Vüsalə Məmmədzadə: “Üzləşdiyimiz
əsas problem maliyyə çətinliyidir”
Son
dövrlərdə Azərbaycan diasporu fəaliyyət göstərdiyi
ölkələrdə daha aktiv və təsiredici qüvvəyə
çevrilməkdədir. Azərbaycan diaspor
təşkilatlarının güclənməsində gənclər
aparıcı rola malikdirlər. Müsahibim 2003-cü ildə Parisdə
yaradılmış ilk tələbə təşkilatı
olan Azərbaycan-Fransa Gənclik
Assosiasiyasının (AFAJ) sədri Vüsalə Məmmədzadədir..
- Özünüz haqqında
qısa məlumat verə bilərsinizmi?
- Bakının Mərdəkan qəsəbəsində
doğulmuşam. Ali təhsilimi
Azərbaycan Dillər Universitetinin
fransız dili Tərcümə fakültəsində
aldıqdan sonra təhsilimi davam etdirmək məqsədi ilə Fransaya gəlmişəm. “Paris
8” Universitetində Siyasi Elmlər sahəsi
üzrə bakalavr və magistr
dərəcəsi almışam. Hazırda elmi
araşdırma ilə məşğulam.
- Vüsalə xanım, necə
oldu ki, diaspor fəaliyyətinə başladınız?
- On
il bundan öncə Parisdə təhsil alan azərbaycanlı tələbələrin
sayı, imkanları indikindən çox fərqli idi. Sayı
20-ni keçməyən o tələbələr
kiçik qruplar şəklində
yığışaraq boş
vaxtlarını pərakəndə dəyərləndirirdilər.
Hər kəsin bir arada
toplanması, birlik olması zərurətindən
bir təşkilatın yaradılması
ehtiyacı duyulurdu. Beləcə,
Azərbaycan-Fransa Gənclik Assosiasiyası yaradıldı. Təşkilatın
qarşısına qoyduğu əsas məqsəd
nəinki mədəniyyətimizi, eləcə də tariximizi, uğurlarımızı, hətta
problemlərimizi çatdırmaqla yanaşı, Azərbaycan-Fransa
arasında dostluq əlaqələrini
möhkəmlənməsinə, iqtisadi, elmi və mədəni münasibətlərin
inkişafına dəstək verməkdir. Təşkilatımız
Parisdə, eləcə də Fransanın müxtəlif şəhərlərində
fərqli mövzularda tədbirlər həyata
keçirmişdir. Bu
il Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan
Respublikasının Fransadakı Səfirliyinin dəstəyi
ilə Elman Rəfiyevin rəhbərliyi
altında Pantomima teatrının
“Xocalı” adlı tamaşasının Parisdə nümayiş etdirilməsinə nail olduq. Bu ilin aprel ayında Parisdə Sorbon
Universitetinin amfiteatrında azərbaycanlı
gənc pianoçu Səidə
Zülfüqarovanın ideyası və layihəsi ilə
“Əli və Nino” əsəri əsasında
hazırlanmış musiqili tamaşada rəqs qrupumuz
xalqımıza məxsus toy adətlərimizdən
bir neçə səhnə göstərmiş
və milli rəqslərimizi ifa etmişlər. Bizim təşkilat
təkcə tədbirlərlə kifayətlənmir, həmçinin
fransız oxucusuna Azərbaycanı, Azərbaycan
oxucusuna Fransanı tanıtmaq məqsədilə
iki dildə “Körpü”
adlı jurnalın nəşrinə başlamışıq və
2 sayını çapdan
çıxarmışıq.
- Erməni diasporunun Fransadakı fəaliyyəti
barədə nə deyə bilərsiniz?
- Azərbaycan
diasporu ilə müqayisədə ermənilərin Avropa
ölkələrində çox güclü diasporları
mövcuddur. Məlumdur ki, Fransa, erməni diasporunun Avropada baş qərargahı
hesab edilir.
Fransanın Paris, Lyon,
Marsel, Nitsa və digər
böyük şəhərlərində
qeydiyyatdan keçmiş
erməni təşkilatları müxtəlif sahələrdə
- mədəni, elmi, tibbi,
hüquqi, dini və s. istiqamətlərdə fəaliyyət
göstərir. Bu təşkilatlar
arasında ən qədimi 1890-cı ildə
yaradılmış Erməni Sosial
Yardım Təşkilatıdır. Nisbətən daha böyük imkanlara sahib olub, daha çox
aktivlik göstərən təşkilatlar
arasında Ümumerməni Xeyriyyə İttifaqının
adını çəkmək olar. Fransanın ən böyük
şəhərlərində fəaliyyət bölümü
olan bu təşkilatın
nəzdində orta və həftəsonu məktəbləri
fəaliyyət göstərir, tələbələrə təqaüd
ayrılır, gənclərin dünyanın bir
neçə böyük şəhərlərində
yay stajı keçmələri maliyyələşdirilir,
sərgi, konsert və s.
tədbirlər təşkil edilir. Təşkilatın
ən böyük uğurları
sırasına 40 mindən çox kitab, 50 min tarixi
və fotosənədi oxucuların istifadəsinə vermiş erməni kitabxanası və 80-ə
yaxın tələbəni yerləşdirmə imkanı olan tələbə yataqxanası daxildir. Siyasi məqsədlərə xidmət isə bütün təşkilatların bir növ “borcudur”. 500 min erməninin yaşadığı bu ölkədə
diaspor nümayəndələri elə mövqe tutublar ki, Fransa hökumətinə
və parlamentinə təsir etmək
iqtidarındadır.
