Bəkir
Çobanzadə - türkün nəğməkar
şairi və dilçi
alimi (2)
Çobanzadəni
həbs etmək üçün əsas tapılmamasına
baxmayaraq, onun hər addımı yenə də nəzarətdə
saxlanılmaqda idi. Çobanzadəyə qarşı həmin
dövrdə rejim tərəfindən təxribat
maşını işə salınmışdı. Xüsusi
xidmət orqanlarının tapşırığı ilə
mətbuatda Bəkir Çobanzadənin simasında
düşmən obrazı yaradılmaqda idi.
Bəkirin
Vətənə qayıtması olduqca təlatümlü bir
vaxta düşmüşdü. Belə ki, 1918-1921-ci illər
Krım bolşeviklərlə ağqvardiyaçılar
arasında müharibə meydanına çevrilmişdi. Bəkir
bu müharibədə tatarların gücsüz olduğunu
hiss edirdi və ona görə də belə bir vəziyyətdə
siyasi proseslərdə iştirak etmək məqsədəuyğun
deyildi. Bunu nəzərə alan Bəkir müəllimlik fəaliyyətini
davam etdirdi. Ancaq o inanırdı ki, Krım tatarları
hökmən öz müstəqilliklərinə qovuşacaq və
yüz illər bundan əvvəl itirdikləri dövlətçilik
ənənələrini bərpa edəcəklər. 1921-ci
ildə bolşeviklər qızğın döyüşlərdən
sonra Krımı ağqvardiyaçılardan təmizləyərək
yarımada üzərində nəzarəti bərpa etdilər.
Bunun ardınca Krım Muxtar Sovet Sosialist Respublikasının yaradılması
elan edildi. Bəkir Çobanzadə
isə Muxtar Respublika İcraiyyə Komitəsinin üzvü seçildi. O, Krım
Maarif Komissarlığında
Tatar dili və ədəbiyyatı şöbəsinin
müdiri oldu
(1920-1922), eyni zamanda ali məktəblərdə,
elmi-tədqiqat institutlarında
çalışdı. Çobanzadə həmin dövrdə Krım universitetində Şərq fakültəsinin
professoru kimi işə dəvət edildi. O, burada krım-tatar dili və ədəbiyyatından
mühazirələr oxuyurdu.
Yorulmadan
gecəli-gündüzlü xalqının rifahı, tatarların siyasi-mədəni
oyanışına nail olmaq
üçün çalışan
Çobanzadənin bu
fəalliyyəti bolşeviklərin
diqqətini cəlb etdi. Onu 30 yaşında Krım
Universitetinin rektoru vəzifəsinə təyin
etdilər. Bu yaşda böyük bir universitetin rektoru olmaq hər
kəsin nəsibi deyil. Amma Çobanzadə Danko kimi vətənini,
millətini qaranlıqlardan
azadlığa çıxarmaq
üçün çalışan,
bu yolda ürəklərini məşəl
edən insanlardan idi. Həmin dövrdə Çobanzadənin
özünü məşhur
bir türkoloq-alim kimi sübut etməsi ona yeni bir şöhrət
gətirmiş və bütün türk ellərində tanınmasına
səbəb olmuşdu.
Məşhur dilçi alimin
sorağı Azərbaycana
da gəlib çatmışdı. Ötən
əsrin 20-ci illərində
Azərbaycanda yeni, latın əlifbasına
keçidə hazırlıq
gedirdi. Belə bir vəziyyətdə bu işdə latın qrafikasının
üstünlüklərini həm elmi, həm də nəzəri cəhətdən
sübut edən, bu prosesi dəstəkləyən
məşhur bir türkoloqa ehtiyac vardı. Belə bir türkoloq
isə Bəkir Çobanzadə oldu.
Azərbaycan Xalq Maarif Komissarı işləyən
S. Ağamalıoğlu onu
ölkəmizə dəvət
etdi. Əvvəlcə, Çobanzadə tərəddüd etdi.
Çünki o, Macarıstan və
Peterburq universitetləri
tərəfindən də
işə dəvət
edilmişdi. Amma türk
ellərinə olan məhəbbəti onu Ağamalıoğlunun dəvətini
qəbul etməyə
həvəsləndirdi. O, Bakıya gələn kimi Azərbaycanda yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası Ümumittifaq
Mərkəzi Komitəsinin
rəhbəri təyin
edildi. Çobanzadə
dərhal fəaliyyətə
başlayaraq, Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və
Krımda latın
əlifbasına keçidlə
əlaqədar iş aparmağa başladı.
