“Xocalıda 613 deyil, 1000-dən çox insan qətlə yetirilib

 

Fevralın 26-da erməni quldur dəstələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı həyata keçirilmiş və tarixdə bugünə kimi bənzərinə  rast gəlinməyən soyqırımının 20 ili tamam olur.

 

 Bəs Xocalı soyqırımının arxasında kimlər dayanırdı və biz  bu faciənin qarşısını ala bilərdikmi? Bizi maraqlandıran bu və digər suallara cavab almaq üçün həmin dövrdə Dağlıq Qarabağda “Səhər” qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərmiş və bölgədə baş verən bütün hadisələrin, o cümlədən  Xocalıda erməni quldur dəstələri tərəfindən həyata keçirilmiş soyqırımının canlı şahidi olmuş “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğluya (Ələkbərli) müraciət etdik. 

- Şamil müəllim, siz Xocalı soyqırımı və Dağlıq Qarabağda baş verən bütün hadisələrin canlı şahidi olan çox azsaylı jurnalist həmkarlarımızdan birisiniz. Bu baxımdan həmin dövrdə Xocalıda, o cümlədən Dağlıq Qarabağda nələr baş verirdi?

- Əslində o dövrdə Qarabağda baş verənləri dillə təsvir etmək mümkün deyil. Ermənilər rusların yardımları ilə Dağlıq Qarabağdakı Azərbaycan kəndlərində kütləvi şəkildə qırğınlar törədir və bölgədə etnik təmizləmə siyasətini həyata keçirirdilər. Yenə də çox təəssüflər olsun ki, o dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr hər vasitəylə bölgədə baş verənləri ictimaiyyətdən gizlətməyə çalışırdılar. Bu da Qaradağlıda, Malıbəylidə, Kərkicahanda və digər yerlərdə ermənilər tərəfindən azərbaycanlıların kütləvi qətliamlarına yol açdı. Həmin kəndlərdə onlarla, yüzlərlə dinc sakin, o cümlədən uşaqlar, qadınlar və qocalar diri-diri yandırıldı, süngülərə keçirildi və dillə deyilməsi mümkün olmayan bir şəkildə vəhşicəsinə qətlə yetirildi. Bəlkə də, o dövrdə bölgədə baş verənlər barədə respublika ictimaiyyətinə düzgün məlumat çatdırılsaydı, onda sonralar başımıza gətiriləcək daha böyük faciələrin qarşısını qismən də olsa, almaq olardı. Mən həmin dövrdə Dağlıq Qarabağda “Səhər” qəzetinin müxbiri kimi fəaliyyət göstərirdim və bölgədə, o cümlədən Xocalıda baş verənlər barədə müntəzəm olaraq Bakıya əsl həqiqətləri əks etdirən yazılar göndərirdim. Eyni zamanda kiçik bir fotoaparatım vardı və onunla baş verənləri çəkirdim. Müəyyən maneələrə baxmayaraq, “Səhər” qəzeti çətinliklə də olsa, bölgədə baş verənlər barədə göndərdiyim reportajlar əsasında ictimaiyyətə əsl həqiqətləri çatdıra bilirdi.

Amma hakimiyyəti idarə edənlər öz tabeliklərində olan mətbu orqanlar vasitəsilə bizim yazdıqlarımızı təkzib etməyə çalışır və bununla da ictimaiyyət arasında çaşqınlıq yaradırdılar. Belə bir siyasət isə Xocalının təcridinə yol açaraq, ermənilər tərəfindən tarixdə görünməmiş bir qətliama gətirib çıxardı.

- Xocalı soyqırımı zamanı siz bölgədə idiniz və baş verən dəhşətlərin şahidi olmusunuz. O günləri necə xatırlayırsınız?

- Mən faciə baş verən gün Xocalı yaxınlığındakı “Neftbaza” adlanan yerdə idim. Hava şaxtalı, qarlı-boranlı idi. Elə bil o insanlar da Allahın qəzəbinə gəlmişdilər. Ətrafdakı meşənin hər yeri Xocalını tərk edərək, Ağdama üz tutan və ermənilər tərəfindən qeyri-insani şəkildə qətlə yetirilən insanların eybəcər hala salınmış cəsədləri ilə dolu idi. Ermənilər, xüsusilə, 13 yaşlı qızı vəhşicəsinə təhqir edərək öldürmüşdülər. Bir ananın ayaqlarını bağlayaraq onu təhqir etmiş, sonra da qətlə yetirmişdilər. Vəhşilər nə qadınlara, nə qızlara, nə də südəmər uşaqlara belə rəhm etməmişdilər...  Sonralar ermənilər xocalılılara çıxmaq üçün koridor verdiklərini bəyan etdilər. Amma bu ağ yalandır. Çünki Xocalıdan qaçaraq, 4-5 istiqamətdən Ağdama doğru üz tutan insanları hər yerdə gülləyə tutaraq, qanlarına qəltan eləmişdilər. Əgər ermənilər əli silahlı adamlara divan tutsaydılar, bunu başa düşmək olardı. Ancaq onlar əli yalın silahsız insanlara, uşaqlara, qadınlara vəhşicəsinə aman verməmişdilər.

