“Etiraf etmək hər
kişinin işi deyil”
Sözün
missiyası insanı dəyişdirmək, daha kamil, daha
üstün mərtəbəyə qaldırmaqdır. Urvatdan
düşməyən söz isə yazıçının
vizit kartıdır. Hər zaman, hər şəraitdə
orijinallığını, əsilliyini qoruyub saxlayan və
sözünə bərabər olan
kişilərdən biridir Seyran Səxavət.
Yazıçı Seyran Səxavətlə söhbətləşmək
sözün işıqlı, həyalı yerinə, ilkinliyinə
qayıtmaqdır. İnanırıq ki, Seyran Səxavətlə
söhbətimizdən hörmətli oxucularımız həzz
alacaqlar.
- Sizə görə həyatda ən
asan və ən çətin şey nədir?
- Mənim
üçün dünyada ən asan şey doğulmaqdır.
Çünki burda mənim heç bir iştirakım
olmayıb. Yəqin ki, ən çətin şey də
ölmək olar, inşallah.
- Ucqar bir kənddə
yaşamağa məcbur olsaydınız,
dolanışığınızı necə
çıxarardınız?
-
İnsan məcburdu ki, özünü saxlasın, yəni
heç kəs könüllü surətdə ölmək
fikrində, iddiasında olmur. Mənim üçün o ucqar
kənd mücərrəd bir şeydir. Amma yəqin o şəraitə
uyğun bir şey fikirləşərdim və
yaşamağa, təbii ki, davam edərdim. Çünki
yaşamaq bütün çətinliklərə baxmayaraq, o qədər
gözəldi ki, insanın yeganə işi, peşəsi, vəzifəsi
elə yaşamaqdır.
- Keçdiyiniz ömür yoluna
baxanda ən çox nəyə üzülür, nəyə
sevinirsiniz?
-
Onları sadalasam çox uzun bir siyahı alınar. Mən
daha çox sevinmişəm, düzdür,
üzüldüyüm anlar da olub. Bəzən elə
üzüldüyüm, yəni əziyyət çəkdiyim
anlar olub ki, bütün o sevinc, fərəh hamısı elə
bil ki, köklü-köməcli çıxıb, elə bil
ki, quruyub, elə bil ki, bir də bitməz, cücərməz...
- Valideyn və müəllimlərdən
başqa, özünüzü kimlərə borclu bilirsiniz?
-
Ümumiyyətlə, mən özümü heç kimə
borclu bilmirəm. Bir Allaha borclu bilirəm ki, onun izni ilə
dünyaya gəlmişəm. O sözü o qədər
işlədiblər ki, adam heç o sözə ilişib nəsə
demək istəmir. Vətən qarşısında borc,
valideyn qarşısında borc, övlad qarşısında
borc, dost qarşısında, tanış qarşısında
borc... Bütün bu deyilənlərə inansaq, belə
çıxır ki, insan elə doğulduğu gündən
ölənə qədər xirtdəyəcən borc
içində yaşayıb. Bu, absurd bir şeydir, uydurma bir
şeydir. Sadəcə, adam balası kimi yaşayırsan,
insafnan, nəfssiz yaşayırsan və hər şey onun
içində öz həllini tapır. Yoxsa, onların
hamısını bir-bir xırdalasan, borcları fikirləşsən
adam dəli olar. Sadəcə olaraq, namusnan, qeyrətnən, nəfssiz
yaşayanda bunun içində hər şey gedir,
bütün borclar bunun içində gedir, əriyir, bu və
ya başqa şəkildə borclar qaytarılır.
-
Uğrunda hər şeydən keçə biləcəyiniz
varlığın adı?
- Bu bir
psixoloji momentdir. Gərək o moment gəlsin. Ancaq orda qərar
vermək olar, orda ancaq nəsə addım atmaq olar. Yəni bu
bir az konkret ovqat tələb eləyir, konkret vəziyyət tələb
eləyir. Çünki elə şeylər var ki, o yolda adam
canından, qanından, hər şeyindən, hər şeyindən
keçə bilər.
