Bizdə isə hamı güldürməyə
çalışır. Nizaminin belə bir kəlamı var:
“Yersiz gülən dodağı bağlamağın
yaxşıdır, Boş gülüşün yerinə
ağlamağın yaxşıdır”. Böyük fəlsəfədir.
Bir kamera götürüb toyları, tədbirləri çəkənlər
bu gün quruluşçu rejissor, operator kimi
çalışmaq istəyirlər. Qardaş, bir otaqda bir
kamera ilə film çəkmək olmaz...
Bəzən
tamaşaçılar seriallar barədə də deyirlər
ki, kimdənsə götürürlər. Qardaş,
götürək, müəllimim Matveyev deyirdi ki, bax
yaxşıya, ondan pis eləmə... Pisə də bax, amma
ondan yaxşı elə. Amma ədalət naminə deyim ki,
baxılası filmlərimiz də var.
- Son
vaxtlar ölkə başçısı bu sahəyə vəsait
də ayırıb...
- Bəlkə
də Azərbaycan kinoya vəsait ayıran yeganə ölkədir.
Hər il 5-6 bədii film dövlət tərəfindən
maliyyələşir. Onu da deyim ki, ulu öndərimiz Heydər
Əliyev dəfələrlə kino xadimləri ilə görüşüb,
kinomuzun inkişafı naminə öz tövsiyələrini
verib. Hazırda onun siyasi kursunun layiqli davamçısı,
möhtərəm Prezidentimiz cənab İlham Əliyev də kinonun
inkişafı üçün dövlət vəsaiti
ayırıb. Bu vəsaitdən səmərəli istifadə
edib, gözəl sənət əsərləri yaratmaq bizim
borcumuzdur. Kino pul gətirən sahədir. Şübhə
etmirəm ki, yaxın gələcəkdə kinomuz daha da
inkişaf edəcək və sahibkarlığın bir hissəsinə
çevriləcək. Kinoya pul qoyanlar ikiqat, üçqat
öz pullarını çıxaracaqlar.
“İnşallah,
o da nəsıb olar”
-
Əliqulu müəllim, otağınızdakı dini
mövzudakı şəkillər diqqətimi çəkdi...
- Bəri
başdan deyim ki, inamı olmayan imansız olar. Hamımız
hidayətə gəlməliyik. 2000-ci ildə
22 seriyalı “İmam Əli” teleserialını rejissorumuz Arif
Həbibi ilə birgə dublyaj edib təhvil verdik. Elə
həmin il iranlılar bizi Məşhəd
ziyarətinə dəvət etdilər. 10
gün orada olduq. Onda mən İslamın
fəzilətini daha dərindən dərk etdim. Məhz bu səfərdən sonra başladım namaz
qılmağa, oruc tutmağa. Sonradan 29
seriyalı “Eşq vilayəti” filmini dublyaj texnikasının
bütün imkanlarından istifadə etməklə Azərbaycan
dilində bir rejissor kimi yüksək səviyyədə
dublyaj etdim. Bu mənim dublyaj etdiyim ilk
serial idi. Sonradan neçə-neçə
filmlərin dublyajı mənə həvalə olundu.
- Yəqin
ki, Həcc ziyarətinə də getmək niyyətiniz var...
-Ya qismət!
İnşallah, o da nəsib olar.
Zaman.-2012.-4 dekabr.-S.7.