Xocalı soyqırımını törətməklə ermənilər insanlıq adına layiq olmadıqlarını bir daha sübut etdilər. Onu da deyim ki, o vaxt biz meşədən yaralıları çıxarmaqla məşğul idik. Biz onlarla yaralını faciə baş vermiş ərazilərdən çıxararaq, Ağdam xəstəxanasına və hərbi qospitala apardıq. Ağdam şəhər xəstəxanasının və hərbi qospitalın həkimlərinin səyləri nəticəsində onlarla Xocalı sakini ölümdən xilas edildi. Yaralıların ölümün pəncəsindən alınmasında Ağdam xəstəxanasının keçmiş baş həkimi Tariyel Eyvazov, Ağdamdakı qospitalın rəhbəri polkovnik Qurban Cəlalov xüsusi rol oynadılar.

Fevralın 26-da axşam çətinliklə də olsa, Ağdama gəldim və baş verən hadisələr barədə “Səhər” qəzetinə telefonla məlumat verdim. Mənə dedilər ki, axı rəsmi məlumatlara görə, Xocalıda cəmi 2 nəfər öldürülüb. Mən bunu eşidəndə özümdən asılı olmadan ağladım. Dedim ki, siz məgər mənə, bölgə müxbirinizə inanmırsınız? Mənimlə danışan Hidayət Elvüsal  hönkürtümə dözməyərək: “Ağlama, sənə inanırıq, Xocalıda baş verənlər barədəki rəsmi məlumatı manşetdən çıxarıb yerinə sənin məlumatını qoyuruq”,- dedi. Ertəsi gün rəsmi qəzetlər Xocalıda cəmi iki adamın öldürüldüyü, “Səhər” qəzeti isə baş verən dəhşətli faciə, yüzlərlə dinc sakinin qətli barəsində məlumat yaydı. Bu, Azərbaycanda böyük əks-sədaya səbəb oldu. Bir də bilirsiniz, məni ən çox nə narahat edir? Həmin dövrdə rəsmi məlumatlarda Xocalıda 613 nəfərin qətlə yetirildiyi deyilir. Amma mən hesab eləyirəm ki, bu rəqəm daha böyük olmalıdır. Hesablamalarıma görə, Xocalıda qətlə yetirilənlərin sayı 1000 nəfərdən çoxdur. Çünki Xocalıda yerli əhalidən başqa oraya tikintidə işləmək üçün respublikamızın müxtəlif yerlərindən ezam olunan yüzlərlə adam, o cümlədən Özbəkistandan didərgin salınaraq Xocalıda məskunlaşdırılan Ahıska türkləri vardı.

- Sizcə, Xocalı faciəsinin soyqırım kimi beynəlxalq səviyyədə tanıdılmasına nə mane olur?

- Xocalı faciəsinin tanıdılması üçün dövlət səviyyəsində çox işlər görülüb. Xocalıda baş verənlər barədə xarici mətbuatda müəyyən yazılar gedib. Ancaq gəlin açıq danışaq: Qərbdə erməni təəssübkeşliyi var və bu amil onların Xocalı soyqırımına insani baxımdan qiymət verməsinə mane olur. Bu məsələdə xristian-müsəlman amili də az rol oynamır. Ancaq dini, milli mənsubiyyətindən asılı olmayaraq faciəni ürək ağrısı ilə dəyərləndirənlər də var. Məsələn, rus polkovniki Savelyev həmin dövrdə bölgədə rus əks-kəşfiyyatının rəisi idi. O, baş verən hadisələrin şahidi olmuşdu. Sonralar bununla bağlı Savelyev Rusiya müdafiə nazirinə, o cümlədən Prezident Boris Yeltsinə yazdığı məxfi raportda bildirmişdi ki, Xocalıda rus zabitinin şərəfi ləkələnib.

