Lev Tolstoy - rus həyatının aynası (1)
Bir vaxtlar onun adı gələndə nəinki Rusiya, həm də Avropanın ən tanınmış simaları belə ayağa qalxardılar. O öz ədəbi istedadı, əsərləri ilə dünyanı fəth etmişdi. Ömrünün sonuna kimi haqqı, ədaləti müdafiə edən, həyatın acı reallıqlarını əsərlərində artırıb-əskiltmədən verən, kilsənin insanda kölə ovqatı yaradan moizələrini kəskin şəkildə tənqid edərək, bundan xilas yolunu İslamda axtaran bu böyük insan təkcə XIX-XX əsr dünya ədəbiyyatının deyil, bütün zamanların ən məşhur simalarından biri olan Lev Tolstoy idi.
Lev Nikolayeviç Tolstoy 1828-ci il, avqustun 28-də Tula quberiniyasının Yasnaya Polyana malikanəsində zadəgan ailəsində anadan olmuşdur. O, ailədə dördüncü uşaq idi. Anası Knyaginya Volkonskaya məşhur zadəgan ailəsindən idi. Tolstoyun iki yaşı olanda anası vəfat etmişdi. Anası öz dövrü üçün mükəmməl hesab edilən təhsil almışdı. İncəsənətin vurğunu olan bu qadın olduqca həssas və mehriban bir insan idi. Gələcəyin dahi yazıçısı da xarakter etibarı ilə anasına çox oxşayırdı. Lev Tolstoy irsini tədqiq edənlər onun yüksək insani keyfiyyətlərini, bəşəri dəyərlərini irsi yolla anasından əxz etdiyi qənaətindədirlər. 1812-ci ildə baş verən Rusiya-Fransa müharibəsinin iştirakçısı olmuş və 1837-ci ildə vəfat edən Tolstoyun atası rəhmli, eyni zamanda gülməli bir xarakterə malik insan idi və oxumağı çox sevirdi.
Qeyd edək ki, anası öləndən sonra ikiyaşlı Lev və ailənin digər üzvlərinin tərbiyəsi ilə Tolstoylar ailəsinin uzaq qohumu T. A. Yerqolskaya məşğul oldu. Anadan yetim qalan Tolstoy iki yaşından bütün mehrini xanım Yerqolskayaya salmış və ona ruhən bağlanmışdı. Sonralar Lev Tolstoy Yerqolskaya haqqında belə yazmışdı: “O mənə sevgi və məhəbbətin ruhi ləzzətini dadmağı öyrətdi”.
Ona
görə də sonralar yazıçı uşaqlıqda
keçirdiyi məhəbbət dolu həyatını, zadəgan
uşaqlarına məxsus olan ailə ənənələrini
“Uşaqlıq” adlı povestində xüsusi bir sevgi ilə tərənnüm
etmişdi.
Lev Tolstoyun 13 yaşı olanda ailə Tatarıstanın Kazan şəhərinə, uşaqların rəsmi himayəsi ilə məşğul olan yaxın qohumları P.İ. Yuşkovanın yanına köçdü. Bundan 3 il sonra, 1844-cü ildə Tolstoy Kazan Universitetinin Şərq dilləri fakültəsinə qəbul olundu. Sonra isə hüquq təhsili almaq arzusuna düşərək fakültəsini dəyişdirdi. Amma o burada cəmi iki il oxuya bildi. Çünki hüquq fakültəsində dərslər cansıxıcı keçirdi və bu sonda Tolstoyu bezdirdi. Onu tərbiyə aldığı zadəgan ailəsi mühitinin təsiri altında daha çox elitaya xas olan əyləncələr maraqlandırırdı. Ona görə də o, 1847-ci ildə xəstə olduğunu bəhanə gətirərək Yasnaya Polyanadakı malikanələrinə qayıtdı. Amma Tolstoy özünə söz vermişdi ki, ekstern yolu ilə imtahan verərək hüquq təhsili alacaq. Eyni zamanda o, Yasnaya Polyanada tibbi, kənd təsərrüfatını, xarici dillərdən birini öyrənmək, dissertasiya yazmaq, təsviri incəsənətdə və musiqidə biliklərini təkmilləşdirmək niyyətində idi.
