Bəkir Çobanzadə - türkün
nəğməkar şairi və dilçi alimi (3)
İstintaq
zamanı isə Ruhulla Axundovu pantürkist olduğunu və
hökumət əleyhinə iş apardığını
bildirməyə məcbur etdilər. Halbuki Ruhulla Axundov
bolşevikləri Azərbaycana dəvət edən və 1918-1920-ci
illərdə mövcud olan müstəqil cümhuriyyətimizin
devrilməsində önəmli rol oynayan şəxslərdən
biri idi.
Vaxtilə onun bu
satqınlığını bağışlaya bilməyən
M.Ə.Rəsulzadə Ruhulla Axundovun üzünə: “Sən
bizi satdın, səni də bizi satdığın bu rejim
özü güllələyəcək”,-demişdi. Necə
deyərlər, Ruhulla Axundovun pantürkist olması
gülünc təsir bağışlayırdı. Amma Mircəfər
Bağırov onun simasında özünə qarşı təhlükəli
bir rəqib görürdü. Ona görə də Ruhulla
Axundovun hakimiyyət uğrunda gedən mübarizənin qurbanı
olduğu şübhə doğurmur.
Həbs
edilən Ruhulla Axundovdan isə Azərbaycanda fəaliyyət
göstərən “pantürkist” təşkilatın rəhbərlərindən
birinin Çobanzadə olması barədə ifadə
alındı.
Başı
üzərində dolaşan ölüm küləklərindən
xəbərsiz olan Bəkir Çobanzadə isə 1937-ci ilin
yanvar ayında Kislovodskda “Qornyak” sanatoriyasında dincəlirdi.
Yanvarın 28-də xüsusi xidmət orqanları əməkdaşları
Bəkir Çobanzadəni elə sanatoriyada da həbs etdilər.
Onu
Bakıya gətirərək, dindirməyə
başladılar. Çobanzadəyə qarşı
pantürkist təşkilatlar yaratmaq və onlara rəhbərlik
etmək iddiası qaldırılmışdı. Əvvəlcə
Çobanzadə bütün bu ittihamları rədd etdi. Amma
onu da ağır, qeyri-insani işgəncələrə məruz
qoymuşdular. Ümumiyyətlə, onu 32 dəfə
dindirmişdilər. Hər dəfə dindirilərək,
kameraya qaytarıldıqdan sonra Çobanzadə daha dəhşətli
işgəncələrə məruz qalırdı. Aydın məsələ
idi ki, o uzun müddət bu işgəncələrə davam gətirə
bilməyəcək. Elə də oldu. Növbəti dindirilmə
zamanı Çobanzadə 1926-cı ildən əksinqilabi fəaliyyətlə
məşğul olduğunu və Krım milli firqəsini
yaradaraq, ona başçılıq etdiyini, bununla bağlı
Müsavat Partiyası ilə danışıqlar
apardığını “etiraf” edir. O, özünün rəhbərliyi
ilə iki qrup yaradıldığını və birinci qrupa
azərbaycanlı ziyalıların, o cümlədən Cabbar
Məmmədzadə, Qarabağlı, Fərhad Ağazadə,
Qulam Ələkbərli, Əhməd Seyidov, Əlisəbri
Qasımov, Əbdülkərim Əfəndizadə, Abdullayev,
Salman Mümtaz, Baba Əsgərov, İsmayıl Abbasov, Əmirxanov,
İsmayıl Əlizadə, Əli Sultanlı, Feyzulla
Qasımzadə, Kitinayevin daxil olduğunu söylədi. O,
Krım tatarlarından ibarət ikinci qrupu da yaradaraq, onlara rəhbərlik
etdiyini bildirir. Ancaq iş bununla bitmir. Çobanzadə sonralar
Azərbaycan ziyalılarından ibarət daha iki millətçi
qrup yaradıldığını və onlardan birinə
İsmayıl Hikmətin, digərinə isə tarixçi
alim Əziz Qubaydullinin rəhbərlik etdiyini “etiraf” edir.
