Almas
İldırım - qürbətdə Azərbaycan
yanğısını yaşadan şair (2)
Azərbaycanın
işğalından sonra Seyid Hüseyn “Yaşıl qələmlər”
dərnəyinin fəaliyyətini dayandırmağa məcbur
oldu. Çünki bolşeviklər ilk müstəqil dövlətimizə
rəğbət bəsləyən və onun hakimiyyəti
dövründə müxtəlif vəzifələrdə
işləyən adamları və milli ruha sədaqətini
saxlamaqda davam edən bütün vətənpərvər
ziyalılarımızı təqib edərək
sıxışdırmaqda idilər.
Onların
bir çoxu bolşeviklər tərəfindən
sorğu-sualsız Narginə sürgün edilirdi. Adaya
çatar-çatmaz onları güllələyərək dənizə
atırdılar. Bolşevik işğalından sonrakı bir
il ərzində 50 mindən yuxarı Azərbaycan
ziyalısı, hərbçisi və dövlət məmuru
Nargin adasına aparılaraq, orada güllələnmişdi.
Azərbaycanın bolşeviklər tərəfindən
işğalı və minlərlə ziyalımıza,
düşünən beyinlərimizə amansızcasına
divan tutulması Almas İldırımın əl-ayağını
soyudaraq onun özünə qapılmasına gətirib
çıxardı. O, bir müddət heç nə yaza bilmədi.
Ona belə bir ağır vəziyyətdə yenə də
kömək əlini uzadan ustadı Əhməd Cavad və müəllimi
Seyid Hüseyn oldu. Onlar gənc yazarları, o cümlədən
Almas İldırımı yeni milli azadlıq mücadiləsinə
hazırlamaq və ruhi sarsıntı məngənəsindən
xilas etmək məqsədi ilə 1922-ci ildə “Yaşıl
qələmlər” dərnəyinin fəaliyyətini
“Yaşıl yarpaq” adı altında bərpa etdilər. Bu dərnək
Almaz İldırımın şair kimi daha da püxtələşməsinə
və bolşevizmə qarşı aparılan gizli azadlıq
mücadiləsində fəal iştirak etməsinə önəmli
təsir göstərdi.
O zaman Ə.Cavad yenicə təşkil
olunmuş “Ədəbiyyat cəmiyyəti”nin məsul katibi
idi. Almas İldırım da ədibin
yaradıcılığına böyük rəğbət bəslədiyi
üçün bu cəmiyyətə qoşulur. Almas
İldırım cəmiyyətin məcmuəsində 6
şeir dərc etdirir. Oxucular müəllifin “Hindli qız”, “Nəriman”
və “Qərb?” şeirləri ilə ilk dəfə burada
tanış olurlar. Az vaxt ərzində Almas
İldırımın şeirləri bir çox qəzet-jurnalda
çap edilir.
1926-cı
ildə “Ədəbiyyat cəmiyyəti” fəaliyyətini
dayandırır. Buna səbəb cəmiyyətdə yeni
quruluşla ayaqlaşa bilməyən (əslində bunu
heç arzulamayan) C. Məmmədquluzadə,
Ə. Haqverdiyev, S.S. Axundov və
s. “qocaman” yazıçıların nüfuzunun artması idi.
1925-ci
ildə Almas İldırım Abdulla Şaiq tərəfindən
əsası qoyulan məktəbdə (pedaqoji) təhsilini davam
etdirməyə başladı. O burada
dövrünün tanınmış simaları olan
Abdulla Şaiq, Hüseyn Cavid, Qafur Əfəndiyev, Qantəmir,
Seyid Hüseyn Tağızadə və digərlərindən
dərs alır. Belə görkəmli simalarla
tanışlığı isə onun ədəbi-bədii
yaradıcılığında dərin izlər buraxır. Həmin
dövrdə Almasın cəmisi
18 yaşı olmasına baxmayaraq, o, milli ruhdakı
yazdığı şeirləri ilə insana yaşlı, təcrübəli
bir şair təsiri bağışlayırdı.
