Burhan Çaçan: “Yar-yar” dediyimə
baxmayın, qızı anam bəyəndi, evləndim”
Sənətini
hər kəs bilir, amma həyatı haqqında, demək olar
ki, bir şey bilmirik. Hər zaman albomları, türküləri
ilə gündəmə gəldi. Nə hansısa
qeyri-etik görüntüləri yayımlandı, nə də
jurnalistlər qapısında yatdılar. Sadəcə,
bildilər ki, bu qapıdan maqazinə material çıxmaz.
Amma üz-üzə oturub dərdləşəndə Burhan bəyin
o qədər də sirli, gizli adam
olmadığı açıq-aşkar görünür. Sadəcə bəziləri kimi şəxsi həyatını
başqalarının gözü önündə sərgiləməyi
sevmir, kimsənin onun ailə həyatından xəbər
tutmasını istəmir. Yəni tipik
Anadolu kişisi. Bir yerə gedəndə
xanımını özü ilə aparmağı sevməz və
əslində elə xanımın da istədiyi budur. Amma xanıma məsləhət etmədən qərar
qəbul etməyi də sevməz. Atası
Ağrıda bir ağa, amma siyasətə girib, başı
müsibətlər çəkmiş, lideri Menderesin
ardınca getdiyi yolda ipin ucundan dönmüş
keçmiş “ədalət”çi.
12
uşaqlı bir ailənin 9 oğlundan və Türkiyənin ən
güclü səslərindən biri, möhtəşəm sənəti
və mütəvazi həyatı ilə sənətçi və
iş adamı
- Burhan bəy, nə zaman oxumağa
başladınız?
- Hələ
uşaqlığımdan bilirdim ki, yaxşı səsim var.
Amma oxumağı sevmirdim. İbtidai məktəbdə
heç oxumadım. Böyüyəndə iş
adamı olmağı xəyal edirdim.
- Siz
Ağrıdan bir ağa oğlusunuz...
- Bəli,
Ağrıdan, amma kasıb-kusub ağasının oğluyam. Biz Ağrının Eleşkirt rayonundanıq.
O tərəflərdə ailələr çoxuşaqlı
olduğundan bir kənd bir kişinin belindən gələnlər
olur. Atam 11 kəndin ağasıdır,
hamısı da qohum, doğma, hamısı da kasıb. Bizim gördüyümüz ağalar sizin filmlərdə
gördüyünüz ağalara bənzəməz. Atam, babam, babalarım xeyir-həsənatı
çox sevən adamlar olublar. Atamın
süfrəsini, demək olar ki, hər zaman açıq
görmüşəm.
- Ailədə neçə uşaq
idiniz?
- 9
qardaş, üç bacı. Mən 11-ciyəm.
Böyük qardaşlarım məni çox
sevib, ərköyün böyüdüblər, amma bir dəfə
də olsun, ailədə ədəb-ərkanı pozduğumu
xatırlamıram. Qardaşlarım evdə
məni oxudardılar. Mən də səsimi
başıma atıb oxuyardım. Bəzən də o qədər
oxuyardım ki, qardaşlarımdan kimsə “daha baş-beynimiz
getdi, qurtar”,- deyərdi. Mən
də bilərdim ki, nəsə kefi yoxdur, yoxsa belə deməz,
inad eləməz, kəsərdim. Amma
atamın oxumağımı bilməsini istəməzdim.
Bizim tərəflərdə oxuyanları
çox da sevməzlər, onlara “zurnaçı-davulçu”
deyərlər.
- Bəs necə oldu ki,
yarışlara qatıldın, şöhrət qazandın?
Atanız buna necə razılıq verdi?
- Allahdan
aşağı anamın və qardaşlarımın istəyi
ilə bu yola girdim. Atamı da onlar
yumşaltdılar. Onlar
inanırmışlar ki, mən bu yolda uğur qazana bilərəm.
- 14 yaşın olanda onların bu
inamını doğrultdun. Ərzurumda
keçirilən mahnı müsabiqəsini deyirəm. Bu necə oldu?
-
Yadıma düşəndə hələ də gülməyim
gəlir. Bizim Ərzurumda da evimiz vardı.
Anam və qardaşlarım bu işi
düzüb-qoşmuşdular. Uşaqlıq illərimin
çoxunu o evdə keçirmişəm, yəni bir az da ərzurumlu sayılıram. Yerli
türküləri daha çox sevirdim. Ərzurum,
Sivas, Əlazığ, Kırşəhir, Diyarbəkir,
Ağrı vilayətlərinə məxsus elə
türkülər oxuyurdum ki, çox məşhurların
onlardan xəbəri olmazdı. Ağrıda
Azərbaycan mahnıları çox sevildiyindən onlardan da
çox oxuyurdum. O müsabiqə TRT ilə canlı
yayımlandı və mən şöhrət yolunun ilk pilləsinə
orada ayaq basmış oldum.
