Tural Bağırzadə: “Avstriya şirkətləri əsasən qeyri-neft sektoruna investisiya qoyurlar”
Son
illər Avropa Birliyinin aparıcı ölkələrindən
olan Avstriya ilə Azərbaycan arasında müxtəlif sahələr
üzrə çoxşaxəli əlaqələr qurulub. Ötən
il Avstriya Prezidenti Haynts Fişerin ölkəmizə səfəri
zamanı iki ölkə arasındakı əlaqələrin
daha da möhkəmlənməsi üçün mədəniyyət,
turizm, enerji və digər sahələrdə yeni əməkdaşlıq
sazişləri imzalandı. Hazırda onlarla Avstriya şirkəti
Azərbaycan iqtisadiyyatının müxtəlif ahələrində
uğurla fəaliyyət göstərir. Xüsusilə, mədəniyyət
və turizm sahəsində Avstriya şirkətlərinin fəaliyyəti
diqqəti cəlb edir. Bakının rəmzi hesab olunan Qız
qalasında həyata keçirilən təmir-bərpa işləri,
həmçinin Qubada inşası davam etdirilən
“Şahdağ” Dağ Xizək Kurortunun inşası kimi önəmli
layihələr məhz Avstriya şirkətləri tərəfindən
həyata keçirilir. İki ölkə arasındakı əlaqələrin
möhkəmlənməsində 5 ay əvvəl Bakıda fəaliyyətə
başlayan Avstriya-Azərbaycan Ticarət Palatası da
mühüm rol oynayır. Mövcud əlaqələr, həmçinin
Ticarət Palatasının fəaliyyəti ilə
bağlı bizi maraqlandıran sualları bu qurumun Bakı
ofisinin rəhbəri Tural Bağırzadəyə
ünvanladıq.
- Tural müəllim, Avstriya-Azərbaycan
Ticarət Palatası nə zaman təsis olunub və bu qurumun təsisçiləri
hansı şirkətlərdir?
-
Avstriya-Azərbaycan Ticarət Palatası 2009-cu ilin
ortalarında Avstriyanın paytaxtı Vyana şəhərində
qurulub. Ticarət Palatası hər iki ölkədən - həm
Avstriyadan, həm də Azərbaycandan olan şirkətlərin
birgə təşəbbüsü əsasında təsis
olunub. Təsisçilərə gəldikdə isə qeyd edim
ki, Ticarət Palatası Avstriyanın 5 nüfuzlu şirkəti
tərəfindən qurulub. Bunlar OMV, “asp. consulting”, “Lansky, Ganzger Partner”, “Siemens- Austria” və
“Coop Himmelb(l)auisə”
şirkətləridir.
- Ticarət
Palatası təsis olunarkən öz qarşısına hansı
məqsədləri qoyub?
- Təşkilatın əsas
məqsədi Azərbaycan
ilə Avstriya arasında iqtisadi əlaqələri daha da sürətləndirmək
və möhkəmləndirməkdən
ibarətdir. Ticarət
Palatası iki ölkə arasında məlumat mübadiləsinin
həyata keçirilməsinə
və iş adamlarının qarşılıqlı
əlaqələr qurmasına
yardım göstərir.
Eyni zamanda Avstriya şirkətlərinin Azərbaycan
iqtisadiyyatının müxtəlif
sahələrində iştirakını
təmin etmək də Ticarət Palatasının əsas məqsədlərindən biridir.
Bu baxımdan Ticarət Palatası sahibkarların mövcud biznes əlaqələrini
dərinləşdirmək və yeni əlaqələr
qurmaları üçün
platforma təklif edir. Təşkilat öz üzvləri
ilə müntəzəm
olaraq konfranslar, iqtisadi məsələlər
üzrə müzakirələr
və qeyri-rəsmi görüşlər keçirir.
Biznes sahəsi ilə yanaşı, mədəniyyət
və humanitar məsələlərə də
diqqət yetiririk.
