Əbdürəhman Fətəlibəyli -Yaxşı tanımadığımız qəhrəman (1)

 

Hərbi akademiyada onun daha bir istedadı üzə çıxdı. Əbdürəhman hərbi döyüş taktikasını asanlıqla mənimsəyir və təlimlər zamanı ona yeni, daha təkmil vasitələr əlavə edirdi. Bu da tezliklə akademiyada dərs deyən müəllimlərin diqqətini cəlb etdi və onun haqqında fəxrlə danışmağa başladılar. 

 

Sonralar SSRİ-nin Müdafiə naziri olmuş, bir zamanlar Ə.Fətəlibəyli ilə birgə Baş qərargahın Akademiyasında oxumuş Sovet İttifaqı Marşalı A.Qreçko yazırdı: “O, heyrətamiz aydın ağıla və təhlil düşüncəsinə malik anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla müqayisə oluna bilməzdik”. Təsəvvür edin ki, bu sözləri marşal Qreçko SSRİ-də xain kimi tanınan və sonralar DTK əməkdaşı tərəfindən öldürülən Əbdürəhman Fətəlibəyli-Düdənginski haqqında yazmışdı. Halbuki o da Düdənginskinixainkimi qəbul edirdi.

Hər dəfə II Dünya müharibəsindən söhbət düşəndə özümdən asılı olmayaraq o dövrdə almanlara qoşularaq SSRİ-yə qarşı döyüşən keçmiş sovet hərbi əsirlərini-legionerləri xatırlayıram. SSRİ dövründə bizə onları ən qatı düşmən kimi təqdim etmişdilər və nəticədə özümüzdən asılı olmayaraq legionerlərə nifrət bəsləyirdik. Onlar gözümüzdə millət xaini, satqın, almanların nökərləri və millətini sevməyən simasız bir adamlar idilər... Amma mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin də dediyi kimi sən demə dünya fırlanırmış. Və bu fırlanan dünya ilə biz də fırlana-fırlana günlərin bir günü gördük ki, legionerlərin demək olar ki, heç də hamısı satqın deyil, millətini xalqını sevən, almanların tərəfində mənsub olduqları millətlərin azadlıqları uğrunda mübarizə aparan qəhrəmanlarmış...

Onların almanların tərəfində vuruşması faşizmin qələbəsi üçün deyil, SSRİ adlı bir imperiyanın caynaqlarında inləyən qeyri rus xalqlarının azadlığa çıxaraq müstəqil yaşaması üçünmüş. Yalnız onda yanıldığımızı başa düşdük. Bu baxımdan mən cəbhənin hər iki tərəfində vuruşan soydaşlarımızın birinin faşizmi, digərinin isə SSRİ imperiyasının qorunub saxlanması üçün qanını axıtmasına görə qınamaq istəmirəm. Çünki bu, onların özlərindən asılı olmayan, özləri xoşluqla seçmədikləri tale yolları idi... Yenə nə qədər qəribə olsa da, cəbhənin hər iki tərəfində vuruşan soydaşlarımız arasından onlarla, yüzlərlə qəhrəman çıxdı. Biri öz qəhrəmanlıqları ilə faşist zabit və generallarını, digərləri isə SSRİ-nin general və marşallarını cəbhədə göstərdikləri qəhrəmanlıqlara görə mat qoydular. Cəbhənin bu tayında SSRİ ordusu sıralarında döyüşərək, qəhrəmanlıq dastanı yazan soydaşlarımızın çoxunu tanısaq da, cəbhənin əks istiqamətində döyüşən qəhrəman legionerlərimizin çoxunu tanımırıq. Halbuki, onları çoxdan tanımalıydıq.

Ona görə də, bu serialımızda belə qəhrəman legionerlərdən biri özünün tükənməz hərbi istedadı ilə əvvəlcə SSRİ hərbi akademiyasının müəllimlərini, sonralar SSRİ müdaifə naziri olan marşal Qreçkonu və alman generallarını mat qoyan alovlu vətənpərvər Əbdürəhman Fətəlibəyli- Düdənginskidən danışacağıq.

Əbdürəhman bəy Fətəlibəyli-Düdənginski 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində məşhur Səfiyevlərin ( Səfəvilər) ailəsində dünyaya göz açıb.