- Bəs atanız bundan xəbər
tutanda hirslənmədi ki?
- Mənim
atam o qədər də sərt, əsəbi adam
deyil. Əgər o mənə “oxuma” deyə
israr etsəydi, ağzımı da açmazdım. Amma
demədi, sadəcə, mənim “zurnaçı-davulçu”
olmağımı istəmirdi, ilk çıxışımı
görəndən sonra etirazını belə dilinə gətirmədi.
Mənim oxumağımdan xəbər
tutmağına gəlincə, bu lap nağıl kimidir.
Demək, mən televizorda oxuyuram, anam da deyir ki, oxuyan
Burhandır, kişi baxır deyir ki,
Burhanın orda nə işi var? Yəni
inanmır. Anam sözünü bir də təkrarlayanda
atam deyir ki, hər kimdisə, yaxşı oxuyur, özü də
Burhana çox oxşayır. Yazıq kişi
oxumağımı eşitməmişdi axı. Axır ki,
mahnının sonuna yaxın kişi
inanır ki, oxuyan oğludur. İndi də bu
söhbət ailəmizdə zarafatla xatırlanır.
- Və
bir gün Ankaraya, TRT-nin canlı yayımına dəvət
aldınız, ardınca da disklər, sərvət,
şöhrət...
- Bəli.
Halit Kvançın proqramına qonaq oldum.
Halit abi “Ağrıdan bir dəliqanlı gəlib”
deyə məni tamaşaçılara təqdim elədi.
Çox həyəcanlıydım, oxudum, deyəsən,
yaxşı alındı. Ardınca da dəvətlər
gəldi. İstanbuldan Nəşə
Karaböcəyin təklifini qəbul etdim. 1980, 81 və 82-ci illərdə 3 albomum
çıxdı. Həmin illər mənim
şöhrət illərim oldu. Albomlarım
yaxşı gəlir gətirdi, yəni cibimiz pul gördü
(gülür). Amma hər zaman
özümü nəzarətdə saxlayıb, tez-tez “Burhan
qudurma, Burhan həddini bil” deyirdim. Ailəmlə
münasibətimi heç zaman kəsmədim. Hər işdə onların fikrini öyrənirdim.
İnanın ki, atam “o sənəti burax, kəndə
gəl” desəydi, etiraz etmədən onun dediyini edərdim.
- Yəni
bu qədərmi ailəyə, böyüklərinizə
bağlı adamsınız?
- Mən
evlənəndən sonra atam 6 il bizimlə
bir evdə yaşadı. Bizdə böyüklərə
hörmət məsələsində qüsur olmaz. Böyük bir söz dedimi, vəssalam, daha
müzakirə edilməz. Biz böyüklərin
dizinin dibində yetişməyi sevərik. Evin qızı, gəlini başını
qaldırıb böyüyə cavab qaytara bilməz.
- Deyəsən, atanızın həyatı
çox keşməkeşli olub?
- Atam gəncliyində
rəhmətlik Menderesin “Ədalət” partiyasının bizim
rayon şöbəsinin sədri olub. 1960-cı
ildə dövlət çevrilişi baş verəndə
atamı da tuturlar və Yassıadada Menderesin
yatdığı həbsxanada yatırırlar. 6 il sonra buraxırlar, sonra da Sivasa sürgün
edirlər. O dövrdə məşhur “55-lər hadisəsi”
var, yəni cənub-şərq vilayətlərindən
şeyxi, ağanı, siyasi həyatda fəal olanı
sürgünə göndərirlər. Atam da
onlardan biri olur.
-
Özünüz də siyasətdən az
çəkməmisiniz...
- Mən
də 1997-ci ildə baş verən çevrilişdə siyasətin
ağır üzü ilə tanış
oldum. “Rifah” partiyasından deputatlığa namizəd
olacaqdım. Şöhrətin zirvəsindəydim.
Bir anda hər şey alt-üst oldu.
- İndi də AK Partiya iqtidarına rəğbət
göstərdiyinizi bilirik.
- Mən
ilk gündən bu partiyanın Türkiyəyə xidmət edəcəyinə
inanmışdım. Hər yerdə də tərəfini
saxlayırdım. O zaman mənə qarşı
çıxanların çoxu indi özlərini hökumətin
qanadı altında yaxşıca rahatlayıblar, hamı yalan
olub, bunlar ərdoğançı çıxıblar. Mənimsə kimsənin qayğısına
ehtiyacım yoxdur. Öz işimin
başındayam. Qulun qulu olmaq da bizə
yaraşmaz.
- İş demişkən, siz sənətlə
yanaşı, həm də iş həyatında
varsınız. Bunu nə ilə bağlayırsınız?
Əlavə qazanc kimi, ya?..
-
Doğrudur, İstanbulda Nişantaşı səmtində
Valicaddəsi məhəlləsində bir otel işlədirəm.
