“Əməliyyatdan qabaq
yüz faiz zəmanət
verən cərrahdan qaçmaq
lazımdır”
İş gününün başa çatmasına az qalırdı. Yorğun olduğum üçün evə getməyə tənbəllik edirdim. Elə bu an əməkdaşlarımızdan biri mənə yaxınlaşıb: “Qonaqların var”,-dedi.
Açığı, bir qədər təəccübləndim. Bir az sonra məlum oldu ki, qonaqlarım - Zərdab rayonunun Qoruqbağı kənd sakinləri, yəni həmkəndlilərim Mustafa Mustafayev və onun xanımı Rayadır. Raya Mustafayevanın əlindəki dəsmalla tez-tez gözünü ovxaladığını görəndə başa düşdüm ki, onlar paytaxta həkim müayinəsinə gəliblər. Bu yerdə onu da əlavə edim ki, Raya xala uzun müddət idi qarasu xəstəliyindən əziyyət çəkirdi. Bu günədək bir neçə yerə müraciət etsə də, onun müraciətinə müsbət cavab verilməmişdi.
Bir
xeyli söhbətləşəndən sonra məlum oldu ki,
Raya xalanın gözündəki problem əməliyyat yolu ilə
aradan qaldırılıb. M. Mustafayev
əməliyyatın Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində
baş tutduğunu
söylədi. Onun sözlərinə
görə, uğurlu əməliyyat Mərkəzin
həkimi Fidan Ağayeva
tərəfindən aparılıb. Bu
söhbətdən sonra belə qərara
gəldim ki, Fidan həkim
haqqında bir məqalə yazım.
Əgər qəhrəmanım bu diqqətdən
daha da həvəslənəcəksə,
niyə də olmasın?
Bəs Fidan Ağayeva
kimdir? Bu və digər
suallarımızı onun özü
cavablandırdı: “1984-cü ildə Bakı şəhərində
dünyaya gəlmişəm. 2000-ci ildə
orta məktəbi bitirdikdən sonra 650 balla Azərbaycan Tibb Universitetinin Müalicə
və profilaktika fakültəsinə qəbul
olunmuşam. Anamın doğma
xalası, professor Həcər xanım Nəsrullayevanın
rəhbərliyi altında tələbəlik illərimdə bu Mərkəzə gəlib-gedirdim. Zərifə
Əliyeva adına Milli Oftalmologiya
Mərkəzində internatura kursunu keçdikdən sonra
direktor, hörmətli professorumuz
Elmar Qasımova müraciət etdim və onun tərəfindən
işə qəbul olundum. Savadlı,
qabiliyyətli gənclər üçün
indi ölkəmizdə hər cür şərait yaradılıb. 2008-ci ildən
etibarən Mərkəzin Qlaukoma
şöbəsində çalışıram. İşimdən,
burada bizə yaradılan şəraitdən
çox razıyam”
“Həkimlik
uşaqlıq arzum olub”...
Fidan
həkim ziyalı ailəsində dünyaya gəlib, nənəsi,
babası, həmçinin atası da professordurlar.
“Ən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz
edilmiş bu Mərkəzin
fəaliyyət səviyyəsi dünyada
qəbul edilmiş standartlara
uyğundur.
Onu
da bildirim ki, sırf gözə aid belə bir Mərkəz nəinki
bölgədə, heç Avropa ölkələrinin bir
çoxunda yoxdur”,-deyir Fidan həkim.
“Həkimlik
uşaqlıq arzum olub”,-deyir müsahibim, ancaq oftalmoloq olmaq qərarına
universitetdə gəlib: “Tibb sahəsi çox sürətlə
inkişaf edir. Odur ki,
mütaliəni dayandırmamalısan, gün
ərzində ən azı 3-4 saat
oxumalısan. Yeni məqalələrlə,
yeni kitablarla, məlumatlarla
tanış olmalısan. Əks təqdirdə tibb
elmindəki inkişafdan geri
qala bilərsən”
“Öz sahənizdə kimlərdən örnək götürürsünüz?” sualımıza müsahibimizin cavabı belə oldu: “Milli oftalmologiya elminin inkişafında, ölkə əhalisinin ixtisaslaşdırılmış oftalmoloji xidmətilə təmin edilməsində akademik Zərifə xanım Əliyevanın, professor Ümnisə Musabəylinin, professor Sona Vəlixanın, professor Münəvvər Qasımovanın, professor Həcər Nəsrullayevanın, professor Qəmər Adıgözəlova-Polçayevanın böyük xidmətləri var. Əlbəttə ki, mən Azərbaycan xalqına xidmət göstərən bu yüksəkixtisaslı mütəxəssislərə oxşamaq istərdim”.
“Gözə baxmaqla digər xəstəliklərin
mövcudluğunu bilmək olur”
Fidan
həkimin sözlərinə görə, gözə baxmaqla
digər xəstəliklərin də mövcudluğunu bilmək
mümkündür: “Məsələn, elə insan var ki,
şəkər xəstəsi olduğunu, yaxud qan təzyiqindən
əziyyət çəkdiyini, qaraciyərində problem
yarandığını bilmir. Gözə baxmaqla biz bu
problemləri aşkar edirik.