- Xocalı qətliamının 20 ili tamam olur. Bu müstəvidə rəhbərlik etdiyiniz qurum tərəfindən hansı tədbirlər həyata keçirilib ya daha nələri etməyi planlaşdırırsınız?

- Öncə qeyd edim ki, “Xocalı Soyqırımını Tanıtmaİctimai Birliyi 2007-ci il noyabr ayının 16-da müvafiq orqanlar tərəfindən qeydə alınıb. Bu qurumun yaradılmasından məqsəd Xocalı soyqırımını beynəlxalq aləmə daha geniş şəkildə tanıtmaqdır. Fəaliyyətə başladığımız ilk günlərdən bir sıra layihələr həyata keçirmişik. Bu çərçivədə Azərholdinq”in dəstəyi iləXocalı soyqırımını dünyaya tanıdaq”,  Qarabağ Xocalı soyqırımına mətbuatda dəstəklayihələrini ictimaiyyətə təqdim etmişik. Bu çərçivədə 2009-cu il fevral ayının 4-də Hollandiyanın Haaqa şəhərində fəaliyyət göstərən Türklərin Soyqırımını Araşdırma Vəqfi ilə anlaşma imzalamışıq. Bu anlaşmaya əsasən, Haaqa şəhərində Qarabağ faciəsi Xocalı soyqırımı  ilə bağlı böyük bir ictimai məhkəmənin keçirilməsi planlaşdırılıb. Təəssüflər olsun ki, maliyyə çatışmazlığı üzündən biz bu layihənin reallaşmasını təxirə salmalı olmuşuq. Çünki ictimai məhkəmənin keçirilməsi, oraya Ermənistandan adamların dəvət edilməsi, vəkillərin, media nümayəndələrinin iştirakı üçün külli miqdarda xərclər tələb olunur. Həyata keçirdiyimiz digər bir layihə isəErmənistanın Qarabağ türk soyqırımıadlanır. Ötən ilin dekabr ayında Almaniyanın Köln Berlin şəhərlərindəQarabağ faciəsi Xocalı soyqırımı fotoşəkillərdəadlı sərgi keçirməli idik. Ancaq milad bayramı olduğu üçün sərgini bu ilin fevral ayında keçirməyi qərara aldıq. Fevralın 22-də nümayişinə başladığımız  foto-sərgi fevralın 27-nə kimi davam edəcək. Azərbaycanın Almaniyadakı səfiri bu işə dəstək verir. Yeri gəlmişkən onu da deyim ki, Almaniyada alman müəllif tərəfindən Xocalı haqqında kitab çap olunub sərgi əsnasında bu kitabın da təqdimat mərasimi keçirilib. Nəhayət, mən fürsətdən istifadə edərək, Xocalı faciəsinin dünyada tanıdılmasında iştirak edən Azərbaycandakı Türkiyədəki həmkarlarıma təşəkkür edirəm. Əgər mətbuatımız olmasaydı, Xocalı soyqırımından dünya vaxtında xəbər tuta bilməyəcəkdi.

- Şamil müəllim, fəaliyyətiniz zamanı üzləşdiyiniz problemlər varmı?

- Əlbəttə, bizim əsas məqsədimiz Xocalı soyqırımını beynəlxalq aləmdə tanıtmaq üçün daha böyük tədbirlər həyata keçirməkdir. Ancaq bunun üçün lazımi şərait yoxdur. Müvafiq qurumlara çoxsaylı müraciətlərimizə baxmayaraq, bugünə kimi təşkilatımıza qərargah ayrılmayıb. Məcbur olub şəraiti olduqca pis olan ucuz otaq kirayələmişik. Burada xaricdən gələn qonaqları qəbul edə, onlara Xocalı barədə daha ətraflı məlumat verə, faciə ilə bağlı sənədli foto və video materialları nümayiş etdirə bilmirik. Əgər müvafiq qurumlar təşkilatımız üçün bizə heç olmazsa, orta şəraiti olan qərargah ayırsaydılar, biz onda indikindən 30-40 dəfə səmərəli fəaliyyət göstərə bilərdik. Hər halda bizim vəzifəmiz Xocalı soyqırımının dünyada tanıdılmasında hökumətimizə yardım etməkdir. Müvafiq qurumlar isə bu iş üçün bizə şərait yaratmalı, məsələ ilə bağlı Prezident İlham Əliyevin göstərişlərini yerinə yetirməyə borcludurlar...

 

 

ƏZİZ MUSTAFA

 

Zaman.-2012.-25-27 fevral.-S.8.