Qafur Qantəmir: qələmi ilə
bolşeviklərə qarşı savaşan
yazıçı (2)
Onun
hər addımını nəzarətə
götürmüşdülər və hara gedirdisə onu
qarabaqara izləyirdilər. Əvvəlcə, müəyyən
səbəblər üzündən Qantəmirə dəyib-dolaşmır
və yazdıqlarına siyasi don geydirmirdilər.
Çünki rejimin dayaqları hələ xalq içində
kifayət qədər möhkəm deyildi. Amma ötən əsrin
30-cu illərinin əvvəllərindən başlayaraq, Qantəmir
ciddi nəzarət altına alındı və onu həbs etmək
üçün bəhanələr axtarmağa
başladılar. Bu məqsədlə də ədəbiyyatda
sapı özümüzdən olan baltaların köməyi
ilə Qantəmirin üzərinə böhtanlar və
çirkablar yağdırılmağa başlandı.
Öz
üzərində işləməyi çox sevən və
daim yeni nə isə öyrənməyə
çalışan Qantəmir həmin dövrdə kiçik
hekayələr yazmaqla bərabər, həm də təhsilini
artırmağa xüsusi diqqət verirdi. 1914-cü ildə
İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini
bitirən Qantəmir, əvvəlcə,
orada qalıb işləmək istədi. Çünki
İstanbulda oxuduğu illərdə özünə
çoxlu dostlar tapmışdı. Ancaq I Dünya müharibəsinin
başlanması və Osmanlıda da müharibəyə
hazırlıq getməsi və səfərbərlik elan edilməsi
səbəbindən Qantəmir doğma vətənə
qayıtmağa məcbur oldu. Yuxarıda qeyd etdiyimiz kimi, 1908-ci ildə Göyçayda
pedaqoji fəaliyyətlə məşğul
olan Qantəmir 1915-ci ildə “İqbal” məktəbində
dərs deməyə başladı. Onun
yüksək pedaqoji fəaliyyəti həmin
dövrün tanınmış
maarifçilərinin də diqqətini cəlb etmişdi. Xüsusilə, azərbaycanlı
uşaqların maarifləndirilməsini qarşısına əsas
məqsəd qoyan “Nəşri-maarif” cəmiyyəti Qantəmirin pedaqoji
təcrübəsini nəzərə alaraq,
onu 1916-cı ildə Qubada
açdığı məktəbə müdir
təyin etdi. Qubada işlədiyi illərdə
o, buranın ictimai həyatında
yaxından iştirak edir,
tez-tez əhali arasında maarifləndirici
söhbətlər aparır və onları milli
zülmə və müstəmləkəçilik rejiminə
qarşı yeni mübarizələrə
hazırlayırdı.
1917-1918-ci
illərdə ermənilər tərəfindən Azərbaycanda
həyata keçirilən kütləvi qətliamlar Qantəmiri
də üzmüşdü. O, kədərlə
yazırdı ki, ermənilərin dinc Azərbaycan türklərinə,
o cümlədən bütün müsəlmanlara
qarşı həyata keçirdikləri vəhşilikləri
dillə təsvir etmək mümkün deyil. O: “Belə
barbarlığı bəşəriyyət heç daş
dövründə də görməyib. Ermənilər insan
donuna bürünmüş vəhşilərdir. Vəhşidən
sağ qurtarmağın yeganə yolu isə onu məhv etməkdir”,-deyə
yazırdı. Azərbaycan müstəqilliyini əldə
etdikdən sonra ruh yüksəkliyi ilə pedaqoji fəaliyyətini
davam etdirən Qantəmir həm dərs deməklə məşğul
olur, həm də kiçik hekayələr yazırdı. O
dövrdə yazdığı məqalələrindən
birində: “Bizim əsas məqsədimiz Azərbaycanın
müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan
alınmayıb, tökülən şəhid qanları
hesabına başa gəlib. Biz onların axıtdıqları
qanların hədər getməsinə yol verməməli,
müstəqilliyimizin qorunub saxlanılması
üçün hər birimiz şirin canımızdan
keçməyi bacarmalıyıq. Zira millətimizin gələcəyinə
və müstəqilliyimizin hifz olunmasına yol ancaq bundan
keçir”,- deyə yazırdı.
Ona
görə də bolşeviklər tərəfindən
müstəqil cümhuriyyətimizin devrilməsi
yazıçıda böyük kədər hissləri
doğurmuşdu. Sovetlər tərəfindən
müstəqilliyimizin əldə edilməsində xidmətləri
olan insanların sorğu-sualsız güllələnməsi
yazıçının bir müddət özünə
qapılmasına və vəziyyətdən
çıxış yolu axtarmasına səbəb oldu. Əvvəlcə,
Bakını tərk edərək xarici ölkələrdən
birinə, daha doğrusu qardaş Türkiyəyə getmək
fikrinə düşdü. Ancaq sonra anladı ki, bu heç də
düzgün çıxış yolu deyil. Ona görə də
həmin vaxt dostlarından birinə: “Hamı bu ölkəni tərk
etməyə cəhd göstərir. Belə getsə, bu məmləkətdə
kim qalacaq? Bu məmləkət bizə babalarımızdan
yadigar qalıb. Onu qoruyub saxlamaq və gələcək nəsillərə
çatdırmaq və bu yolda mübarizələr aparmaq
müqəddəs vəzifələrimizdən biri
olmalıdır”,- deyə yazırdı.
