Lev Tolstoy - rus həyatının aynası (3)
Ömrünün
sonlarına yaxın Tolstoyun həyatı olduqca əsəbi və
ruhi sarsıntı içində keçməyə
başlamışdı. Həyatda
insanları arzu elədiyi kimi
görməyə çalışan, ancaq
bunun əksini görən və hər gün haqsızlıqlarla qarşılaşan
Tolstoy artıq mübarizə aparmağın
mümkün olmadığını hiss edirdi. Bu
da böyük
yazıçıda ümidsizlik əmələ
gətirmişdi. Halbuki o,
din vasitəsilə insanların ruhi və mənəvi paklığa
qovuşacağına həyatı boyu
inanmışdı və baş verən
mənfi halların səbəblərini insanların həqiqi,
düzgün istiqamət yolundan
sapmasında axtarmışdı.
Amma
həyatın acı reallıqları, ruhanilərin dindən
öz məqsədləri üçün olduqca çirkin
şəkildə istifadə etmələri, insanların kilsələrə
gedərək tövbə etdiklərini, ancaq oradan
çıxdıqdan sonra yenidən heyvani hisslərlə
yaşamaları 80 yaşlı Tolstoya ağır təsir etməkdə
idi. Dünya malının boş bir şey
olduğunu bütün
varlığı ilə anlayan Tolstoy şəxsi malikanələrindən əl
çəkmək və onları yoxsullar
arasında bölüşdürmək fikrinə düşmüşdü. O: “Tutaq
ki, sənin 1000 desyatin
torpağın, əkin sahələrin, çoxlu
heyvanların var və bundan
ildə minlərlə rubl gəlir
götürürsən. Amma sabah ölüb gedəndə
bunun sənə nə xeyri
olacaq, bunları özünlə o biri dünyaya
apara biləcəksənmi? Öləndən
sonra bu mülklərin
sənə bir xeyri dəyəcəkmi?
Sən əgər bu dünyada
var-dövlətlə mənəvi rahatlıq tapmayıbsansa, onda onlar sənin nəyinə
lazımdır ki?”-deyə özündən
soruşurdu. Nəticədə Tolstoy şəxsi mülkiyyətdən əl
çəkmək barədə qərar qəbul etdi. Bu isə ailə
daxilində böyük
narazılıqlara səbəb oldu. Ailədə
Tolstoyun artıq ağlını itirdiyi qənaətində idilər və onu həkimə göstərmək, müalicə
etdirmək istəyirdilər. Lakin Tolstoy onların bu
iradlarını rədd edərək, var-dövlətin insanlara mənəvi və ruhi
rahatlıq gətirmədiyini, ətrafındakıların boğaza kimi çirkab içində olduğunu
söyləyərək, çıxış yolunu
Allaha bütün
varlıqları ilə bağlanmalarında, Allahın insanları
sevdiyi kimi,
insanların da uca
Yaradanı saf və təmənnasız
sevməsində, pisliklərdən əl çəkməsində
gördüyünü söylədi. Amma artıq dünya
şöhrətli ədibi öz ailəsində
belə, başa düşmək istəmir
və onun hər addımını, dediyi hər sözü əsəbiliklə
qarşılayırdılar. Bütün bunlar Tolstoyun ağır
sarsıntılar keçirməsi ilə müşayiət olunurdu. Belə bir vəziyyət
isə uzun müddət davam
edə bilməzdi. Elə də oldu.
Artıq ailə üzvləri ilə bir
yerdə yaşamağın mümkün
olmadığını görən Tolstoy
1910-cu il, oktyabr
ayının 28-də (köhnə rus təqvimi
ilə noyabrın 10-da) gecə gizlicə Yasnaya
Polyananı tərk etdi. O, həyatının
son dövrlərini
təkbaşına və özü istədiyi
kimi yaşamaq istəyirdi.
Bəzi məlumatlara görə, Tolstoy
Krıma, oradan
isə Yunanıstan və ya Bolqarıstana
getmək istəyirdi. Tolstoyu bu gizli səfərdə
şəxsi həkimi D. P. Makovitski
müşayiət edirdi. Şekino
stansiyasında qatara minən Tolstoy Qorbaçov
stansiyasında düşdü və bir müddət burada
gözləyəndən sonra başqa bir qatara minərək yoluna davam etdi. Belə ehtimal edilir ki, Tolstoy, əvvəlcə,
səfərini yarımçıq qoyaraq geri qayıtmaq istəyib. Ancaq
sonra öz fikrini dəyişərək yenidən yolunu davam etdirmək qərarına
gəlib. Kozelsk stansiyasında yenidən qatardan düşən Tolstoy
Optin Pustın istiqamətində getməyə
başladı. Ertəsi gün o, Şamordin monastrında
bacısı Mariya ilə görüşdü.
