“Müasir
Azərbaycan poeziyası öz qəhrəmanını
axtarır”
SSRİ dövründə müəyyən ideologiyaya xidmət etməsinə baxmayaraq, Azərbaycanda ədəbi tənqid daha obyektiv və fəal idi. Müstəqilliyimizin
ilk illərində bu
sahədə durğunluq olsa
da, artıq yenidən bir
canlanma hiss olunur. Bunu nəzərə
alaraq, Azərbaycan
poeziyası və nəsrinin dünəni, bu
günü və sabahı barədə yeni məlumatlar toplamaq qərarına
gəldik. Bu məqsədlə də ədəbi
tənqidimizin ağsaqqallarından hesab
edilən tanınmış tənqidçi Vaqif
Yusifliyə müraciət etdik.
- Vaqif müəllim, son illərdə Azərbaycan poeziyası və nəsrində
müəyyən bir canlanma hiss olunur. Bu baxımdan Azərbaycan
nəsrinin günümüzdəki durumunu necə dəyərləndirirsiniz?
- Əgər
ədəbiyyatımızın son 60 ildə keçdiyi yola nəzər
yetirsək, o canlanmanı həmişə hiss etmişik. İstər
sovet dövründə, istərsə də müstəqillik
illərində şeirimiz də, nəsrimiz də şairlərin
və nasirlərin bolluğu ilə diqqəti cəlb edib. Bu,
məsələnin bir tərəfi.
İkincisi,
hər bir onillikdə ədəbiyyata yeni istedadlar gəlir. 50-ci
illərdə B. Vahabzadə, N. Xəzri, H. Arif, Qabil, Ə.
Kürçaylı kimi artıq gənclik dövrünü
başa vurub tanınan və seçilən şairlərlə
bir sırada Ə. Kərim, M. Araz, N. Həsənzadə, T.
Bayram kimi gənc şairlər poeziyada bir canlanma yaratdılar.
Bu fikri o dövrün gənc nasirləri - İ.
Şıxlı, İ. Hüseynov, B. Bayramov haqqında da deyə
bilərəm. F. Sadıq, İ. İsmayılzadə, Ə.
Salahzadə, V. Səmədoğlu, C. Hüseynzadə, M.
İsmayıl, M. Yaqub, S. Sərxanlı, T. Abdin, Anar,
Elçin, Ə. Əylisli, İ. Məlikzadə, F. Kərimzadə,
Ə. Hacızadə, S. Azəri, 70-ci illərdə M. Oruc,
Afaq, S. Budaqlı, Z. Yaqub, B. Vəziroğlu, V. Bayatlı, A. Məmmədli,
R. Rövşən, 80-ci illərdə Aqil Abbas, A. Həsənli,
Əlisəmid, A. Əhmədgil, Kəramət, A. Qoşqar,
Yaşar, R. Qusarçaylı, S. Şəkərli, 90-cı
illərdə Salam, Q. Nəcəfzadə, H. Herisçi, S.
Sarvan, E. Hüseynbəyli, S. Yusifoğlu, B. Sadiq, 200-ci illərdə
Aqşin, Z. Əzəmət, M. Köhnəqala, R. Qaraca, Tərlan
və s. gənc istedadlar yetişdilər.
Görürsünüz, ədəbiyyatımız müəllif
və istedad sarıdan heç bir zaman korluq çəkməyib.
Və buna görə də Azərbaycan poeziyasının və
nəsrinin günümüzdəki durumunu nikbin nəzərlərlə
seyr edirəm.
Hərçənd
ki, indi yazarların sayı həddindən artıqdır, amma
bundan ötrü narahat olmağa dəyərmi? Yox!
Çünki indiki oxucuların səviyyəsi də
artıb, o, hər şeyi (ələlxüsus, cəfəngiyyat
yazıları) oxumur.
- Belə demək mümkünsə,
müstəqilliyin özü ilə ədəbi həyatımıza
gətirdiyi durğunluqdan xilas ola bilmişikmi?
- Mən
o fikirdə deyiləm ki, müstəqillik ədəbi həyatımıza
durğunluq gətirib. Sadəcə, ictimai-siyasi həyat yeniləşəndə
ədəbiyyatda bir müddət zahiri susqunluq yaranır.
Zarafat deyil, biz 70 illik sosializm ruhunu ürəyimizdən
silmişik, yeni dövr başlanıb və ədəbiyyata
da bu dövrə köklənmək üçün bir az nəfəs
dəyməliydi. İndi artıq durğunluqdan söz gedə
bilməz.
- İstər nəsrimizdə, istərsə
də, poeziyamızda yeni nəfəs kimi kimləri fərqləndirmək
istərdiniz?
