“Pambıqçı
Sürəyya barədə film çəkmək
mənim üçün maraqlı
olardı”
Bir
neçə gün əvvəl Türkiyənin məşhur
sənət adamlarından olan tanınmış aktyor və
müğənni Gökhan Güney FBM estetik
klinikasının dəvəti ilə ölkəmizə səfərə
gəlib. Gökhan Güney 1954-cü ildə
Hatay vilayətinin Reyhanlı rayonunda anadan olub. Yeddi qardaşın
ən balacası olan Güney 1967-ci ildə İstanbula köçüb. İlk
musiqi təhsilini Melahat Parsın rəhbərlik etdiyi Kadıköy Musiqi Cəmiyyətində alan sənətçi
1979-ci ildə “Qaribin çilesi” adlı ilk albomunu çıxarıb.
Bu günə qədər 50-dən artıq
filmin çəkilişində
aktyor və rejissor olaraq iştirak edib. Əksər filmlərdə baş rolun ifaçısı olan Güney 10-a yaxın filmin rejissoru olub. Gökhan Güney eyni zamanda türk xalq musiqisinin ən güclü ifaçılarından biri
hesab edilir. Onunla söhbətimizdə həm
şəxsi həyatı,
həm də yaradıcılığı ilə
bağlı suallarımıza
cavab almağa çalışdıq.
- Gökhan bəy, ilk dəfədir Azərbaycanda olursunuz. Bilmək istərdik, Azərbaycana gəlməzdən
əvvəl bu ölkə barədə nələri bilirdiniz? Ümumiyyətlə, Azərbaycanı necə təsəvvür
edirdiniz?
- Azərbaycana gəlməzdən əvvəl
bu ölkə barədə məlumatlı
deyildim. Ancaq Türkiyədə işləyən, yaşayan
çoxlu azərbaycanlı
dostlarım var. Həmin
dostların sayəsində
mən Azərbaycanı
və azərbaycanlıları
özümə doğma
hesab etmişəm.
Mən Bakı ilə Türkiyənin hər hansı bir şəhəri arasında
fərq görmürəm.
Arada sərhədlər olsa da, mən heç
vaxt Azərbaycana xarici ölkə kimi baxmamışam.
Türkiyədə getmək istədiyim,
amma gedə bilmədiyim yerlər, şəhərlər var. Bakını
da hər zaman belə yerlərdən biri hesab etmişəm. Bakıya gəldiyim zaman da özümü
burada Türkiyədəki
kimi hiss edirəm.
- Bir neçə gündür
Bakıdasınız. Paytaxtımızda
nələri gördünüz,
nələri bəyəndiniz?
- Bakı təsəvvür
etdiyimdən də gözəl şəhərdir.
Bakının Avropa şəhərləri
ilə bənzərliyi
çoxdur. Xüsusilə də, tikilən müasir binalar diqqətimi çox cəlb etdi. Bakıdakı tikililəri Parisdəki
binalarla müqayisə
etmək olar. Bakıda aparılan tikinti işlərindən belə
başa düşmək
olur ki, burada yaxın gələcəkdə daha
müasir binalar inşa olunacaq. “Avroviziya” müsabiqəsinin
keçirildiyi “Kristal Zal”ın
ətrafı olduqca gözəldir. Orada olduğumuz
zaman dedilər ki, çox yaxın zamanlara qədər bu ərazidə istifadəyə
yararsız olan köhnə tikililər olub. Tullantılar bu əraziyə
atılırmış. Üstəlik, nəzərə almaq lazımdır ki, Azərbaycan gənc bir ölkədir.
Yəqin
ki, Sovetlər Birliyi dövründə müstəqil siyasət həyata keçirə bilməyib. Bu baxımdan çox qısa müddət ərzində bu qədər uğur əldə etmək böyük nailiyyətdir.
- Necə fikirləşirsiniz, Gökhan
Güney bu qədər məşhur olmasına görə aktyorluğuna,
yoxsa müğənniliyinə
borcludur?
- Film sahəsindəki uğurlarım
musiqi sahəsindəki
uğurlarımdan daha
çoxdur. 50-dən çox filmdə oynamışam. Bu filmlərin əksəriyyətində
baş rolda çəkilmişəm. Rol aldığım filmlər
o dövrdə olduqca məşhur olub. Həm də bu filmlərdən
böyük gəlirlər
əldə edilib.
Ötən əsrin 70-80-ci illərində
filmlərə böyük
tələbat var idi. Televiziya indiki qədər
geniş yayılmamışdı.
Filmlər əsasən kinoteatrlarda
nümayiş etdirilirdi.