Belə hallarda biz xəstələri
müvafiq həkimlərə yönləndiririk”.
Vitaminli
qidaların gözə müsbət təsir
bağışladığını vurğulayan həmsöhbətimiz
əks effekt verən qida və içkilərin də
olduğunu qeyd etdi: “Belə ki, qarasu xəstəliyinin
“qapalı bucaqlı” adlandırdığımız
növündən əziyyət çəkənlərə
çox miqdarda su, tünd çay, kofe içmək qəti
qadağandır”.
Şəkərli
diabetin damarlara çox təsir etdiyi hər kəsə məlumdur.
Lakin Fidan Ağayeva deyir ki, göz damarları incə
olduqları üçün daha çox təsirlənirlər:
“Əgər vaxtında müayinə olunmasa,
diaqnoz qoyulmasa, göz tam sıradan
çıxa bilər”.
“Biz bacardığımızı
edirik,
hər şey Allahın əlindədir”
Yeri
gəlmişkən, bəzi xəstələr əməliyyatdan
öncə göz həkimlərindən zəmanət vermələrini
tələb edirlər. Həmsöhbətimizin bu məsələyə münasibəti belə
oldu: “Mərkəzimizin direktoru,
professor Elmar
Qasımovun yaxşı bir fikri var: hansı cərrah
ki, əməliyyatdan qabaq
100% zəmanət verir, ondan
qaçmaq lazımdır. Təbii ki, Allahdan başqa,
heç kim nəyin
necə olacağını bilə bilməz. Mən pasiyentlərimə
də deyirəm: biz yalnız
bacardığımızı edirik, hər
şey Allahın əlindədir. Onu da əlavə edim ki, əməliyyatdan
sonrakı mərhələ də çox
önəmlidir. Əgər gözdə əlavə problem yaranmırsa, sarğı
açılır və xəstə həmin gün
evə buraxılır. Xüsusilə qarasu
əməliyyatından sonra xəstə özünü sakit
aparmalıdır, əsəbiləşməməlidir, özünü gücə
salmamalıdır”.
“Yaxına və uzağa baxmaqla
gözünüzü məşq etdirin”
“İrsiyyət göz xəstəliklərinin yayılmasında çox böyük rol oynayır. Hətta elə uşaqlar var ki, anadangəlmə gözlərində “qarasu” olur, yəni uşaq bu xəstəliklə doğulur”,-deyə bildirən həkimin sözlərinə görə, bunun əsas səbəbi hamiləlik dövründə ananın orqanizmində baş verən patologiyalardır.
Fidan xanım Ağayeva gözə qulluq
qaydalarından da danışdı: “Göz xəstəliyi olmayan,
lakin mütəmadi kompyuterdən istifadə
edən insanlar daim
fasilələr verməli, həmçinin gözlərini məşq
etdirməlidirlər. Məsələn, ən sadə bir yol deyim:
yaxına və uzağa baxmaqla
gözü bir növ məşq etdirmək olar.
Bundan əlavə, daimi
kompyuter qarşısında oturanlarda göz
yaşının miqdarı və keyfiyyəti dəyişir. Bunun nətıcəsində “göz
quruluğu” sindromu əmələ
gələ bilər. Belə problemi olanlar həkim məsləhəti ilə apteklərdən
təbii göz yaşı əldə edib gözə tökə bilərlər. Onu da deyim
ki, əgər göz
daimi qaşınırsa, yaxud
daimi ifrazat varsa, bu, artıq problemdən
xəbər verir. Bəziləri fasiləsiz
gözlərini ovxalayırlar, amma həkimə
müraciət etmirlər. Qeyd edim ki, 9-25 yaş
arası oğlan uşaqlarının bir çoxunun
gözündə payız və yaz fəsillərində
güclü qaşınmalar olur. Biz buna
“Bahar xəstəliyi” deyirik;
allergik bir xəstəlikdir.
Gözdə bədxassəli şişlərə də tez-tez rast gəlinir. Təbii
ki, gözdə ağırlaşmanın baş verməməsi üçün
hər bir şəxs gözünü
vaxtında müayinə və müalicə etdirməlidir. Bunun üçün vətəndaşlara
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində maksimum
rahat şərait yaradılıb. Biz insanların gözlərində yarana biləcək, yaxud
yaranmış problemləri vaxtında və keyfiyyətlə
həll etməyə hazırıq”.
Gözdəymənin
elmi izahı varmı?
Sonda gözdəymə ilə bağlı sualımızı da F. Ağayevaya ünvanladıq. “Gözdəymənin elmi izahı varmı?”-sualımıza müsahibimizin cavabı belə oldu: “Açığı, mən ona inanmıram. Ancaq əgər neçə illərdir deyilirsə, hər yerdə bu barədə danışılırsa, demək, nə isə bir səbəb var. Ümumilikdə deyim ki, hər bir adamın enerjisi var. Bu, mənfi və ya müsbət enerjidir. Ola bilər ki, deyilənlər həmin mənfi enerjinin təsiri nəticəsində baş verənlərdir”.
NİCAT İNTİQAM,
Zaman.-2012.-10 fevral.-S.7.