O, həmin dövrdə
bütün türk respublikalarında və muxtar cümhuriyyətlərində
eynihərfli latın
əlifbasının qəbuluna
nail olmaq istəyirdi. Həmin dövrdə Çobanzadə: “Yeni latın əlifbası elə hazırlanmalıdır
ki, Krımda, Kazanda,
Daşkənddə, Bakıda,
İstanbulda və ya Sibirdə yaşayan türklər asanlıqla onun vasitəsilə bir-birilərini
başa düşə
bilsinlər,”-demişdi.
Ona görə də tez-tez əlifba komissiyasının sədri
kimi türk respublikalarına səyahətə
çıxır və
dilçi türkoloq alimlər qarşısında
bu mövzuda mühazirələr oxuyurdu.
O bu məqsədlə
Bakı, Daşkənd,
Fərqanə və Buxara ali
məktəblərində türkologiyanın
ayrı-ayrı problemlərinə
dair diskussiyalar təşkil etmişdi. Çobanzadə həm də
Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinə rəhbərlik
edərək, ölkəmizdə
türkoloq kadrların
hazırlanmasında fəallıq
göstərirdi. Bu illərdə o həm də Britaniya və Ərdəbil nüsxələri əsasında
Xətai divanının
müqayisəli mətnini
hazırlamışdı. 1926-cı
ildə keçirilən
Ümumittifaq Türkologiya
Qurultayının təşkilində
fəal iştirak edən Çobanzadə yeni latın
əlifbasının hazırlanmasına
öz töhfəsini
verdi. Onun türk xalqlarının
vahid əlifbaya keçməsi uğrunda apardığı mübarizə
SSRİ xüsusi xidmət
orqanlarının da diqqətini cəlb etmişdi. Onun hər addımı
diqqətlə izlənilirdi.
Rusiya xüsusi xidmət
orqanları
Çobanzadədən şübhələnməyə başlamışdılar. Onlar Çobanzadənin
əlifba islahatı adı altında pantürkist ideyalarını
həyata keçirdiyini
ehtimal edirdilər.
Onun qızğın fəaliyyətini
pantürkizm kimi qiymətləndirirdilər. Amma onu həbs etmək
üçün əsas
tapa bilmirdilər.
İş o yerə çatmışdı
ki, həmin dövrdə Azərbaycan Xalq Daxili İşlər
Komissarı işləyən
Y. D. Sumbatov-Topuridze 1935-ci ilin
sonunda Moskvaya yazmışdı ki, Çobanzadənin hər
addımını izləyirlər,
lakin onu həbs etmək üçün əllərində
hər hansı bir əsas yoxdur.
Çobanzadə izləndiyini
hiss etsə də, fəaliyyətini davam etdirirdi. Çünki təmiz idi
və rejimə özünü həbs edirmək üçün
əsas verməmişdi.
Yeri gəlmişkən,
onu da deyək
ki, Çobanzadə
1924-1929-cu illərdə Azərbaycan
Baş Elmi İdarəsində Terminologiya
Komitəsinə rəhbərlik
etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində
kafedra müdiri, dekan vəzifəsində çalışmışdı. 1928-ci ildə isə
onun fəaliyyətini
nəzərə alaraq,
Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvü seçdilər. O, 1929-1935-ci illərdə Azərbaycan
Dövlət Elmi-Tədqiqat
İnstitutunun aspirantura
şöbəsinin müdiri
işləmiş, SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin
(1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi
üzvü seçilmişdi.
Çobanzadənin şöhrəti tədricən xarici ölkələrə də
yayılmaqda idi.
1935-ci ildə onu Paris Dilçilik Cəmiyyətinin üzvü
seçdilər. Bu müstəvidə
də türkoloq alim və şair
kimi Sovet Şərqində yaşayan
türk xalqlarının
bədii ədəbiyyatının,
müasir ədəbi
prosesin nəzəri problemlərinin tədqiqinə
və dil tarixinin yaranmasında təqdirəlayiq töhfələrini
verdi. O, bir sıra monoqrafik əsərlərlə yanaşı,
“Türk dilinin metodikası” (1932), “Elmi qramerin əsasları”
(1932) kitablarını hazırlamış,
mətbuatda müntəzəm
olaraq elmi məqalələrilə çıxış
etmişdi.
