Əbdürəhman
Fətəlibəyli - yaxşı
tanımadığımız qəhrəman (4)
Əbdürəhman
bəy haqqında danışarkən onda anadangəlmə sərkərdəlik
istedadının olması faktını xatırlatmamaq olmur. Ona
görə də, alman əsirliyində olarkən yuxarıda
adını çəkdiyimiz digər keyfiyyətləri ilə
yanaşı qeyri adi hərbi istedadı ilə alman
generallarının diqqətini cəlb etmişdi. Nəhayət,
ondan danışarkən ilk növbədə əsir azərbaycanlıların
iştirakı ilə milli legioner alaylarını yaratması
yada düşür. Bu alaylar sovet ordusu ilə
döyüşlərdə düşmənə ağır
zərbələr vuraraq, onlarda çaşqınlıq əmələ
gətirmişdi. Sovet ordusu generalları döyüş
meydanlarında legionerlərdən təşkil olunmuş
alaylarla qarşılaşmaqdan ehtiyat edir və onlar
haqqında: “Dəli kimi vuruşurlar, elə bil ki, ölümə
deyil, toya-bayrama hazırlaşırlar. Onlara qalib gəlmək
alman əsgərləri üzərində qələbə
çalmaqdan qat-qat çətindir”, - deyirdilər. Sovet ordusu
generalları bunu legionerlərin almanlardan qorxması kimi də
dəyərləndirirdilər və döyüş
meydanlarında onların göstərdikləri qəhrəmanlıqları
da bu müstəvidən izah edirdilər. Amma sovet
generalları sadə həqiqəti, anlamırdılar vəya
anlmaq istəmirdilər. Bu həqiqət isə ondan ibarət
idi ki, almanlar tərəfdə vuruşan və əsir
düşən müxtəlif millətlərə mənsub
olan milli legionerlər vətənlərinin azadlığı,
əsarətdən xilas olması üçün qeyri- adi
şücaətlər göstərirlər.
Yeri
gəlmişkən onu da deyək ki, Azərbaycanın müstəqilliyini
əldə etməsindən 20 il ötməsinə baxmayaraq, hələ
də vətən uğrunda canlarından keçən və
böyük qəhrəmanlıqlar göstərən legionerlərimiz
barədə biz çox şeyi bilmirik. Bu günə kimi
legionerlərimizin fəaliyyəti ən az
araşdırılan məsələlərdən biridir. Bu
sahədə yalnız iki nəfər araşdırma
aparıb. Onlardan biri Nəsiman Yaqubludur. O, II Dünya
müharibəsi zamanı legionerlərimizin fəaliyyətinə
həsr edilən “Azərbaycan legionerləri” kitabını
yazıb. Tarix elmləri namizədi Məmməd Cəfərli
isə arxivlərdə uzun müddət işləyərək, Azərbaycan legionerlərinin bədii
yaradıcılığından bəhs edən monoqrafiya
yazıb. Ancaq bu iki əsər legionerlərimizn fəaliyyətinin
işıqlanması üçün zənnimizcə
azlıq edir. Legionerlərlə bağlı
araşdırmaların aparılması o dövrün
canlı şahidləri olan və hazırda çox az sayda
qalan həmvətənlərimizin xatirələri
toplanılmayıb.
Azərbaycan
milli legionlarının gəlincə onların mərkəzi
qərargahı Polşa ərazisində yerləşirdi. Nəsiman Yaqublu “Azərbaycan
legionerləri” adlı kitabında yazır: “Legionerlərin
ümumi sayının 36 mindən 65-70 minədək olduğu
göstərilməkdədir. Bütün legionerlər
könüllü şəkildə qollarında öz vətənlərinin
fərqləndirici atributunu gəzdirirdilər. Lakin, onlar alman
forması geyməyə məcbur idilər. Legionerlərin sol
qollarında üçrəngli bayrağımız və
ay-ulduz həkk olunmuş fərqlənmə nişanı
vardı”.
