“Cəmiyyətdə “ailə-təhsil-mühit” üçbucağının tərəfləri arasında zəncirvari əlaqə zəifləyib”

 

Cəmiyyətdə baş verən sosial proseslər bir çoxlarını narahat edir. Sosial mühitdə çalınan həyəcan təbilinin səsini çoxdan duymağa başlamışıq. “Böyüyə hörmət qalmayıb”, “Müasir gənclər ağsaqqal tanımırlar” kimi qınaq dolu ifadələri tez-tez eşidirik. Bütün bu problemlərin kökündə nə dayanır? Fəlsəfə elmləri doktoru, professor, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Sosiologiya və sosial-psixologiya şöbəsinin müdiri, Əməkdar elm xadimi Rəfiqə xanım Əzimova ilə bu sual ətrafında söhbətləşdik.  

- Rəfiqə xanım, son dövrlərin ən çox müzakirə olunan məsələlərindən biri sosial mühitdə baş verən hadisələrdir. Həyəcan təbili ilə ifadə olunur ki, cəmiyyətdə deqradasiya prosesləri sürətlənir. Bu iddiaları siz necə qiymətləndirirsiniz?

- Mən baş verənləri “deqradasiya” deyil, “cəmiyyətdə gedən neqativ proseslər” adlandırmağın tərəfdarıyam. Bəli, cəmiyyətimizdə neqativ proseslər hələ ki qalmaqdadır və insanlar haqlı olaraq bundan narahatdırlar. Son 20 ildə keçdiyimiz yola nəzər salmaqla bunun köklərini tapa bilərik. Bu illər ərzində cəmiyyətimiz iki ciddi problemlə qarşı-qarşıya qaldı: keçid dövrü və Qarabağ problemi. Cəmiyyətdə sosial-psixoloji ekstremal vəziyyət əmələ gətirən bu iki problem nəticəsində yalnız iqtisadiyyatımız dağılmadı, rayonlarımız işğal olunmadı, var-dövlətimiz talan edilmədi. Ən böyük zərbə təfəkkür tərzimizə dəydi və bu, olduqca böyük fəsadlara səbəb oldu. Biz bu gün bu fəsadlar haqqında böyük narazılıq və həyəcanla danışırıq.

Keçid mərhələsinin gətirdiyi problemlərin aradan qaldırılmasının çətinliyini dünyanın bütün sosioloqları birmənalı şəkildə qəbul edirlər. Belə ekstremal vəziyyətlərdə yaşayan dövlət sözsüz ki, cəmiyyətin firavan yaşaması ilə bağlı məsələləri birdən-birə həll edə bilməzdi. Ancaq Azərbaycanda bu problemlərin həlli məsələləri düzgün qoyulub. Əvvəla, iqtisadi problemlərin həlli məsələsinin qoyulması müdrik addımdır. Ötən il Prezident İlham Əliyev iqtisadiyyatda keçid dövrünü keçdiyimizi elan etdineft kapitalının insan kapitalına çevrilməsi kimi strateji məsələni önə çəkdi. Bu günlərdə Davosda keçirilmiş görüşdə bu strateji məqsəd Prezidentimiz tərəfindən yenidən vurğulandı. Bununla belə, iqtisadiyyatda başqa problemlər qalmaqdadır. Beynəlxalq Bakı Forumunda da Prezident bəyan etdi ki, Azərbaycan dövlətinin siyasəti insanların inkişafına və firavan yaşamalarına hesablanıb.

- Deməyinizdən belə çıxır ki, cəmiyyətdə gedən neqativ proseslər obyektiv amillərlə bağlıdır?

- Əlbəttə, subyektiv amillər də var. Gözlənilmədən dəymiş iki böyük zərbə istər-istəməz bir çoxlarını sındırdı və onlar özlərinə inamlarını itirdilər. Amma şəxsiyyətlər də var ki, zəmanənin tələblərini duyaraq, özlərində güc tapa, öz ləyaqətlərini və daxili enerjilərini təkcə özlərinə yox, həm də cəmiyyətə sərf edə bildilər.

Keçmiş statistikaya görə, 1950-60-cı illərdə - müharibədən sonra sovet ölkələrində əsəblə bağlı xəstəliklər və cinayətkarlıqlar artmışdı. İndi də bunun təkrarını görürük: müharibədən sonra insanlara dəyən zərbə onların təfəkkür və səhhətlərində mənfi izlər qoyub. Nəticədə bu, onlarda özlərinə və yaşadıqları mühitə inamsızlıq sindromu əmələ gətirib. Çaşqınlıq və inamsızlıq insanları passivləşdirir.

20 illik inkişaf dinamikasına nəzər salsaq görərik ki, ölkədə işsizlik və yoxsulluq azalıb. Amma təfəkkür tərzində hələ də o izlər qalmaqdadır. Təfəkkür tərzi dəzgah deyil ki, biz onu birdən-birə yenisi ilə əvəz edə bilək. O, tədricən dəyişir. Zaman faktoru burda əsas şərtdir.

