"Məni hər gün
Xocalıda yandırırlar, ata"
Üz-üzə oturmuşuq - nə o danışa bilir, nə də mən. Əslində mənim üçün onu danışdırmaq, yaralarının közünü yenidən qoparmaq çətindir.
"Zaman
Azərbaycan", uşaq ikən Xocalı faciəsinin
ağrılarını yaşayan və Bakıdakı
“Qızılqum” sanatoriyasında məskunlaşan Xəzangül
Əmirova haqqında yazır.
Sözün
düzü, hərdən mənə elə gəlir ki, biz hər
dəfə Xocalı faciəsi ərəfəsində onsuz da
yaraları göynəyən və ömürlərinin
sonlarına kimi o dəhşətli anları unutmayacaq bu
insanlara yenidən keçmişlərini xatırlatmaqla
böyük bir günah işlətmiş oluruq. Bunu Xəzangül xanıma söyləyəndə
o, başını qaldıraraq
üzümə baxır. Gözlərində dərin bir kədər var və mənə
elə gəlir ki, o, bu dəqiqə ağlayacaq.
Ancaq əksinə olur,
Xəzangül xanım gözləmədiyim bir
halda:
-
Yox, bu, bizim faciəmiz, erməni vəhşiləri tərəfindən
başımıza gətirilən və dünyada tayı-bərabəri
olmayan bir barbarlıqdır. Bunu hamı bilməlidir, qoy, bu gün
erməniləri dəstəkləyənlər, heç olmasa, bir anlığa özlərini bizim
yerimizə qoysunlar, gözlərinin
qarşısında atalarının, övladlarının
yandırıldığı, süngülərə keçirildiyi səhnəni təsvir etsinlər.
İnanmıram ki, onların ürəyi
belə bir vəhşətə tab gətirsin. Bir də gələcək nəsillərin, məsum
uşaqların gözləri qarşısında bir daha anaları,
ataları, bacı-qardaşları, məsum körpələr
qətlə yetirilməsin, odlara
atılmasın deyə, bunları hər gün
xatırlatmalıyıq,-deyir.
Sonra
Xəzangül xanım Xocalıda keçirdikləri dəhşət
dolu günlərdən danışmağa başlayır. Bu, ürəkləri sızıldadan,
anası və bacısının öldürülməsinin şahidi olan, atası isə
gözləri qarşısında yandırılan və o vaxt cəmi 8 yaşı
olan bir
qızcığazın faciəli
həyatıdır...
... Onda mən
də çoxları kimi dəcəl,
atalı-analı xoşbəxt uşaqlardan
biri idim. Üç bacı - mən, Nigar,
Yeganə və bir də 8 aylıq
körpə qardaşım Vüsal, anam Raya və atam Təvəkküllə ən gözəl günlərimizi
yaşayırdıq. Atam bizi çox əzizlər,
başımıza dolanardı. Amma mən
son vaxtlar onun gözlərini həmişə qəmli
görərdim. Bizi əzizləyəndə,
deyib-güləndə belə mənə elə gəlirdi ki, atamın bir üzü güləndə, digəri
ağlayır... Bunun səbəbini sonralar bildim...
Söhbətin bu yerində Xəzangül
xanımın səsi titrəyir, danışa bilmir, sinəsi
qalxıb-enir. Mənə elə gəlir ki,
o, artıq danışa bilməyəcək.
Bu dünyada insan üçün atasının gözləri
qarşısında yandırılmasını görməkdən
dəhşətli şey ola
bilməz. Övladlarının gözləri
qarşısında atasını, anasını və ya valideynləri görə-görə
onların körpələrini yandırmaq, odlara
atmaq, süngüyə keçirmək,
gözlərindən divara mıxlamaq kimi vəhşilikləri yalnız insanlıq
simasını itirən ermənilər edə bilərdilər
və Xocalıda onlar bunu
etdilər də..
Bir azdan sonra Xəzangül xanım yenə danışır. Onun səsindəki yanğıya isə dözmək heç də asan deyil...
