“Dağlıq Qarabağ münaqişəsinin həll olunması nə Rusiyaya, nə ABŞ-a, nə də Fransaya sərf edir

 

Son aylarda Azərbaycanla Rusiya arasında müəyyən gərginlik hiss olunmaqdadır. Bu müstəvidə Kremlin Dağıstana əlavə hərbi qüvvələr yeritməsi Azərbaycanda narahatlıqla qarşılanmaqdadır. Bəs Azərbaycanla Rusiya arasında əmələ gələn gərginliyin arxasında dayanır? Bizi maraqlandıran bu digər suallara cavab almaq üçün politoloq Zərdüşt Əlizadəyə müraciət etdik.  

- Zərdüşt bəy, Rusiya-Azərbaycan münasibətlərində yenidən gərginlik hiss olunur. Sizcə, bu gərginlik haradan nədən qaynaqlanır?

- Sözün düzü, mən bunu gərginlik adlandırmaq istəmirəm. Çünki bu günə kimi iki ölkə arasında münasibətlər yüksək səviyyədə olub bu proses davam edir. Sadəcə olaraq, Azərbaycanla Rusiya arasında bəzi məsələlərə münasibətdə fikir ayrılıqları var bu da təbiidir. Rusiya böyük dövlətdir istəyir ki, onun maraqları ilə digər postsovet ölkələri hesablaşsınlar. Ona görə Rusiya hər vasitə ilə MDB məkanında özünün maraqlarını təmin etməyə çalışır. Bu olmayan yerdə isə Rusiya təzyiq vasitələrini işə salır. Bu müstəvidə Rusiya ilə Azərbaycan arasında müəyyən fikir ayrılıqları var, amma siz dediyiniz kimi, hansısa gərginlik yoxdur. Sadəcə olaraq, Azərbaycan Rusiyanın bir çox məsələlərə münasibətdə mövqeləri üst-üstə düşmür.  Rusiya güclü dövlətdir öz maraqlarını müdafiə etmək üçün müxtəlif yollarla Azərbaycana təsir göstərməyə cəhd edir.

- Rusiya Azərbaycanla sərhəddə yerləşən Dağıstana əlavə hərbi qüvvələr gətirməkdə davam edir. Bəzi məlumatlara görə, Rusiya Dağıstanda 70 mindən yuxarı qoşun cəmləşdirib. Sizcə, Rusiya Azərbaycanla müharibəyə hazırlaşır, yoxsa bunun arxasında başqa səbəblər var?

- Dağıstan Rusiyanın ərazisidir ona demək olmaz ki, orada qoşun cəmləşdirmə. İş orasındadır ki, Dağıstan son illərdə Rusiyanın başağrısına çevrilməkdədir. Elə gün yoxdur ki, orada hüquq -mühafizə orqanları əməkdaşlarına qarşı hansısa təxribata əl atılmasın. Təbii ki, Rusiya da bunun qarşısını almaq niyyətindədir Dağıstanın simasında ikinci Çeçenistanla qarşılaşmaq istəmir. Mən Rusiyanın bölgəyə əlavə hərbi güclər yerləşdirməsinin səbəbini bunda görürəm. Qaldı ki, Rusiya Azərbaycana nəyə görə hücum etməlidir? Mən bunu başa düşə bilmirəm.

- Belə bir fikir vurğulanır ki, ABŞ ya İsrail İrana hücum edəcəyi halda, Rusiya öz təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Azərbaycana qoşun  yeridəcək...

- Rusiya üçün öz təhlükəsizliyini Dağıstanda təmin etmək daha asandır, nəinki Azərbaycanda. Ona görə mən Rusiyanın hansısa bəhanələrlə guya Azərbaycana hücum edəcəyi barədə kimlərinsə söylədiklərini cəfəngiyyat hesab edirəm. İrana hansısa dövlətlərin hücum edəcəyinə gəlincə, bu da yalandır. Sadəcə olaraq, bununla əlaqədar yayılan xəbərlər daha çox psixoloji müharibədir. Neçə illərdir deyirlər ki, ABŞ, ya da İsrail İrana hücum edcəcək. Amma niyə etmirlər? Çünki bilirlər ki, İran, İraq deyil... İrana hər hansı dövlət hücum edəcəyi halda, bütün əhali silaha sarılaraq öz vətənlərinin müdafiəsinə qalxacaq.

