Lev Tolstoy -rus həyatının aynası (2)

 

1859-cu ildə maarifpərvər yazıçı Yasnaya Polyana və onun ətrafında təhkimçi kəndli uşaqları üçün 20 məktəb açdı. Bu xeyirxah əməl onun Rusiyadakı şöhrətini daha da artırdı. Məsələ ilə bağlı ünvanına söylənilən xoş sözlərdən ruhlanan Tolstoy 1860-cı ildə yenidən xaricə getdi. Avropaya səfəri zamanı ay yarım Londonda qaldı. O burada tez-tez böyük mütəfəkkir A. İ. Gertsen ilə görüşürdü.   

Londondan sonra Tolstoy Almaniya, Fransa, İsveçrə və Belçikaya gedərək, buradakı məktəblərin sistemi ilə tanış oldu. Amma Avropanın təhsil sistemi Tolstoyun xoşuna gəlmədi və bu, onun maarifçilik, sivil təhsil istək və arzularına uyğun gəlmirdi. Bununla əlaqədar yazdığı xüsusi məqaləsində Tolstoy qeyd edirdi ki, təhsil prosesi zamanı şagirdə azadlıq verilməli və müəllim onu zorla nəyi isə oxumağa məcbur etməməlidir. Tolstoyun fikrincə, uşaqlar dərsi mənimsəmə və həvəs göstərməsi baxımından, həmçinin fənlərə marağına görə bir-birindən fərqlənirlər. Ona görə də hər bir şagird marağı olan sahə üzrə istiqamətləndirilməli və onun nə qədər istedadlı olub-olmaması müəyyənləşdirilməlidir. Rusiyada təhsilin yeni əsaslara keçirilməsinə yardım etmək  üçün maarifpərvər yazıçı 1862-ci ildə “Yasnaya Polyana” adlı pedaqoji jurnal nəşr etdirməyə başladı. Jurnalda uşaqların sinifdənxaric oxusu üçün xalq nağılları, kiçik hekayələr, mənəvi-tərbiyəvi əhəmiyyət daşıyan ibrətamiz hadisələr verilmişdi. Bunun ardınca Tolstoy uşaqlar üçünAzbuka” və “Novaya azbuka” əlifbalarını nəşr etdirdi. Amma polis onun bu fəaliyyətindən şübhələnməyə başlamışdı. 1862-ci ildə Tolstoy Yasnaya Polyanadan kənara çıxdı və bir neçə gün evdə olmadı. Bundan istifadə edən polis dərhal Yasnaya Polyanada axtarış aparmış və onun fəaliyyətində dövlətə zidd olan hansısa faktlar tapmağa çalışmışdı.

“Hərb və sülh

1862-ci ilin sentyabr ayında Tolstoy Moskvada tanış oduğu 18 yaşlı Sofya Andreyevna Bers ilə ailə həyatı qurdu. Moskvadan həyat yoldaşını Yasnaya Polyanaya gətirən Tolstoy bir müddət ömrünün ən şirin anları olan ailə səadətini yaşadı. O bu müddət ərzində ailə həyatının gətirdiyi səadətin ruhi və mənəvi rahatlığında məst olmuşdu. Bir il, demək olar ki, heç nə yazmadı. Amma 1863-cü ildə yeni həvəslə yaradıcılıqla məşğul olmağa başladı. O, sonralar “Hərb və sülh” adı ilə məşhur olan “1805-ci il” romanını yazmağa başladı. Bu məqsədlə yazıçı arxivlərdəki tarixi materiallarla tanış oldu, eyni zamanda həmin dövrdə yaşayan insanların xatirələrinə qulaq asdı. Tolstoy müharibənin taleyini həll edən Borodino çölündə də oldu. 1865-ci ildə “Russkiy Vestnik”də bu romanın ilk hissəsini çap etdirdi. Roman dərhal oxucuların sevimlisinə çevrildijurnal əldən-ələ gəzdi. Çünki romanda o dövrün acı reallıqları, insanların psixoloji durumları, həyata baxışları olduqca canlı şəkildə təsvir edilmişdi. Romanın dili çox oxunaqlı idi. Müəllif həmin dövrdə rus ziyalılarının, hərbçilərinin, ali elitanın, həm də aşağı təbəqənin müharibə ilə bağlı suallarına cavab tapmaq istəyirdi. O, qəhrəmanlarının psixoloji durumunu mahir bir psixoloq kimi təsvir etmişdi. Amma məhz məsələnin bu tərəfi bəzi tənqidçiləri razı salmamışdı. Onlar Tolstoyu o dövrün hadisələrinə fatalist yanaşmaqda, eyni zamanda müharibə iştirakçılarının xatirələrinə həddindən artıq inanmaqda, onların intellektini şişirtməkdə günahlandırırdılar. Ancaq onlara cavabında Tolstoy belə demişdi: “Mən xalqın tarixini yazmaq istəmişəm”. Müəyyən tənqidi yanaşmalara baxmayaraq, “Hərb və sülh” romanı Tolstoya ümumdünya şöhrəti gətirdi və bu gün də əsər dünyanın hər yerində maraqla oxunmaqda davam edir.