Ümumiyyətlə, mən iş həyatını sevirəm.
Boş dayanmaq mənə görə deyil.
O ki qaldı, pul-para məsələsinə, bütün
bunlar bəsit şeylərdir, amma özünə müsəlman
deyən insan gərək fəal olsun,
çalışsın, qazansın və halal xərcləsin.
Həyatıma baxsanız, yəni gündəlik
nə yeyib-içdiyimi, nə xərclədiyimi görsəniz,
bəlkə də, təəccüblənərsiniz. Adam sadə yaşamalıdır, pul insanı dəyişirsə,
demək, o adamın problemi var.
- Son zamanlar daha çox dini
mahnılar oxuyursunuz, bu nə ilə bağlıdır?
- Hər
şeyimizi Allah verib. Bəzən oturub
düşünürəm ki, verdiyi bu qədər nemət
qarşısında mən Rəbbimə nə qədər
şükür edirəm? Təsəvvür
edirsinizmi, mənim qırtlağıma bir gəlir qapısı
verib, yəni bu həyatda çox şeyə səsimlə
nail olmuşam. Bu, Allahın bir
lütfüdür mənə. Amma bəndə
də gərək Allahın verdiyinin zəkatını verə.
Nə qədər “Leyla” deyib fəryad etmək
olar? Bəs bu könül nə zaman
“Mövla” deyib inləyəcək? İnsanın
ürəyi hər atışında “Allah” deyir. Amma o ürəyi gəzdirən insan yetərincə
şükür edirmi? Əməllərimiz
Allah rizasına uyğundurmu? Hər
hansı bir işə hansı niyyətlə
başlayırıq? Sabah Allahın
hüzuruna çıxanda başımızı
qaldırmağa üzümüz olacaqmı? Olacaqsa, üzümüzü ağardan əməllərimiz
olacaqmı, nə cavab verəcəyik? Həyat
boşuna deyil. Hamımız öləcəyik.
Hər kəs də bir az oradan bura, yəni
ölümdən həyata baxmağa
çalışmalıdır. Mənim
oxuduqlarıma gəldikdə, Yunus Əmrənin şeirləri
sanki ruhumun tərcümanıdır və onları oxumaq sanki
zikr kimi gəlir mənə. Bu yaşdan
sonra mənə “ay qız, səni sevirəm, sənsiz
ölürəm” kimi bayağı, ucuz şeylər oxumaq
ayıbdır.
- Elə sevgidən söz
düşmüşkən, necə ailə qurdunuz? Ailədə səlahiyyətləri necə
bölüşmüsünüz?
- Mənim
sənətə gəldiyim illərdə, özü də
İstanbul kimi nəhəng bir şəhərdə yolundan
azmaq o qədər də çətin məsələ
deyildi. Hər zaman “Allahım, qoyma yolumdan
azım” deyə dua eləmişəm. O illərdə
ucqar kəndlərdən, şəhərlərdən gəlib
İstandulda şöhrət, sərvət burulğanına
düşənlər o qədər çox oldu ki... Hamısı da batıb getdilər.
Yoldaşımı mən seçməmişəm. Dayım evdə
pıçıldayıb, bizimkilər gedib baxıblar, bəyəniblər,
mən də etiraz eləməmişəm. Sonra qarşılıqlı araşdırmalar
başlayıb, onlar bizi, bizimkilər də onları öyrəniblər
və nəticədə məşvərətdən müsbət
qərar çıxıb. Yəni mənim
o albomlarda “yar-yar” dediyimə baxmayın, anam bəyənib, mən
də qəbul etmişəm. Allaha
çox şükür, heç birimiz narazı deyilik.
Yoldaşım əslən Bitlisdəndir, dindar
bir ailənin qızıdır. İki övladımız
var: Məhəmməd Kutsal, Məhəmməd Furkan. Adları yoldaşım seçib. Kutsalın 21 yaşı var, tələbədir,
Furkanın 17. Övladlarımla dostam.
Allahıma çox şükür ki, tərbiyəli,
əxlaqlı uşaqlardır. Bu zamanda
uşaq tərbiyə etmək çox çətin işdir.
Evdə səlahiyyət bölgüsünə
gəldikdə, hər şeyi qarşılıqlı hörmət
əsasında həll edirik. Yəni kişinin kişi yeri var, xanımın xanım. Xanım Allahın əmanətidir, gərək bunu
unutmayasan. Mən bir iş görmək istəyəndə
onunla məsləhətləşirəm. Bir yerə
gedəndə ona deyirəm. Bilmək onun
haqqıdır. Amma mənim yanıma
düşüb harasa getməyi sevmir. Allahımıza
çox şükür, beləcə yaşayıb gedirik,
sonumuz xeyir olsun!
GÜLZAR
Zaman.-2012.-21 dekabr.-S.7.