Qeyd etdiyimiz
kimi, Çobanzadəni
həbs etmək üçün əsas tapılmadığına baxmayaraq,
onun hər addımı yenə də nəzarətdə saxlanılmaqda idi. Amma Çobanzadəyə
qarşı həmin dövrdə rejim tərəfindən artıq
təxribat maşını
işə salınmışdı.
Xüsusi xidmət orqanlarının
tapşırığı ilə mətbuatda Bəkir Çobanzadənin
simasında düşmən
obrazı yaradılmaqda
idi. Bu işdə,
xüsusilə, Mikayıl
Rəfili daha çox canfəşanlıq
göstərirdi. Rəfili
1930-cu ildən başlayaraq,
müxtəlif mətbu
orqanlarında dərc
etdirdiyi məqalələrində
Çobanzadəni türk
casusu, inqilabın əleyhdarı olan burjua nümayəndəsi adlandırırdı.
Sonra onun bu kampaniyasına
Mustafa Quliyev və Osman Əfəndizadə da qoşuldular. “İnqilab və
mədəniyyət” jurnalında
Mustafa Quliyev və Osman Əfəndizadə Çobanzadəyə iftiralar
ataraq, onu xalq düşməni kimi qələmə verirdilər. Həmin dövrdə
gənc Mehdi Hüseyn isə heç bir əsas olmadan Çobanzadəni Trotskinin
tərəfdarı adlandıraraq,
onun cəmiyyətdən
təcrid olunmasını
tələb edirdi.
Halbuki Çobanzadənin trotskiçilərlə
heç bir əlaqəsi yox idi. Bütün bunlara səbirlə
dözən Çobanzadə
haqq-ədalətin yerini
tapacağına inanırdı.
1935-ci ildə bir müddət Çobanzadəni, belə
demək mümkünsə,
unutdular. Ona artıq
əvvəlki kimi mətbuatda hücumlar etmirdilər. Ona görə
də təhlükənin
sovuşduğunu düşünən
Bəkir Çobanzadə
rahat nəfəs almağa başladı.
Lakin hər vasitə ilə onu həbs
etməyə çalışan
SSRİ xüsusi xidmət
orqanları, nəhayət
ki, bunun üçün “əsas”
tapa bildilər. Belə ki, həmin
dövrdə SSRİ xüsusi
xidmət orqanları Leninqrad Dövlət Universitetinin professoru, Azərbaycanın elmi dairələri ilə yaxından əlaqədə
olan, həmçinin respublikamız üçün
milli kadrların hazırlanmasında xüsusi
xidmətlər göstərmiş
Boris Tixomirovu həbs etdilər. Onun həbsinə səbəb
Leninqrad şəhərində
məsuliyyətə cəlb
olunmuş əksinqilabçı
trotskiçilərdən Qarber,
Zeydel və başqalarının verdikləri
ifadələr olmuşdu. İstintaqı
aparan leytenant Şer bunu əsas
tutaraq, Azərbaycan
SSR XDİK DTİ-nin istintaq
şöbəsinin rəisi
Gerasimova yazmışdı
ki, həbs edilən B. N. Tixomirov trotskiçi-zinovyevçi təşkilatının
üzvüdür.
Bu isə dolayısilə
Azərbaycanda Tixomirovla
əlaqədə olan
şəxslərin həbs
edilməsinə başlanılması
barədə işarə
idi. Tixomirov Azərbaycanda daha
çox Ruhulla Axundovla isti münasibətlərdə idi. Onu da deyək ki, Tixomirov, əvvəlcə, istintaq zamanı özünə qarşı irəli sürülən ittihamların
böyük əksəriyyətini
rədd etdi. Lakin sonra o öz “günah”larını boynuna
aldı. Buna səbəb isə, şübhəsiz ki, Tixomirova həbsxanada verilən işgəncələr
olmuşdu. Bu işgəncələrə
dözməyən Tixomirov
istintaqa verdiyi ifadələrində trotskiçilərlə
əlaqədə olduğunu
və millətçi
təşkilatlanmada mühüm
rol oynayan Ruhulla Axundov və Çiçilkalovla
sıx əlaqələr
saxladığını “etiraf”
etmişdi. Bu əsasda da Ruhulla Axundov həbs edildi.
Zaman.-2012.-10-12 mart.- S.12.