Əbdürəhman Fətəlibəyli -
yaxşı tanımadığımız qəhrəman (4)
Əbdürəhman bəy haqqında danışarkən onda anadangəlmə sərkərdəlik istedadının olması faktını xatırlatmamaq olmur. Ona görə də, alman əsirliyində olarkən yuxarıda adını çəkdiyimiz digər keyfiyyətləri ilə yanaşı qeyri adi hərbi istedadı ilə alman generallarının diqqətini cəlb etmişdi. Nəhayət, ondan danışarkən ilk növbədə əsir azərbaycanlıların iştirakı ilə milli legioner alaylarını yaratması yada düşür. Bu alaylar sovet ordusu ilə döyüşlərdə düşmənə ağır zərbələr vuraraq, onlarda çaşqınlıq əmələ gətirmişdi. Sovet ordusu generalları döyüş meydanlarında legionerlərdən təşkil olunmuş alaylarla qarşılaşmaqdan ehtiyat edir və onlar haqqında: “Dəli kimi vuruşurlar, elə bil ki, ölümə deyil, toya-bayrama hazırlaşırlar. Onlara qalib gəlmək alman əsgərləri üzərində qələbə çalmaqdan qat-qat çətindir”, - deyirdilər. Sovet ordusu generalları bunu legionerlərin almanlardan qorxması kimi də dəyərləndirirdilər və döyüş meydanlarında onların göstərdikləri qəhrəmanlıqları da bu müstəvidən izah edirdilər. Amma sovet generalları sadə həqiqəti, anlamırdılar vəya anlmaq istəmirdilər. Bu həqiqət isə ondan ibarət idi ki, almanlar tərəfdə vuruşan və əsir düşən müxtəlif millətlərə mənsub olan milli legionerlər vətənlərinin azadlığı, əsarətdən xilas olması üçün qeyri- adi şücaətlər göstərirlər.
Yeri gəlmişkən onu da deyək ki, Azərbaycanın
müstəqilliyini əldə etməsindən 20 il ötməsinə baxmayaraq,
hələ də vətən uğrunda
canlarından keçən və böyük
qəhrəmanlıqlar göstərən legionerlərimiz barədə
biz çox şeyi bilmirik. Bu günə kimi legionerlərimizin
fəaliyyəti ən az
araşdırılan məsələlərdən biridir. Bu sahədə
yalnız iki nəfər araşdırma
aparıb. Onlardan biri
Nəsiman Yaqubludur. O, II Dünya
müharibəsi zamanı legionerlərimizin fəaliyyətinə
həsr edilən “Azərbaycan legionerləri” kitabını
yazıb. Tarix elmləri namizədi Məmməd
Cəfərli isə arxivlərdə uzun
müddət işləyərək,
Azərbaycan legionerlərinin bədii
yaradıcılığından bəhs edən monoqrafiya yazıb. Ancaq bu iki əsər legionerlərimizn
fəaliyyətinin işıqlanması üçün
zənnimizcə azlıq edir. Legionerlərlə
bağlı araşdırmaların aparılması o dövrün canlı
şahidləri olan və hazırda çox az sayda
qalan həmvətənlərimizin xatirələri
toplanılmayıb.
Azərbaycan
milli legionlarının gəlincə onların mərkəzi
qərargahı Polşa ərazisində yerləşirdi. Nəsiman Yaqublu
“Azərbaycan legionerləri” adlı kitabında yazır:
“Legionerlərin ümumi sayının 36
mindən 65-70 minədək olduğu
göstərilməkdədir. Bütün
legionerlər könüllü şəkildə
qollarında öz vətənlərinin fərqləndirici
atributunu gəzdirirdilər. Lakin, onlar alman
forması geyməyə məcbur idilər. Legionerlərin sol qollarında üçrəngli
bayrağımız və ay-ulduz həkk olunmuş fərqlənmə nişanı
vardı”.