- Yaşadığımız yeni dövrdə insandan tələb olunan xüsusiyyətlər nələrdir?

- İnsanın özündən çox şey asılıdır. İnsan informasiya cəmiyyətinin tələblərini düşünülmüş şəkildə qiymətləndirməli və dərin biliklərə yiyələnməlidir. Bəzən insanlar interneti dərin biliyin yeganə mənbəyi hesab edirlər. Ancaq bu fakt özü böyük sual doğurur.

Bu məqamda mən başqa məsələyə toxunmaq istəyirəm: xeyirxahlıq, həssaslıq, vicdan, dürüstlük, əxlaq kimi müəyyən elementar dəyərlər uşağa ailədə aşılanmayıbsa və müəllim də başdansovdu öz dərsini deyib gedibsə, sözsüz ki, o yeniyetmə və gəncdən hər şeyi gözləmək olar.

Ailə ilə yanaşı, təhsilimizdə də köklü islahatlara ehtiyac duyulur. Əvvəla, müəllimin şəxsiyyəti məsələsi üzərində dayanmaq və yeni müəllim obrazını formalaşdırmaq lazımdır. Yeni tip müəllimi diplom həll etmir. O, zamana uyğun biliklərin daşıyıcısı olmalı və təhsilin fəlsəfəsini o qədər dərindən bilməlidir ki, uşaqlara öz biliyini və vətəndaşlıq “mən”ini çatdıra bilsin. Əfsuslar olsun ki, biz çox vaxt bunu təhsilimizdə görmürük. Sözsüz ki, öz missiyasını itirməyən müəllimlər var. Ancaq onların sayı çox azdır. Əgər təhsilimizdə köklü dəyişikliklər etməsək, yeni nəslin cəmiyyətə müsbət adaptasiyası çətin olacaq.

- Deməli, “ailə-təhsil-sosial mühit” üçbucağının tərəfləri arasında zəncirvari əlaqə olmalıdır. Bu tərəflərdən birində problem olanda zəncir qırılır və nəticədə problemlər ortaya çıxır.

- Çox düz dediniz. Qarşılıqlı əlaqə olmalıdır. İndi o zəncirlər zəifləyib. Problem də məhz bundadır. Halbuki bu əlaqə saat kimi dəqiq işləməlidir. Onu yenidən hərəkətə gətirmək sosial problemlərin ən mühümlərindən biridir.

Ailə və təhsil məsələsinə toxunduq. Mühit dostlarımızdan, iş və universitet yoldaşlarımızdan, müəllimlərimizdən ibarətdir. Bizi əhatə edən, ürəyimizə və təfəkkür tərzimizə hopan informasiyalar da bir mühitdir. Gündə bir xəbər eşidirik. Bu üç sosial institutun zəncirvari qarşılıqlı təsir əlaqəsinin kəsilməsi ciddi problemlər doğurur. Ailədə verilən sağlam tərbiyə məktəbdə tamamlanaraq sosial mühitdə realizə olunmursa, cəmiyyətdə problemlər qalacaq. Bu məsələdə hər birimizin üzərinə böyük məsuliyyət düşür.

- Bəzən insanın neqativ hadisələrə meyillənməsi iqtisadi amillərlə izah edilir. Məsələn, oğurluq hadisəsinə görə saxlanmış bir şəxs efirdən çox rahatlıqla: “Maddi imkanım olmadığı üçün oğurluq elədim”,- deyə bilir. Doğrudanmı, maddi ehtiyaclar insanların mənəvi davranışlarını müəyyənləşdirməkdə əsas amil rolunu oynayır?

- Məsələnin qoyuluşu ilə tamamilə razıyam. Mən maddiyyatı absalyut həddə qaldırmazdım. Əlbəttə, maddi ehtiyacları ödəmək zəruridir. Ancaq buna maksimalist yanaşmanı düzgün hesab etmirəm.

Teleefirdə yayımlanan kriminal verilişlər çox narahatedicidir. 17-18 yaşlı oğlanın yaxın qohumunu bıçaqlaması onun özünə cəmiyyətimizə zərbədir. Belə xəbərlər məni düşündürür. Əslində, bəlkə , onların bu işdə elə təqsiri yoxdur: biz vaxtında ailədə məktəbdə onlara ləyaqət iradə hissini aşılamamışıq. Belələri cəmiyyətin nizamına böyük zərbə vururlar bunda bizim günahımız çoxdur. Valideyn müəllimlərin yeniyetmə gəncləri vaxtında düzgün istiqamətləndirməsi həm dövlətin, həm cəmiyyətimizin mövcud institutlarının öncəlikli vəzifəsidir.

