Azərbaycan-Türkiyə:
qardaşlıqdan doğan tərəfdaşlıq
Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından
20 il keçir və bu gün iki
ölkə arasındakı əlaqələr özünün
ən yüksək inkişaf dövrünü yaşamaqdadır. Bu illər ərzində iki
ölkə arasında əldə edilmiş
bütün uğurların əsasında
Türkiyənin 1991-ci ilin noyabr
ayının 9-da ölkəmizin dövlət müstəqilliyini
tanıması dayanır.
Bu
baxımdan ölkəmiz müstəqilliyini əldə etdikdən
sonrakı 20 ildə Azərbaycan-Türkiyə münasibətlərində,
obrazlı desək, əsrə bərabər inkişaf yolu
keçilib. Belə ki, əsrlər boyu bir-birindən ayrı
salınmış iki qardaş ölkə arasındakı
münasibətlər sürətlə inkişaf edərək,
nəinki regionda, həm də beynəlxalq aləmdə
sülh və əmin-amanlığa özünün yeni bir
töhfəsini verməkdədir. 1992-ci ilin yanvar ayının
14-də isə Azərbaycanla Türkiyə arasında
diplomatik əlaqələrin qurulması ilə iki ölkə
arasında strateji tərəfdaşlığın möhkəm
əsasları qoyuldu. Həmin dövrdən etibarən iki
dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığı
nəzərdə tutan sənədlər imzalanmağa
başlanıldı. Bu sənədlərdən 1992-ci ilin
noyabr ayının 2-də imzalanmış “Azərbaycan
Respublikası hökuməti və Türkiyə
Respublikası hökuməti arasında ticarət, iqtisadi əməkdaşlıq
haqqında”, “Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında investisiyaların təşviqi və
qorunması haqqında” sazişləri göstərmək
olar.
1992-ci
ildə Azərbaycan və Türkiyə prezidentlərinin
qarşılıqlı səfərləri iki ölkə
arasında diplomatik münasibətlərin daha möhkəm təməllər
üzərində qurulmasının bünövrəsini
qoydu.
1993-cü
ildə erməni silahlı dəstələri tərəfindən
Kəlbəcərin işğalından sonra Türkiyənin
işğalçı Ermənistanla sərhədlərini
bağlaması isə Azərbaycan-Türkiyə
qardaşlığının nümayişinə
çevrildi.
Heydər
Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə
qayıtdıqdan sonra iki qardaş ölkə arasındakı
münasibətlər özünün yeni inkişaf mərhələsinə
qədəm qoydu. Onun söylədiyi “Bir millət, iki dövlət”
sözləri ikitərəfli əlaqələrin daha da
inkişaf etdirilməsində önəmli rol oynadı.
Heydər
Əliyev 1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətinin
Prezidenti Süleyman Dəmirəlin dəvətilə bu
ölkəyə rəsmi səfər etdi. Səfər
zamanı prezidentlər iki ölkə arasında dostluq,
qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlıq
haqqında müqavilə imzaladılar.
1994-cü
ilin sentyabr ayının 20-də Heydər Əliyevin
tutduğu qətiyyətli mövqe nəticəsində Xəzər
neftinin dünya bazarına Bakı-Tbilisi-Ceyhan xətti ilə
nəql edilməsini nəzərdə tutan və “Əsrin
müqaviləsi” adını alan anlaşma imzalandı və
bu, Azərbaycan-Türkiyə münasibətlərinin gələcək
inkişafına daha bir strateji töhfə verdi.
Azərbaycanın Türkiyə, Türkiyənin
də Azərbaycan üçün önəmi
Türkiyə-Azərbaycan
münasibətləri hazırda strateji tərəfdaşlıq
səviyyəsinə yüksələrək, sıx
qarşılıqlı əməkdaşlıq şəraitində
davam etməkdədir. Təsadüfi deyil ki, dünyanın
aparıcı strateji araşdırma mərkəzləri və
nüfuzlu analitikləri də
Azərbaycan və Türkiyəni dünyada ən
sıx və möhkəm münasibətlərə malik olan
iki ölkə olduğunu vurğulayırlar. Bu baxımdan hər
iki ölkə istər iqtisadi, istər siyasi, istərsə də
hərbi-strateji baxımdan bir-biriləri üçün
xüsusi önəm daşıyır.