- Özünüzü hansı
peşədə daha yaxşı ifadə edə bilərdiniz?
İndiki işinizdən razısınızmı?
- Mən
Allahın, yəqin ki, istəkli bəndələrindən
olmuşam, ona görə ki, mənə az-çox istedad verib
və mən yazı-pozu ilə məşğulam. Əgər
bu olmasaydı, yəqin ki, əlimdən heç bir şey gəlməzdi.
Uzaqbaşı, rəssamlıqla məşğul olardım,
düzdür o sahədə qabiliyyətim sıfırdan da
aşağıdır... O da olmasaydı, qarabağlıyam, səsim
var, oxumaqla özümü ifadə eləyərdim. Yəni
insanın özünüifadə vasitələri həddindən
artıq zəngindir. Sadəcə olaraq, ona tuşlanmaq, ona tənzimlənmək
lazımdır. Amma o da taleyin işidir, yəni bəzən
ona tuşlanmaqnan, istəməynən də olmur...
- Üzr istəmək sizə
ağır gəlmir ki?
- Qətiyyən.
Əgər mənim bir işdə günahım varsa, təbii
ki, olur, hamı kimi, üzr istəyəndə mənə elə
yüngüllük gəlir ki, elə bilirəm, nəbilim,
bir müqəddəs ziyarətgahdayam, bir müqəddəs
ziyarətgahdan qayıtmışam. İnanın, mən bunu
çox səmimi deyirəm. Üzr istəməyin içində
həm də bir etiraf var - səhvini etiraf. Etiraf eləmək
də, başqa cür çıxmasın, çıxsa da
olar, hər kişinin işi deyil. Ona gərək gücün
ola. O güc də nədi, səmimiyyətdir. Səmimiyyətin
olmasa, səhvinə görə, günahına görə
kimdənsə nə üzr istəyirsən, nə də ki,
etiraf eləyirsən. Bunların ikisi də təxminən eyni
şeylərdir. Bəli, mən səhvimi etiraf eləyəndə
bütün varlığımın, bütün hüceyrələrimin
ağrısı bir an içində qırılır, bir
ağırlıqdan qurtarıram və başlayıram adam
kimi, adam balası kimi yaşamağa...
- Sabir deyir: “Ağladıqca kişi
qeyrətsiz olur”, siz necə düşünürsünüz?
-
Ağlamaq özü də çoxşaxəli şeydi.
Böyük şairimiz onu, mən bilən, o mənada deyib ki,
birdən deyirlər ey “tay ağlama dəə...” Söhbət
gözdən yaş çıxmaqdan getmir. Və ağlamağın
da, belə deyək, müxtəlif növləri var.
Çoxdan görmədiyim bir dostun yaxşı sədasına
və yaxud uzaq olsun eşidən qulaqlardan, bir
yaxınını itirməkdən ağlamaq müqəddəs
şeydir. Ya sevincdən ağlamaq, ya da kədərdən
ağlamaq... Tay arvad kimi saçını yolub, üzünü
cırmaqdan söhbət getmir. Heç gözdən yaş gəlməməynən
də ağlamaq olar?
Ağlamağın
şəkli iki cürdür: bir var yaş çölə
tökülür, bir də var adamın öz içinə.
Yəni çölə tökülən göz
yaşlarından içinə tökülən göz
yaşlarının fərqi var. Ağlamaq əslində intim
bir şeydir. İstəmirsən heç kəs
görsün. Mən içəriyə tökülən
göz yaşlarının tərəfdarıyam. Qaldı,
Sabir çox düz deyib. Bu artıq başqa bir
ağlamaqdır. Bunun içində göz qaytarmaq da var,
milyonların var, amma ağlayırsan, yəni “vallah vəziyyətimiz
ağırdır”... Nə vaxt soruşursan: “Nə təhərsən,
ə?” -“Pisəm”. Ə, cəhənnəmə pis ol, gora pis
ol. Bunlar hamısı ağlamağın növləridir.
