“Kəşfiyyata həmişə adaşı ilə birgə gedərdi”

 

Bu günlərdə Sumqayıtda olarkən Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Elşən Şahquliyevin xatirəsinə inşa olunmuş xatirə-bulaq kompleksi diqqətimizi cəlb etdi. Oradakı səliqə-sahmandan hiss etdik ki, kimlərsə onun ruhunu yad etmək üçün bu məkana tez-tez gəlirlər. Maraqlandıq. Məlum oldu ki, şəhidin yaxınları elə həmin ərazidə - Azadlıq prospekti, 19-cu məhəllədə yaşayırlar. Elə oradaca bizdə onlarla görüşmək, bu şəhid haqqında bir yazı yazmaq istəyi baş qaldırdı. Az sonra məhəllə uşaqlarının birinin müşayiəti ilə Elşənin anası qardaşı Rövşənin yaşadığı mənzilin qapısını döydük.  

Elşənin anası Zinyət xanım məramımızı bilən kimi kövrəldi. Göz yaşları içində: “Bir ana kimi ondan söz açmaq mənə çətindir,- dedi. Az sonra fikirləşdisə: “Zinyət xanım, sənin oğlun Vətən uğrunda şəhid olub, şəhid anası ağlamaz”, - sözləri ilə özünə toxtaqlıq verdi: “Söz vaxtına çəkər, a bala. Düz 19 il bundan qabaq, dekabr ayının 10-da balam, öz komandiri ilə (onun da adı Elşən idi) birgə məzuniyyətə gəlmişdi. Dekabrın 17-də evdən ayrılanda əsgər qayışını mənə verib dedi ki, ana, bunu məndən yadigar saxla... Mən onun həmin yadigarını “Son zənggünü geyindiyi əzizləyə-əzizləyə saxladığı köynəyinin yanına qoydum (19 ildir ki, onun həmin yadigarlarına baxaraq, özümü ovundurmağa çalışıram). Bir dedi ki, sənə bir qızdan zəng gələcək. Onunla tanış olarsan...” Gedişindən bir neçə gün sonra, dekabr ayının 24-də sonbeşik oğlumun - 19 yaşlı Elşənimin şəhid olması xəbərini aldıq... gizlədim, onun əlimdən gedəcəyi sanki ürəyimə dammışdı. Odur ki, həmin gün onu yanımdan buraxmaq istəmirdim...”

Elşən getdi...

Qardaşı Elşənə məxsus dəftərçədəki rəsmləri şəkilləri göz yaşları içində bizə göstərən Manya xanım: “Eh, ana, oğlun sözünə naxələf çıxmadı ki? Qayıtdı, özü şəhid kimi, döyüş yoldaşlarının çiynində...”, - sözləri ilə söhbətə qoşuldu: “O, şəhid kimi Allah dərgahına qovuşdu. Amma onun cəsədi ölümündən iki gün sonra bizə çatdırıldı. Tanınmaz hala düşmüşdü. , Elşən şəhid olacağını bilirdi. Bunu onun öz əli ilə çəkdiyi rəsmlərdən, eləcə hərdən qələmə aldığı lirik duyğularından da duymaq olur”.

Bu zaman Elşənin dəftərçəsindəki bir rəsm diqqətimizi cəlb etdi: “Ana fəryadıadlandırdığı rəsmdə qaralibaslı, əlində Quran tutmuş bir ana məzarın yanında təsvir olunur. Həmin qadının onun öz anası Zinyət xanımın olmasını duymamaq mümkün deyil. Məzarın başdaşındakı  əsgər şəklinin altında o öz doğum tarixini yazıb, ölüm tarixini isə sadəcə belə göstərib: 19...  Bu isə Elşənin şəhid olacağını sanki irəlicədən hiss etdiyindən şəhidliyə könüllü qovuşacağından xəbər verir.

Bu rəsmin təsirindən qurtarmamış Manya xanım həmin dəftərçədən Elşənin anasına xitabən yazdığı bu sətirləri oxudu:

Söhbətim getdi, sözüm getdi,

Baharım da getdi, yazım da getdi,

Bir gün deyəcəksən fani dünyadan,

Çiynində qəm yüklü Elşən getdi.

 

Bu sətirlərdən sonra göz yaşlarına hakim ola bilməyən Zinyət xanımı ovundurmaq məqsədi ilə ona: “ əcəb indiyədək nəvələrinə şəhid oğlunuzun adını verməmisiniz?” sualı ilə müraciət etdik. O, yaylığı ilə göz yaşlarını silərək: “Verə bilmədim, a bala... Ürək eləmədim. Çünki hər dəfə Elşən adı çəkiləndə dərdim ürəyimdə qubar edir, onu əzizlədiyim günlərim yadıma düşür. İnandırım sizi, küçədə, həyətdə Elşən adı çəkiləndə hər dəfə boylanıb baxıram. Deyirəm, birdən o Elşən mənim Elşənim olar. Gözlərim hər yerdə onu axtarır”.