Azərbaycan
legionerləri cəbhədə qeyri-adi qəhrəmanlıqla
döyüşürdülər. Bunu
alman generallarının
açıqlamaları da sübut
edir. Belə ki,
804-cü taburun döyüşlərdə
göstərdiyi qəhrəmanlıqların şahidi
olan Şərq könüllü
birliklərinin komandanı general Köstrinq 1942-ci ilin
oktyabrında onları təbrik edərək demişdi:
“Sizin yeni
bir qəhrəmanlığınızı
daha duydum, çox sevindim və sizi xüsusi olaraq təbrik etmək üçün
buraya qədər gəldim. 804 saylı taburun buraya göndərilməsinin
səbəbi, sizə olan
etimadımızı bir daha
gücləndirmək üçündür.
İndi biz
qafqazlıların ruslara qarşı almanlardan daha
yaxşı çarpışmaq qüdrətində olduğunu anladıq. Yaşasın vətən
uğrunda çarpışan qafqasya qəhrəmanları!”.
Onu da deyək ki, azərbaycanlı
legionerlərin cəbhədə göstərdikləri
qeyri-adi qəhrəmanlıqlar barədə Berlində nəşr
edilən “Siqnal” qəzetində də mütəmadi olaraq
yazılar gedirdi. Bu yazıların
birində deyilirdi: “Aslan
sözünün azərbaycanca mənası
şir deməkdir. 1943-ci ilin
yazında, bu söz bütün Kubanda şərəf
və qəhrəmanlıq rəmzinə çevrildi.
Cəbhənin bu bölgəsindəki
döyüşlərdə fərqlənən mayor Fətəlibəylinin
başçılıq etdiyi Azərbaycan
taburu döyüşçülərini
“Aslan” adlandırırdılar. Mayor isə indinin
özündə belə həyəcanını gizlətmədən
bu qəhrəman günləri
xatırlayır. “Yüksək şərəf rəmzi” hücum nişanıdır. Yalnız əlbəyaxa
döyüşlərdə müstəsna bacarıq və kişilik göstərənləri həmin nişanla təltif edirlər. Kuban
çöllərində azərbaycanlı
döyüşçüləri şərqli
könüllülərdən birinci olaraq ilk belə hücum nişanlarına layiq
görüldülər. Belə nişanlardan
biri mayorun da döşündən asılıb”.
Fəlakət gəldi
Almaniyanın müharibədə məğlub olmasından sonra legionerlərin faciəsi başladı. Müttəfiq qoşunları komandanlığı özlərinə təslim olaraq bu yolla bolşevik qətliamından xilas olmaq istəyən legionerləri zorla sovet generallarına təhvil verirdi. Onların isə çoxu qırmızı ordu əsgərləri tərəfindən ya yerindəcə güllələnir, ya da Sibirə sürgün edilirdilər. Həmin dövrdə Azərbaycan legionerlərinin bir qismini zorla müttəfiq qoşunları sovet ordusuna təhvil verdi. Digər hissəsi bunu görüb müttəfiq qoşunlarından gizlənməyə çalışırdı. Əbdürəhman Fətəlibəyli və M. Rəsulzadə legionerlərin bir hissəsinin Türkiyəyə köç etməsini istədilər. Lakin məsələ ilə bağlı pis duruma düşmək istəməyən Türkiyə Azərbaycan və Türküstan türklərindən olan legionerləri qəbul etməkdən imtina etdi. Ona görə legionerlərin bir hissəsinin yaşadıqları müxtəlif ölkələrdə qeyri- leqal şəkildə yaşaması və gələcəkdə onların tədricən Türkiyəyə və digər yerlərə köçürülməsi qərara alındı.
Onu
da deyək ki, bu işlə o dövrdə həm M. Ə. Rəsulzadə,
həm də Ə. Fətəlibəyli- Düdənginski məşğul
olurdular. Bu məqsədlə M.
Ə. Rəsulzadə Almaniyanın Münhen
şəhərində, Ə. F. Düdənginski isə
İtaliyanın Roma şəhərində
legionerlərin yerləşdirilməsi üçün
bir sıra tədbirləri həyata
keçirdilər. Həmin dövrdə Ə: Fətəlibəylinin
təşəbbüsü ilə legionerlərin bir hissəsi İtaliyada
sığınacaq tapmışdı. Onlar
ingilislərin nəzarəti altında olan
zonada məskunlaşmışdılar.
