Qafur Qantəmir: qələmi ilə bolşeviklərə qarşı savaşan yazıçı (1)

 

O, Azərbaycandan kənara çıxmaq, heç olmasa, qonşu ölkələrlə yaxından tanış olmaq, təhsilini daha da artırmaq niyyətində idi. Xüsusilə qardaş Türkiyənin ədəbi mühiti onu maqnit kimi özünə cəzb edirdi. Bu məqsədlə də 1911-ci ildə Qafur həm təhsini davam etdirmək, həm də İstanbulun simasında sivil dünyanı daha yaxından duymaq məqsədi ilə Türkiyəyə getdi. O, İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olaraq, burada oxumağa başladı.  

Onu çoxlarımız, bəlkə də, yaxşı tanımırıq, çünki haqqında az yazılıb və sonralar da nə üçünsə onun yaradıcılığına münasibətdə olduqca ehtiyatlı davranılıb. Amma onun Azərbaycan ədəbiyyatı və xalqı qarşısında xidmətləri heç də o dövrdə meydan sulayan şair və yazıçılarımızdan az olmayıb. O, ötən əsrin 20-30-cu illər ədəbiyyatımızın realist yazıçılarından biri idi və yazdığı kiçik, satirik və gülüş ruhlu hekayələri ilə, belə demək mümkünsə, sovetlərin iç üzünü ifşa edirdi.  Təsadüfi deyil ki, o dövrün tanınmış tənqidçilərindən biri hesab edilən Mustafa Quliyev: “Qantəmirin yazdığı hekayələrdəki hər cümlə sovet rejiminin əleyhinə çevrilib. O, çəkinmədən yazdığı hər cümlə, hər sözlə sovet hökumətinə atəş açır, özünü sovet hökumətinin qatı düşməni kimi aparır”,- deyə yazmışdı.

Əslində həmin dövrdə Qantəmirin sovet hökumətinə qarşı qələmi ilə apardığı mübarizə Əhməd Cavad, Salman Mümtaz, Hüseyn Cavid, Mükayıl Müşfiq və digərlərinin rejimə qarşı açdıqları savaşın bir səhifəsi idi. O bu mübarizədə başına nələrin gələcəyini öncədən hiss etmiş və ona görə də özünə Qantəmir ədəbi təxəllüsünü götürmüşdü.  Ona görə də yazdığı ifşaedici hekayələri ilə bu müqəddəs vətənin səadəti üçün insanları rejimə qarşı yeni azadlıq savaşlarına hazırlamaq istəyirdi və bu yolda da gözlərini belə qırpmadan ölümə getdi.

 

Azadlıq savaşına aparan yol

 

Qafur Sədrəddin oğlu Əfəndiyev 1888-ci ildə Azərbaycan milli istiqlalına onlarla qəhrəman bəxş etmiş Göyçay mahalında (Potu kəndi) anadan olub. Həmin dövrdə Qafurun atası Sədrəddin Əfəndi dövrünün tanınmış maarifpərvər ziyalılarından biri hesab edilirdi. O, mədrəsədə dərs deməsinə baxmayaraq, o dövrdə  çox insanların zehinlərində kök salan dini fanatizmdən uzaq, mövcud reallığa obyektiv yanaşmağı bacaran açıqgözlü, Zərdabi ruhlu bir ziyalı  idi. Çarizmin  müstəmləkəçilik siyasətini yaxşı başa düşən və Sədi Salis təxəllüsü ilə şeirlər  yazan Sədrəddin Əfəndi mədrəsədə dərs dediyi uşaqlarda vətən sevgisi, istiqlal, savaş ruhu aşılayır və onların əsl vətənpərvər kimi yetişməsi üçün əlindən gələni edirdi. O, mədrəsədə dərs dediyi oğlu Qafura da uşaq yaşlarından vətən sevgisi aşılamış və tədricən onu gələcək savaşlara hazırlamışdı. Hələ kiçik yaşlarından atasının təsiri altında klassik şərq şairlərinin əsərləri ilə yaxından tanış olan Qafur gecə-gündüz mütaliə edər, özü də gizlicə şeirlər yazardı. Amma atası onun ədəbiyyata və şeirə marağını hiss etmişdi və ona görə də oğluna mükəmməl təhsil vermək niyyətində idi. Sədrəddin Əfəndi 1905-ci ildə artıq 17 yaşında olan oğlu Qafuru Göyçaya gətirərək, o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbə qoydu. Bu məktəbdə oxuduğu illər Qafurun həyatında yeni səhifələr açaraq, onun gələcək həyat yolunu müəyyən etməsində mühüm rol oynadı.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, İbrahim Həqqi yeni üsulda açdığı məktəbdə həm avropatipli, həm də Şərq ruhuna uyğun gələn bir təhsil verməyi qarşısına əsas məqsəd kimi qoymuşdu.