- “Kaş ki filan ölkədə
doğulaydım, filan xalqın
nümayəndəsi olaydım” dediyiniz olurmu?
- Gərək
düzünü deyəsən də. Mənim nəinki ürəyimdən
keçib, mən onu yazmışam da. “Nekroloq” romanımda iki
obraz özünə millət axtarır. İngilis olmaq,
fransız olmaq, ispan olmaq istəyirlər, axırda gedib
özbəkdə dayanırlar, yəni yerlərini bilirlər.
Mənim də, təbii ki, qəlbimdən keçib. Amma ani
bir şeydir də. Əslində cəmiyyətin
korluğundan və adamın nisbətən zəif anına,
momentinə düşməyindən asılıdır o fikrə
gəlmək, o fikirdə olmaq.
- Evinizdə inciklik olurmu? Olursa,
birinci kim barışır?
- Vallah,
inciklik deyəndə niyə olmur ki... Bəzən deyirlər
ki, hələ əlli ildir bir yerdəyik, güldən
ağır bir söz eşitməmişik, bunlar hamısı
boş şeydi. Onlar əlli il yox, heç dəqiqə də
bir yerdə olmayıblar, yəqin orda-burda olublar, qiyabi
yaşayıblar. Belə götürəndə ağla
batmayan şeydi. Bəli, bizim evdə də inciklik olur. Bəzən
mən özüm də əsəbiləşirəm, bir
anın içində fırtına kimi əsirəm və
tez də sakitləşirəm, kimi ki, incitmişəm
başını sığallayıram, uşaqdırsa konfet
verirəm. Hərəsinin öz pozisiyası var də... O yerdə
həmişə birincilik iddiasında olmuşam və indiyə
qədər də elə o cür yaşayıram.
- Özünüzü kimin
qarşısında günahkar bilirsiniz və kiminsə
günahını bağışlamısınızmı?
-
Baxır günahın həcminə, baxır günahın
xüsusiyyətinə, baxır günahın istiqamətinə.
Elə şeylər var ki, həyatda onlar
bağışlanılmır. Və ümumiyyətlə, mən
çox bağışlayanam. Əslində kimlərləsə
ünsiyyətdə yaşamağın ən birinci şərti
bağışlamaqdır. Bağışlamasan, gərək
qapını bağlayıb evdə oturasan...
- Sizcə, azadlıq istədiyini eləməkdir,
yoxsa istəmədiyini?
- Nə
istədiyini eləmək azadlıqdı, nə də istəmədiyini.
Azadlığın mayasında, bel sütununda bir tərbiyə
olmalıdır, bir əxlaq olmalıdır, bir Allahı
başının üstündə görmə
olmalıdır ki, o azadlıq sonra ətrafındakı
adamlara ziyan verən bir şəkil almasın. Mən başqa
cür azadlığı qəbul etmirəm. Bu, azadlıq
deyil, məni bağışlayın, xalqın
sözüdür bu - heyvərəlikdir. Mən həmişə
azad olmuşam. İndi Azərbaycan
xalqı azad olub, öz müstəqil dövlətimiz var. Amma
mən Azərbaycan xalqından çox-çox qabaq azad
olmuşam. Mən müstəqilliyimi qazanmışam. O da mənim
mühitimlə bağlı olub. Yusif Səmədoğlu kimi
böyük bir demokratla “Ulduz” jurnalında işləmişəm.
O isə deyirdi ki, mənim qardaşlarım, ayda bir jurnal
buraxmalıyıq. O jurnal çıxmalıdır, işə
gəldin, gəlmədin, bunun heç bir dəxli yoxdur.
Yaradıcı adamlarsınız, işinizlə,
gücünüzlə məşğul olun, görüşlərinizə
gedin. Azadlıqdan sui-istifadə eləyəndə, deyirlər
ki, anarxiyaya çevrilir. Anarxiya da insanların, birinci növbədə
də, ailənin, qohum-qardaşın, dost-tanışın,
küll halında götürəndə isə bütün ətrafının
əleyhinə işləyir. Əgər sənin azadlıq
kimi don geyindirdiyin o qatil sənin bütün ətrafına
qarşı işləyirsə, bunun harası oldu azadlıq.