- O
vaxt birinci sinifə getmişdim,- deyir, Xəzangül xanım,
- onda mənə elə gəlirdi ki, dünyanın ən
xoşbəxt insanıyam. Ancaq, sən
demə, mənim bu xoşbəxtliyim uzun sürməyəcəkmiş.
Başımıza hər gün güllələr
yağırdı. Bəzən güllə
yağışı dərsləri sona kimi keçməyə bizə imkan
vermirdi. Onda bu dəhşətli günlərin müvəqqəti
olacağını və tezliklə buna son qoyulacağını düşünürdük.
Amma hər şey tərsinə
oldu...
Fevralın 25-dən 26-na keçən
gecə erkən yatmışdıq. Güllə səsinə
oyandıq. Mən pəncərədən çölə
baxdım. Sanki yer də,
göy də od tutub yanırdı. Əlimizə keçən
paltarlarımızı geyinərək küçəyə
çıxdıq. Ancaq hara
gedəcəyimizi bilmirdik. Kortəbii şəkildə meşəyə
üz tutduq. Xilas olacağımıza ümid
edirdik. Amma meşəyə
çatmamış qardaşımı əmizdirən
anamı güllə ilə vurdular. Onun ardınca
güllə Yeganəyə dəydi. Biz dəhşət
içində idik və nə edəcəyimizi
bilmirdik. Əntiqə nənəm özünü toplayaraq
anamın qanlı döşləri ağzında olan körpə qardaşımı
götürmək istədi. Qardaşım isə anamın qanlı döşlərini
ağzından buraxmaq istəmir, fəryad
qoparırdı. Mən dəhşət dolu
bu səhnəni ömrümün
sonuna kimi unuda bilməyəcəyəm... Nənəm
çətinliklə onu anamın
qanlı sinəsindən ayıra bildi. Həmin
an mən ağlaya-ağlaya
can verməkdə olan
Yeganəni yerdən qaldırmaq istədim. Atam
məni zorla bacımdan ayıraraq əlimdən
tutdu və biz meşəyə
doğru qaçmağa
başladıq. Həmin anlarda da hər yandan güllə yağırdı. Amma meşədə də, sən demə, insan qatilləri bizi
gözləyirlərmiş. Meşəyə çatar-çatmaz
yenidən güllə yağışına düşdük.
Atam məni və bacımı yerə
yıxaraq bizi qorumaq üçün özünü
üstümüzə atdı. Lakin az keçməmiş ermənilər
başımızın üstünü alaraq bizi vəhşicəsinə
döyməyə başladılar. Sonra al-qan içində olan
bizləri ayağa qaldırıb Əsgərana
apardılar. Amma nənəm və 8
aylıq qardaşım aramızda yox idi. Əsgəranda atamı və bir neçə kişini
bizdən ayırdılar. Həmin gecə mən səhərə
kimi yata bilmədim. Gözümü yuman kimi anamın
qanlı sinəsini və ondan ayrılmaq
istəməyən qardaşımı və bir
də vurularaq yerdə can
verən bacımı görürdüm. Amma həmin gecə hələ bilmirdim ki, sabah
məni daha dəhşətli bir faciə gözləyir...
Səhər bizi
çölə çıxardılar. Soyuqdan
hamımız titrəyirdik. Birdən gözüm
ağaca sarılmış atama sataşdı. Üzü
tüklü, insandan daha çox vəhşi
heyvanı xatırladan əli silahlı ermənilərdən biri atamı vəhşicəsinə təpikləyirdi.
Mən fəryad qopararaq atama
tərəf qaçdım. Ermənilərdən
biri məni tutaraq yerə yıxdı. Mən var gücümlə
qışqırırdım: - Atamı döyməyin,
atamı döyməyin...
Mənə məhəl qoyan yox idi. Erməni mənim qolumdan tutaraq
qadınların üstünə fırıldatdı. Onlar məni tutmayıb, yerə düşsəydim
bəlkə də sağ qalmayacaqdım. Biz böyük həyəcanla
nə baş verəcəyini gözləyirdik.
Saqqallı erməni atama:
- De ki, Qarabağ ermənilərindir, səni
buraxaq,- dedi.