Anna Karenina

1870-ci ildə Tolstoy Yasnaya Polyanada kəndli uşaqlarını yeni metodla oxutmaqda və pedaqoji təcrübəsini artırmaqda idi. Kənardan baxana elə gəlirdi ki, o daha yeni heçyazmayacaq və həyatının sonuna kimi bu sevimli peşəsindən ayrılmayacaq. Amma heç kim bilmirdi ki, o özünə daha bir şöhrət gətirəcək psixolojiAnna Karenina” romanı üzərində işləyir. Tolstoy bu əsərində Anna ilə gənc mülkədar Konstantin Levin arasında həyata baxışları əks olan iki surəti üz-üzə qoyur. Əslində Levin xarakter etibarilə daha çox Tolstoyun özünü xatırladır. Levini maraqlandıran “mujik” həyatı həm Anna Kareninaya, həm də ona rəğbət bəsləyənlər üçün yaddır. Levinin simasında Tolstoy həm də rus ziyalısının XIX əsrin 70-80-ci illərində keçirdiyi ruhi-psixoloji böhranı verib. Bu böhranı şəxsən Tolstoy özü də yaşadığı üçün Levin surəti insanda real bir həyat mənzərəsini təsvir etməyə imkan yaradır. O dövrün tənqidçiləri ilə müqayisədə əsərə layiq olduğu əsl həqiqi qiyməti böyük yazıçı F. Dostoyevski verdi.  DostoyevskiAnna Karenina” romanını rus reallığını əks etdirən bir ayna adlandırdı.

Bütün hallarda “Anna Karenina” romanı da o dövrdə dünyanın ən çox oxunan romanlarından biri idi.  Roman  dünyanın 150-dən çox dilinə tərcümə edilib.

Gözlənilən dönüş

Tolstoyun ədəbi yaradıcılığında qəhrəmanlarının keçirdiyi psixoloji durumun olduqca bədii şəkildə mahir bir rəssam kimi təsvir edilməsi təsadüfi deyildi. Yuxarıda qeyd etdiyimiz kimi, Tolstoy əksər hallarda özünün, həmçinin ətrafındakıların psixoloji, ruhi durumunu həkim dəqiqliyi ilə yazdığı əsərlərində təsvir etməyi bacarırdı və bu reallıq isə qəhrəmanı oxucuya daha da yaxınlaşdıraraq onu sevdirirdi. Bu ənənə sonralar da Tolstoyun yazdığı əsərlərində (“İvan İliçin ölümü”,  Serqiy ata” povestlərində, “Canlı meyit” dramında və “Baldan sonra” hekayələrində) davam etdirildi.

