Günəş - Onun pərvanəsi

 

İslam təqvimi ilə bu gün rəbiəl-əvvəl ayının 12-dir, yəni İslam Peyğəmbərinin dünyaya təşrif buyurduğu gün. O, bu gecə sübhə doğru, Günəşdən öncə dünyanı nura qərq elədi Günəşin yetişmədiyi məkanlar da Onun nuru ilə aydınlığa çıxmağa başladı. O elə bir Nurdur ki, Qiyamətə qədər çölümüzü , içimizi aydınlığa qovuşduracaq, O elə bir Nurdur ki, Günəş sadəcə bu kainatı işıqlandırdığı halda, O, aləmləri nura boyayır O elə bir Nurdur ki, Süleyman Çələbinin ifadəsi ilə desək, Günəş Onun pərvanəsidir... 

Bu gün müsəlmanlar niyə geri qalırlar? Necə olur ki, Avropa elmdə, texnoloğiyada öndə getdiyi, bütün insanlığın müşkülünü asanlaşdıracaq kəşflər etdiyi halda, müsəlmanlar onları təqlidçilikdən irəli gedə bilmirlər? Qərbdə təkcə insanların deyil, heyvanların da haqqı qanunla həqiqətdə qorunduğu halda, özünü müsəlman adlandıran ölkələrdə zülm boğaza dirənir? Sualların sayını xeyli uzatmaq olar, amma cavablar təxminən eyni olacaq: ona görə ki, özünü müsəlman adlandıranlar Quranı öz həyatından çıxarıblar; ona görə ki, İslam Peyğəmbərini tanımırlar, onun qoyduğu yolu (sünnəti-səniyyə) deyil, nəfsin istədiyi yolu seçirlər.

Bill Klinton ABŞ Prezidenti olarkən Türkiyəyə səfər etmişdi orada keçirdiyi bir görüşdə söylədiyi söz heç yadımdan çıxmır: əgər Məhəmməd Peyğəmbər bu gün yaşasaydı, dünyanın ən gözəl avtomobil zavodunu qurar, xanımını da zavodun rəhbəri təyin edərdi.

Klintonun o sözü ilə razılaşsaq da, razılaşmasaq da, mənim bildiyim bir şey var ki, o, bizim Peyğəmbərimizi bizim çoxumuzdan daha düzgün təsəvvür edə bilir. Biz Onu tanımağa can atmırıq, biz Onu öyrənmirik, Biz Onun kimi yaşamağa cəhd göstərmirik... Ən betəri, biz Onu tanımırıq. Onu tanısaq, hər şey yoluna düşər, çünki Onu tanıyıb sevməmək, pərvanəsi olmamaq, oturuş-duruşunu, həyatını Ona görə tənzimləməmək mümkün deyil. O elə bir gözəldir ki, O elə bir zirvədir ki, bəşər bu zamana qədər eləsini görmədi, görməyəcək . Onun mürşidi Allah-Təala, əxlaqı Quran əxlaqı idi.

Sonradan gələn insanlar Onu görə bilmədikləri üçün Onu görən gözləri öpüb təsəlli tapıblar.

 

***

 

İstəsəydi, bəşər tarixinin ən böyük hökmdarı, ən zəngin adamı olardı, amma dünyada, dünya malında gözü yox idi ki. Hamıdan üstün olsa da, hamı kimi göründü, sadədən sadə bir ömür yaşadı. Təvazö sadəlik onun həyat şüarı idi.

Yanına bir qadın gəlmişdi. Söylənəcək dərdi, diləyi vardı, amma Onun ehtişamı, nuru qarşısında dil açıb danışa bilmir, həyəcandan boğulurdu. Rəsulullah onun bu halını sezdi qiyamətə qədər bütün insanlara örnək sayılacaq təvazö ilə səsləndi:

- Xanım, mən quru çörək yeyən bir qadının oğluyam.

Halbuki, O, “Mən aləmlərə Allahın mərhəməti olaraq göndərilmişəm, insanların ən üstünü, ən gözəliyəm, peyğəmbərlərin sonuncusu ən üstünüyəmdesəydi, yenə haqlı idi. Amma elə demədi, bu təvazö qarşısında qırx yerindən bükülməyi gəlir könül əhlinin.

 

***

 

Həzrəti Peyğəmbər aləmlərə rəhmət olaraq göndərildi, əbədi həyata aparan yolları göstərdi. O, heç kimin qəlbinə toxunmamış, heç kimə alçaldıcı nəzərlərlə baxmamışdır. Hamıya Allah qarşısında müti qul, bəşər qarşısında ədalətli dürüst olmağı öyrətdi. Hidayət, nur, rəhmət fəzilət dolu təmiz bir həyatdan sonra əbədiyyət aləminə köçdü. Arxasında dünya malı deyil, Qurani-Kərim kimi sarsılmaz rəhbər, yaddaşlara köçürdüyü misilsiz bir həyat bir insanları hər zaman doğru yola dəvət edən xeyirli bir nəsil miras buraxdı.

Ona, əhli-beytinə, əshabına Allahın salamı olsun!

 

***

 

Yəmənə vali göndərdiyi Muaz bin Cəbəl ayağını üzəngiyə qoyanda Rəsulullah ona belə öyüd verir: “Ey Muaz, insanlara qarşı əxlaqını gözəlləşdir”.

Rəsulullah buyurmuşdur:

- Ən xeyirliniz əxlaqca ən gözəl olanlarınızdır.