Atası Əli bəy Fətəlibəyli  o dövrün məşhur bəylərindən idi. Əlibəy el arasında Düdəngə və Zeybə (Naxçıvanın Şərur rayonu) kəndlərinin bəyi kimi tanınırdı və o, olduqca vətənpərvər, hörmətli və məşhur şəxslərdən biri idi. Amma tale balaca Əbdürəhman bəyin üzünə gülmədi. O, iki yaşına çatanda atası Əli bəy zəhərləndirilərək öldürüldü. Onun ölümündə rus hərbçilərinin əli olduğu ehtimal edilir.  Yeri gəlmişkən onu da deyək ki, Əli bəy uzun müddət rus ordusunda, əvvəlcə Türküstanda, sonralar isə İrəvan quberniyasının sərhəd dairəsində zabit kimi xidmət etmişdi. Ölümündən təxminən bir ay əvvəl bir toplantıda Əli bəylə rus zabitlərindən biri arasında narazılıq yaranmışdı. Buna səbəb isə rus zabitin islam dinini təhqir etməsi olmuşdu. Buna dözməyən Əli bəy qılıncını çəkərək zabiti vurmaq istəmişdi. Ancaq ona zabiti vurmağa imkan verməmişdilər. Bundan bir ay sonra yemək zamanı Əlibəyi zəhərləyərək öldürmüşdülər. Sonralar Əli bəyin böyük oğlu Qulam atasının zəhər verilərək öldürülməsi ilə bağlı baş verən hadisəni belə xatırlamışdı:

“Zabitlər yığıncağında axşam yeməyindən sonra atam özünü pis hiss elədi, gecə yarısında keçindi. Bu xəbər çatan kimi qaynı Nəsrulla xan bir neçə nəfərlə hərbi hissəyə gedərək, Əli bəyin cəsədini gətirib, Düdəngədə dəfn elədi. Bu yolla Əli bəyi 1910-cu ildə zəhərləyib öldürdülər”. ( Mənbə “Əlincə yaddaşı, Naxçıvan, 1914-1992”)

Qeyd edək ki, Əbdürəhman bəyin mənsub olduqları Səfəvilər -Səfiyevlər nəsli o dövrdə dövlət aparatlarında yüksək vəzifələr tuturdular. Qəza rəislərinin çoxu onlardan təyin edilirdi.

Amma Azərbaycan qırmızı ordu tərəfindən işğal olunandan sonra Səfiyevlər ailəsinin də qara günləri başladı. Onların çoxu, Əbdürəhmanın əmiləri Bəhlul xan, Beytulla xan və Rəşid xan öldürüldülər. Bolşevik zülmündən yalnız Beytulla xan canını xilas edə bildi. Səfiyevlər nəslinin digər üzvü Teymur bəy isə sovet rejimi ilə dil tapa bildi və ömrünün sonuna kimi Şərur Qəza İcraiyyə Komitəsinin katibi vəzifəsində çalışdı.