- İrana qarşı müharibə başlayacağı təqdirdə, ABŞ-ın Azərbaycan ərazisindən istifadə edəcəyi barədə Qərb mətbuatında müxtəlif yazılar gedir.

- Bu məlumatı yayanlar, sadəcə olaraq, Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyirlər. Azərbaycanla İran arasında gərginlik iki ölkə arasında münasibətlərin yaxşılaşmasını istəməyən güclərə lazımdır. Hamı da bilir ki, ABŞ, İsrail İrana hücum edəcək.

- Mən yenə Azərbaycan-Rusiya münasibətlərinə qayıtmaq istəyirəm. Rusiya yenidən Azərbaycan ərazisində separatçılıq meyillərini körükləməyə başlayıb. Kreml bununla nəyə nail olmaq istəyir?

- Rusiya çoxmillətli dövlətdir təbii ki, onun bu müstəvidə maraqları var. Amma mənə elə gəlir ki, bu məsələ çox şişirdilir. Azərbaycanda etnik problem deyil, məmur özbaşınalığı varbundan etniklər də, sayca çoxluq təşkil edən xalq da əziyyət çəkir. Etniklər arasında hansısa güclərin separatçılıq meyillərini körükləməsinin qarşısını almaq üçün məmur özbaşınalığına son qoymaq lazımdır. Məmur özbaşınalığına son qoyulmasa, istənilən xarici güclər etnik azlıqlardan Azərbaycana qarşı istifadə etməyə çalışacaq.

- Qəbələ RLS-in icarəsi ilə bağlı problem hələ də öz həllini tapmayıb. Bu problemin həllini necə görürsünüz?

-  Bu məsələ ətrafında da həddindən artıq ajiotaj yaradılıb. Rusiyaya faktiki olaraq, Qəbələ RLS lazım deyil. Şimali Qafqazda - Armavirdə yeni, daha mükəmməl RLS tikilib. Kreml daha bir neçə RLS inşa etməyi planlaşdırıb. Qəbələ RLS isə ötən əsrin 80-ci illərində istifadəyə verilib və avadanlıqları da köhnəlib. Belə bir stansiyanın saxlanılması isə Moskvaya sərf etmir.

- Amma Rusiya bu stansiyada yenidənqurma aparmaq, onu müasirləşdirmək və üstəlik, stansiya yerləşən ərazinin öz mülkiyyəti hesab edilməsini istəyir.

- Tutaq ki, Rusiya bu stansiyanı təkmilləşdirdi, bəs sonra nə edəcək? Bu stansiyadan alınan məlumatlar mərkəzə ötürülsə də, gözlənilən təhlükəyə qarşı rusların cavab tədbirləri görməyə gücü yoxdur.

 -  Rusiya Müdafiə və Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri Qəbələ RLS-in ölkələri üçün xüsusi önəm daşıdığı barədə tez-tez açıqlamalar verirlər. Əgər məsələ, həqiqətən də, siz deyən kimisə, onda Rusiya niyə bu stansiyadan əl çəkmək istəmir?

- Qəbələ RLS məsələsi hərbi-strateji obyekt olmaqdan daha çox, siyasi məsələdir. Rusiya Qəbələ RLS vasitəsi ilə Azərbaycanda öz varlığını qoruyub saxlamağa çalışır. Bu müstəvidə də onlar Qəbələ RLS-ə Azərbaycandakı hərbi bazası kimi baxırlar. Ona görə də Rusiya bu hərbi obyekti əldən buraxmaq istəmir və istəməyəcək də.

- Qəbələ RLS hərbi baza kimi çox kiçik deyilmi?