Bu istiqamətdə də müntəzəm şəkildə sərgi
və konsertlər təşkil edirik.
- Bu təşkilatın
Bakı ofisi nə zaman təsis
olunub?
- 2010-cu ildə qərara alınıb ki, bu təşkilatın Bakı ofisi qurulsun. Ötən ilin sentyabr ayında Ticarət Palatasının Bakı ofısı Ədliyyə
Nazirliyində qeydiyyatdan
keçib. Həmin tarixdən
etibarən biz Azərbaycanda
fəaliyyətə başlamışıq.
Rəsmi
fəaliyyətə başladığımızdan
qısa müddət keçməsinə baxmayaraq,
bu dövr ərzində biznes-forumlar,
sərgilər keçirməyə
nail olmuşuq. Həmçinin
Avstriyadan bir qrup iş adamını
ölkəmizə dəvət
edərək, burada iş
adamları və müvafiq dövlət qurumları ilə görüşlər təşkil
olunub.
- Avstriya-Azərbaycan
Ticarət Palatasında
hansı ölkənin
şirkətləri daha
çox təmsil olunur?
- Əvvəllər Ticarət
Palatasında Avstriya şirkətləri üstünlük
təşkil etsə də, Bakı ofisinin açılmasından
sonra bu sahədə bərabərlik
yaranıb. Təşkilatda hər iki ölkəni təmsil edən şirkətlər,
demək olar ki, eyni sayda
təmsil olunurlar.
Ancaq qeyd etmək istəyirəm ki, Ticarət Palatasına üzvlüklə bağlı
Azərbaycan şirkətlərindən
yeni müraciətlər
daxil olur.
- Tural müəllim, bilmək istərdik ki, bu Palata hansı
zərurətdən ortaya
çıxdı?
- Ticarət Palatasının
qurulmasında Avstriya şirkətlərinin Azərbaycana
olan marağı həlledici olub. Bildiyimiz kimi,
hazırda Azərbaycanda
olduqca əlverişli
investisiya mühiti mövcuddur. Azərbaycanın nüfuzu regionda hər keçən gün daha da
artır. Nəzərə almaq lazımdır ki, ölkəmizin olduqca zəngin təbii sərvətlərə
sahibdir. Təbii sərvətlər
dediyim zaman təkcə neft və qazı nəzərdə tutmuram.
Buraya qeyri-enerji sektoruna aid olan sərvətləri də daxil edirəm.
Bütün bunlar isə
Avstriya şirkətlərinin
ölkəmizə olan
marağını daha
da artırır.
- Avstriya şirkətləri Azərbaycanda
daha çox hansı sahələrə
maraq göstərirlər?
- Hazırda Azərbaycanda
fəaliyyət göstərən
Avstriya şirkətlərinin
sayı 50-yə çatıb. Bu şirkətlər ölkəmizdə
əsasən qeyri-neft
sektoruna investisiya yatırıblar. Dövlətin qeyri-neft sektoruna göstərdiyi dəstək
bu sahəni xarici investorlar üçün də cəlbedici edib. Biz də öz
fəaliyyətimizi daha
çox qeyri-neft sektorunun təbliği istiqamətində qururuq.
Mən özüm mütəmadi olaraq, Avstriyaya səfər edirəm və orada iş adamları,
həmçinin dövlət
qurumlarında işləyən
məmurlarla fikir mübadiləsi aparıram.
Bu görüşlərdə
Azərbaycanın artan
potensialı barədə
ətraflı məlumat
verməyə çalışıram.
- Bəs
Azərbaycan şirkətləri
Avstriya iqtisadiyyatının
hansı sahələrinə
sərmayə qoya bilərlər?
- Avstriyada xidmət sektoruna sərmayə qoymaq daha əlverişlidir.
Xüsusilə də, otel və restoran biznesi bu ölkədə
daha gəlirlidir.