Həmin
dövrdə min nəfər
tamaşaçı tutumu
olan kinoteatrlar fəaliyyət göstərirdi.
İldə 4 filmə çəkilirdim.
Ancaq ötən əsrin
90-cı illərində özəl
televiziya kanalları açıldıqdan sonra
Türkiyədə film sektoru
tənəzzülə uğradı.
Filmlərin yerini televiziya
serialları almağa
başladı. Minnəfərlik kinoteatrlar bağlanmağa
başladı. İndi böyük
kinoteatrlar 100-200 nəfər
tamaşaçı tutur.
Hətta
bir çox kinoteatrın tamaşaçı
tutumu 50 nəfərdən
də azdır.
- Müğənnilikdən
aktyorluğa necə gəldiniz?
- İlk albomum
1979-cu ildə çıxdı. Bundan beş-altı
ay sonra filmə çəkilmək təklifi
aldım. Bildiyiniz kimi,
o dövrdə çəkilən
filimlərin böyük
əksəriyyəti musiqili
olurdu. Bu səbəbdən də filmlərdə səsi gözəl olan mügənnilər rol alırdı. Təkcə səsimin
gözəl olması
deyil, eyni zamanda xarici görünüşüm də
filmə çəkilə
bilməyim üçün
uyğun idi.
- Azərbaycan filmləri haqqında nə bilirsiniz?
- Açığını deyim
ki, Azərbaycan filmləri haqqında geniş məlumatım yoxdur. Bunun da obyektiv səbəbləri var. Türkiyədə
Azərbaycan filmləri
nümayiş etdirilməyib.
Hesab edirəm ki, bu həm bizim,
həm də Azərbaycan tərəfinin
çatışmazlığıdır.
Biz Azərbaycan filmlərini nümayiş
etdirməməklə səhv
etmişik. Amma Azərbaycan tərəfindən
də belə cəhdlər olmayıb.
Azərbaycan, iqtisadiyyatı kifayət
qədər inkişaf
etmiş ölkədir.
Böyük filmlərin çəkilməsi
üçün geniş
imkanlar vardır.
Xüsusilə, Azərbaycanın
tarixini dünyaya tanıtmaq üçün
belə filmlərə
ehtiyac var. Burada dostlardan eşitdiyim bəzi hadisələr filmlər üçün
maraqlı mövzu ola bilər.
Məsələn, pambıq yığan
Sürəyya adlı
bir qızın hekayətini mənə danışdılar. Bu mənim çox xoşuma gəldi. Həmin qız üçün yazılan
mahnını da əzbərlədim: Səhər-səhər
sən tarlaya çıxanda, Səs yayılır hər mahala Sürəyya.
Bu mövzuda film çəkmək mənim
üçün maraqlı olardı.
- Bəs
Azərbaycan müğənniləri ilə necə,
tanışlığınız olubmu? Ümumiyyətlə,
Azərbaycan musiqisi haqqında məlumatınız varmı?
- Bu
günə qədər Azərbaycanın sənət
adamları ilə hər hansı bir ünsiyyətim,
tanışlığım olmayıb. Amma dostlarımın
çoxu Azərbaycan mahnılarını oxuyublar. Bu səbəbdən
Azərbaycan musiqisi haqqında, az da olsa, məlumatım olub.
- Azərbaycanlı musiqiçilərlə,
aktyorlarla tanış olmaq, onlarla ortaq layihələr
reallaşdırmağı
düşünürsünüzmü?
- Bu
məsələ ilə bağlı bəzi düşüncələrim
var və buradakı dostlarla da bu barədə söhbətimiz
olub. Gələcəkdə Azərbaycan televiziyalarının
birində veriliş hazırlaya bilərəm. Məsələn,
azərbaycanlı sənətçiləri Türkiyənin gəzməli-görməli
yerlərinə apararaq, orada çəkilişlər aparmaq
mümkündür. Hesab edirəm ki, belə bir
televiziya verilişi maraqlı ola
bilər. Ancaq bu, sadəcə,
söhbətdən ibarətdir.
Ona görə də layihə barədə danışmaq hələ
çox tezdir.
- Gökhan bəy, hazırda Türkiyədə hansı
layihənin üzərində
işləyirsiniz?
- Hazırda bir televiziya serialının çəkilişinə hazırlaşırıq. “Harem” adlandıracağımız bu serialın çəkilişlərinə yaxın bir-neçə ay ərzində başlamağı düşünürük. İndi aktyorların seçimini aparırıq.
ALLAHVERDİ CƏFƏROV,
ARİF İBİŞ,
Zaman.-2012.-24-25 iyul.-S.6.