-
Poeziyamızda və nəsrimizdə yeni nəfəslər
çoxdur. Mən yeri gəldikcə öz tənqidçi
missiyamı yerinə yetirərək, onların ilk şeir
kitabları barədə yazılarla qəzet səhifələrində
çıxış edirəm. “525-ci qəzet”də bu barədə
iyirmiyə yaxın məqaləm çıxıb. Ayselin,
Feyziyyənin, Şahinə Könülün, Cavidanın, Tərlanın,
Narıngülün, Şəmşadın, Rəbiqənin,
F. Metenin ilk şeir kitabları haqda söz açıb
onların uğurlu, ya uğursuz şeirləri haqda obyektiv
fikir söyləməyə çalışmışam. Deyə
bilərəm ki, son on ilin poeziyasında zərifliyi, incəliyi
ilə seçilən lirik şeirlər sayına və
sanbalına görə ötən onilliklərdəkindən
heç də geri qalmır.
Lirik
“mən”in etirafları; həyat sevgisi, gözəllik
duyğusu şeirin yaraşığı olan bədii təsvir
və ifadə vasitələri ilə poetik məna kəsb
edir. Dünya sanki bu lirik “mən”in içinə
sığışır, həyatın keşməkeşləri,
min bir sevinci və qəmi, təbiətin gözəllikləri
və hüznü, bütün ayrılıqlar, sevgi
duyğuları, səadətin, məhəbbətin rəngləri,
naxışları, Göyüzü, Yerüzü… Budur,
müasir Azərbaycan şeirinin duyğular, hisslər mənzərəsindən
bəzi görüntülər:
“Niyə yubanırsan bulaq başında, gözlərim
tez dolan kuzədi, götür. Ömrümü mən sənə
bağışlayıram, beş gün sürməmişəm,
təzədi, götür” (Salam Sarvan).
“Heç
də ağıllanmaz sərsəri yağış, Elə
bu könlüm də onun tayıdı. Gözümdən axsa
da sevgi yaşları, Hamı elə bilir yağış
suyudu” (Əjdər Ol). “Ayıra bilməzsən məni kədərdən, içimin, çölümün
işığı dərddi. Görüb-görmədiyin
vaxt yaddaşında Nə varsa
Allahdan aşağı-dərdd” (Nisəbəyim). “Getməyə
yerim, Qayıtmağa göyüm yox. Hamı sevgidən
danışır, Sevməyə ürəyim yox. Ölüm
gözəldir, deyirlər, Ölməyə heyim yox”.(Səhər).
Müasir
Azərbaycan şeiri bu gətirdiyim şeir
parçalarından da bəlkə daha mükəmməl, daha
orijinal nümunələrlə zəngindir. Bəli, son on ildə,
doğrudan da, ŞEİRDƏN
ŞEİR KİMİ
danışmaq mümkündür. Onlarla, yüzlərlə mənasız
şeir kitabları və kütləviləşmənin
yaratdığı xaos içərisində özünü
itirməyən ŞEİRLƏR yaşayır, nəfəs
alır və ümidlə sabaha boylanır.
-
Satirik şeirimizlə bağlı elə bil nə isə
çatışmır...
- Azərbaycanda satirik şeir həmişə olub və olacaq.
Əlbəttə, burada kiçik
bir haşiyəyə
ehtiyac duyulur. Sovet dövründə Mirzə
Cəlil, Sabir ənənələri şeirimizdə
heç də sönməmişdi. Lakin satirik
poeziyanın hədəfləri
kiçilmişdi, balacalaşmışdı.
Tənqid olunan tiplər
əsasən kimlər
idi? Kiçik məmurlar, balaca
rüşvətxorlar, yarıtmaz
kolxoz sədrləri, içki aludəçiləri,
alverçilər, anbar
müdirləri, tərəzidə
alıcıları aldadan
ticarət işçiləri,
bazarkomlar və s. İri “hədəflər”
satirik poeziyaya tuş gəlmirdi. Amma müstəqillikdən
sonra Sabir ənənələri yenə
dirçəlməyə başladı
və bunun ən bariz nümunəsi
kimi Baba Pünhan
satirası doğuldu.
Onun, doğrudan da, çoxlarına bir az kələ-kötür,
nahamvar görünən satirik
qəzəllərində Mirzə
Ələkbər Sabir
ruhu yenidən dirçəldi.
- Vaqif müəllim, bəzi gənc yazar və nasirlər özlərindən əvvəlki,
xüsusən də sovet dövründə yetişən nəinki orta səviyyəli, həm də kifayət qədər Azərbaycanda və onun sərhədlərindən
kənarda tanınmış
yazarlar və şairlərə münasibətdə
özlərini aqressiv
aparır, onları qəbul etmirlər. Sizcə, bu, onların məsələyə
günümüzdən yanaşaraq
keçmişə üsyan
etmələrindən, yoxsa
yaşlı nəsil qarşısında acizliklərindən
irəli gəlir?