- Bəzən fərdi tərbiyə ilə ictimai tərbiyə arasındakı sərhədi müəyyənləşdirə bilmirik. Yəni ailədə - valideynlərinin yanında tərbiyəli davranan bir fərd ictimaiyyət arasında eyni davranışları nümayiş etdirə bilmir. Siz bunu necə izah edirsiniz?

- Bu da çox düşündürücü situasiyadır. Bu, sosial-psixoloji problemdir. Ailədə uşağa verilən fərdi tərbiyə onu həm ictimai həyata hazırlamalıdır. Yəni ictimai tərbiyənin əsası da ailədə qoyulmalıdır. Burada söhbət şəxsiyyətin ictimailəşməsindən gedir. Mən yalnız ailədə mövcudam?”, “Cəmiyyətdə özümü necə aparmalıyam?”, “İş şəraitində ya ictimai nəqliyyatda davranışlarım necə olmalıdır?” Belə sualları özünü şəxsiyyət hesab edən hər bir fərd özünə verməlidir. Bu suallara düzgün cavab tapanda cəmiyyətdə bu gün qarşılaşdığımız problemlər aradan qalxacaq.

Bir bizdə qəribə bir vərdiş formalaşıb: öz gözümüzdə tiri görmürük, başqasının gözündə tük axtarırıq. Halbuki vəziyyəti düzəltmək üçün özümüzdən başlamalıyıq.

- Milli-mənəvi dəyərlərimizin müasir standartlara cavab vermədiyini iddia edənlər var. Belələri bu vəziyyətdən çıxmaq üçün yeganə yolu Avropa dəyərlərinə inteqrasiyada görürlər. Doğrudanmı, yüz illər boyu mənəvi keyfiyyətləri formalaşmış qoca Şərqin nicatı Qərbdədir?

- Qərbə inteqrasiya məsələsini mənəviyyatla bağlamaq düzgün deyil. Əvvəla, unutmaq olmaz ki, tarixdə yaranan ən müdrik dəyərlər Şərqdə formalaşıb. Bütün dəyərlər öz ideyalarını Şərqdən alıb. İkincisi, inteqrasiya kor-koranə aparılan proses olmamalıdır. Dəyərləri seçməyi bacarmalıyıq. Bizə uyğun olmayan dəyəri mənimsəməyə çalışsaq, əlavə problemlərlə qarşılaşarıq. Üçüncüsü, inteqrasiya qarşılıqlı olmalıdır. Onların da bizdən götürməli olduqları çox şey var. Prezident İlham Əliyevin dediyi kimi, multikulturalizm (çox mədəniyyətlilik-red.) humanitar qloballaşmanın əsas istiqamətlərindən biridir. Yəni mədəniyyətlər bir-birinə yaxınlaşmalıdır. Bu proses canlanmasa, konfliktlər dayanmayacaq. İqtisadi qloballaşmaya paralel şəkildə humanitar qloballaşma getməlidir. Mən deyərdim ki, bu gün humanitar qloballaşma daha vacibdir. Çünki humanitar qloballaşma olmasa, iqtisadi qloballaşma heç vaxt böhrandan çıxa bilməyəcək. Bu gün artıq etiraf olunur ki, böhranlar sosial yönümü olmayan kapitalizmin sonunu gətirməkdədir.

- Müasir Azərbaycanın, milli mentalitetimizi nəzərə alaraq, problemlərin girdabından çıxması üçün hansı strategiyanı müəyyənləşdirməyimiz daha yaxşı olardı?

- Milli mentalitetimizdə zəmanəmizə uyğun olmayan vərdişlər var. Müasir azərbaycanlı özündə həm Şərq, həm Qərb dəyərlərini birləşdirən insandır. Müasir azərbaycanlı bəşəri dəyərlərə daha çox meyilli olmalıdır, nəinki Qərb dəyərlərinə. Sosial inkişaf strategiyası da buna köklənməlidir. İnsanın yenilənməsi yollarını müəyyən edə bilməsək, həm keçmişimizi, həm gələcəyimizi itirə bilərik.

Azərbaycan cəmiyyətinin özünün mədəni-mənəvi dəyərləri olduqca güclüdür. Məhz ona görə neqativ hallar bizi narahat edir. Ona görə gənc nəsli istər təfəkkür, istərsə fiziki sarıdan sağlam böyütməliyik. Bu həm dövlətin, həm cəmiyyətin üzərinə düşən vəzifədir. Sonda akademik Ramiz Mehdiyevin bir fikrini xatırlatmaq istəyirəm. O, cəmiyyətin modernləşmə yollarını 3 amilə əsaslandırır: güclü iqtisadiyyat, güclü infrastruktur, yeni insan. Bax bu üç amildən, məncə, ən vacibi yeni insandır.

 

 

  NATİQ PƏNAHLI

 

  Zaman.-2012.-4-6 fevral.- S.9.