1923-1927-ci
illərdə yazdığı və müxtəlif mətbu
orqanlarında çap etdirdiyi milli ruhlu şeirləri Almas
İldırımın oxucular arasında geniş şöhrət
qazanmasına gətirib çıxardı. Bu şeirlərdəki
azadlıq mücadiləsinə çağırış
notları aydın şəkildə nəzərə
çarpırdı. Bu da onun çox gənc 19 yaşında
ikən adının xüsusi xidmət orqanları tərəfindən
qara siyahıya salınmasına və xüsusi nəzarətə
götürülməsinə yol açdı. Buna paralel
olaraq, gənc şair müxtəlif ədəbi məcmuələrin
hazırlanmasında iştirak edirdi. Belə ədəbi məcmuələrdən
biri də 1926-cı ildə Süleyman Rüstəmlə
birlikdə ərsəyə gətirdiyi “Dün - bu gün”
şeir məcmuəsi idi. O, həmin dövrdə bu sahədə
fəaliyyətini daha da genişləndirmək niyyətində
idi. Amma hiss edirdi ki, ictimai-siyasi həyatda daha fəal
iştirak etmək üçün təhsilini davam etdirməsinə
ehtiyac var. Bu məqsədlə də 1927-ci ildə Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinə daxil oldu. Ancaq o burada təhsilini davam
etdirə bilmədi. Çünki onun hər addımını
izləyən xüsusi xidmət orqanları Almas
İldırımın tələbələr arasında sovet
hökuməti əleyhinə daha geniş mübarizə
aparacağından ehtiyat edirdi. Ona görə də onlar
varlı ailədən olduğunu əsas gətirərək, Almas İldırımın
universitetdən xaric olunmasına nail oldular. Ancaq onun universitetdən
xaric olunmasının arxasında dayanan daha bir əsas səbəb vardı. Bu da onun 1927-ci ildə
İstanbulda “Həyat” jurnalında çap olunan “A dağlar”
və “Sevdiyim” şeirləri idi. Xüsusi xidmət
orqanları onun bu şeirində sovet hökumətinə
“düşmənçilik” motivləri tapmışdılar.
A.İldırımın
universitetdən xaric olunduğu dövr artıq milli
düşüncəli ziyalıların təqiblərinin
gücləndiyi, milli mənlik şüurunun izləndiyi illər
idi.
Almasın
1927-ci ildə yazdığı “Nə üçün?”
şeiri təqiblərə, haqsızlıqlara qarşı
üsyan idi, bu üsyan o qədər güclü idi ki, Almas,
“nə üçün şair doğuldum?” deyə fəryad
çəkir, bu zalım və haqsız cəmiyyətdə
yaşamağa məhkum olduğu üçün özünə
nifrət edirdi.
Universitetdən
qovulması olduqca həssas ruhlu A.İldırıma vurulan daha
bir zərbə olur. O bundan uzun
müddət mənəvi
sarsıntı keçirir, bir arada düşüncələri
də dəyişir. Yeni proletar həyatına
uyğunlaşmağa cəhd göstərir. Ona elə gəlir
ki, bu, düşdüyü vəziyyətdən
çıxmağın yeganə yoludur. Ona görə də
adını etibarsız adamlar siyahısından sildirmək
üçün könülsüz də olsa arabir sovet
sistemini tərənnüm edən şeirlər yazmağa cəhd
edir. Ancaq hiss edir ki, o bunu bacara bilməyəcək.
1928-ci
ildə Almas İldırım Azərbaycan Proletar
Yazıçıları Cəmiyyətinə üzv
olmağı qərara alır. Amma ilk günlərdən də
buna görə vicdan əzabı çəkməyə
başlayır. O, hiss edir ki, bu yolun, belə bir əqidənin
sahibi deyil və burada işğalçı rejimə nökər
kimi xidmət edə, onun hər buyruğunu kölə kimi
yerinə yetirə bilməyəcək. Ona görə də
yazdığı şeirlərində yenidən rejimə
qarşı bir nifrət hiss olunmağa başlayır.