Onu da qeyd edim
ki, hazırda azərbaycanlılar Avstriyada
bu sahədə fəaliyyət göstərirlər.
Restoran və bu kimi
sahələrdə fəaliyyət
göstərən azərbaycanlılar
çox vaxt hüquqi şəxs təsis etmədən fəaliyyət göstərirlər
ki, bu zaman
bizim Palatanın onlarla münasibət qurması çətinləşir.
Avstriya-Azərbaycan Ticarət
Palatası əsasən
hüquqi şəxs kimi fəaliyyət göstərən iş adamları ilə əlaqələr qurur. Biz istənilən hüquqi şəxsə öz yardımlarımızı
göstərməyə hazırıq.
Onlara rəsmi qeydiyyat, biznes planların tərtibatı məsələlərində
də kömək edə bilərik.
Azərbaycan şirkətlərinin Avstriyada
fəaliyyət göstərməsi
üçün də
Ticarət Palatası olaraq hər cür köməyi göstərməyə hazırıq. Azərbaycan şirkətləri
ilə Avstriya şirkətləri arasında
əlaqələrin qurulmasını
təşkil edə bilərik.
- Necə fikirləşirsiniz, xarici
ölkələrdən gələn
iş adamları üçün Azərbaycanda
iş qurmaq nə dərəcədə
asandır?
- Biz Avstriya-Azərbaycan Ticarət
Palatası olaraq, Avstriyadan buraya iş adamlarını dəvət edirik və onların dövlət qurumları ilə görüşlərini
təşkil edirik. Qeyd etməliyəm ki, bu görüşlər
zamanı xaricdən gələn iş adamlarını məmurlarımız
yüksək səviyyədə
qarşılayırlar. Xüsusilə,
İqtisadi İnkişaf
Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət Nazirliyi,
Bərpa Olunan Enerji Agentliyində keçirdiyimiz görüşlərdən
avstriyalı iş adamları olduqca razı qalıblar. Təbii ki, belə münasibət xarici iş adamlarını ölkəmizə
investisiya yatırmağa
təşviq edir.
- Avstriya şirkətləri daha çox hansı sahələrdə ixtisaslaşıblar?
- Avstriya şirkətlərinin
fəaliyyəti bu ölkənin hüdudlarını
aşaraq bütün
dünyanı əhatə
edir. Bu şirkətlər
müxtəlif sahələr
üzrə ixtisaslaşıblar.
Bu şirkətlərin arasında
maliyyə-bank sektorunda
fəaliyyət göstərənlər
üstünlük təşkil
etsələr də, digər sahələrdə,
o cümlədən də
enerji sektorunda fəaliyyət göstərənlər
də var. Avstriya-Azərbaycan
Ticarət Palatasının
həmtəsisçilərindən olan OMV şirkəti enerji sektorunda fəaliyyət göstərən
dünyanın aparıcı
qurumlarından hesab olunur.
- Tural müəllim, 2012-ci ildə
Ticarət Palatası tərəfindən hansı
tədbirlərin keçirilməsi
nəzərdə tutulub?
- Biznes-forumların təşkili,
avsriyalı iş adamlarının Azərbaycana,
azərbaycanlı iş
adamlarının da Avstriyaya səfərlərini
təşkil etməyi
planlaşdırırıq. Eyni zamanda Bakıda film festivalı həyata keçirmək istəyirik.
Bu tədbir Avstriya
mədəniyyətini azərbaycanlılara
daha yaxından tanıtmaq məqsədilə
keçiriləcək. 2012-ci ildə Avstriyanın
paytaxtı Vyanada Mərkəzi Avropa və Azərbaycan İnvestisiya və Ticarət Sammiti keçirilməsi ilə bağlı müzakirələr
aparılır. Ümid editrəm
ki, ilin sonuna kimi bu
tədbiri həyata keçirə biləcəyik.
ALLAHVERDİ
CƏFƏROV
Zaman.-2012.-7-8 fevral.-
S.8.