Bəkir
Çobanzadə - Türkün nəğməkar
şairi və dilçi
alimi (1)
Dəyişmə,
muradın millətsə sənin, Vətənə, torpağa
xidmətsə sənin. Görsən ki, dəyişmiş
el-oba bütün, Bir parça çörək, ya isti yer
üçün. Sən sürün, yenə də dəyişmə
ancaq, Sonda qalibiyyət sənin olacaq.
Bu
sözlər ötən əsrin Azərbaycan-Krım
tatarları, eləcə də
türk dünyasının görkəmli dilçi alimi,
şair və yazıçısı Bəkir Çobanzadəyə
məxsusdur. Tanınmış dilçi alim olduğunu bir kənara
qoysaq, onda onu həm də XX əsrin ilk 30 ilində ürəkləri
titrədən kövrək və incə şeirləri ilə
türk-islam dünyasını həmrəyliyə
çağıran türk dünyasının Homeri
adlandırmaq olar. Türk dünyasının böyük
oğlu Mehmet Akif Ərsoy kimi istiqlal ruhu Bəkir Çobanzadənin
də canına, qanına elə hopmuşdu ki, o bu yolda
özünü fəda etməkdən belə çəkinməyərək,
repressiya illərində ölümü ilə türk
dünyası ilə bütövləşdi, birləşdi.
O, həm də XX əsr türk
dünyasının ən böyük dilçi alimlərindən
biri idi. Təsadüfi deyil ki, filologiya elmləri doktoru Ramiz Əskər
ötən həftə “Azadlıq” radiostansiyasına verdiyi
müsahibəsində Bəkir Çobanzadənin türk
dünyası qarşısındakı xidmətlərini
görkəmli dilçi alimlər Mahmud Kaşğarı və
Mirzə Kazım bəylə müqayisə edərək: “O,
bizim tarix boyu var olan üç məşhur dilçimizdən
biridir. Birincisi, min il əvvəl parlayan Mahmud Kaşğari,
ikincisi, bir neçə dəfə Rusiya Elmlər
Akademiyasının Demidov adına mükafatını alan Mirzə
Kazım bəy, üçüncüsü isə Bəkir
Çobanzadədir”,- deyib
Bəkir
Vahab oğlu Çobanzadə 1893-cü ildə Krımdakı
Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində
anadan olub. Atası onu elmli, savadlı bir gənc kimi görmək
istəyirdi. Ona görə də o, balaca Bəkiri oxutmaq
üçün Qarasubazardakı Rüşdiyə ibtidai məktəbinə
qoydu. Balaca Bəkir məktəbdə qeyri-adi istedadı ilə
seçilirdi və buna görə də müəllimlərin
sevimlisinə çevrilmişdi. Müəllimləri onun
haqqında: “Olduqca şirin və incə ruhlu, həssas,
istedadlı bir uşaqdır, tez-tez xəyala dalmağı
sevir, sanki nəyi isə axtarır, nə haqqındasa
düşünür. Gələcəkdə ondan
tanınmış bir adam çıxacaq”,-demişdilər.
Amma həmin dövrdə heç kim bilmirdi ki, oxuyub-yazmağı öyrəndiyi
gündən bu balaca oğlan mehrini ədəbiyyata salaraq
şeir yazır. Təsadüfi deyil ki, “Anan qayda” (“Anan harada”)
adlı ilk şeiri də 1913-cü ildə İstanbulda
yayımlanan “Yaş tatar yazıları” (“Gənc tatar yazarları”)
məcmuəsində dərc olundu. Bəkirin istedadından xəbər
tutan Krımdakı xeyriyyə qurumlarından biri təhsilini
davam etdirə bilməsi üçün onu öz xərci ilə
İstanbuldakı Sultaniyyə (Qalatasaray) liseyinə göndərdi.
Bu məktəbdə oxuduğu illər Bəkirin gələcək
həyat yolunun müəyyənləşməsində, onun
siyasi cəhətdən püxtələşməsində,
onda milli ruhun oyanamasında böyük rol oynadı. O bu məktəbdə
istər ədəbi-bədii, istərsə də siyasi
baxımdan yetkin, millətini ürəkdən sevən bir
şəxsiyyət kimi formalaşdı. Liseydə oxuduğu
illərdə Bəkir İstanbuldakı “Krım tatar” tələbə
cəmiyyətinə üzv oldu. Bu cəmiyyətin əsas vəzifələrindən
biri İstanbulda təhsil alan tatar gənclər arasında
milli oyanışı təbliğ etmək, əsarət
altında olan vətənlərini daha da sevdirmək,
onları istiqlal uğrunda mübarizələrə
hazırlamaq idi. Bu isə mənsub olduğu millətə
bütün varlığı ilə bağlı olan Bəkirin
istəklərinə və arzularına cavab verirdi. Amma
İstanbulda liseyi başa vurmaq Bəkirə nəsib
olmadı. Belə ki, 1914-cü ilin yayında I Dünya
müharibəsinin başlaması ilə əlaqədar Bəkir
təhsilini yarımçıq qoyaraq Krıma dönməyə
məcbur oldu. Amma onda oxumaq hissi çox güclü idi. Ona
görə də təhsilini Odessa şəhərində rus
dilində davam etdirdi.