Ona görə Qantəmir də bir çox vətənpərvər yazıçı və şairlərimiz kimi o dövrdə xaricə getməyərək Azərbaycanda qalmağı və müstəmləkə rejiminə qarşı mübarizəsini davam etdirməyi qərara aldı. Bu məqsədlə də, o, bolşevik rejiminin ilk illərində maarifçilik fəaliyyətini davam etdirdi. Həmin dövrdə o, doğma Göyçayda müəllim kadrları hazırlamaq üçün açılan qısamüddətli pedaqoji kursların işində fəal iştirak edir. Sonra isə Bakıya qayıdaraq, Ali Pedaqoji İnstitutun nəzdində təşkil edilmiş Abdulla Şaiq adına İkinci Dərəcəli Nümunə Məktəbində direktor vəzifəsində çalışdı. Müəllimlik fəaliyyəti ilə yanaşı, tibb sahəsi də Qantəmiri özünə cəlb edirdi. Çünki əhali arasında tibbi kadrlar çatışmırdı. Bunu nəzərə alaraq, Qantəmir 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil oldu. O eyni zamanda müəllimlik fəaliyyətini də davam etdirirdi. Həm müəllim, həm də tibb işçisi kimi mənsub olduğu xalqa xidmət edən Qantəmir bununla da daha geniş əhali kütləsi ilə yaxından tanış olmağa imkan tapmışdı. Bu da ona hər gün təmasda olduğu çoxsaylı kütləyə ehtiyatla da olsa müstəqillik ideyalarını təbliğ etməyə, onları mübarizələrə səsləməyə imkan verirdi.
Qantəmir
dövri mətbuatda kiçik hekayələrlə də
çıxış edirdi. Onun bu hekayələrində
bolşevik rejiminin iç üzü çox ustalıqla
ifşa edilirdi. Ötən əsrin 20-ci illərinin ikinci
yarısında Qantəmir yazdığı ifşaedici hekayələrdən
ibarət “Ağıl dəryası” və “Şarlatanlar”
adlı kitablarını dərc etdirmişdi. Bu hekayələrdə
mövcud rejimə qarşı olan etirazlar və
üsyankarlıq xüsusi xidmət orqanlarının da diqqətini
cəlb etmişdi. Onun hər addımını nəzarətə
götürmüşdülər və hara gedirdisə onu
qarabaqara izləyirdilər. Əvvəlcə, müəyyən
səbəblər üzündən Qantəmirə dəyib-dolaşmır
və yazdıqlarına siyasi don geydirmirdilər.
Çünki rejimin dayaqları hələ xalq içində
kifayət qədər möhkəm deyildi. Amma ötən əsrin
30-cu illərinin əvvəllərindən başlayaraq, Qantəmir
ciddi nəzarət altına alındı və onu həbs etmək
üçün bəhanələr axtarmağa
başladılar. Bu məqsədlə də ədəbiyyatda
sapı özümüzdən olan baltaların köməyi
ilə Qantəmirin üzərinə böhtanlar və
çirkablar yağdırılmağa başlandı.
Yazılarda Qantəmir nələrdə
günahlandırılmırdı. Rejimin nökərlərindən
Ə. Hidayət imzalı birisi isə Qantəmirə
böhtanlar və çirkablar atmaqda hamını kölgədə
qoymuşdu. Bu başabəla “ tənqidçi”, daha
doğrusu, iftira və böhtanlar ustası Ə. Hidayət
“Kommunist” qəzetinin 3 fevral 1936-cı il tarixli sayında “Boş və mənasız
hırıltıya qarşı” məqaləsində Qantəmir
haqqında yazırdı:
“Qantəmiri
biz hələ bu günə qədər xırda hekayələr
müəllifi kimi tanıyırıq. Bu, həqiqətən,
belədir. Qantəmir bizim nəsrimizə özünün
haman xırda hekayələri ilə girmişdir.
Onun
yaradıcılıq bioqrafiyasını da haman xırda hekayələr
təşkil edir.
Qantəmir
bizdə, demək olar ki, 1926-27-ci illərdən aktiv
yazmağa və çap edilməyə
başlamışdır.
Qantəmirin
firqəmizin aprel qərarına qədər yazmış
olduğu hekayələr onun “Ağıl dəryası” və
“Şarlatanlar” kitabçasında toplanmışdır.
Qantəmirin
yazıçılıq yolu çox qısadır. Bu
yaradıcılıq dərin və mürəkkəb bədii
axtarış yolları ilə deyil, çox primitiv xətlərlə
gedir. O, bizim ədəbiyyatımıza özünəməxsus
yol ilə gəlmişdir. Lakin bu yolda mahiyyət etibarilə
heç bir orijinallıq yoxdur. Buna görə Qantəmirin
yazıçılıq yolu bizim ədəbi-bədii
inkişafımız üçün deyil, bəlkə, onun
özü üçün daha xarakterikdir
Qantəmirin
hekayələrində tematik müxtəliflik, öz
yaradıcılıq diapazonunu genişləndirmək təşəbbüsü
görünmür. Onun əsərlərində bizim ictimai
varlığımızı qalib sosializm quruluşu
pozisiyalarından görən və qiymətləndirən gənc
şura yazıçısının həqiqi dünyanı
anlayış ədası yoxdur. O, öz hekayələrinin
sujetini inkişaf etdirərək, hadisələrin ancaq zahiri
fonu ilə kifayətlənir. O, bizim ictimai
varlığımızdakı hadisələrin hər birində
bir məna, hər bir hərəkətdə bir istiqamət
axtarmır”.
Zaman.-2012.-26-27 iyul.-S.12.