Onu
da deyək ki, sonradan “yaradılan” iki qrupda Azərbaycan
ziyalılarının ən görkəmli nümayəndələrinin,
Atababa Musaxanlı, Hənəfi Zeynallı, Cabbar Əfəndizadə,
Abdulla Tağızadə, Xalid Seyid Xocayev, Mikayıl
Müşfiq, Əli Hüseynzadə, Mikayl Rzaquliyev, Hüseyn
Cavid, Əhməd Cavad, Surxay Yusupov, Abdulla Şaiq, Ə.Salamzadə,
Ağamir Məmmədov, A. Bukşpan, M. Bayramov, V. Xuluflu, Qara
İsmayılov, Ələsgər Ələkbərov,
Mövsüm Salamov, H. Biləndərli və digərlərinin
adları vardı... Nəhayət işgəncələrlə
sonradan Çobanzadəni Kazan tatarlarından ibarət daha bir
millətçi təşkilatın
yaradıldığını və ona da tarixçi alim Əziz
Qubaydullinin rəhbərlik etdiyini etiraf etməyə məcbur
edirlər. Bu siyahıda olanlar xüsusi xidmət orqanları tərəfindən
Çobanzadəyə etiraf etməsi üçün öncədən
təqdim edilmişdi. Onlardan çoxunu Çobanzadə
ümumiyyətlə tanımırdı. Amma xüsusi xidmət orqanları məhv
etmək istədikləri adamların pantürkist qruplarda
olmaları barədə Çobanzadəni yalan ifadə verməyə
məcbur etmişdilər. Bundan sonra adları çəkilən
“qruplar”a daxil olanların kütləvi həbsi başlandı
və bu yolla SSRİ-də məşhur türk
ziyalılarının hamısı həbs edilərək
güllələndi.
Bolşevik
rejimi Çobanzadədən istədiyini alandan sonra onunla
haqq-hesabı çürütmək qərarına gəldi. 1937-ci
il oktyabr ayının 11-13-də
Ali məhkəmənin hərbi kollegiyasının 3 nəfər
əməkdaşının iştirakı ilə məhkəmə
prosesi keçirildi. Oktyabr ayının 12-də Çobanzadəni
dindirdilər. Oktyabrın 13-də isə 15-20 dəqiqə davam edən məhkəmədə
Çobanzadə haqqında ölüm hökmü
çıxarıldı. Rəsmi məlumatlara görə,
onu güllələyiblər. Beləcə, Azərbaycan
filologiyasına, bütünlükdə çağdaş
türkologiya elminə böyük töhfələr
vermiş Azərbaycan-Krım tatar aliminin Budapeştdən
başlayan ömür yolu Bakıda türk və insanlıq düşmənlərinin
əli ilə qəddarcasına qırıldı...
Ancaq
bu böyük türkşünas alimin və əsarətdə
olan türk dünyasının istiqlal şairinin dəfn
edildiyi yer məlum deyil. Çobanzadə güllələnəndən
sonra onun həyat yoldaşı, Bakı opera teatrının
aktrisası Ruqiyə Qireyevna Abdulina da həbs olundu. Ona 8 il
iş verərək islah əmək koloniyasına göndərdilər.
Rejim Çobanzadədən qorxurdu
Ötən
əsrin 20-50-ci illərində SSRİ-yə rəhbərlik
edən və başdan ayağa türk düşməni olan
İosif Stalin türk sözünə nifrət edirdi. Ona
görə də müntəzəm olaraq SSRİ-də
yaşayan türk xalqlarına qarşı
soyqırımı, etnik təmizləmə siyasəti
yeridirdi. Çobanzadə və onu dəstəkləyən
türkoloq alim və tarixçilərin fəaliyyəti
Stalini daim narahat edirdi. Bolşevik rejimi Çobanzadədən
daha çox qorxurdu. Çünki türk dünyasında
böyük hörmətə malik olan Çobanzadə
qısa müddətdə xarici ölkələrdə də
məşhur dilçi alim kimi tanınmağa
başlamışdı. Bir sözlə bolşevik rejimi
Çobanzadəni özü üçün təhlükəli
adam sırasına daxil etmişdi. Məsələnin bu tərəfinə
diqqəti cəlb edən professor Ramiz Əskər Azadlıq
radiostansiyasının Azərbaycan dili redaksiyasına verdiyi
müsahibəsində: “Onu 1937-ci ildə güllələdilər.
Üstündən 75 il keçir, hələ o səviyyədə
dilçi yetişməyib. Bunun səbəbi nə idi?
Birincisi,
o, bütün Avropa dillərini bilirdi-ingilis, fransız, alman, macar... Çobanzadə rusca, türkcə,
ərəbcə, farsca
bilirdi. Həm də, bu dilləri daim işlədirdi. İkincisi, o, Avropa təhsilli ilk türkoloqumuzdur. Macarıstanda yetişib, orada çox güclü məktəb var idi. Üçüncüsü, tale ona çox
böyük zəka bəxş eləmişdi.