Sonra Şamordinoya Tolstoyun qızı Aleksandra öz rəfiqələri
ilə qonaq gəldi. Tolstoy
bundan sonra burada qalmağı düzgün
hesab etməyərək, Makovitski
ilə birgə Kozelsk stansiyasına gəldi
və buradan cənub istiqamətində yola düşdü. Amma Tolstoy hara
və nə üçün getdiyini bilmirdi. Yolda onlar yenidən qatardan düşərək, Volovoya
stansiyasına qədər bilet aldılar.
Makovitskinin dediyinə görə, Tolstoy ruhi və mənəvi
dinclik axtarırdı və bu səfər zamanı o,
Novoçerkaska, oradan
da Bolqarıstana və ya
Yunanıstana getmək istəyirdi. Bu, baş tutmayacağı halda
isə yazıçı yenidən Qafqaza
getmək və oradakı sadə insanlar
arasında axtardığı mənəvi
rahatlığı tapmaq niyyətinə düşmüşdü. Ancaq
o, bir qədər qətiyyətli
görünmürdü, tərəddüd
içində idi.
Ölümünü yaxınlarından uzaqlarda tapdı
Lakin
Tolstoya bu səfəri başa vurmaq nəsib olmadı. Bu yolçuluq daha çox ölümünü
axtaran adamın öz
ölümünə doğru getməsini
xatırladırdı. Tolstoy son illərdə ruhi
sarsıntılar keçirdiyindən fiziki
cəhətdən çox zəifləmişdi. Bu da onun
tez-tez xəstələnməsinə səbəb
olurdu. Nəticədə Tolstoy
yolda xəstələndi və vəziyyəti
get-gedə ağırlaşmağa başladı. Buna görə də həkimi Makovitskinin
təklifi ilə səfərini yarımçıq saxlamağa məcbur oldu. Tolstoy və onu
müşayiət edən şəxsi həkimi Astapovo stansiyasında (indiki
Lev Tolstoy, Lipetsk vilayəti)
qatardan düşdülər. Amma gedəcəkləri yerləri yox idi. Xəstə Tolstoy ilə geriyə Yasnaya
Polyanaya qayıtmaq isə mümkün
deyildi. Onları bu vəziyyətdən
yerli stansiyanın rəisi İ. İ. Ozolin qurtardı. O, xəstə Tolstoyu öz evinə dəvət
edərək, ona xüsusi
xidmət göstərməyə başladı. Tolstoy ömrünün son 7 gününü stansiya rəisinin
evində keçirdi. 1910-cu il, noyabr ayının 7-də
( köhnə təqvimlə
20-də) Rusiya həyatının
aynası hesab edilən böyük
yazıçı 82 yaşında həyata göz
yumdu. Onun ölümü bütün
dünyada böyük
kədər və üzüntü ilə
qarşılandı. Tolstoyu anadan olduğu doğma Yasnaya Polyanada, uşaqlıq illərinin ən şirin günlərini keçirdiyi
meşə kənarındakı yarğanda
dəfn etdilər. O, uşaqlıqda burada qardaşı ilə birlikdə bütün insanları xoşbəxtliyə qovuşduracaq “yaşıl pöhrə”
axtarmışdı. Tolstoyu keşiş və dini mərasim
olmadan dəfn
etmişdilər. Çünki
ölümündən 9-10 il əvvəl
kilsə onu dinsiz elan etmişdi. Onu da deyək ki, Tolstoyun vəfat etməsindən xeyli sonralar SSRİ dövründə ermənilər
böyük yazıçının guya erməni keşişləri tərəfindən
keçirilən mərasimlə dəfn edildiyini
yazmış və bu zaman
təsdiqini tapmamış saxta şahid ifadələrinə istinad
etmişdilər. Amma o dövrdə Tolstoyun dəfnini işıqlandıran qəzetlər
böyük yazıçının erməni
keşişləri tərəfindən və ya
hansısa dini mərasimlə dəfni barədə
bir kəlmə belə
yazmamışdılar. 1913-cü ildə Tolstoyun
qızı atasının dini mərasimlə
dəfn edildiyi barədə
yazıb. Ancaq bu onun daha çox
atasının dinsiz kimi
dəfn edilməsini özünə
sığışdırmayan Sofya Tolstoyun öz zadəcan
imiclərini qoruması təsiri bağışlayır.