Qədim türk-hun eli
Macarıstanda
Yuxarıda qeyd etdiyimiz kimi, hələ
uşaqlıq yaşlarından şeir yazmağa başlayan Bəkirin
sinəsində mənsub olduğu millətə,
soykökünə böyük
məhəbbət vardı. İstanbulda oxuduğu illərdə
öz soykökünün tarixini dərindən
araşdıran Bəkir müxtəlif ləhcələrdə
danışan türk xalqları ilə yaxından
tanış olmuşdu. O, əksər türk ləhcələrində
danışa bilirdi. Bu da Bəkirin gələcəkdə məşhur
dilçi alim kimi formalaşmasında xüsusi rol oynadı.
1915-ci ildə o, İstanbul Universitetinin ədəbiyyat
fakültəsinə daxil oldu. Türk dili ləhcələrinə
sonsuz marağı Bəkiri 1916-cı ildə Budapeştə gətirib
çıxardı. O burada Budapeşt Universitetinin Şərq
dilləri bölümündə təhsil almağa
başladı. Bəzi məlumatlara görə, onun
Budapeştə getməsində İstanbulda
çalışan macar professor Lipot Masonyinin xüsusi rolu
olub. Dilçi alim, professor Vilayət Quliyev türk
dünyasının bu böyük oğlunun Budapeşt həyatı
ilə bağlı belə yazır: “Tarixinə və incəliklərinə
Macarıstan paytaxtında yiyələndiyi türk dili
Çobanzadənin yalnız elmi deyil, poetik irsinin də əsas
mövzusu idi... Böyük həmvətəni İ.
Qaspralının əsasını qoyduğu “türk birliyi”
ideyası da Bəkir Çobanzadənin fikir və
düşüncələrinə daha çox həyatının
Budapeşt dövründə hakim kəsilmişdi. Burada, bir tərəfdən,
Avropa mədəniyyətinin təsiri, digər tərəfdən
isə, türk millətlərinin düşdüyü
acınacaqlı vəziyyəti daha dərindən anlaması
nəticəsində o, mədəni və siyasi müstəqilliyi
uğrunda ardıcıl mübarizə aparan Macarıstanı
türk elləri üçün örnək saymağa
başlamışdı”. (Vilayət
Quliyev “525-ci qəzet”, 30 oktyabr, 2010)
Macarıstanda
təhsil aldığı illərdə o, adıçəkilən
ölkədə yaşayan bir çox tanınmış
siyasi xadimlərilə görüşmüş və onlara əsarətdə
olan türk elləri, o cümlədən Krım tatarları
barədə geniş məlumat vermişdi. Qısa müddətdə
macar dilini mükəmməl öyrənən Bəkirzadə
müəllimlərinin sevimlisinə çevrilmişdi. Onun
istedadını xüsusi qiymətləndirən müəllimləri
gənc Bəkirin Budapeştdə qalaraq Şərq dilləri
üzrə kadrlar hazırlanmasında iştirak etməsini istəyirdilər.
Qürbətdə Vətən eşqi ilə
çırpınan Bəkir isə yenidən Vətənə
qayıtmaq arzusu ilə alışıb yanırdı. Lakin
onun Vətənə qayıtmağa pulu yox idi. Ona görə
də bir müddət Budapeştdə qalmalı oldu.
Çobanzadə Macarıstan paytaxtında nəşr olunan
“Şərq” qəzetində milli, ədəbi məqalələrlə
çıxış edirdi. Burada bir mühüm faktı
xatırlatmaq yerinə düşər. Bu da Bəkirin vətəndən
uzaqlarda “Ana dilim” adlı şeirini yazmasıdır. Bu şeir
Çobanzadənin ana dilinə bütün varlığı
ilə bağlı olmasının bariz nümunəsi idi. Bəkir
Çobanzadə “Ana dilim” adlı şeirində
yazırdı:
Mən
səni Krımda, Kazanda duydum
Qəlbim
qaynayanda, daşand
duydum.
Bilmirəm,
türkdür, ya tatardır adın,
Amma çox şirinsən! Şirindir dadın...
(Şeiri Azərbaycan
türkcəsinə Vilayət
Quliyev uyğunlaşdırıb).