-Yaxşılıq gözəl xasiyyətdir. Günah isə vicdanı rahatsız edən, adam içində gizlədiyi insanların xəbər tutmasını istəmədiyi şeydir.

- Su buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridir. Sirkə balı çürütdüyü kimi, pis əxlaq da yaxşı əməli çürüdür.

- Mənim yanımda ən sevimliniz əxlaqca ən gözəl olan ətrafdakılarla xoş davranandır ki, o, ətrafdakıları sevər, ətrafdakılar da onu sevər. Mənim yanımda ən az sevilənləriniz isə çuğulçuluq edən, dostların arasını vuran təmiz şəxslərdə qüsur axtaranlardır”.

- İmanca möminlərin ən kamili əxlaqı ən gözəl olub, ailə üzvlərinə qarşı ən yumşaq lütfkar davranandır”.

- Allahım, təfriqə aravuruculuqdan, ikiüzlülük pis əxlaqdan sənə sığınıram”.

 

***

 

Bir nəfər Peyğəmbərimizlə üzbəüz gələrək, Ondan soruşur:

- Ya Rəsulullah, hansı əməl daha fəzilətlidir?”

- Gözəl əxlaq, - buyurdu.

Adam sağ tərəfdən, sol tərəfdən arxa tərəfdən gələrək yenə eyni sualı sordu Peyğəmbərimiz hər dəfə eyni cavabı verdi axırıncı dəfə belə cavab verdi:

- Niyə anlamırsan, gözəl əxlaqdır, o da gücün çatarsa, hirslənməməkdir.

 

***

 

Şairlər Onun gözəlliyini vəsf ediblər. İstər tirkdilli olsun, istər fars dilli, istər ərəbdilli, klassik ədəbiyatda bütün mənzum əsərlər münacatla, yəni Allah-Təalaya həmd-səna ilə başlayıb, nətlə, yəni Peyğəmbərimizin gözəlliklərinin vəsfi ilə davam edib, sonra zamanın hökmdarından bəhs edilib mövzuya girilib. Könül əhli olan şairlər deyiblər ki, bizim Rəsulullahı öyməyimiz Ona bir şey qazandırmaz, amma Onun adı bizim əsərimizə xeyir-bərəkətin, şərəfin gəlməsinə səbəb olar.

Füzuli məşhur “Su” qəsidəsində Onun mübarək çöhrəsini bütün güllərdən daha gözəl bir gülə bənzədir dünyanın bundan sonra bir daha o cür gözəlliyə şahid ola bilməyəcəyini belə ifadə edir:

Suya versin bağban, bihudə zəhmət şəkməsin.

Bir gül açılmaz üzün tək, versə min gülzarə su.

Süleyman Çələbinin məşhurMövlud”u Rəsulullah (s.ə.s) haqqında, Onun gəlişi ilə dünyaya şərəf qazandırması haqda yazılmış misilsiz ədəbi nümunə həsab olunur. Şair deyir ki, kainatda hər şey Günəşin ətrafında dövr edir, ancaq Günəş bütün ətrafındakılarla birlikdə Rəsulullahın nurunun pərvanəsidir.

Sən Əhmədü Mahmudu Muhammmədsən, Əfəndim!

Haqdan bizə Sultani-müəyyədsən, Əfəndim - deyən könül ərbabı şair, Həzrəti-Məhəmmədin Allah-Təala tərəfindən bizlər üçün seçilmiş Rəhbər, Sultan olduğunu böyük bir coşqu ilə, sevgi ilə duyan könüllərə elan edir.

Mehmet Akif Ersoy “O gecəşeirində bəşər övladının Rəsulullaha olan borcunu belə ifadə edir:

Dünya nəyə sahibsə, Onun vergisidir həp.

Mədyun Ona cəmiyyəti, mədyun Ona fərdi.

Mədyundur O Məsuma bütöv bir bəşəriyyət.

- Ya Rəbb, bizi məhşərdə bu iqrar ilə həşr et. (Mədyun-borcu deməkdir.)

Onun haqqında yazılanları bir kitabxana tutmaz, amma yazıq ki, bu günün insanı Onu tanımaqda sevməkdə lazım olan qeyrəti göstərmir. Onu tanımaq Onu sevmək deməkdir, çünki Onu tanıyıb sevməmək imkansız.

 

***

 

Peyğəmbərimizin adı çəkiləndə Ona səlat və salam oxumaq bizə Allahın əmridir. Quran buyurur ki, Allaha inandığını iddia edən Onun Peyğəmbərinin yolunu tutsun ki, Allah da onun imanını qəbul eləsin. Ona görə də istər danışanda, istərsə də yazanda Onun mübarək adı gələrkən səllallahu aleyhi vəssəlam və ya səlatu vəssalam və ya öz dilimizdə Ona səlatu salam olsun! deyirik, yazırıq.

Onun yolu qurtuluş yoludur, Onun yolunu tutan dünyada könül rahatlığı, axirətdə isə cənnət içində yaşar. O, bizim rəhbərimiz, öndərimiz, qiyamət günü şəfaətçimizdir. Allah-Təala (cəllə cəlalühü) bizi Öz mərhəmətindən, Peyğəmbərinin şəfaətindən məhrum buraxmasın!

Salam olsun Sənə, ey Allahın Rəsulu!

Salam olsun sənə, ey Allahın Həbibi

Salam olsun sənə, ey aləmlərə rəhmət olaraq göndərilmiş Uca Zat, salam olsun, salam olsun!

 

 

Çərkəzoğlu Əli

 

Zaman.-2012.-4-6 fevral.- S.12.