O, dilçi alim doğulmuşdu və o sahəyə də düşdü. Bəkir Çobanzadə çox böyük adam
idi. Sovet hökuməti də bunu gördü...Gördü ki, 1926-cı ildə keçirilən Türkoloji qurultayda Bəkir Çobanzadə necə canfəşanlıq
edir, necə bütün nümayəndələri
inandırır ki, türk dilləri hələ bir-birindən uzaq deyil, təcrid
olunmayıb. Ayrı-ayrı
ədəbi dil halına gəlməyib, bunları vahid orfoqrafik, sintaktik və s. bazada birləşdirmək olar.
Bax, Sovet hökuməti bunu gördü, qeydə aldı və 1937-də onu yox elədi...
Çobanzadə yeni latın
əlifbası qəbul
olunanda, bütün türk dünyasını
gəzirdi. Təbliğ
edirdi əlifbanı, deyirdi qəbul edin, hamımızın əlifbası bir olacaq və s. Rejim bunu görürdü
və türkçülüyə
qarşı mübarizə
aparırdı... Onu elə
pantürkist-deyə damğaladılar.
Guya Sovet hökumətini yıxacaqmış, türk
respublikalarını ayırırmış,
əksinqilabi təşkilat
qurubmuş, hökumətə
qarşı ideoloji təxribat, sabotaj aparırmış... beləcə
güllələyirlər. Yalnız 20 ildən sonra bəraət aldı”-deyib.
Yeri gəlmişkən
bir önəmli faktı da xüsusi
qeyd etmək istəyirik. Bu da həmin dövrdə Moskvanın türk xalqlarını biri-birlərindən
ayırmaq üçün
latın əlifbasının əvəzinə
onlara zorla kiril əlifbasını qəbul etdirmək planı ilə bağlı idi. Amma Çobanzadə kimi məşhur türkoloq alimlərin varlığı
Moskvanın bu mənfur planını yerinə yetirməsinə
mane olurdu. Ona görə
də, Moskva müxtəlif bəhanələrlə
Türk dünyasının
qaymaqları hesab edilən ziyalıların
hamısını məhv
edirdi. Məhz
1937-ci ildə Çobanzadənin
güllələnməsindən az sonra
Moskva bir gecədə türk xalqlarının latın əlifbasından kirilə
keçməsi barədə
biabırçı qərar
qəbul etdi.
“Mən adi çoban oğluyam”
Əslində bolşevik rejimi Çobanzadəni məhv
etməklə onu daha da məşhurlaşdırmış
oldu. XX əsr türk dünyasında onun qədər sevilən ikinci bir dilçi alim və istiqlal
nəğməkarı tapmaq
mümkün deyil.
Təsadüfi deyil ki, tanınmış tədqiqatçı alim
Abdulla Battal Taymas bu böyük insan haqqında “Çobanzadə beynində
elm və mədəniyyət
yükü, ürəyində
türklük və yurd sevgisi daşıyan,
misli-bərabərinə zəmanəmizdə
az-az təsadüf olunan idealist ruhlu bir türk övladı
idi”,-deyib.
Bəkir Çobanzadə haqqın
rəhmətinə qovuşandan
sonra onun haqqında əfsanələr
yaranıb. Bu da
onun nə qədər sevildiyini göstərir. Çünki yalnız xalq öz sevdiyi oğlu haqqında əfsanələr qoşur.
Tarixboyu böyük şəxsiyyətlər,
görkəmli insanlar
haqqında həmişə
əfsanələr yaranır
və yayılır.
Çobanzadə haqqında yayılan
əfsanələrə gəlincə
buna cavabı onun özü verib. Belə ki, o, özü və ailəsi haqqında “Bakinskiy raboçiy” qəzetində
gedən məqaləsində
“dədə-babadan çoban
olmuşuq və 15 yaşıma qədər özüm də çoban olmuşam” deyib. (Şahnaz Kamalova: “74 il
əvvəl qırılan
alim ömrü və ya Bəkir
Çobanzadə haqqında
əfsanəyə bənzər
gerçəklər” 525-ci qəzet 21.10.2011)
Bəlkə də, Çobanzadənin
böyüklüyünün bir səbəbini də onun məhz
sadə çoban ailəsindən çıxmasında
axtarmaq lazımdır. Çünki,
adətən, sadə,
zəhmətkeş ailələrdə
böyüyən, dünyaya
gəldiyi ilk günlərdən
canlı təbiətlə,
sadə insanlarla təmasda olan, ruhən vətənin hər qarış torpağına, gülünə,
çiçəyinə bağlı
olan adamlarda Vətən, millət, torpaq sevgisi daha böyük olur, onlar bu
ruhu yaşaya və yaşada bilirlər. Sadə çoban ailəsində
dünyaya göz açan Bəkir Çobanzadə də belə böyük insanlardandır.
Zaman.-2012.-14 mart.- S.12.