- Erməni diasporu 2015 qondarma erməni
soyqırımının 100 illiyinə hazırlaşır. Bu mövzuda Fransadakı
ermənilərin hər hansı bir fəaliyyəti
müşahidə olunurmu ?
-
Sirr deyil ki, dünya erməniləri qondarma erməni
soyqırımının 100 illiyinə hazırlaşır və
bunu əksər ölkələrin parlamentində tanıtmaq
üçün hərəkətə keçiblər. Bu barədə qərarlar qəbul etdirilir, məsələyə dair
aktivlik göstərirlər. Bildiyiniz kimi, Fransa 2001-ci ildə ermənilərin
soyqırımı iddialarını dövlət səviyyəsində
tanıyıb. Fransadakı ermənilərin hal-hazırda əsas
məqsədi 1915-ci il hadisələri ilə
əlaqədar erməni iddialarının inkarını cinayət
sayan qanun layihəsini
qəbul etdirməkdir.
Xatırlayırsınızsa, Fransa Milli Məclisində və Senatda
qəbul edilmiş sözügedən qanun layihəsi Fransa Konstitusiya Məhkəməsi tərəfindən
ləğv edilmişdi. Məhz erməni diasporunun səyi və təsiri ilə yeni seçilmiş sosialist prezident F. Olland yenidən məsələyə
baxılacağını bildirmişdir.
- Fransa ictimaiyyəti işğal
olunmuş Azərbaycan torpaqları haqqında lazımi qədər
məlumatlıdırmı?
-
Xaricdə yaşayan ermənilər həmişə Ermənistanla
bağlı olub, geniş imkanlarından istifadə edərək,
Dağlıq Qarabağ münaqişəsində Ermənistanın
xeyrinə təbliğat aparıb, ictimai fikri Azərbaycanın
əleyhinə yönəldib. Onlar
azərbaycanlılara və türklərə qarşı
törətdikləri soyqırımı və terror haqqında həqiqətləri gizlətməyə,
dünya ictimaiyyətinin diqqətini Azərbaycan
torpaqlarının işğalı faktından
yayındırmağa çalışırlar.
Vaxtaşırı Fransadakı Səfirliyimizin təşəbbüsü
ilə Dağlıq Qarabağ
münaqişəsi mövzusunda
açıq konfrans və debatlar
təşkil edilir. Tələbələr
də imkan daxilində istər Azərbaycan,
istərsə də Ermənistan tərəfindən təşkil
edilən bu tip konfranslarda fəal iştirak
etməyə çalışırlar. Mübarizəmiz
eləcə də internet səhifələrində,
forumlarda davam edir. Çox təəssüf
ki, fransız dilində Azərbaycan həqiqətləri
ilə bağlı yetəri qədər dolğun
sənəd və məlumatlar yoxdur və
bunları hazırlamaq biz gənclərin boynuna düşür.
-
Türkiyə diasporu ilə əməkdaşlığınız
hansı səviyyədədir?
- Fransada fəaliyyət göstərən Azərbaycan və türk diasporları hər zaman həmrəy olmuşlar və əməkdaşlıq sahəsində səylərini birləşdirməyə çalışmışlar. Buna misal olaraq, türklərin qondarma soyqırımına qarşı Senat qarşısına yürüş edərkən azərbaycanlıların onlara qoşulmasını və eləcə də bu ilin sentyabr, noyabr aylarında Dünya Azərbaycanlı Gənclər Birliyinin təşəbbüs və dəstəyi, AFAJ və Parisdə Azərbaycan Evinin yerli təşkilatçılığı ilə Parisdəki Ermənistan səfirliyi qarşısında Ermənistan hökumətinin Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətinə və prezident Sarkisyanın Fransaya rəsmi səfərinə etiraz olaraq keçirilmiş aksiyalarda Fransa və Almaniya Türk Federasiyalarının dəstəyini göstərmək olar.
- Bir diaspor təşkilatı
olaraq hansı çətinliklərlə üz-üzə
qalırsınız?
-
Fransadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində
üzləşdikləri əsas problem maliyyə çətinlikləridir.