Enerji dolu
gənclik illəri
Tolstoyun Yasnaya Polyanada keçirdiyi ilk yay istirahəti ürəyincə olmadı. O, Yasnaya Polyanada darıxırdı və özünün dediyi kimi, təbiətin sirlərini, tibbi, kənd təsərrüfatını öyrənməyə həvəsi heç yox idi. O bununla bağlı keçirdiyi cansıxıcı həyatı 1857-ci ildə yazdığı “Mülkədarın səhəri” povestində geniş təsvir edib. O bu cansıxıcı həyatdan yaxa qurtarmaq üçün 1847-ci ilin payızında, əvvəlcə, Moskvaya, sonra isə Peterburqa getdi. O, burada gah gecə-gündüz bilmədən imtahanlara hazırlaşır, gah da günlərini eyş-işrətdə keçirirdi. Tolstoy tez-tez fikrini dəyişirdi; atlı qvardiya məktəbində ali təhsil almaq, məmur olmaq, dini öyrənmək istəyirdi. Bəzən də onu qaraçı həyatı cəlb etdiyindən onların yanına gedərək məişətləri, yaşayış tərzləri ilə yaxından tanış olurdu. Ailədə isə onun bu hərəkətlərini keçici bir hiss kimi dəyərləndirirdilər. Həmin dövrdə Tolstoyu tay- tuşlarından fərqləndirən bir xüsusiyyət vardı. O, öz həyat tərzi, baş verən hadisələr barədə gündəliyində xüsusi qeydlər edirdi. Sonralar bu qeydlər onun yazdığı bədii əsərlərinin əsas süjet xətlərindən birini təşkil etdi.
Müharibə və yaradıcılıq
1851-ci
ildə Tolstoyun həyatında onun gələcək taleyində
önəmli rol oynayacaq bir hadisə baş verdi. Tolstoyun böyük
qardaşı, orduda zabit
rütbəsində xidmət edən Nikolay
ona hərbçilərlə birgə Qafqaza getməyi təklif etdi.
Lev Tolstoy qardaşının bu
təklifini qəbul etdi və onunla birlikdə döyüşən ordu tərkibində könüllü
əsgər kimi 3 il ərzində
Terek çayının sahilindəki kazak stansiyasında xidmət etməyə
başladı. Bir il sonra Tolstoy zabit kimi hərbi
xidmətə qəbul
edildi. O, Qafqaz uğrunda gedən döyüşlərdə iştirak
etdi. Qafqaz həyatı Tolstoyun
dünyagörüşünün formalaşmasında və
onun həyata baxışlarının dəyişməsində
böyük rol oynadı. Qafqaz həyatı Tolstoyun ədəbi yaradıcılığının
daha da çiçəklənməsinə,
yazıçı kimi
məşhurlaşmasına yol açaraq, ona yeni bədii
əsərlərin mövzusunu
verdi. Bunun
da nəticəsində
Tolstoy bir-birinin ardınca
“Kazaklar” (1852-1853) povestini,
“Basqın” (1853) və “Meşənin qırılması”
(1855) adlı hekayələr
məcmuəsini yazdı.
Amma Qafqaz həyatı sonralar da onun
bədii yaradıcılığına
müxtəlif formalarda
təsir göstərdi.
Buna misal kimi,
Tolstoyun 1896-1904-cü ildə
yazdığı və
vəfatından sonra
1912-ci ildə nəşr
olunan “Hacı Murad” povestini göstərə bilərik.
Qafqazdan Rusiyaya qayıdandan sonra Tolstoy gündəliyində belə
yazmışdı: “Mən
bu vəhşi ölkəni çox sevirəm. Çünki burada bir-birinə
əks olan iki amil - müharibə
və azadlıq poetik şəkildə bir-birini tamamlayır.
Tolstoy hələ Qafqazda
ikən yazdığı
“Uşaqlıq” povestini
“Sovremennik” jurnalına
göndərdi. Povest jurnalda
L. N. imzası ilə dərc olundu.
1852-54-cü illərdə yazdığı
“Otreçestvo”(üz döndərmə) və “Gənclik” (1855-57) povestləri də “Sovremennik”də dərc olundu və yazıçıya böyük
uğur gətirdi. Adı çəkilən hər
üç əsərdə
müəllif özünün
uşaqlıq illərini
təsvir etmişdi.