Az sonra o, oğlu barədə bu sözləri dedi: “Elşən idmanı çox sevirdi. Arzusu hərbçi olmaq idi. Mən onun hərbçi olmağını istəmirdim. Lakin o, inadından dönmədi, sənədlərini Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə verdi, müsabiqədən keçə bilmədi. Həvəsdən düşmədi, dedi ki, mən mütləq həmin məktəbin məzunu olacağam. Elə oldu ki, sonradan həqiqi hərbi xidmətə çaığrıldı...”

Kəşfiyyata həmişə adaşı ilə

birgə gedərdi

1992-ci ildə milli ordu sıralarına daxil olan Elşən Qazax bölgəsinə yollanır. Həmin bölgənin Bağanis-Ayrım, Cəfərli, Quşçu-Ayrım digər kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir. 1993-cü ilin avqustunda N saylı hərbi hissədə təlim-məşq keçəndən sonra Beyləqana yollanan Elşən kəşfiyyatçı kimi bacarığını daha da artırır. O, kəşfiyyatçı-rabitəçi kimi bütün tapşırıqların öhdəsindən bacarıqla gəlir. Erməni dilini bilməsi isə bu kimi tapşırıqların yerinə yetirməsində ona əlavə bir stimul verir. Məhz buna görə o, bölmə komandiri - adaşı Elşən Hacıyevın rəğbətini qazanır. Komandir ən çətin tapşırıqları yerinə yetirməyə onunla birgə çıxır.

... 1993-cü ilin dekabrında 6 nəfərdən ibarət qrup Horadizə kəşfiyyat əməliyyatına gedir. Çox keçmədən səhra telefon rabitəsində Elşənin səsi eşidilir. O, ermənilərin qrad top qurğularının yerləşdiyi nöqtələr barədə arxaya məlumat verir. Az sonra Elşənin komandirinin verdiyi koordinatlar əsasında həmin nöqtələr susdurulur. 6 nəfərdən ibarət qrup geri qayıdarkən pusquya düşür. Ermənilər onları mühasirəyə alaraq, diri tutmaq istəyirlər. Düşmənlə qeyri-bərabər döyüşdən qalib çıxan döyüşçülərimiz minalanmış əraziyə düşürlər. Partlayan minalardan biri onların altısını da göyə qaldırır. Döyüşçülərdən dördü elə oradaca şəhid olur. İki döyüşçü - Elşən adaşı isə möhkəm yaralanır. Nisbətən yüngül yaralanmış Elşən Şahquliyev öz adaşını oradan uzaqlaşdırmaq istəyir. Lakin partlayan növbəti mina onların hər ikisinin həyatına son qoyur (Elşənin döyüş yolu barədə bu məlumatı qardaşı Rövşən verdi).

“Sən demə...”

Şəhid ailəsindən ayrılarkən sakitləşmiş 8 övlad anası Zinyət xanıma o qız barədə də sual ünvanladıq: “Hə, o qızdan mənə zəng gəlmədi. Amma Elşənin Sumqayıt Şəhidlər xiyabanındakı məzarını hər dəfə ziyarət edərkən orada tər qərənfillər görürdüm. Sən demə, o gülləri ora Elşənin mənə nişan verdiyi həmin qız qoyurmuş...”

... Manya xanım bizi təkidlə yeməyə dəvət etməyə çalışdı: “Hazır xingəlimiz var. Elşən də xingalı çox sevərdi. Hətta hər həftə anama xingəl bişirtdirib qardaşlarını və mən bacısını bir süfrə başına toplayardı...” Bu sözlərdən sonra o, yenə kövrəldi. Göz yaşları bizi onun dəvətini qəbul etməyə məcbur etdi. Süfrə başındakı söhbət zamanı məlum oldu ki, Elşən qorğanı da çox sevərmiş.   Elşənun uşaqlıq dostu, Sumqayıt Şəhər Əlillər Cəmiyyətinin sədr müavini, I qrup Qarabağ əlili Təhmiraz Mansurov onunla bağlı xatirələrini bölüşdü...

Qeyd edək ki, Elşən Şahquliyev 1974-cü ilin iyun ayında  Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Krasnoselsk rayonunun Əmirxeyir kəndində dünyaya göz açıb. 1988-ci ildə onun da ailəsi ermənilər tərəfindən öz doğma yurdundan didərgin salınıb. Onlar Sumqayıta pənah gətiriblər. Təhsilini Sumqayıtdakı 10 saylı məktəbdə alıb. Qardaşları Mərdan, Meydan, Məftun və bacısı Manyanın çalışdığı “AztrubinvestTikinti-montaj Layihələndirmə İstehsalat Birliyində rəngsaz, sonra isə quraşdırıcı çilingər kimi çalışıb.

 

QVAMI MƏHƏBBƏTOĞLU FƏDAIL FƏTULLAYEV

Zaman.-2012.-25 dekabr.-S.6.