Tariximizin ən faciəli günü: 1918-ci il mart soyqırımı

 

Hər il Azərbaycan xalqı öz tarixindəki dəhşətli bir faciəni, 31 mart soyqırımı gününü hüznlə yad edir. Bununla əlaqədar rəsmi şəkildə Azərbaycanın hər yerində ermənilər və onların dəstəkçiləri olan ruslar tərəfindən millətimizin məhvi məqsədilə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsi hüzn və kədərlə qeyd edilir. Xatırladaq ki, tariximizə ən ağır və kədərli hadisələrdən biri kimi düşən mart soyqırımı ilə bağlı Prezident Heydər Əliyev 1998-ci il mart ayının 26-da mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalayıb.

 1918-ci il mart ayının son günləri və aprelin əvvəllərində Azərbaycan xalqı özünün ən faciəli günlərindən birini yaşadı və Bakıda, Şamaxıda, Salyanda Qubada, Göyçayda və digər yerlərdə erməni-rus daşnakları tərəfindən on minlərlə günahsız insanın qanı axıdıldı, yüzlərlə kənd və şəhər başdan-ayağa yandırıldı. Əslində Bakıda ermənilər tərəfindən dinc əhaliyə qarşı qırğınlar törədiləcəyi hələ 1917-ci ilin noyabr ayında daşnak Şaumyanın başçılıq etdiyi bolşeviklər tərəfindən hakimiyyətin ələ alınmasından sonra məlum idi. Bu müstəvidə də hələ 1917-ci ilin əvvəllərində Stepan Şaumyan və onun əlaltıları ermənilərə xüsusi təlimat verərək, onları təcili şəkildə silahlı dəstələr yaratmağı və müsəlman qırğınları üçün Bakıdan siqnal gözləməyi tapşırmışdılar.

Həmin dövrdə Bakıda cəbhədən qayıdan 10 min nəfərdən artıq silahlı erməni quldur dəstələri toplanmışdı. Onlar Şaumyanın ətrafında toplaşaraq Azərbaycan türklərinə qarşı yeni soyqırımları həyata keçirmək üçün fürsət gözləyirdilər.

Şaumyan Bakıda qırğın törədilməsinə ilk dəfə 1918-ci ilin yanvarında baş vurdu. Bu məqsədlə ermənilər müsəlmanlara qarşı müxtəlif fitnəkarlıqlara əl ataraq, silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində ermənilərin yanvar ayında Bakıda və respublikamızın digər yerlərində qırğınları törətmək planı baş tutmadı. Buna baxmayaraq, Şaumyan müxtəlif təxribatçı qrupları hərəkətə gətirərək, Bakıda və Azərbaycanın digər yerlərində soyqırımına başlamaq üçün bəhanə əldə etməyə cəhd edirdi. Həmin dövrdə Bakıdakı ermənilər müsavatçıları Bakı Soveti ilə toqquşdurmaq üçün ən hiyləgər və çirkin təxribatlara belə əl atırdılar. Məsələn, daşnaklar Müsavat Partiyası liderləri ilə keçirdikləri görüşlərdə bolşeviklərə qarşı mübarizədə onlarla ittifaqa girməyə hazır olduqlarını bəyan etmişdilər. Amma bununla bağlı hər hansı sənədi isə imzalamaqdan imtina etmişdilər. Ermənilərin oynadıqları bu çirkin oyunlar Müsavat Partiyası rəhbərlərinə də məlum idi. Ona görə də onlar erməni fitnəkarlığına uymayaraq, xalqı mümkün qədər təmkinli olmağa və təxribatlara cavab verməməyə çağırırdılar. Amma hadisələr Müsavat Partiyasının arzu eləmədiyi bir şəkildə inkişaf etməkdə idi. Belə ki, 1918-ci ilin mart ayında general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin dəfn mərasimində iştirak etmək üçün Bakıya gəldi. Dəfn mərasimi martın 27-də keçirilməli idi. Müsəlman alayının Bakıya gəlməsi isə Şaumyanı ciddi şəkildə narahat etmişdi. Vəziyyətin ciddiliyini nəzərə alan müsəlman alayı əsgərləri isə, öz növbəsində, dinc əhali arasında qırğına yol verməmək üçün martın 29-da “Evelina” gəmisinə minərək Lənkərana yola düşmək istədilər. Lakin daşnak Şaumyanın əmri ilə onları tərk-silah etdilər.  Halbuki şəhərdə minlərlə yaxşı silahlanmış daşnak hərbi hissələri sərbəst şəkildə hərəkət edirdilər.

Müsəlman alayının əsgərlərinin tərk-silah edilməsi isə şəhər əhalisi arasında narazılığın artmasına səbəb olaraq, ertəsi gün onları küçələrə çıxmağa məcbur elədi. Martın 30-da səhər tezdən Bakı  məscidlərində kortəbii şəkildə etiraz mitinqlərinin keçirilməsinə başlandı. Belə bir gərgin şəraitdə Müsavat Partiyası rəhbərliyinin azərbaycanlı əhalini sakitliyə  əmin-amanlığa çağırması da arzuolunan nəticəni vermədi. Günortadan sonra Şamaxı yolunda (C. Cabbarlı küçəsi) və Tatarski küçəsində Qızıl Ordunun süvari hissəsinə fitnəkarların təşkil etdikləri hücum şəhərdə əmin-amanlığın bərpa olunacağına bütün ümidləri boşa çıxardı. Bununla da Şaumyan və daşnaklar istədiklərinə nail oldular. Bu hücuma bəndmiş kimi Qızıl Ordu hissələri dərhal müsəlman məhəllələrinə soxularaq, fəal hərbi  əməliyyatlara başladılar.