Yeri
gəlmişkən, qeyd edək ki, Lev Tolstoy hələ 1895-ci
ildə öz gündəliyində yazmışdı: “Əgər
mümkünsə, məni dini mərasimlə dəfn etməyin.
Əgər bu mümkün olmasa, onda məni istədiyiniz kimi
olduqca sadə şəkildə dəfn edin”.
Tolstoy Allahı çox sevirdi
Əslində
Tolstoyun bu yazdıqları onun kilsədən və xristian
dinindən üz döndərməsi kimi dəyərləndirilə
bilər. Amma bu,
vaxtilə sovet ideoloqlarının iddia etdiyi kimi,
Tolstoyun Allahdan üz döndərməsi demək deyil. Tolstoy Allaha inanırdı və onun
etirazı dini yanlış istiqamətə
yönəldən və ondan öz çirkin məqsədləri
üçün istifadə edən
fırıldaqçı və riyakar din xadimlərinə idi.
Digər tərəfdən də, Tolstoy xristian dinindəki Yaradanla
yaradılan arasında Həzrəti İsanın simasında
vasitəçiliyi qəbul edə bilmirdi.
O bu baxımdan İslam
dinində arzuladıqlarını tapmışdı və bu dinin digər dinlərdən
daha üstün
mövqedə dayandığını xüsusi
vurğulayırdı.
Əslində
Tolstoy nicat yolunu İslamda axtarana qədər böyük əzablı
bir yol keçmişdi. O, həyatının
ilk dövrlərində kilsəyə və
insanların xristian dini
vasitəsilə paklaşacağına inanırdı. Lakin kisə ilə yaxın təmasda
olmasından sonra xristian
dininə münasibəti dəyişdi. Çünki
o, addımbaşı keşişlərin
riyakarlığı ilə üzləşirdi və belə bir vəziyyət isə onun
ruhi sarsıntılar keçirərək,
tədricən kilsədən üz
döndərməsinə gətirib çıxardı. O, kilsə
barəsində məktublarının birində belə
yazırdı:
“Kilsəyə,
onun mənasını izah etməyi tapşıran dünya istədiyini
edirdi. Dünyamız hər şeydə İsanın təliminə
zidd olan həyat təsiri
bağışlayır, kilsə isə insanların
İsanın qanunlarına uyğun
yaşadıqları barədə eyhamlar uydururdu. Və bu
onunla nəticələndi ki,
dünyamız bütpərəstlikdən də pis həyat sürməyə başladı. Amma yenə də kilsə nəinki bu həyata bəraət qazandırır, hətta
İsanın təliminin məhz bundan ibarət
olduğunu iddia edirdi”.
Yasnaya Polyana, mart 1909-cu il
Bu
baxımdan həyatın mənasının, mənəvi
idealın, varlığın gizli umumi
qanunauyğunluqlarının əzablı
axtarışları, mənəviyyatın və sosial durumun
fəlsəfi tənqidi onun bütün
yaradıcılığından keçir. Bu müstəvidə
də kilsəni tənqid edərək ondan
uzaqlaşması Tolstoyun tənhalığına
yol açdı. Ən yaxın
dostları belə kilsədən
üz döndərən Tolstoya
arxa çevirərək, onunla
əlaqələri ya tamam
kəsdilər, ya da onunla olduqca soyuq davranmağa
başladılar. Çünki Tolstoyun tamamilə qeyri-adi
təfəkkürü çox hallarda rus cəmiyyətinə
aydın deyildi
Ona görə də uzun illər Tolstoyun tədqiqatçıları onun dini tənqid etməsi və nicat yolunu İslam dinində axtarması barədə susmağa üstünlük vermişlər. Bu baxımdan hətta günümüzdə rusların özlərinə belə, Tolstoyun Allah, ruh, bilik, məhəbbət, həyatın mənası və s. haqqında təsəvvürlərini əks etdirən elmi əsərləri nisbətən az məlumdur.
Zaman.-2012.-23 fevral.-S.14.