Bu oldu cinayət, bu oldu adamları incitmək, bu oldu
adamları özündən uzaqlaşdırmaq. Nəticədə
sən tənha qalırsan, tək qalırsan, hamı səndən
üz döndərir. İnsanı da yaşadan, saxlayan və ən
müqəddəs şeyi
Allahdan sonra adamların fərd olaraq bir insana üz
göstərib-göstərməməyidir, yəni ondan üz
çevirib-çevirməməyidir.
- Sevgi nədir: ümid, qorxu, ya
xoşbəxtlik?
- Mənim
əsasən elə gənclikdəki sevgi, od canımdadır.
Sadəcə, təcrübəm artıbdır, vəssəlam.
Vətən sevgisi, qadın sevgisi, sonradan əmələ gələn
övlad sevgisi və gənclik illərindən bu günlərə
qədər yaranan dost sevgisi elə mənim üçün
o gənclikdəki, o yeniyetməlik dövründəki
sevgidir. Bu ovqatdır, sadəcə, bir balaca ahıllaşmış
ovqatdır, bir balaca ağayana sevgidir. O da yaşnan, təcrübəynən,
dünyagörüşüynən bağlı bir şeydir.
Yaş, təcrübə, dünyagörüş o sevgiyə
öz diktəsini eləyir. Amma əsasən ovqat həmin
ovqatdır.
- Ən
çox nə zaman utanırsınız?
- Ən
çox son iyirmi ildə utanıram, bu da məişət
detalları ilə bağlıdır. Birdən
özümü xeyrə-şərə çatdıra bilməyəndə
ondan çox xəcalət çəkirəm. Bu da mənim
günahım deyil, birbaşa cəmiyyətin
günahıdır. Mən xırdalamaq istəmirəm.
İndi bizim təqaüd yaşımızdır. Deyirlər
ki, dövlət qulluğunda işləməmisiniz. Amma
ömür boyu bütün vergiləri, üzvlük
haqlarını vermişəm. Bir dəfə partiya biletimə
baxdım, özü də mən cəmisi
üç-dörd il partiyanın üzvü oldum, sonra partiya
ortasından iki yerə çatladı. Hesabladım,
gördüm ki, bir
“Moskviç”in pulunu üzvlük haqqı ödəmişəm.
Dövlət adamlarına yüksək pensiya verib, tutaq ki,
“yazıçıya, bəstəkara, rəssama dövlət
adamı deyil” demək absurd yanaşmadır. Nəticəsi
budu, mən xəcalət çəkirəm, amma əslində
o qanunçuluğumuzdakı boşluq, qanun xəcalət
çəkməlidir. Bəzən özümü
dostların, yaxınların, əzizlərin,
tanışların xeyrinə-şərinə
çatdıra bilməyəndə xəcalət çəkirəm,
utanıram.
- Ölüm nədir?
-
Ölüm mənim üçün doğulmaq qədər
müqəddəs bir şeydir. Ağacın kökü var,
bu, doğulmaqdı, ağacın gövdəsi var, o
yaşamaqdır və ağacın bir gün qurumağı
var, o da ölümdür. Bu, çox təbii bir prosesdir.
- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
- Mən
realist adamam - həm yazıçı kimi, həm də həyatda.
Mənim heç vaxt çoxlu pulum ola bilməz. Mənim
çoxlu pullarım olub - gəlməyiynən getməyi bir
olub. Çünki mənim daxilimdə, əxlaqımda, mənəviyyatımda
elə bir şey var ki, çoxlu pulum olsa, dostlarımı
yığaram, indi onlar azalıblar, bir ay onlarnan olaram, o
pulların altından girib üstündən çıxaram.
Ona görə dostlarım deyir ki, sənə pul
düşmür, sənə pul olmaz, sənə pul etibar eləmək
olmaz.