 Bu məqsədlə də o, Qərb və Şərq təhsilini sintez edərək yeni bir mükəmməl dərs sistemi yaratmışdı. O uşaqları çox sevir və onların simasında gələcəkdə özünün də dediyi kimi, Azərbaycanı dünyada tanıdacaq ziyalılar, rəhbərlər görürdü. İbrahim Həqqi ilk gündən Qafurun simasında arzularını reallaşdıra biləcək bir gənc tapdığını anladı və onunla xüsusi məşğul olmağa başladı. Göyçayda sevimli müəllimi İbrahim Həqqinin məktəbində təhsilini başa vuran Qafur Əfəndiyev bir müddət “İqbal” məktəbində müəllimlik etdi. Bu məktəbdə o da şagirdlərə yeni üsulla dərs deyir və onların açıq, savaş ruhlu savadlı gənclər kimi yetişməsi üçün yorulmadan çalışırdı. “İqbal” məktəbində müəllimlik etdiyi dövrdə Qafur Əfəndiyevin həyatında daha bir önəmli hadisə baş verdi. O, həmin dövrün tanınmış ədəbi simaları olan Abbas Səhhət və Mirzə Ələkbər Sabirlə tanış oldu. Bu da gənc Qafurun ədəbi dünyagörüşündə silinməz izlər buraxaraq, onu bədii yaradıcılıqla məşğul olmağa həvəsləndirdi. Sonralar özünün də etiraf etdiyi kimi, uzun müddət Sabirin şeirlərinin təsiri altında qaldı. Hətta özünü ona bənzətmək, onun kimi yazmaq fikrinə də düşdü. Ancaq sonra hiss elədi ki, Sabir kimi, hətta Səhhət kimi belə, yaza bilməyəcək və olsa-olsa onları zəif şəkildə təqlid edəcək. Ona görə də bu fikrindən vaz keçərək, özü bildiyi  və qələminin gücü çatdığı kimi yazmağa çalışdı. Bu məqsədlə də kiçik hekayələr yazmağa başladı. Sonralar Qafur Əfəndiyevin yaradıcılığını tədqiq edən araşdırmaçılardan biri: “Qantəmirin  yazdığı kiçik hekayələrdə Sabir ruhu aydın nəzərə çarpır. O, yaradıcılığının ilk dövrlərində Sabirdən bəhrələndiyini və onun satirasını hekayəyə gətirmək istədiyini gizlətmirdi.  Bir sözlə, onun kiçik hekayələrində Sabir satirasının ruhu olduqca güclü idi”,-deyə yazmışdı.

 Bir az irəliyə gedərək onu da deyək ki, Sabirin satirasının ruhu Qafurun sonralar yazdığı hekayələrinin  də ana xəttinə çevrildi: “Sabir öz şeirlərində millətinin maariflənməsini, ayıq olmasını nə qədər çox istəyirdisə, eləcə də qansızları, millət düşmənlərini, çar məmurlarını satira atəşinə tuturdusa, Qantəmir də hekayələrində bu ideyanı özünəməxsus şəkildə qabardırdı”

Həmin dövrdə Qafur hiss edirdi ki, onun həyatında hələ də nə isə çatışmır. O, Azərbaycandan kənara çıxmaq, heç olmasa, qonşu ölkələrlə yaxından tanış olmaq, təhsilini daha da artırmaq niyyətində idi. Xüsusilə qardaş Türkiyənin ədəbi mühiti onu maqnit kimi özünə cəzb edirdi. Bu məqsədlə də 1911-ci ildə Qafur həm təhsini davam etdirmək, həm də İstanbulun simasında sivil dünyanı daha yaxından duymaq məqsədi ilə Türkiyəyə getdi. O, İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olaraq, burada oxumağa başladı. Həqiqətən də, İstanbul mühiti Qafurun dünyagörüşünün yeni istiqamətdə formalaşmasında, ədəbi baxımdan zənginləşməsində və siyasi baxımdan  əsl vətənpərvər kimi yetişməsində xüsusi bir rol oynadı. İstanbul ədəbi mühiti ilə yaxından tanışlıq isə onu  yazmağa daha çox ruhlandırdı.  Həmin dövrdən də başlayaraq o yazdığı hekayələrini Qantəmir imzası ilə dərc etdirməyə başladı. Qafur da Hüseyn Cavid kimi İstanbul ədəbi mühitinə xas olan ədəbi üslub və dəyərləri Azərbaycan ədəbiyyatına gətirərək, onu məzmunca zənginləşdirdi, formaca təkmilləşdirdi. O da Hüseyn Cavid kimi İstanbul ədəbi mühitindən bəhrələnərək, ədəbi ləhcəmizə yeni özəllik gətirdi və beləliklə, Azərbaycanda, belə demək mümkünsə, İstanbul ədəbi dilinin ruzigarları əsməyə başladı.

İstanbul ruzigarı Qantəmir yaradıcılığındakı Sabir satirasına xac olan özünəməxsusluqla və Mirzə Cəlil tərəfindən əsası qoyulan Molla Nəsrəddin məktəbinə xas olan ifşaedici məzmunla qovuşaraq, ədibin yaradıcılığını daha da zənginləşdirmişdi. Əslində Qantəmir də həmin dövrdəki Sabir və Mirzə Cəlil satirik məktəbinin nümayəndələrindən olan vətənpərvər yazıçı idi. O, həmin dövrdə Azərbaycan ədəbi mühitində xüsusi hörmətə və çəkiyə malik olan Abdulla Şaiq və Hüseyn Cavidlə dost idi və onların arasında səmimi əlaqələr yaranmışdı. Bu əlaqələr isə, öz növbəsində, onların yazdığı əsərlərdəki ideya birliyində, əqidə həmrəyliyində özünü göstərməkdə idi. Qafur İstanbulda hekayələr yazıb, ancaq çox təəssüflər olsun ki, onları çap etdirə bilməyib. Yenə də burada ürək ağrısı ilə qeyd edək ki, repressiya dövründə sürgündə öləndən və bəraət aldıqdan sonra belə onun İstanbulda yazdığı hekayələr çap edilməyib. Niyə? Bu sualın cavabını, görünür, yenə də sovet rejiminin Türkiyə və İstanbul adı gələndə ehtiyat etməsində axtarmaq lazım gələcək.

 

 

  Zaman.-2012.-21-23 iyul.-S.13.