Aleksandr Fadeyev: zirvədən müəmmalı ölümə (2)

  

O, 1932-ci ilədək Rusiya Proletar Yazıçıları Assosiasiyasının sədri işlədi və ətrafındakılardan birinindediyi kimi  özündən yuxarıdakıların, Kremldəkilərin tapşırıqlarını can-başla yerinə yetirdi. Həmin dövrdə Fadeyev çox az hallarda yazırdı və özününetiraf etdiyi kimi, yazmaqdan çox, təşkilati məsələlərlə maraqlanırdı. Bütün bunlara baxmayaraq, Rusiya Proletar Yazıçıları Assosiasiyası Stalin və ətrafındakıların ümidlərini tam şəkildə doğruldan təşkilat olmadı. Bu təşkilatın üzvləri arasında bolşevik rejiminin xalqa fəlakətlər gətirəcəyini öncədən hiss edən yazıçılar vardı və onlar bolşeviklərin fəaliyyətini açıq şəkildə tənqid etməkdən çəkinmirdilər. Ona görə də Stalin və ətrafındakılar Rusiya Proletar Yazıçıları Assosiasiyasını buraxaraq, onun yerində Yazıçılar İttifaqının yaradılması qərarına gəldilər. 

Bu məqsədlə də Yeni Yazıçılar İttifaqının yaradılması məqsədi ilə təşkilat komitəsi yaradıldı. Fadeyevbu təşkilatın sədrinin müavini təyin edildi.

Fadeyev qısa müddətdə yeni Yazıçılar İttifaqının yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirdi. Həmin dövrdə, belə demək mümkünsə, özünü proletar yazıçısı hesab etməyənlərə qarşı Stalin və ətrafındakılar tərəfindən hücumlar başladılmışdı. Belə bir vəziyyətdə Fadeyev bolşevik rejiminə can-başla xidmət etməkdə idisonralar özününetiraf etdiyi kimi, bununla da həyatının ən ağır səhvlərindən birini buraxmışdı. O dövrdə, yəni repressiyaların baş alıb getdiyi dövrdə Fadeyev faktiki olaraq SSRİ Yazıçılar İttifaqına rəhbərlik edirdi. Yeri gəlmişkən, onu da deyək ki, 1939-1944-cü illərdə yazıçı SSRİ Yazıçılar İttifaqının katibi, 1946-cı ildən isə adıçəkilən qurumun baş katibi, İdarə Heyətinin sədri, ömrünün son illərində, yəni 1954-1956-cı illərdə isə İdarə Heyətinin katibi vəzifələrində işlədi.

 1937-ci ildə Fadeyev uzun ayrılıqdan sonra doğma yerlərə  -Tverə getmiş, Rjev şəhərində əhali qarşısında sovet ədəbiyyatı haqqında məruzə ilə çıxış etmişdi. 1941-ci ilin iyun ayında isə yazıçı anası ilə birlikdə anadan olduğu Kimrı şəhərinə getmiş və orada onu böyük təntənə ilə qarşılamışdılar.

Cəbhə illərində

II Dünya müharibəsi illərində Fadeyev “Pravda” qəzetinin və “Sovinformbüro”nun müxbiri kimi tez-tez cəbhə bölgələrində olurdu. 1942-ci ilin yanvar ayında Fadeyev Kalinin cəbhəsində oldu. Həmin vaxt orada qızğın döyüşlər gedirdi. Fadeyev cəbhədə döyüşlərin ən qızğın yerində olduşahidi olduğu hadisələr onda dərin izlər buraxdı. Cəbhədən qayıtdıqdan sonra 1942-ci ilin yanvar ayının 14-də yazıçı “Pravda” qəzetində “Vəhşilər - dağıdıcılar və quran insanlar” adlı məqalə ilə çıxış etdi. 

“Döyüşçü” adlı oçerkində isə Fadeyev Paderin soyadlı əsgərin göstərdiyi qəhrəmanlıqdan yazmışdı. 1941-ci ildə Kalinin şəhəri uğrunda gedən döyüşlərdə Paderin düşmənin döyüş dzotunu sinəsi ilə qapayaraq onu susdurmuşbununla da onlarla döyüşçünün həyatını xilas etmişdi. Paderinə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı vermişdilər. Müharibə dövründə həm də “Literaturnaya qazeta”nın baş redaktoru işləyən Fadeyev Kalinin cəbhəsindən sonra mühasirədə olan Leninqrada da getmiş və oradakı ağır vəziyyəti öz gözləri ilə görmüşdü. Leninqradla bağlı yazdığı oçerklər əsasında onunLeninqrad blokada günlərində” adlı kitabı nəşr edildi. Bu oçerklərdə milli vətənpərvərlik, döyüşçüləri düşmən üzərində qələbəyə səsləmək ruhu o qədər güclü idi ki, Stalin yazıçıya şəxsən zəng edərək, ona təşəkkür etmişdi. 1943-cü ildə Fadeyev düşmənlərdən azad edilən Krasnodona getdi. O, burada bir qrup gəncin düşmənə qarşı mübarizəni təşkil etdiyi və faşistlər tərəfindən ələ keçirilərək şaxtalarda öldürüldüyü barədə faktlarla tanış oldu. Bu faktlar əsasında isə Fadeyev, əvvəlcə, Krasnodon qəhrəmanlarına həsr edilən” Ölməzlik” adlı oçerk yazaraq, “Pravqa” qəzetində dərc etdirmişdi. 1945-ci ildə isə yazıçı “Gənc qvardiya” adlı romanını yazdı. Amma bu romanda yazıçı qəhrəmanlarının öz mübarizələrində partiyadan güc aldığını yazmamışdı. Buna baxmayaraq, roman oxucular arasında böyük maraqla qarşılandı. Fadeyev özü isə bu romanı haqqında belə yazmışdı: “Mən bu romanı yazarkən bütün varlığımı və ürəyimi ortaya qoydum, qəhrəmanların taleyini onlarla birgə yaşadım. Onların faşistlər tərəfindən şaxtaya atılmasını təsvir edərkən elə bildim ki, mən də onlarlayam, məni də diri-diri şaxtaya atırlar”.