- “Mən almasam, bir başqası
alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi
nəyi ifadə edir?
- Bu
düşüncə heyvani bir düşüncədir. Heyvan
instiktlə eləyir, insanlar isə
ağılnan, düşüncəynən,
ölçülü-biçili. Bəşəriyyətin
kökünü qazan bir neçə şey var ki, mən onu
“Yəhudi əlifbası” romanımda da göstərmişəm.
Bu bir neçə şərtin başında da nəfs deyilən
bir şey dayanır. Ümumiyyətlə,
mən nəfsli adamların hamısına nifrət eləyirəm.
Təəssüf ki, bu da bəşəriyyətin
çoxluğunu təşkil edir.
- Həyatda ən böyük təsəlliniz?
- Təsəlli
də bir ünvandır. Mən təsəlliyə arxa
çevirən deyiləm. Çalışıram ki, ən
böyük təsəllini özüm-özümə verəm
ki, bax bu həyatdır, bu filan iş filan oldu, qurtardı. Lap
insan itkisi də olub. Təsəlli ani bir şeydir. Ümumiyyətlə,
təsəlli xəstə adamlar üçün vacibdir.
Doğma bir adamını itirə bilərsən, uzaq olsun evin
yana bilər, bunlar hamısı mümkün olan şeylərdir,
nə vaxtsa maşının əzik-əzik ola bilər,
düzdürmü? Oldusa, qurtarmaq lazımdır məsələni.
Ta orda sıtqımaq, nə bilim, ağlamaq, “Ay Allah, bu nə
müsibət idi...” yersizdir. Allah sənə maşını
verəndə yaxşıdı, əziləndə, qəzaya
düşəndə pisdi?
- Sizə hansı mövzuda sual verilməsini
heç arzulamırsınız?
-
Çoxdu elə sözlər. Bugünkü Azərbaycan
jurnalistikasında belə sözlər nə qədər istəyirsən.
Məsələn, belə sual verirlər: Seyran müəllim,
ilk sevginizi necə xatırlayırsınız? O jurnalist
başa düşmür ki, o sevgini xatırlamaq
qeyri-mümkündü. Uzaqbaşı, o sevginin
ünvanını, tutaq ki, o qızın adını
xatırlaya bilərsən. Sevgini necə xatırlamaq olar?
Yaxud belə bir sual verirlər, siz bir də yenidən
dünyaya gəlsəydiniz hansı peşəni seçərdiniz?
Belə suallar həddindən artıq çoxdır. Məni
tanıyan jurnalistlər artıq mənə belə suallar verməyi
tərgidiblər.
- Yubiley və ad günlərində
özünüzü necə hiss edirsiniz?
-
Özümü ən yaxşı dostlarımın,
yaxınlarımın yubileyi, ad günündə çox
yaxşı hiss eləyirəm, belə kefin istəyən. Bir
də ki, ondan da özümü yaxşı hiss eləyirəm,
hətta kövrəlirəm, lap uşaqlaşıram,
özümü bəzi yerdə lap uşaq kimi aparıram,
bilirsiniz nə vaxt? Yaxın beş-altı dostum var də,
onların balalarının toyunda, o dostum durur ey, toy evinin
qapısının ağzında, qonaqlar gəlir, onun sifətinə
baxanda dünyanın ən xoşbəxti oluram və həmin
anda dünyada məndən kövrək adam tapmaq
qeyri-mümkündür. Bunu heç kəs axtarmasın, zəhməti
əlində qalar...
- Dünyanın hər yerindən
görünən uca bir lövhəyə iki-üç kəlməlik
nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?
- Vallah, o
lövhəyə mənim cümləm təxminən
hazırdır. Yazardım ki, nə qədər ki, bəşəriyyət
fəlakətlə üzbəüz dayanmayıb bəşəri
şüurda cərrahi əməliyyat aparmaq və nəfsi
ordan götürmək lazımdır.
(Ardı
var)
Loğman
Zaman.-2012.-19-20 iyul.-S.6.