Bu da onu
yeni faciələrə gətirib çıxardı. Məhz əqidəsinin
əleyhinə gedə bilməməsi səbəbindən
yazdığı yeni şeirlərində keçmişin həsrəti,
özünü əhatə edən mühitə qarşı
bir üsyan hiss olunmağa başladı. Ona görə də
rejim Almas İldırımı həbs etmək
üçün bəhanə axtarmağa başladı. Bu məqsədlə
mətbuatda Almas İldırıma qarşı yenidən sərt hücumlar
başlandı. Onu da deyək ki, A.İldırıma qara
yaxanlar, ona çirkab atanlar əsasən öz “həmkarları”,
rejimə daha çox yaltaqlanan və sonralar sovet
dövründə yüksək vəzifələr tutan, ayda,
ulduzda SSRİ-yə “
heyranlıq” axtaran yazıçı və şairlər idilər.
Onlar ötən əsrin 20-ci illərinin ortalarından
başlayaraq, Almas İldırımı hədəfə
alaraq, onun simasında qati antisovet şairi obrazı yaratmağa
çalışırdılar. Təbii ki, onlar bunu
qırmızı imperiyanın təhlükəsizlik idarəsinin
sifarişi ilə edirdilər. Məqsəd tənqid edilən
adamın simasında cəmiyyətdə düşmən
obrazı yaratmaq və bu yolla onun həbsinə bəhanə əldə
etmək idi. Belə də oldu. Məhz imperiya nökərləri
kimi çıxış edən yerli satqınların mətbuatda
Almas İldırımın ünvanına
yağdırdıqları iftiralar onu həbs etmək
üçün xüsusi xidmət orqanlarını hərəkətə
gətirdi. Bolşevik rejimi o dövrdə cəmi 21
yaşı olan Almas İldırımdan qorxulu bir terrorçu
kimi ehtiyat etməyə başlamışdı və onun Azərbaycanda
qalmasını həzm edə bilmirdi. Ona görə də
1928-ci ildə bolşevik rejimi şeirlərində millətçilik
hissləri təbliğ etdiyinə, sovet rejiminə
qarşı düşmən mövqeyindən əl çəkmədiyinə
görə Almas İldırımı Dağıstana
sürgün etdi. Amma bolşevik rejimi vətəndən kənarda
belə onu sındıra, tutduğu haqq yolundan döndərə
bilmədi. Sürgündə də Almas İldırım sinəsində
gəzdirdiyi vətən sevgisinə, milli azadlıq mücadiləsinə
sadiq qaldığını nümayiş etdirdi.
Sürgündə Almas İldırım ona böyük şöhrət
gətirən və rejimin başı üzərində bomba
kimi partlayan “Dağlardan xatirələr”, “Ləzgi elləri”,
“Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?”
adlı şeirlərini yazır. Bu şeirlərində
şair dağların simasında azadlıq simvolu
görmüş və bunu həsrətlə tərənnüm
etmişdi. “Ləzgi elləri” şeirində isə Almas
İldırım ləzgilərin dili, dini bizlərdən
olmayan kafirlərə qarşı azərbaycanlılarla birgə
apardıqları azadlıq mübarizlərini həsrətlə
oxucularına xatırladırdı.
1930-cu ildə sürgün həyatını
başa vuran Almas İldırım yenidən Azərbaycana
qayıtdı. Həmin ildə də o, Bakıda “Dağlar səslənərkən”
şeirlər məcmuəsini nəşr etdirdi.
Kitabdakı
“Gözəlim” adlı şeirində Almas İldırım Vətənə
sevgisini, milli azadlıq mücadiləsini cəsarətli şəkildə
ortaya qoymuşdu:
Kəbəm
oldun, mehrabına diz qoydum,
Xızrım
oldun, dərgahına göz qoydum.
Qərib
düşdüm, torpağına üz qoydum,
Bir
sormadın, nədir dərdim, gözəlim
Hara getsəm
arxamda bir ahım var,
Yazıb
baş qoymağa bir dərgahım var.