 

1946-cı ildə ədəbiyyat sahəsində uğurlarına görə Fadeyevə Stalin mükafatı verildi. Amma 1947-ci ildə gözlənilmədən “Gənc qvardiya” romanı Stalinin qəzəbinə tuş gəldi. 1947-ci ildə “Pravda” qəzetində “Gənc qvardiya” romanı kəskin şəkildə tənqid edildi. “Pravqa” qəzetində gedən yazıda ömrünün böyük hissəsini bolşeviklərə can-başla xidmət etməkdə keçirən Fadeyevi az qala rejimə xəyanət etməkdə günahlandırırdılar. Buna səbəb isə yuxarıda qeyd etdiyimiz kimi, romanda partiyanın aparıcı roluna yer verilməməsi idi.

Fadeyevin “Pravda” qəzetində  açıq şəkildə tənqid edilməsi onun üzərinə hücumların daha da artmasına gətirib çıxarmışdı. Tənqidçilərin hər biri onu özünəməxsus şəkildə kəskin ifadələrlə tənqid edirdi. Halbuki əvvəlcə romanın əlyazması ilə tanış olan İosif Stalin Fadeyevi tərifləyərək onu bütün yazıçılara nümunə göstərmişdi.  Pravda” qəzetində “Gənc qvardiya” romanı haqqında gedən tənqidi yazılardan sonra Stalin yazıçını yanına çağırmışdı.

Stalinlə görüş

Fadeyev Stalinin yanına daxil olanda o, masanın arxasında oturaraq nə isə oxuyurdu. Yazıçını görən kimi Stalin oxuduğunu bir kənara qoyaraq, diqqətlə yazıçını başdan-ayağa süzmüş və onu tanımırmış kimi soruşmuşdu:

- Yoldaş Fadeyev, siz kimsiniz?

Bu sualdan yerində donub qalan Fadeyev, əvvəlcə, nə deyəcəyini bilməyərək susmuşdu. Ancaq Stalinin səbirsizliklə ondan cavab gözlədiyini görərək dili dolaşa-dolaşa:

- Mən yazıçıyam, yoldaş Stalin,- deyə cavab vermişdi.

Stalin , görünür, ondan bu cavabı gözləyirmiş. O yenidən yazıçını ikrah hissi ilə süzərək:

- Siz, yoldaş Fadeyev, yazıçı deyil, pis qoxu verən murdar şeysiniz. Yazıçı Anton Pavloviç Çexov kimi olar. Siz heç nəyə yaramayan bir roman yazmağınız azmış kimi, hələ ideoloji cəhətdən insanları şikəst də etmisiniz. Siz gənc qvardiyaçıları az qala maxnoçular ( bolşeviklərə qarşı Ukraynada vuruşan ağqvardiyaçılar) kimi təsvir etmisiniz. Sizcə, düşmən tərəfindən işğal edilmiş ərazilərdə partiyanın rəhbərliyi olmadan faşizmə qarşı uğurlu mübarizə aparmaq olardımı? Siz isə bunu unutmusunuz, ya da görməzliyə vurmusunuz. Sizin bu kitabınızın yeri zibillikdir,-demişdi.

Sonra Stalin qarşısında donub qalan Fadeyevin nə cavab verəcəyini gözləmişdi. Fadeyev isə ona cavab verəsi halda deyildi. Çünki ağzından qaçıra biləcəyi bir yersiz kəlmə onun  sonunun gəlməsi demək olacaqdı. Yazıçının susduğunu görən Stalin isə daha da qəzəblənmişdi. O əsəbi və olduqca sərt şəkildə  demişdi:

- Gedin, nə qədər gec deyil, dərindən fikirləşin, yoldaş Fadeyev.

Bu,  Stalin tərəfindən Fadeyevə edilən xəbərdarlıq idi və adətən, onun belə xəbərdarlıqlarının sonu ya uzunmüddətli sürgünlə, ya da güllələnmə ilə sona çatırdı. Bu xəbərdarlıqdan sonra yazıçı qələmi əlinə alaraq romanı yenidən yazmağa başladı. Bu romanda artıq partiyanın aparıcı rolu önə çıxarılmışdı. Ancaq yazıçı bunu həvəssiz etmişdi və partiyanın faşizmə qarşı mübarizədə aparıcı rol oynaması bir o qədər də inandırıcı təsir bağışlamırdı.

1951-ci ildə “Gənc qvardiya”nın yeni variantı nəşr edildi. Partiya rəhbərliyini bu dəfə də roman razı salmadı. Buna baxmayaraq, əsərdə partiyanın aparıcı rolunun zəif də olsa işıqlandırıldığını nəzərə alaraq, onun SSRİ-nin dərslik proqramlarına salınması tövsiyə edildi. SSRİ dağılana kimi “Gənc qvardiya” romanı milyonlarla orta məktəblini yeni qələbələrə səsləyən əsər kimi təbliğ edildi.

 

Zaman.-2012.-20 dekabr.-S.14.