Qeyd edək ki, yaxın qohumlarının himayəsində böyüyən Əbdürəhman  hələ uşaq yaşlarından bolşeviklərin onun ailəsinə etdiyi zülmün canlı şahidi olmuşdu. Bu da onda işğalçı rejimə qarşı nifrət formalaşdırmışdı.  Yaşa dolduqca o özü də bolşevik zülmünü üzərində hiss etməyə və onun ağrılarını yaşamağa başlayırdı. 1929-cu ildə Əbdürəhmanı hökumətə etibarsız nəslin nümayəndəsi kimi komsomol sıralarından xaric etdilər. Bu Əbdürəhmanda ağır izlər buraxmışdı. O vaxt bu haqsızlığa dözməyən Əbdürəhman özünün keçmişinə görə ona irad tutanlara cavabında: “Mən heç atamın üzünü də görməmişəm və ona görə məni niyə cəzalandırırsınız?”-deyərək bu haqsızlığa etirazını bildirmişdi. Amma onu bundan sonra da bəy nəslindən olduğuna görə tez-tez təhqir edir, addımbaşı ələ salırdılar. Buna dözməyən Əbdürəhman günlərin birində kəndlərini tərk edərək Tiflisə gəldi.  Amma burada hara gedirdisə bəy nəslindən olduğu üçün qapılar üzünə bağlanırdı. Nə iş, nə də oxumaq üçün məktəb tapa bilirdi. Sonda çıxış yolunu Tiflisdəki ali hərbi-piyada məktəbinə daxil olmaqda gördü. O dövrdə sovet ordusunda zabit çatışmazlığı hiss olunurdu və ona görə də hərbi məktəbə daxil olarkən onun keçmişi ilə  o qədər də maraqlanmadılar. Hərbi məktəbdə oxuyarkən o özündə əsl zabit keyfiyyətləri kəşf etdi. Belə ki, Əbdürəhman hərbi  dərslərdə tapşırıqları olduqca çevik bir şəkildə, asanlıqla yerinə yetirir, həm də bu zaman ən çətin vəziyyətlərdən əsl hərbçilərə xas olan bir bacarıqla çıxış yolu tapırdı. Buna görə də hərbi məktəb müəllimləri onun haqqında gələcəyin ən yaxşı zabiti kimi danışmağa başladılar. Əslində  hərbiçilərə xas olan peşəkarlıq onun damarlarından axan qandan irəli gəlirdi. Çünki atası da vaxtı ilə peşəkar və istedadlı hərbçi kimi tanınmışdı. Hərbi məktəbi uğurla başa vurandan sonra o, bir müddət hərbi hissələrdən birində zabit kimi xidmət etdi. Artıq o özünə könül rahatlığı gətirən, ona zövq verən əsl peşəsini tapmışdı və bundan məmnun idi. Hərbi hissədə onun keçmişini üzünə vuran, atasına görə təhqir edən yox idi. Burada ona yalnız hərbi bacarığına görə qiymət verir və yeri gələndə tərifləyirdilər.

Əbdürəhmanın hərbi istedadını görən hərbi hissə komandanlığı ona Hərbi Akademiyada təhsilini davam etdirməsini məsləhət gördü. Məhz hissə komandanlığının zəmanəti ilə Əbdürəhmanı 1935-ci ildə  Moskva Hərbi Akademiyasına oxumağa göndərdilər. Hərbi akademiyada onun daha bir istedadı üzə çıxdı. Əbdürəhman hərbi döyüş taktikasını asanlıqla mənimsəyir və təlimlər zamanı ona yeni, daha təkmil vasitələr əlavə edirdi. Bu da tezliklə akademiyada dərs deyən müəllimlərin diqqətini cəlb etdi və onun haqqında fəxrlə danışmağa başladılar. Sonralar SSRİ-nin Müdafiə naziri olmuş, bir zamanlar Ə.Fətəlibəyli ilə birgə Baş qərargahın Akademiyasında oxumuş Sovet İttifaqı Marşalı A.Qreçko yazırdı: “O, heyrətamiz aydın ağıla və təhlil düşüncəsinə malik anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla müqayisə oluna bilməzdik”.

 Təsəvvür edin ki, bu sözləri marşal Qreçko SSRİ-də xain kimi tanınan və sonralar DTK əməkdaşı tərəfindən öldürülən Əbdürəhman Fətəlibəyli-Düdənginski haqqında yazmışdı. Halbuki o da Düdənginskini “xain” kimi qəbul edirdi. Amma görünür marşal Qreçko vicdanını itirməmişdi və keçmiş tələbə yoldaşını DTK əməkdaşlarından daha yaxşı tanıyırdı..

1936-cı ildə Əbdürəhman Hərbi Akademiyanı uğurla bitirərək hissələrdən birində hərbi xidmətini davam etdirməyə başladı. 1937-ci ildə o məzuniyyət götürərək doğma vətənə qayıtdı. Bakıda o əmisinin təklifi ilə Leyla xanım Qazıyeva ilə ailə həyatı qurdu. Geri dönəndə qaynanasını və həyat yoldaşını da özü ilə hərbi xidmətini davam etdirdiyi Leninqrada apardı. 1938-ci ildə Əbdürəhmanın atasının adını verdiyi Əli adlı oğlu dünyaya gəldi

Əbdürəhman Fətəlibəyli Düdənginski haqda onunla tanış olan insanların, demək olar ki, hamısının fikirləri yüksək olub. Yenə də hərbi zabit kimi Düdənginski işinə olduqca peşəkarcasına yanaşır və hərbi təlimlər zamanı qeyri-adi hərbi taktikalardan istifadə edirdi.

 

 

  Zaman.-2012.-15 iyun.-S.14.