Əlbət
ki, mənim də bir Allahım var,
Gün gəlir,
hürr olur yurdum, gözəlim.
Bu
şeir onun azadlıq üsyanı, eyni zamanda azadlıq iniltiləri,
ilk müstəqil cümhuriyyətimiz üçün
tökdüyü sanki göz yaşları idi. Bunu
yaxşı anlayan senzura kitabın yayılmasına icazə
vermədi.
Senzura
kitabdakı şeirlərdə
düşmənçilik motivləri olduğunu və
onun sovet rejiminə qarşı açıq üsyana
çağırmaq ruhunda yazıldığını bəhanə
gətirərək, Almas İldırımın cəzalandırılması
barədə Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinə
müraciət etdi. Azərbaycan Yazıçılar Birliyi,
öz növbəsində, burjua şairi kimi Alması öz
sıralarından xaric etdi. “Dağlar səslənərkən”
kitabı isə bəzi üzdəniraq “tənqidçilər”
tərəfindən tənqid hədəfinə çevrildi.
Onu tənqid
edənlərdən biri B. Zəngili təxəllüslü
Hüseyn Bünyadov idi. O, sovet rejiminə yalmanan və mənəviyyatsız
adam kimi tanınırdı. B. Zəngili 2 mart 1931-ci ildə “Kommunist” qəzetində Almas
İldırımın “Dağlar səslənərkən”
adlı şeirlər kitabını məntiqsiz şəkildə
tənqid etdi. Halbuki, onun özünün şeirdən, ədəbiyyatdan
düz-əməlli başı çıxmırdı. O,
ömründə zor-güclə cəmisi 5-6 cızmaqara edə bilmişdi. Əslində Zəngilinin
sifarişlə yazdığı “yazı” daha çox
ittihamnaməni xatırladırdı. Yeri gəlmişkən,
onu da xatırladaq ki, Zəngili həmin dövrdə eyni tərzdə
Səməd Vurğunu və Mikayıl Müşfiqi də tənqid
etmiş, hətta onları sovet rejiminin qatı düşmənləri
adlandırmaqdan belə çəkinməmişdi. Bu isə 1937-ci il repressiyalarına
hazırlıq idi. Məsələn,
məhz Zəngilinin yazdığına əsaslanaraq,
Mikayıl Müşfiqə qarşı irəli sürülən
ittihamnamədə belə yazılmışdı:
“İstintaq müəyyənləşdirdi ki, 1926-cı ildən
1930-cu ilə qədər Almas İldırımzadə və
Nəsir Quluzadə tərəfindən İsmayılzadə
Mikayıl Müşfiq Qədir oğlu əksinqilabi
müsavatçı ruhunda hazırlanmışdır”.
Bu
ittihamnamə eyni ilə Zəngilinin üslubunda, onun
manerasında yazılıb. Vaxtilə Zəngili tərəfindən
Almas İldırım, Mikayıl Müşfiq və Səməd
Vurğun haqqında yazılan böhtan dolu yazılarla bu
ittihamnamə bir alma kimi oxşardır. Hətta ittihamnamədəki
cümlələrlə Zəngilinin tənqidi
yazılarındakı cümlələr biri-birilərini təkrarlayırlar.
Zəngili
“ O gözələ” şeiri haqqında “Təzəcə
boynuna boyunduruq taxılmış xalq” ifadəsini işlətmişdi.
O həmin məqaləsində yazırdı: “O gözələ”
adlı şeiri oxuyanda biz bunu aydın görürük”.
Şeir
“O gözələ” adlansa da, burada sevginin, məhəbbətin
ünvanı qız yox, Vətəndir. Şair “O gözələ”
üz tutub yenə yurdunun, Vətəninin dərdindən, qəmindən
danışır, azadlığını, dövlətçiliyini
itirdiyindən ürək ağrısı ilə söhbət
açır.
ƏZİZ
MUSTAFA
Zaman.-2012.-17-18 iyul.-S.12.