“Deməyəcəyəm
ki, Hamleti oynamaq istəyirəm”
Natiq Fərzəliyev... Bu aktyorun adı çəkiləndə onun yaradıcılığını izləyənlərin üzünə istər-istəməz təbəssüb qonur. Boyu balaca olduğu üçün bir zamanlar “yerə-göyə sığmayan”ların təpkiləri ilə üzləşən Natiq Fərzəliyev öz zəhməti ilə bu sənətdə heç də “yolunu azmış sərnişin” olmadığını sübut etdi. M. F. Axundzadənin “Hekayəti-xırs-quldurbasan”ında, C. Məmmədquluzadənin “Qurbanəli bəy”ində, Abdulla Şaiqin “Tıq-Tıq xanım”ında, “Yolunu azmış sərnişinlər”də, eləcə də “Yarımştat” televiziya tamaşasında, “Sovqat” telefilmində tamaşaçıların yaddaşında silinməz izlər qoydu. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan aktyor kimsənin qapısını “sovqat”la da döymədi, sadəcə, öz istedadı ilə buna nail oldu.
- Natiq müəllim, bəlkə, söhbətimizə vaxtilə üzləşdiyiniz problemlərlə başlayaq?
- Məktəb
illərindən teatra bağlı olmuşam. Hələ orta məktəbdə
oxuyarkən Xalq Teatrına dəvət aldım. Mədəniyyət
və İncəsənət Universitetini bitirdikdən sonra isə
müəyyən problemlərlə üz-üzə
qaldım. Odur ki, bir müddət özəl studiya, teatrlarda
çalışmalı oldum. Sonradan tanınmış
rejissor, bizim sənət aləmində öz dəst-xətti
ilə tanınmış Hüseynağa Atakişiyev (Allah ona
rəhmət eləsin!) məni rəhbərlik etdiyi Dövlət
Gənclər Teatrına dəvət etdi. Bu teatrda bir il
müqavilə əsasında çalışdım. Nəhayət,
günlərin bir günü Hüseynağa müəllim məni
yanına çağırıb dedi ki, səni ştata
götürmək istəyirəm, ərizəni yaz. Beləcə,
1994-cü ilin yanvarında həmin teatrın, necə deyərlər,
tamhüquqlu üzvü oldum.
- Halbuki
bir zamanlar haqqınızda “Bundan aktyor olmaz” deyənlər də
vardı...
- Hə,
belə deyənlər vardı. Təbii ki, bu, boyumla
bağlı idi. Lakin mən işimlə sübut etdim ki, Natiq
Fərzəliyevdən aktyor olar. Təbii ki, mənim sənət
aləmində tanınmağımda Hüseynağa müəllimin
də kifayət qədər rolu olub. Bir daha
vurğulayıram: o, məni böyük səhnəyə dəvət
etdi... Mənim fikrimcə, aktyoru rejissor
formalaşdırır. Aktyorun tanınmamasının da,
passivliyinin də səbəbkarı odur. Hüseynağa
müəllim bir məktəb idi. Elə bilirəm ki, bu
gün də teatr aləmimizdə onun yeri görünür.
Yeri gəlmişkən, bir zamanlar o sözü deyənlər
xeyli vaxtdır ki, mənimlə ikiəlli
görüşürlər.
- Natiq müəllim, boy, doğrudan
da, aktyorluqda əsas amillərdən biridir?
- Bəri
başdan deyim ki, teatr nizamnaməsində aktyorun boyu barədə
heç nə yoxdur. Aktyor var ki, 2 metrdir, nə olsun?
Qabında bir şey yoxdursa, o heç nə edə bilməz.
- Bəs Hüseynağa müəllimlə
tanışlığınız nə vaxtdan
başlamışdı?
- Mən
hələ boya-başa çatdığım Yevlaxda
yaşayarkən Sabit Rəhman adına Şəki Dövlət
Dram Teatrına gedər, onun hazırladığı
tamaşalara maraqla baxardım.
- Bir zamanlar siz Natiq Aslan kimi təqdim
olurdunuz. Son vaxtlar isə, sadəcə, Natiq Fərzəliyev
kimi... Olmaya Aslanlıqdan imtina etmisiniz?
- Hüseynağa müəllimin məsləhəti
ilə Aslan təxəllüsü
götürmüşdüm. Yeri gəlmişkən, Aslan mənim
atamın adıdır. Amma sonradan teatrdakı islahatlarla
bağlı, sizin dediyiniz kimi, sadəcə Natiq Fərzəliyev
kimi təqdim olunmağa başladım.