Krım
kampaniyası
1854-cü ildə Tolstoyu
xidmət etmək üçün Buxarestdəki
Dunay ordusuna göndərdilər. Amma ordu qərargahında
keçirdiyi həyat
ona olduqca cansıxıcı gəlirdi.
Ona görə də komandanlıqdan Krım ordusuna, mühasirədə
olan Sevastopola dəyişdirilməsini xahiş
etdi. Onun bu xahişini
nəzərə aldılar.
Sevastopolda Lev Tolstoy 4-cü batareyaya komandanlıq edirdi. O
bu döyüşlərdə
xüsusi şücaət
göstərdi və ona görə də “Müqəddəs
Anna” ordeni ilə təltif edildi. Krımda
Tolstoy əsgərlər üçün
jurnal nəşr etmək fikrinə düşmüşdü. Krım həyatı
Tolstoy tərəfindən “Sevastopol hekayələri”nin qələmə alınmasına
gətirib çıxardı. Onun yazdığı “Sevastopol dekabr ayında” oçerki hətta çar II Aleksandrın da diqqətini cəlb etmişdi. Tolstoyun ilk əsərlərini
tanınmış tənqidçilər,
o cümlədən N. Q. Çernışevski
“ruhun dialektikası” adlandırmış və
müəllifin cəsarətlə
hadisələrin psixoloji
analizini verməsini və onu ön
planda təsvir etməsini alqışlamışdı.
Tolstoyun əsərlərindəki bəzi
fikir və düşüncələri gənc
artilleriya zabitinin xilas yolunu dində
axtarmağa başladığını
göstərirdi. Sonralar dini
humanizm, insansevərlik
Tolstoy tərəfindən ən
çox təbliğ
edilən ideyaya çevrildi. Tolstoy İsa Xristin simasında qeyri-müəyyənlikdən
təmizlənən, reallığı
əks etdirən, mifik ilahi görüşlərdən
uzaq, praktikaya cavab verə biləcək bir din görmək istəyirdi.
Ancaq ahıl yaşlarında başa düşdü ki, xristian dinində
axtardığını tapa
bilməyəcək. Ona görə
də tədricən üzünü İslam dininə çevirərək
nicat yolunu ancaq onda tapa
biləcəyi qənaətinə
gəldi.
Ədəbiyyatçılar arasında və xaricdə
1855-ci ildə Lev Tolstoy ordudan ayrılaraq Peterburqa gəldi və o dövrün məşhur
yazarlarını ( N. A.Nekrasov, İ. S. Turgenev, A. N. Ostrovski, İ.
A. Qonçarov) özündə
birləşdirən “ Sovremennik” “ dərnəyində
iştirak etməyə
başladı. Dərnəkdə Tolstoyu böyük ruh yüksəkliyi ilə qarşıladılar.
İlk iştirakı zamanı Nekrasov Tolstoyu “Rus ədəbiyyatının
böyük ümidləri”
adlandırdı. Tolstoy
tez-tez dərnək üzvləri arasında müxtəlif ədəbi
mövzulara həsr edilən mübahisələrdə
və onlar arasında yaranan münaqişələrdə iştirak
edirdi. Həyatda hər şeyi
yerli-yerində görməyi
sevən və həqiqəti söyləməkdən
çəkinməyən Tolstoy tezliklə ədəbi dərnəkdəki bu mənasız mübahisələrdən
və çəkişmələrdən
bezdi. 1879-82-ci illərdə
yazdığı “İspoved”
(“Tövbə”) əsərində
Tolstoy həyatının həmin
dövrünü belə
xatırlamışdı: “Bu insanlar mənə əks adamlar idilər və onların təsiri altında mən də nəticədə özümün əksinə
çevrilmişdim”.
1856-cı ildə hərbi
xidmətdən istefaya
buraxılan Tolstoy yenidən
doğma malikanəsinə
- Yasnaya Polyanaya qayıtdı. Amma o burada da çox qalmadı.
1857-ci ildə Tolstoy xaricə getdi - Fransa, İtaliya, İsveçrə və Almaniyada oldu. İsveçrə həyatı onda
böyük iz buraxdı və bu ölkə haqqında “Lyutsern” adlı hekayə yazdı. Xarici ölkələrə səfərini başa vurduqdan sonra Tolstoy Moskvaya, oradan da yenidən Yasnaya Polyanaya döndü.
Mustafa
Əziz
Zaman.-2012.-16-17 fevral.- S.13.