Bundan əlavə, ölkəmizin zəngin tarixi-mədəni
irsinin simvolu olan milli atribut,
suvenirlər (gəlinciklər, musiqi alətləri
və xalçalar), milli
musiqi disklərinin, milli
geyimlərin olmaması, məlumat xarakterli
materialların çatışmazlığı da görülən tədbir və reallaşdırılan layihələrin
ən yüksək səviyyədə alınmasına əngəl
törədir. Daha bir
çətinliyimiz isə görüşlər üçün geniş
məkanın tapılmamasıdır.
İştirakçıların sayı 25-i keçdikdə kiçik tələbə mənzillərimiz
yararsız olur. Bu məsələdə,
xüsusi olaraq, Azərbaycanın
YUNESKO yanında daimi nümayəndəsi,
səfir Eleonora Hüseynovaya
təşəkkürümü bildirirəm. Eleonora
xanım dəfələrlə daimi
nümayəndəlikdə gənclərimizə yer ayırmışdır. Təşkilatımızın
fəaliyyətinə ən böyük və
əsas dəstək Azərbaycanın Fransadakı Səfirliyi
tərəfindən göstərilir.
- Fransada yaşayan, təhsil alan,
işləyən azərbaycanlılar barədə nə deyə
bilərsiniz?
-
Fransada yaşayıb, Azərbaycanın təbliğatında
yaxından iştirak etmiş şəxslər arasında Aytən
Muradova (“Ulduz”- Azərbaycan Fransa Mədəniyyət
Assosiasiyasının sədri), Mirvari Fətəliyeva (Paris Azərbaycan
Evinin sədri), Mustafa Alıncanın (Strasburq Azərbaycan
Evinin sədri) xidmətlərini xüsusi vurğulamaq istərdim.
Fransada təhsil alan Azərbaycanlı
Tələbələr Assosiasiyasi, Strasburqda Azərbaycanlı Gənclər Təşkilatı,
Tuluzada Fransa Azərbaycan
Assosiasiyası, “Buta”-Bezanson,
Azərbaycan Fransa Dostluq
Assosiasiyası kimi bir
neçə gənclər təşkilatları Fransada fəal bir şəkildə
Azərbaycan həqiqətlərini təbliğ edirlər.
- İki dövlət arasında
dostluq əlaqələri hansı səviyyədədir?
- Mən
son illər humanitar sahədəki çoxsəmərəli və
geniş əlaqələrdən, eləcə də Heydər
Əliyev Fondunun və
Fransadakı Səfirliyimizin əməyindən xüsusi
danışmaq istərdim. Son illər Fransanın universitetlərində Azərbaycan
dili və tarixi
fakültələri açılır, yüzlərlə Azərbaycan
tələbəsi Fransanın ali məktəblərində
təhsil alır. Ötən il Bakıda yeni fransız məktəbinin tikintisi
başlanıb. Bu il
Bakıda “Fransa inciləri” adlı sərgi
keçirilmişdir, Luvr
və Orse muzeylərini, Versal
Sarayını və digər mədəniyyət
ocaqlarını bəzəyən yüzlərcə eksponat sərgilənmişdir. Azərbaycan
dövləti Luvr muzeyinin
İslam incəsənəti departamentinin yaradılmasında iştirak etmişdir. Heydər
Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi, digər tarixi
abidələrin bərpasına kömək etmişdir.
Son illər ərzində Azərbaycanın
və Fransanın bir neçə şəhəri
arasında qardaşlaşma haqqında saziş imzalanıb. Fransanın müxtəlif
bölgələrində Azərbaycanın mədəniyyətini
tanıdan Azərbaycan günləri keçirilir.
Bu ilin sentyabr
ayında Parisdə Azərbaycanın ilk mədəniyyət
mərkəzinin binası təntənəli şəkildə
açılıb.
- Diaspor fəaliyyətinizin daha da
genişlənməsi üçün hansı işlər
görülür və ya görülməsi
planlaşdırılır?
-
2013-cü ildə təşkilatın yeni saytı istifadəyə
veriləcək və “Körpü” jurnalının növbəti
sayı saytda interaktiv yerləşdiriləcək. Parisdə
fəaliyyət göstərən Azərbaycan Evi
və “Ulduz” təşkilatı ilə əməkdaşlıq
nəzərdə tutulub. Hazırda “Azərbaycan”
bədii filminin fransız dilinə tərcüməsi
üzərində işləyirik. Yuxarıda
danışdığım Pantomima
teatrının iştirakı ilə layihə müəllifi olduğumuz
“Xocalı “ tamaşasının Avropa
turnesini təşkil etməyi düşünürük. Bu
işdə İsveçrə Azərbaycanın Dostları Dərnəyi
ilə əməkdaşlıq edirik.
Universitetlərdə Azərbaycan guşələrini təşkil
etmək, təqdimatlar keçirmək, musiqi
festivallarında çıxış etmək, yerli təşkilatlarla görüşlər
və s. mədəni tədbirlər
2013-cü il planlarımıza daxildir.
BƏYLƏR MƏCIDOV,
Zaman.-2012.-18 dekabr.-S.7.