Bakı və İstanbul küçələri “Xocalıya ədalət” istəyənlərlə dolub-daşdı

 

Bakı və İstanbulda keçirilən izdihamlı aksiyalar öz şüarları ilə uzun müddət yaddaşlardan silinməyəcək. Yürüş-mitinqlərdə səsləndirilən və plakatlara yazılan şüarlar Azərbaycan və Türkiyənin bütün problemlərə qarşı birgə mübarizə aparacaqlarının göstəricisi idi. “Hamımız türkük” şüarı bunun bariz nümunəsidir. Bu o deməkdir ki, ermənilərin Xocalıda qətlə yetirdikləri yalnız azərbaycanlılar deyildi, öldürülənlər xocalılı olduğu qədər də istanbullu, ankaralı, izmirli, konyalı, ərzurumlu, ığdırlı, qısacası Anadolu türkü idi.  

 

XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20 illiyi münasibətilə fevralın 26-da Bakıda keçirilən izdihamlı yürüş-mitinq yəqin ki, uzun illər insanların yaddaşından silinməyəcək. Müasir tariximizin ən qanlı səhifələrindən biri - Xocalı soyqırımı ilk dəfə olaraq, Bakıda 100 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edildi. Azadlıq meydanından başlayan ümumxalq yürüşündə Prezident İlham Əliyev, ailə üzvləri, dövlət və hökumət nümayəndələri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumxalq yürüşündə ölkə başçısı İlham Əliyev və ailə üzvləri əvvəldən axıradək iştirak etməsi dövlətin soyqırım qurbanlarına olan yüksək ehtiramını bir daha bütün dünyaya göstərmiş oldu. Bu mərasimdə iştirak edən 100 mindən çox insan Xətai rayonu ərazisində Xocalı soyqrımı zamanı həlak olanların xatirəsinə hörmət və ehtiram əlaməti olaraq, ucaldılan “Ana harayı” abidə kompleksinə kimi yürüş ediblər. “Ana harayı” abidə kompleksinin qarşısında baş tutan mitinqdə yürüş iştirakçıları  Xocalı soyqırımını törədənlərin, onların havadarlarının əleyhinə şüarlar səsləndiriblər. Yürüş iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 20 il bundan əvvəl baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq çağırışları, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadları yazılmış minlərlə transparant, həmçinin “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!” və s. sözlər yazılmış minlərlə plakat tutublar.

 

Taksimdəki aksiya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını sübut edən növbəti addım oldu

 

Fevralın 26-da Xocalı soyqırımının 20 illiyi münasibətilə on minlərlə insanın iştirak etdiyi növbəti yürüş-mitinqin ünvanı   İstanbulun Taksim meydanı olub. İstanbulda keçirilən bu mitinq Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində atılmış ən böyük və kütləvi addım kimi tarixə düşdü. Bundan başqa, Taksimdəki aksiya Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzinə çevrilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycandan da yüzlərlə insanın - millət vəkillərinin, ziyalıların, iş adamlarının, sənətçilərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi aksiyaya Türkiyənin 35 vilayətindən on minlərlə insan qatılıb. Həmin gün əllərində Türkiyə və Azərbaycan bayraqları dalğalandıran aksiya iştirakçıları Xocalının harayını dünya ictimaiyyətinə eşitdirmək üçün bir yumruq olublar.  Yürüş-mitinqdə erməni faşistlərinin törətdikləri qətliamın yalnız Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı çevrildiyi vurğulanıb. Taksimdəki izdihamlı aksiya öz şüarları ilə uzun müddət yaddaşlardan silinməyəcək. Yürüş-mitinqdə səsləndirilən və plakatlara yazılan şüarlar Azərbaycan və Türkiyənin bütün problemlərə qarşı birgə mübarizə aparacaqlarının göstəricisi idi. “Hamımız türkük” şüarı bunun bariz nümunəsidir. Bu o deməkdir ki, ermənilərin Xocalıda qətlə yetirdikləri yalnız azərbaycanlılar deyildi, öldürülənlər xocalılı olduğu qədər də istanbullu, ankaralı, izmirli, konyalı, ərzurumlu, ığdırlı, qısacası Anadolu türkü idi. “Hamımız türkük” deyən gənc Xocalı soyqırımının öz ata-anasına, bacı-qardaşına, bibi-xalasına, əmi-dayısına qarşı törədildiyini, onun bu şüurla böyüdüyünü dünyaya nümayiş etdirdi. “Azərbaycan xalqı tək deyil” şüarı da Türkiyənin arxamızda olmasına işarə vururdu. Türkiyə bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini davam etdirəcəyinə dair on minlər qarşısında zəmanət verdi

“Xocalıya ədalət” şüarı isə dünyaya səsləniş idi. Bu, demokratiya, haqq-ədalət, insan hüquqları deyən ABŞ, Fransa, İngiltərə, Almaniya və digər ölkələrə göndərilən ismarıcdı.

“Hamımız xocalılıyıq”, “Erməni yalanlarına son”, “Qarabağ bizimdir, bizim qalacaq”, “Erməni cavab verəcək”, “Qəlbimizdə Xocalı”, “Vətən bölünməz, şəhidlər ölməz”...

Taksimdəki aksiya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını sübut edən növbəti addım oldu. Bu aksiyanın möhtəşəmliyini kənardan seyr edən düşmənlərimiz dövlətlərimizin və xalqlarımızın yumruğa çevrilməsinin qorxu yüklü həyəcanını yaşadılar. Bu mənada Taksim dünyaya birlik və ədalət mesajı verdi....

 

Unutmayaq...

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət etsələr də, pusquda dayanan erməni-rus silahlıları dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

 

  Zaman.-2012.-3-5 mart.- S.4.5.