Azərbaycan
legionerləri cəbhədə qeyri-adi qəhrəmanlıqla
döyüşürdülər. Bunu alman generallarının
açıqlamaları da sübut edir. Belə ki, 804-cü
taburun döyüşlərdə göstərdiyi qəhrəmanlıqların
şahidi olan Şərq könüllü birliklərinin
komandanı general Köstrinq 1942-ci ilin oktyabrında onları
təbrik edərək demişdi: “Sizin yeni bir qəhrəmanlığınızı
daha duydum, çox sevindim və sizi xüsusi olaraq təbrik
etmək üçün buraya qədər gəldim. 804
saylı taburun buraya göndərilməsinin səbəbi, sizə
olan etimadımızı bir daha gücləndirmək
üçündür. İndi biz qafqazlıların ruslara
qarşı almanlardan daha yaxşı çarpışmaq
qüdrətində olduğunu anladıq. Yaşasın vətən
uğrunda çarpışan qafqasya qəhrəmanları!”.
Onu da deyək ki, azərbaycanlı
legionerlərin cəbhədə göstərdikləri
qeyri-adi qəhrəmanlıqlar barədə Berlində nəşr
edilən “Siqnal” qəzetində də mütəmadi olaraq
yazılar gedirdi. Bu yazıların birində deyilirdi: “Aslan
sözünün azərbaycanca mənası şir deməkdir.
1943-ci ilin yazında, bu söz bütün Kubanda şərəf
və qəhrəmanlıq rəmzinə çevrildi. Cəbhənin
bu bölgəsindəki döyüşlərdə fərqlənən
mayor Fətəlibəylinin başçılıq etdiyi Azərbaycan
taburu döyüşçülərini “Aslan”
adlandırırdılar. Mayor isə indinin özündə
belə həyəcanını gizlətmədən bu qəhrəman
günləri xatırlayır. “Yüksək şərəf
rəmzi” hücum nişanıdır. Yalnız əlbəyaxa
döyüşlərdə müstəsna bacarıq və
kişilik göstərənləri həmin nişanla təltif
edirlər. Kuban çöllərində azərbaycanlı
döyüşçüləri şərqli
könüllülərdən birinci olaraq ilk belə hücum
nişanlarına layiq görüldülər. Belə
nişanlardan biri mayorun da döşündən
asılıb”.
Fəlakət
gəldi
Almaniyanın müharibədə məğlub
olmasından sonra legionerlərin faciəsi başladı. Müttəfiq
qoşunları komandanlığı özlərinə təslim
olaraq bu yolla bolşevik qətliamından xilas olmaq istəyən
legionerləri zorla sovet generallarına təhvil verirdi.
Onların isə çoxu qırmızı ordu əsgərləri
tərəfindən ya yerindəcə güllələnir, ya
da Sibirə sürgün edilirdilər. Həmin dövrdə
Azərbaycan legionerlərinin bir qismini zorla müttəfiq
qoşunları sovet ordusuna təhvil verdi. Digər hissəsi
bunu görüb müttəfiq qoşunlarından gizlənməyə
çalışırdı. Əbdürəhman Fətəlibəyli
və M. Rəsulzadə legionerlərin bir hissəsinin
Türkiyəyə köç etməsini istədilər.
Lakin məsələ ilə bağlı pis duruma düşmək
istəməyən Türkiyə
Azərbaycan və Türküstan türklərindən
olan legionerləri qəbul etməkdən imtina etdi. Ona görə
legionerlərin bir hissəsinin yaşadıqları müxtəlif
ölkələrdə qeyri- leqal şəkildə
yaşaması və gələcəkdə onların tədricən
Türkiyəyə və digər yerlərə
köçürülməsi qərara alındı.
Onu
da deyək ki, bu işlə o dövrdə həm M. Ə. Rəsulzadə,
həm də Ə. Fətəlibəyli- Düdənginski məşğul
olurdular. Bu məqsədlə M. Ə. Rəsulzadə
Almaniyanın Münhen şəhərində, Ə. F. Düdənginski
isə İtaliyanın Roma şəhərində legionerlərin
yerləşdirilməsi üçün bir sıra tədbirləri
həyata keçirdilər. Həmin dövrdə Ə: Fətəlibəylinin
təşəbbüsü ilə legionerlərin bir hissəsi
İtaliyada sığınacaq tapmışdı. Onlar ingilislərin nəzarəti altında olan zonada məskunlaşmışdılar.