Döyülməkdən
üst-başı qan içində olan atam isə
başını dik tutmağa çalışaraq
xırıltılı səslə:
-
Qarabağ heç vaxt ermənilərin olmayıb və
olmayacaq,-dedi.
Atamdan
gözləmədiyi cavabı alan saqqallı erməni var
gücü ilə yenidən onun qarnını təpikləməyə
başladı. Bir azdan o atama:
- Sənin
uşaqların da buradadır. Qarabağ
ermənilərindir, de, səni də,
uşaqlarını da buraxaq,
yoxsa nə özünə, nə də
uşaqlarına rəhm etməyəcəyik, - dedi.
Atam bu dəfə də dedi:
- İstəyirsiniz hamımızı
öldürün, Qarabağ
Azərbaycanındır, bunu
bilin, murdar köpəklər...
Saqqallı geriyə çəkildi. Əvvəlcə mən onun nə
etmək istədiyini başa düşə bilmədim. Yalnız onun əlində
kibrit çöpünü
görəndə atamı
yandıracağını anlayaraq
dəhşətə gəldim.
Həmin an məni tutub zorla saxlayan
qadınların əllərindən
çıxaraq yenidən
atama doğru qaçdım:
- Atamı yandırmayın, onu buraxın, - deyə fəryad etməyə başladım. Atama çatar-çatmaz məni saqqallılardan biri tutaraq saxladı. Həmin an da ağzıma güclü bir zərbə dəydi. Zərbənin təsirindən ağzımdan, burnumdan qan fışqırmağa başladı. Amma mən bu zərbənin ağrısını, ağız-burnumdan axan qanı hiss etmir, var-gücümlə od tutub yanan atama doğru dartınır və nalə çəkirdim. Saqqallı erməni məni bərk-bərk tutaraq buraxmırdı, atamsa yanmaqda davam edirdi. Onun ürək sızıldadan iniltilərini eşitdikcə ürəyim parça-parça olurdu... Bu dünyada atasının gözü qabağında yandırılmasını, onun əzab dolu iniltilərini eşitməkdən dəhşətli şey ola bilməz. Adını insan qoyan heç bir kəs körpə övladlarının gözü qabağında atasını yandırmaq kimi bir vəhşətə əl ata bilməz. Amma insanlıq simasını itirən ermənilər bunu etdilər. Yanğın gücləndikcə atamın iniltiləri daha da artırdı. Mən bu dəhşətə tab gətirə bilməyib bayıldım... Özümə gələndə key kimi olmuşdum və bir müddət ətrafımda baş verənləri anlamaqda çətinlik çəkdim. Bir neçə gün sonra bizi ermənilərlə dəyişdirərək Ağdama gətirdilər. Burada girovluqdan azad edilən çoxlu adam vardı. Onların arasında nənəmi və onun qucağında hələ də paltarından anamın qanı getməmiş səkkizaylıq qardaşımı gördüm... Başımıza çox şeylər gəldi, qardaş. Talenin hökmü ilə Bakıya, “Qızılqum” sanotoriyasına gəlib çıxdıq. Burada böyüdüm, ərə getdim, bir oğlum var. Bunlar unudulası mümkün olmayan dərddir, qəbirdə də bizi yandıracaq. Bilmirəm, bəlkə də kimlərinsə yadına Xocalı dəhşətləri hər il fevral ayı gələndə düşür. Amma bizlər o günlərin ağrısını hər gün yaşayırıq. Gücüm yalnız: - Səni Xocalıda ermənilər bir dəfə yandırdılar, məni isə hər gün yandırırlar, ata - deyə nalə çəkməyə çatır...
Sözardı. Xəzangül Əmirova
hazırda həyat yoldaşı, oğlu,
həmçinin Xocalıda donaraq sonradan ayaqları kəsilən bacısı Nigarla birlikdə Xəzər rayonundakı
“Qızılqum” sanatoriyasında məcburi köçkün
həyatı yaşayır. O vaxt
öldürülən anasının qana
batan döşlərini ağzından heç cür buraxmaq istəməyən Vüsal
Əmirov isə 21 yaşlı bir gəncdir
və ailə həyatı qurub...
Mustafa Əziz
Zaman.-2012.-11-13 fevral.- S13.