-  Xeyr. Rəsmi məlumatlara inansaq, Qəbələ RLS-də 1500 nəfər rus hərbçisi var. Amma 1500 nəfər hərbçinin ailə üzvlərini, buradakı texniki işçiləri, müxtəlif xidmətlər göstərən personalı da nəzərə alanda Qəbələ RLS-dəki Rusiya vətəndaşlarının sayı təxminən 4000-4500 nəfərdir. Ona görə də hesab etmirəm ki, Qəbələ RLS Rusiya üçün kiçik hərbi obyektdir...

- Belə çıxır ki, Rusiyanın Dağıstanda hərbi gücünü də artırması adıçəkilən problemin həll edilməməsi ilə bağlıdır.

- Qəbələ RLS Rusiyanın Azərbaycandakı varlığını qoruyub saxlamaq üçün çox önəmlidir. Buranı tərk etmək Rusiya üçün bölgəni başqasının təsiri altına buraxmaq deməkdir. Bu obyektin saxlanılması istənilən vaxt Rusiyaya öz vətəndaşlarının və ya stansiyanın təhlükəsizliyini təmin etmək adı altında Azərbaycana hərbi qüvvə yeritmək imkanı verir. Ona görə də Rusiya bu hərbi obyektdən əl çəkmək istəmir və məsələnin mahiyyətində də məhz bu amil dayanır. Qəbələ RLS-in Azərbaycanın mülkiyyətinə verilməsi Rusiyadan hərbi asılılığı və ölkə üçün gözlənilən təhlükəni azaldardı. Bu baxımdan mən Qəbələ RLS ilə bağlı Azərbaycanın mövqeyini düzgün hesab edirəm.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda, belə demək mümkünsə, pat vəziyyəti əmələ gəlib. Sizcə, bu nə vaxta kimi davam edəcək?

- Mən buna pat vəziyyət deməzdim. Çünki belə bir vəziyyət 20 ildən artıqdır ki, davam edir. Sadəcə olaraq, münaqişənin həllində guya vasitəçilik missiyasını həyata keçirən ölkələr ildə bir neçə dəfə regiona səfər edərək, iki ölkə rəsmilərini bir araya gətirirlər. Guya onlar problemin həlli ilə bağlı nə isə etmək istəyirlər. Hər səfərdən sonra da həmsədrlər problemin həllində irəliyə doğru nəsə olacağı barədə ağızdolusu bəyanat verərək, həm münaqişədə olan tərəflərin ictimaiyyətini, həm də beynəlxalq aləmi aldadırlar. Gəlin bizözümüzü aldatmayaq. Bu münaqişənin həll olunması nə Rusiyaya, nə ABŞ-a, nə də Fransaya sərf edir. Münaqişə həll olunacağı halda, adıçəkilən ölkələrin Azərbaycana və Ermənistana təsir və təzyiq imkanları azalacaq. Bu baxımdan ATƏT MQ həmsədri olan ölkələr üçün münaqişənin belə vəziyyətdə saxlanılması daha məqsədəuyğun hesab edilir.

- Aşqabadda keçirilən MDB dövlət başçılarının sammitində Avrasiya İttifaqı adı altında SSRİ-nin yenidən bərpasına yönələn bəzi qərarlar qəbul edildi. Sizcə, SSRİ-nin yeni ad altında bərpa olunması cəhdləri Rusiyaya uğur gətirəcəkmi?

- SSRİ bir də heç vaxt bərpa edilməyəcək. Bununla əlaqədar baş vurulan cəhdləri də mənasız hesab edirəm. Çünki Rusiyada əhalinin sayı ildən-ilə azalmaqdadır. Belə bir vəziyyətdə yenidən keçmişə qayıtmaq rusların digər xalqlar arasında sayca daha da azlıqda qalması demək olacaq. Bunu Rusiyada da yaxşı anlayırlar. Sadəcə olaraq, Rusiyanı SSRİ-nin dağılmasından sonra əldən çıxan milyardlar, itirilən bazarlar narahat edir. Bu milyardların itirilməsini Rusiyanı idarə edənlər heç cür həzm edə bilmirlər. Həmin milyardlar isə Rusiyanın hərbi və iqtisadi baxımdan yenidən güclənməsində önəmli rol oynaya bilərdi.    

 

ƏZIZ MUSTAFA, 

Zaman.-2012.-11 dekabr.-S.7.