31 mart səhər tezdən bolşevik-daşnak dəstələrinin azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə əvvəlcədən hazırlanmış plana uyğun şəkildə hücuma başladılar. Hücum əməliyyatları həm qurudan, həm də havadan həyata keçirilirdi. Adıçəkilən məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalayırdı. Dinc əhaliyə qarşı həyata keçirilən qətllərdə ruslar da daşnaklarla bərabər iştirak edirdilər. Yuxarıda qeyd etdiyimiz kimi, buna səbəb ermənilərin rus əsgərlərini İçərişəhərdə azərbaycanlıların guya rus əhalini ucdantutma qırdıqlarına inandırması olmuşdu. Amma İçərişəhərə daxil olan matroslar burada bir rusun da burnunun qanamadığını görəndən sonra aldadıldıqlarını anladılar və dərhal atəşi dayandırdılar. Amma artıq gec idi. Dənizdən və havadan endirilən bomba zərbələri nəticəsində müsəlman məhəllələri od tutub yanırdı, yüzlərlə dinc sakin isə bu vəhşiliyin qurbanına çevrilmişdi və ölənlərin sayı durmadan artmaqda idi. Müsəlman məhəllələrinə soxulan erməni quldur dəstələri qarşılarına çıxanlara aman vermədən öldürür, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Quldur dəstələri azərbaycanlılara məxsus məktəblərin, kitabxanaların, mədəniyyət ocaqlarının hamısına od vuraraq külə döndərirdilər. Bu işdə daşnak Anastas Mikoyan orta əsr vandallarına xas olan bir tərzdə hərəkət edirdi. Azərbaycanlıları qırmaq əməliyyatında iştirak etmək üçün A. Mikoyan “İnqilabı müdafiə” adlı quldur dəstəsi yaratmışdı. Bu quldur dəstəsi İçərişəhərə hücum zamanı bütün binalara ucdantutma od vuraraq yandırırdı. Mikoyanın göstərişi ilə Bakının ən gözəl binalarından biri olan “İsmailiyyə”, həmçinin “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyaları yandırıldı. Mikoyanın birbaşa göstərişi ilə quldur dəstələri “Təzə pir” məscidinin minarələrini də top atəşinə tutdular. Nəticədə minarələrə ağır xəsarətlər yetirildi. Həmin dəhşətli günlərin şahidi olmus Kulner familiyali bir alman Bakı qırğını barədə 1925-ci ildə yazırdı: «Ermənilər müsəlman məhəllələrinə hücum edərək hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı».

Üç gün davam edən soyqırımı zamanı Bakıda 12-18 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında isə bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. Qırğınların sayı barədə rəqəmlərin müxtəlif olması öldürülənlərin sayının həddindən artıq çox olması ilə əlaqədardır. Məsələn, Müxtəsər Azərbaycan tarixində (Bakı, 1992  s. 110) arxiv materiallarına əsasən qırğınlar haqqında belə yazılıb: “İsmailiyyə” deyilən böyük və gözəl milli saray yandırıldı. “Təzə pir” və sair camelər də bombardman edildi. Şəhidlərin miqdarı 35 minə qədər təxmin edilməkdədir. Qətllərdən qurtulan müsəlmanlar ətraf köylərə  dağlara çəkildilər” (Müxtəsər Azərbaycan tarixi. Bakı, 1992  s.110).

S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin təhriki ilə yerli müsəlman əhaliyə qarşı həyata keçirilən bu soyqırımının əsas məqsədi neft və digər faydalı qazıntılarla zəngin olan Azərbaycanın, ilk növbədə isə, Bakı və onun ətraf əhalisinin milli və dini tərkibini dəyişdirməklə bu əraziləri sovet Rusiyasına tabe etməkdən ibarət idi. 1918-ci il qırğınları həyata keçirildiyi dövrdə, konkret olaraq 1918-ci ilin aprelində Bakıdan Rusiyaya 94 min ton, may ayında 182 min ton, iyun ayında 466 min ton, iyul ayında isə 492 min ton neft daşınmışdı.

Bakıdan sonra Şaumyan müsəlman qırğınlarını rayonlarda davam etdirdi. Şaumyanın əmri ilə daşnak S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi erməni quldur dəstələri tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ilin əvvəllərində 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir” Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər.

Erməni millətçiləri tərəfindən törədilən bu soyqırımı zamanı 30 minə yaxın adam öldürüldü.

Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bunu etiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da üç-dörd min nəfərlik milli hissləri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.

 Ümumiyyətlə, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni quldurları təxminən 100 min nəfərdən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılıb.

 

 

Əziz Mustafa

 

Zaman.- 2012.-31 mart-2 aprel.- S. 8.