- Deməli, belə çıxır
ki, Aslanlıqdan əl çəkmisiniz?
- Əsla
yox. Sənədlərimi növbəti dəfə rəsmiləşdirəndən
sonra yenə hər şey əvvəlki kimi olacaq.
“Məndə
bir qısqanclıq var”
- Dövlət Gənc
Tamaşaçılar Teatrında anadan
olmağınızın 50,
yaradıcılığınızın 30 illiyi münasibətilə
yubiley tədbiri keçirildi. Yəqin ki, bu münasibətlə
sizə müxtəlif hədiyyələr də təqdim
olundu. Heç düşündünüzmü ən qiymətli
hədiyyə bir fəxri ada layiq görülməyiniz ola bilərdi?
- Bəri
başdan deyim ki, o anlarda ilk olaraq, bu sənətə gələndə
qarşılaşdığım çətinliklər
gözümün önündə bir kino lenti kimi canlandı.
Bir zamanlar üzümə bağlı olan qapıları
açmağımla bir qədər qürrələndim də...
İndi mənim üçün hər yerdə yaşıl
işıqdır. Konkret sualınıza gəlincə,
sözün düzü, heç bu barədə
düşünməmişəm. Bir də o, məndən,
yaxud ətrafımdakılardan asılı məsələ
deyil ki?.. Amma nə gizlədim, fəxri adları olanlara
qarşı məndə bir qısqanclıq var. Güman edirəm
ki, nə vaxtsa bu qısqanclığa da son qoyulacaq.
- Uğur olsun... Bir də yubileyinizdə
“Yerə-göyə sığmayan”la çıxış
etdiniz. Yerə-göyə sığmamaq təbiətinizdə
varmı
- Yox, mən
heç vaxt bu iddiada olmamışam. Amma həmin gün, həqiqətən,
yerə-göyə sığmadım.
- Natiq müəllim, indiyədək
məxsusi olaraq sizin üçün əsər
yazılıbmı?
- Əli Əmirli
“Varlı qadın”dakı Pəhləvan obrazını məxsusi
mənim üçün yazıb. O, mənim
üçün bir əsər də yazacağını
deyib. Lakin hələlik ortada bir şey yoxdur.
“Bədii
filmə çəkilmək hər bir aktyorun arzusudur”
- Hazırda hansı yeni tamaşalarda
rol almısınız?
- Xalq
yazıçısı Elçinin Abşeron mövzusuna həsr
olunmuş nəsr əsərləri (“Toyuğun diri
qalması” hekayəsi və “Dolça” povesti) əsasında
Xalq artisti Cənnət Səlimovanın
hazırladığı “Buzovna kəndinin əhvalatları”
tamaşasında Poçtalyon Fatoş rolundayam. Gənc yazar
Kamran Ağababayevin “Hekayəti-şahzadeyi Xəzər”ində
(bu tamaşaya gənc rejissor Nicat Kazımov quruluş verir) də
çıxış edirəm. Nağıl qəhrəmanlarının
bir araya gəldiyi bu tamaşada mən Cırtdan
obrazındayam. Rejissorun yozumunda nağıl qəhrəmanlarımızdan
olan Cırtdan bu dəfə fərqli şəkildə verilib.
Yəni bu tamaşadakı Cırtdan heç də uşaq
obrazı deyil.
- Yeri gəlmişkən,
siz həm də uşaq rollarının mahir
ifaçısı kimi daha çox
tanınırsınız...
-
Repertuarımda indi də belə rollar var. Görünür,
belə rollar mənim qismətimə düşüb.
- Gözünüz qalan rol var?
- Durub deməyəcəyəm
ki, Hamleti oynamaq istəyirəm. Rejissorlar məni hansı rolda
görürlərsə, o rolu da oynayıram. Hər roluma da tənqidi
yanaşmağı sevirəm. Mənim fikrimcə, aktyor
oyunundan razı qalmalı deyil. Razı olsa, o bitmiş olar ki…
- Bədii filmə çəkilmək
hər bir aktyorun arzusudur. Bu sahədə hansı uğurlara
imza atmısınız?
-
Televiziya tamaşalarına (“Yarımştat”, “Bala - başa bəla”)
çəkilsəm də, bədii filmlər sahəsində,
əgər belə demək mümkünsə, bəxtim gətirməyib.
İndiyədək Kamran Qasımovun “Tilsim” filminə çəkilmişəm.