- Mən söz azadlığının əleyhinə
deyiləm. Kim nə yazırsa, öz sözünə cavabdehdir. Ədəbiyyatda
müxalifət ola bilməz. Düşmənçilik hissindən isə
söhbət belə olmamalıdır. Hamımız bir ailənin, bir ocağın sakinləriyik. Rasim Qaraca Rəsul Rzanı sevməyə bilər, amma bir Qaracanın R. Rzanı sevməməsilə
Anara, Elçinə, Ə.
Əylisliyə qarşı
“ittihamlar” irəli sürən gənc yazarlar bir həqiqəti
unudurlar ki, Anarı, Elçini, Ə.Əylislini tənqid
etmək üçün
heç olmasa, onların səviyyəsində
olmalısan. Mənim özümü də
çox tənqid ediblər. Qətiyyən inciməmişəm. Çalışmışam ki, xətirlərinə
dəymədən cavablarını
verim.
- Azərbaycan poeziyasına həsr etdiyiniz məqalələrinizin
birində onu narahat poeziya adlandırmısınız. Bu nə ilə əlaqədardır?
- Azərbaycan poeziyası həmişə inkişafda
olub, dövründən
irəli gələn problemləri, ağrıları
narahatlıqla gündəmə
gətirib. Bu baxımdan
son iyirmi ilin Azərbaycan poeziyasını
ümumi şəkildə
belə səciyyələndirə
bilərik: NARAHAT POEZİYA. Narahatlıq: zamanından, epoxasından
asılı olmayaraq, poeziyanın daxili təbiətini ifadə edir. Bütün dövrlərdə zamanın keşməkeşlərindən,
açıqda və gizlində gedən sosial və mənəvi burulğanlarından
irəli gələn situasiyalar, hadisələr
və olaylar poeziyanın ruhuna da çöküb.
Amma heç bir dövrdə ədəbiyyatımız,
xüsusilə poeziyamız
özünün NARAHAT dövrünü
bir belə çətinliklə yaşamamışdı.
Bəlkə sistemin, quruluşun
dəyişməsindən, əvvəlki həyat ritminin pozulmasından, yeni ictimai, siyasi
və mənəvi münasibətlərin hələ
də şüurlara
hakim kəsilməməsindən, məmləkətdə baş
verən qarışıq
olaylardan doğur bu narahatlıq? Əlbəttə,
bunların hər biri səbəb ola bilər.
Bir müddət qürbətdə
yaşayıb Vətən
torpağına dönən
Tofiq Abdinin 2009-cu ildə yazdığı əsəbi və bir az da ironik bir
şeirini xatırlayıram:
Hara gedir bu məmləkət görəsən,
Gedir şellənə-şellənə.
Qarşıdan bir bəla gəlir,
Aman, yellənə-yellənə.
Poeziyanın narahatlığını bir mənada ölkənin, məmləkətin
narahatlığı ilə izah etmək olarsa, digər tərəfdən, başqa
səbəblər də
var. Və bu səbəbləri ölkədə,
insanların münasibətlərində
deyil, bəlkə elə ədəbiyyatın,
poeziyanın özündə
axtarmaq lazımdır.
Bizim fikrimizcə,
poeziya öz qəhrəmanını axtarır. Elə bir qəhrəman ki, yaşadığımız
dövrün əhvali-ruhiyyəsini
öz varlığında
əks etdirsin, dünyanın bu xaos və hərc-mərcliyində
bizi ruhən sakitləşdirsin, işığını
bol eləsin, ürəklərdən ürəklərə
bir körpü olsun, hamımızı bir bayraq altında
birləşdirsin, lazım
gələrsə, bizə
yol göstərsin, həyatın, gerçəkliyin
mürəkkəb situasiyalarından
baş çıxarmaqda
mənəvi dəstəyimiz
olsun. Əlbəttə,
yaxşı bilirik: ədəbiyyat maddi-fiziki gücə malik deyil ki, həyatı
dəyişdirsin, Qarabağı
işğaldan azad etsin, xaosu aradan
qaldırsın, amma ədəbiyyat elə bir mənəvi gücə də malikdir ki, onu
heç nə ilə əvəz etmək olmaz. Bu da SÖZdür… Çiçək kimi zərif
olduğu qədər
qılınc kimi iti, kəsərli.
- Günümüzdəki
Azərbaycan nəsrində
və poeziyasında nə çatışmır?
- Azərbaycan nəsrində
və poeziyasında bir az ortabab ritm hökm
sürür. Ədəbi
hadisə ola
biləcək gözəl
əsərlər az yazılır.
- Nəsrimizin və poeziyamızın gələcəyini necə
görürsünüz?
- Mən həmişə ədəbiyyatın gələcəyinə
nikbin baxmışam. İndi də elə Azərbaycan torpağı
təkcə nefti və digər maddi sərvətləri ilə deyil, ədəbi sərvətləri
ilə də seçilir. Dünyaya
Nizamini, Füzulini bəxş edən torpaq, ölkə, Vətən yenə də öz dahilərini yetirmək iqtidarındadır.
ƏZİZ
MUSTAFA
Zaman.-2012.-28-29
fevral.-S.13.