Yeri gəlmişkən, onu da deyək ki,
Çobanzadə Budapeştdə
bir vaxtlar Macarıstan hökumətində
maarif naziri vəzifəsində işləyən,
vəzifəsindən ayrılandan
sonra isə siyasi partiyalardan birinə rəhbərlik edən Qraf Albert Ayoni ilə yaxından tanış idi. Aralarında tez-tez türk
ellərindəki siyasi,
ictimai, mədəni vəziyyət barədə
fikir mübadiləsi olardı. Bəkir Çobanzadənin türk
elləri barədə
söylədikləri və
danışdıqları Albert Ayonini çox duyğulandırmışdı.
Ayonini türk ellərində siyasi oyanışın gec getməsi, Bəkiri isə Macarıstanda türk elləri ilə məşğul olan bir qurumun
olmaması narahat edirdi
Budapeşt həyatı Bəkir Çobanzadəni vəziyyətdən
çıxış yollarını
axtarmağa məcbur etmişdi. Bu gün müstəqilliyini əldə
edən türk dövlətləri üçün
xüsusi önəm daşıyan ümumtürk
tarixinin və ümumtürk ədəbiyyatının
yaradılması ideyası
hələ 1916-1918-ci illərdə
Bəkir Çobanzadə
tərəfindən gündəmə
gətirilmişdi. Bəkir
Çobanzadə yazırdı:
“Bizdə tədris kitabı olmaq üzrə üç cilddən ibarət bir ədəbiyyat tarixi yazılmalıdır.
Birinci cilddə ən əski türk-tatar ədəbiyyatından, yəni
türk-tatarların müştərək
ədəbiyyatından, digər
iki cildin birində türk-Osmanlı,
o birində isə cağatay, özbək, qazan və krım
xalq ədəbiyyatlarından
bəhs edilməlidir”.
Onu da deyək ki,
Çobanzadə o dövrdə
digər türk elləri ilə müqayisədə Azərbaycan
ədəbiyyatı ilə
az tanış
idi. Ona görə də
ölkəmizin türk
dünyasında tutduğu
yeri, istər ədəbi, istərsə
də siyasi baxımdan türk xalqları arasında körpü rolunu oynamasını yetərincə
qiymətləndirə bilməmişdi.
1917-ci ildə Rusiyada baş verən dövlət
çevrilişi Macarıstanda
yaşayan Bəkirdə
də əsarətdə
yaşayan türk ellərinin tezliklə öz müstəqilliklərinə
qovuşacağına ümidlər
yaratmışdı. O, bolşeviklər
tərəfindən həyata
keçirilən dövlət
çevrilişindən bir
il sonra
yazırdı: “Krım,
Qafqaz, Kazan, Türküstan
və Sibirdə təşəkkül tapan
cümhuriyyətlərin hamısı
tatarların əlindədir”
Tatar deyəndə Çobanzadə
Çar Rusiyasında
yaşayan bütün
türk xalqlarını
nəzərdə tuturdu. Bu da əsassız deyildi. Kazan həmin
dövrdə nəinki
Krım və Tatarıstan türkləri,
həm də Sibir və Orta
Asiya türkləri üçün mədəni,
siyasi bir mərkəz rolunu oynayırdı. Birinci
Dünya müharibəsi
ilə əlaqədar siyasi
və iqtisadi baxımdan olduqca təlatümlü bir həyat keçirən Macarıstanda yaşamaq olduqca çətin və təhlükəli idi. Müharibədə məğlubiyyətə uğrayan Avstriya-Macarıstan
imperiyası dağılmağa
başlamışdı. Ölkədə inqilabi vəziyyət
əmələ gəlmişdi.
Buna baxmayaraq, Bəkir Çobanzadə Budapeşt Universitetinin tarix-filologiya fakültəsində
ixtisasına uyğun olaraq, türk, ərəb və macar filologiyasını araşdıraraq, sona çatdıra və doktorluq dissertasiyasını
müdafiə edə bildi. Doktorluq işi (“Kodeks
Kumanikus”) 1303-cü ildə
venesiyalı missionerlər
tərəfindən qələmə
alınan kuman mətnlərinə - qədim
qıpçaq dili abidəsinə həsr olunmuşdu.
Dissertasiyanı müdafiə edəndən
sonra onu Lozanna Universitetində işə dəvət etdilər. Eyni zamanda Budapeşt
Universitetində onu saxlamaq istəyirdilər.
Ancaq Çobanzadə vətən
üçün darıxırdı.
Ona görə də bir müddət sonra İstanbula qayıda bildi. Oradan isə Krıma - Ağməscidə gələn
Çobanzadə məktəblərin
birində tatar dili və ədəbiyyatı
müəllimi işləməyə
başladı.
Zaman.-2012.-8-9 mart.-
S.14.