XIX əsrin 80-ci illərindən Tolstoyun həyatında onu əhatə edənlərə, həmçinin kilsəyə münasibətində yeni bir dönüş  baş verdi. Tolstoy cəmiyyətdə baş verən bəlaların, sosial bərabərsizliklərin arxasında inkişafın yanlış istiqamətə yönəldilməsi səbəbinin dayandığı qənaətinə gəlmişdi. Bu da onda ruhi və mənəvi yanğılara gətirib çıxarmışdı. Ona görə də Tolstoy sosial haqsızlıqların baş alıb getdiyi sivil inkişafla bağlı hər şeyi, hətta elmi, nikahı, dövlət idarəetmə institutlarını, kilsəni kəskin şəkildə tənqid etməyə başladı. Həmin dövrdə yazdığı bütün əsərlərində, o cümlədən “Tövbə” (1884) povestində, “Biz nə etməliyik?” (1906), “Aclıq haqqında” (1891), “İncəsənət nədir?”(1897-1898), “Bizim zəmanəmizin qulları”(1900), “Şekspironun dramları haqqında”(1906), “Artıq susmağı bacarmıram”(1908) məqalələrində kəskin tənqid və onun əsasında dayanan daxili bir yanğı, ağrı vardı. Xristianlıq barədə yazdığı əsərlərində də (“Yevangeliyanın birləşdirilmiş tərcüməsi”, “Mənim dini inancım nədir”, “Allahın çarlığı hamımızın içindədir” traktatlarında) o, xristianlığa zahirən deyil, ruhən əməl etməyi, onu yaşamağı məsləhət görürdü. Amma o xristian dininə mənsub olanların əməlləri ilə dedikləri, dini inancları arasında ziddiyyət olduğunu görərək, bu mənfi təzahürləri  tənqid edirdi. Tolstoy xristian dinindəki doqmatizmi də açıq şəkildə pisləyərək, kilsə ilə dövlətin yaxınlığını, onların bir-birini müdafiə və dövlətin dindən öz siyasi məqsədləri üçün istifadə etməsinə qarşı çıxırdı. O, xristian dinində İsanın simasında Allahla insan arasındakı vasitəçiliyin əleyhinə çıxır və bunu Allah dərgahına gedən yoldan sapma kimi dəyərləndirirdi. Bu müstəvidə də o, İslamın digər dinlərdən daha üstün olduğunu söyləyir və təbliğ edirdi. Bütün bunlar isə rus kilsəsinin səbrini daşdırdı. 1901-ci ildə ali dini orqan olan Sinod məşhur yazıçını - Tolstoyu dinin düşməni elan etdi. Bu isə bütün dünyada böyük rezonansa səbəb oldu. Dünyanın hər yerində kilsəni bu qərarına görə tənqid atəşinə tutdular, Tolstoyu isə hücumlardan müdafiə etməyə başladılar.

“Dirilmə”

Tolstoyun yazdığı sonuncu irihəcmli roman “Dirilmə”dir. O bu roman üzərində 1889-cu ildən işləməyə başladı və 1899-cu ildə onu tamamladı. “Dirilmə”də Tolstoy uzun illərboyu özünü narahat edən problemlərin böyük əksəriyyətinə cavab tapmağa çalışıb. Romanın qəhrəmanı Dmitri Nexlyudov ruhən Tolstoya çox yaxındır. O da romanın müəllifi kimi həyatında ruhi sarsıntılar keçirir, çoxsaylı sosial problemlərlə rastlaşır və onların aradan qaldırılması üçün əziyyət və əzabla dolu mübarizə aparırdı. Bu mübarizədə Nexlyudov mənən və ruhən təmizlənir, saflaşır. Tolstoy bu romanında təbiət gözəllikləri ilə onu əhatə edən sosial həyat arasında böyük təzadların olduğunu, saxtakarlığı, hakim sinif nümayəndələri tərəfindən haqq və ədalətin tapdalanmasını, yalanları bir rəssam məharəti ilə təsvir edib. Bu romanda digər əsərləri ilə müqayisədə Tolstoy satiradan geniş istifadə edib.

 

  Mustafa Əziz

Zaman.-2012.-18-20 fevral.- S13.