Deyəsən, cari ildə bu tilsimi qıracağam. Belə ki,
Şəki Dövlət Dram Teatrının baş rejissoru
Mirbala Səlimovun adı hələ mənə məlum
olmayan filminə dəvətliyəm. Bu günlərdə həmin
filmin çəkilişlərinə başlanacağı
gözlənilir.
“Qızım
mənə dedi ki...”
- Ənənəvi bir sual:
övladlarınızdan yolunuzu davam etdirmək fikrində olan
varmı?
-
Övladlarım - Kənan 17, qızım Ləman 12
yaşındadır. Mən onların seçiminə
müdaxilə etmək niyyətində deyiləm. Amma
övladlarım mənim sənət aləmimi çox diqqətlə
izləyirlər. Bir dəfə qızım mənə dedi
ki, filan rolu oynama... Hətta buna görə iki gün
ağladı. Nəhayət, onu başa saldım ki, bala, mən
aktyoram, hər rolu da oynamalıyam. Burada qeyri-adi nə var ki?
- Söhbət hansı tamaşadan
gedir?
- Samir Sədaqətoğlunun
“Yerə-göyə sığmayan” tamaşasından.
İstedadlı aktyor Sərvər Əliyevin quruluş verdiyi
bu tamaşada oynadığım Kişi bu günkü həyatımızın
sosial müstəvisində Kefli İsgəndər
funksiyasını yerinə yetirir. Tamaşa boyu tragikomik məqamlar
tamaşaçını həm güldürür, həm də
kədərləndirir. Burada mən bütün
ömrünü türmədə keçirmiş bir
insanın faciəvi taleyini bir neçə detalla
tamaşaçının gözü qarşısında
canlandırmağa çalışıram. Kişinin
özünə qayıtmaq cəhdləri fiaskoya
uğrayır və o, labüd, qaçılmaz olan
ölümlə üz-üzə qalır.
- Sizi həmişə
komik rollarda görmüşük, bu isə...
- Elədir,
bu, mənim oynadığım ilk mürəkkəb xarakterli
obrazdır. Bu rol Natiqin bir aktyor kimi potensial imkanlarını
ortaya qoydu. Bu səpkili rollarda oynamağın da öz yeri var.
- Özünüzü
oynadığınız tamaşa olub?
- Azərbaycan
Televiziyasında böyük redaktor vəzifəsində
işləyən, ssenarist, rejissor kimi tanınan Maarif Məmmədov
bir gün “Sovqat” adlı əsərini mənə verdi. Əsəri
oxudum və dedim ki, elə bu mən özüməm.
“Sovqat”ın film-tamaşasını çəkdik. Xarakterim,
təbiətim necədirsə, canlandırdığım
obraz da elədir.
- Yeri gəlmişkən,
hərdən sorağınız bölgə teatrlarından da
gəlir...
- Nəcəf
Bəy Vəzirov adına Lənkəran Dövlət Dram
Teatrı “Sovqat”ı səhnələşdirəndə
baş rolu - Əflatunu mənə həvalə etdi. Mən də
məmnuniyyətlə bu işə qol qoydum. Ötən il
tamaşanı uğurla təhvil verdik. Həmin tamaşa
Bakıda da nümayiş olundu.
“Nə
yaxşı ki...”
- Son illər
teatrlarda yaş senzi ilə bağlı aparılan islahatlarla
bağlı sizin fikirləri də öyrənmək
maraqlı olardı.
- Hər
halda, hamımız qanuna tabe olmalıyıq. Amma mənə
elə gəlir ki, aktyor səhnədə ölməlidir. O
yaşda insan kövrəklik dövrünü yaşayır.
Belə bir şəraitdə aktyorun səhnədən
uzaqlaşdırılması onun faciəsidir. Nə
yaxşı ki, artıq bu kimi məsələlər həllini
tapdı.
- Natiq müəllim, hərdən
kiminlə dərdləşməyə can atırsınız?
- Ən
çox Maarif müəllimlə …Onunla ilk
tanışlığımın demək olar ki, 30 ildən
çox tarixi var.
- Maşallah, cavan
qalmısınız. Heç saçınıza dən də
düşməyib. Yaratdığınız obrazlar cavan
qalmağınızın sirri ola bilərmi?
- Amma bu sənətdə
öz yerimi tapana qədər ürəyimə o qədər
xal düşüb ki...
QVAMI MƏHƏBBƏTOĞLU
Zaman.-2012.-12 iyun.-S.13.