Bir
sözlə, mayor Əbdürəhman Fətəlibəyli və
digər legionerlərin həyatı həmin dövrdə
olduqca ağır idi. Buna baxmayaraq, Ə. Fətəlibəyli
və ailəsi, həmçinin təxminən 600 nəfərə
yaxın azərbaycanlı legioner çətinliklə də
olsa, İtaliyadan Misirə gedə bildi. İki il orada
qaldıqdan sonra Ə. Fətəlibəyli ailəsi ilə
birlikdə Münhenə ( Qərbi Almaniya) gələrək
orada yaşamağa başladı. Həmin dövrdə soyuq
müharibə yenicə başlamışdı və
ABŞ-da qurulan Amerikan Komitəsi bolşevizmlə mübarizə
məqsədi ilə mühacirətdə yaşayan
keçmiş əsirlərin ana dillərində təsis
etdikləri nəşrləri maliyyələşdirməyə
başladı. Amerika Komitəsinin yardımı ilə 1952-ci ildə Münhendə Fətəlibəyli
tərəfindən “Azərbaycan” jurnalının ilk sayı
işıq üzü gördü.
Azadlıq radiosunun Azərbaycan
redaksiyasının ilk şefi
Bolşevizmlə
soyuq müharibədə təbliğatın əhəmiyyətinə
xüsusi önəm verən ABŞ-ın maliyyə
yardımı ilə 1953-cü il mart ayının 1-də
Münhendə Azadlıq radiosu
(ilk
adı “Qurtuluş” idi) fəaliyyətə başladı. Onun
Azərbaycan redaksiyasının rəhbəri isə Əbdürəhman
Fətəlibəyli təyin edildi. Azərbaycan
redaksiyasının efirə ilk verilişi 1953-cü il mart
ayının 6-da getdi. Redaksiyanın əməkdaşları
isə mühacirətdə yaşayan və sovet rejiminə
xüsusi nifrəti ilə seçilən savadlı
mühacirlərimiz idilər.
Əbdürəhman
Fətəlibəyli bu münasibətlə efirdəki ilk
çıxışında SSRİ-ni kəskin şəkildə
tənqid etmişdi. O çıxışında dedi: “Həmvətənlər!
Nəhayət bizim öz xüsusi səsimiz var! Stalin polis
terroru bizi öz evimizdə susmağa məcbur etsə də,
xaricdə qorxmadan və maneəsiz danışa bilərik...
Biz azərbaycanlılar... kommunist rejimini məhv edib,
alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq.
Harada olmağımızdan asılı olmayaraq...
hamımız ürəkdən bir şeyi istəyirik: Kreml
hakimiyyətinin yıxılmasını!”
Qatili də azərbaycanlı oldu
Münhendə antisovet Azadlıq
radiosunun fəaliyyətə başlaması Moskvada
böyük təşvişlə
qarşılanmışdı. Radionun fəaliyyətinə
mane olmaq və onun əməkdaşları arasında qorxu
yaratmaq məqsədi ilə SSRİ xüsusi xidmət
orqanları sevimli metodlarından biri olan terror yolunu seçdilər.
Bu müstəvidə də Fətəlibəylini məhv etmək
üçün Moskvada xüsusi plan hazırladılar.
Planın müəllifi Dövlət Təhlükəsizliyi
Komitəsinin (DTK) zabiti “Müller” ləqəbli Georgi
Vladimiroviç idi. Planın həyata
keçirilməsi isə əslən azərbaycanlı olan
keçmiş legioner Mikayıl İsmayılova
tapşırıldı. Keçmiş alman əsiri olan
Mikayıl İsmayılov da legioner kimi sovet ordusuna
qarşı döyüşmüş və İtaliyada
yaşayarkən orada yerli qızla ailə həyatı qurmuşdu.
O, 1951-ci ildə müxtəlif yollarla Azərbaycana qayıda
bilmişdi. Onun Azərbaycana qayıtmasından isə Əbdürəhman
Fətəlibəylinin xəbəri yox idi. SSRİ xüsusi
xidmət orqanları Mikayıl İsmayılovu xüsusi
tapşırıqla yenidən geriyə göndərdilər.
Mikayıl İsmayılov vaxtı ilə yaxşı
tanıdığı Ə. Fətəlibəylinin yenidən
etimadını qazana, onun yanında Azadlıq
radiostansiyasında işə düzələ bildi. Amma o, DTK
tərəfindən nə üçün buraya göndərildiyini
Fətəlibəyliyə deyir.
Zaman.-2012.-5-6 iyul.-S.7.