Bir
sözlə, mayor Əbdürəhman Fətəlibəyli və
digər legionerlərin həyatı həmin dövrdə
olduqca ağır idi. Buna baxmayaraq, Ə. Fətəlibəyli və ailəsi,
həmçinin təxminən 600 nəfərə yaxın azərbaycanlı
legioner çətinliklə də olsa, İtaliyadan Misirə
gedə bildi. İki il orada qaldıqdan sonra Ə. Fətəlibəyli ailəsi ilə
birlikdə Münhenə ( Qərbi Almaniya) gələrək orada
yaşamağa başladı. Həmin dövrdə soyuq
müharibə yenicə başlamışdı və ABŞ-da qurulan Amerikan Komitəsi bolşevizmlə mübarizə
məqsədi ilə mühacirətdə yaşayan
keçmiş əsirlərin ana dillərində təsis etdikləri nəşrləri
maliyyələşdirməyə başladı. Amerika Komitəsinin yardımı ilə 1952-ci ildə Münhendə Fətəlibəyli
tərəfindən “Azərbaycan” jurnalının ilk sayı işıq üzü
gördü.
Azadlıq
radiosunun
Azərbaycan
redaksiyasının ilk şefi
Bolşevizmlə
soyuq müharibədə təbliğatın əhəmiyyətinə
xüsusi önəm verən ABŞ-ın maliyyə
yardımı ilə 1953-cü il mart ayının 1-də
Münhendə Azadlıq radiosu
(ilk
adı “Qurtuluş” idi) fəaliyyətə başladı. Onun Azərbaycan redaksiyasının rəhbəri
isə Əbdürəhman Fətəlibəyli təyin edildi. Azərbaycan redaksiyasının efirə
ilk verilişi
1953-cü il mart
ayının 6-da getdi. Redaksiyanın əməkdaşları
isə mühacirətdə yaşayan və
sovet rejiminə xüsusi
nifrəti ilə seçilən savadlı mühacirlərimiz
idilər.
Əbdürəhman Fətəlibəyli bu münasibətlə efirdəki ilk çıxışında SSRİ-ni kəskin şəkildə tənqid etmişdi. O çıxışında dedi: “Həmvətənlər! Nəhayət bizim öz xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilərik... Biz azərbaycanlılar... kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harada olmağımızdan asılı olmayaraq... hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını!”
Qatili
də azərbaycanlı oldu
Münhendə antisovet Azadlıq radiosunun fəaliyyətə başlaması Moskvada böyük təşvişlə qarşılanmışdı. Radionun fəaliyyətinə mane olmaq və onun əməkdaşları arasında qorxu yaratmaq məqsədi ilə SSRİ xüsusi xidmət orqanları sevimli metodlarından biri olan terror yolunu seçdilər. Bu müstəvidə də Fətəlibəylini məhv etmək üçün Moskvada xüsusi plan hazırladılar. Planın müəllifi Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) zabiti “Müller” ləqəbli Georgi Vladimiroviç idi. Planın həyata keçirilməsi isə əslən azərbaycanlı olan keçmiş legioner Mikayıl İsmayılova tapşırıldı. Keçmiş alman əsiri olan Mikayıl İsmayılov da legioner kimi sovet ordusuna qarşı döyüşmüş və İtaliyada yaşayarkən orada yerli qızla ailə həyatı qurmuşdu. O, 1951-ci ildə müxtəlif yollarla Azərbaycana qayıda bilmişdi. Onun Azərbaycana qayıtmasından isə Əbdürəhman Fətəlibəylinin xəbəri yox idi. SSRİ xüsusi xidmət orqanları Mikayıl İsmayılovu xüsusi tapşırıqla yenidən geriyə göndərdilər. Mikayıl İsmayılov vaxtı ilə yaxşı tanıdığı Ə. Fətəlibəylinin yenidən etimadını qazana, onun yanında Azadlıq radiostansiyasında işə düzələ bildi. Amma o, DTK tərəfindən nə üçün buraya göndərildiyini Fətəlibəyliyə deyir.
Zaman.-2012.-30 iyun-2
iyul.-S.13.