Məsələn,
Azərbaycan Türkiyə üçün Cənubi Qafqazda
daha geniş və hərtərəfli əməkdaşlıqların
formalaşdırılması üçün xüsusi əhəmiyyətə
malik ölkədir. Bu müstəvidə də
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
işə salınması, Çin və Orta Asiyanın
Avropaya çıxışına imkan verəcək
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsinin
həlledici mərhələyə qədəm qoyması
Türkiyəni həm regionda, həm də beynəlxalq aləmdə
strateji baxımdan ən önəmli ölkələrdən
birinə çevirməkdədir. Bu müstəvidə də
Şərqlə Qərbin qovşağında yerləşən
Azərbaycanın beynəlxalq əhəmiyyət
daşıyan tranzit məntəqə rolunu oynaması və
strateji baxımdan əvəzedilməz mövqeyə malik
olmasını Türkiyədə yüksək qiymətləndirirlər.
Çünki bu, istər müxtəlif enerji layihələrinin
reallaşdırılması, istərsə də regional əməkdaşlıqlar
baxımından Türkiyə üçün olduqca vacibdir.
Belə ki, Türkiyə ilə Azərbaycan bir sıra neft-qaz
müqavilələrində birgə iştirak edir. Buna misal
olaraq, “Bakı-Tbilisi-Ceyhan”, “Azəri-Çıraq-Günəşli”,
“Şahdəniz”, “Kürdaşı”, “Araz”, “Alov-Şərq” və
digər layihələri göstərmək olar.
Nəhayət,
Azərbaycan və Türkiyə istər BMT çərçivəsində,
istər çoxtərəfli münasibətlər
formatında, istərsə də qlobal miqyaslı digər
hadisələrə münasibətdə mütəmadi olaraq
bir-birilərini dəstəkləməkdədirlər. Bu da,
heç şübhəsiz, qarşılıqlı, səmimi,
faydalı və uzlaşdırılmış münasibətləri
daha da möhkəmləndirən amillərdəndir.
Eləcə
də, Türkiyə Azərbaycan üçün zəruri
strateji önəmə malik tərəfdaşdır. İstər
Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə
də sülh və sabitliyin təmin olunması bölgədə
yeni əməkdaşlıq platformalarının
formalaşdırılması, qlobal miqyasda milli və transmilli
maraqların müdafiəsi məsələlərində
olduqca böyük əhəmiyyət daşıyır.
Təsadüfi
deyil ki, Heydər Əliyev Azərbaycan ilə Türkiyə
arasında diplomatik əlaqələrin qurulmasının
onilliyi münasibətilə Bakıdakı “Avropa”
mehmanxanasında keçirilən mərasimdəki
çıxışında Türkiyənin beynəlxalq aləmdə
Azərbaycana öz problemlərinin həllində həmişə
dəstək verdiyini bildirdi: “Türkiyə Cümhuriyyəti
Azərbaycana yaxından yardım edir, Azərbaycanla bir yerdədir,
Azərbaycanın mövqelərini həmişə dəstəkləyib
və əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir”
(4 yanvar 2002).
İlham
Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra
Türkiyə Cümhuriyyəti ilə Azərbaycan
Respublikası arasındakı münasibətlər yeni
müstəviyə qədəm qoydu. Bəzi qüvvələrin
hər vasitə ilə iki ölkə arasında
qarşıdurma salmaq cəhdlərinə baxmayaraq, İlham Əliyev
Heydər Əliyev tərəfindən həyata keçirilən
xarici siyasət kursunu davam etdirərək, Türkiyə ilə
münasibətləri daha da inkişaf etdirməyə
başladı. Bu da Azərbaycanla Türkiyə arasında
bütün sahələr üzrə hərtərəfli
inteqrasiyaya yeni təkan verdi. Bu da Türkiyədə məmnunluqla
qarşılanmaqdadır.
Təsadüfi
deyil ki, Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan
ölkəmizə səfərlərindən birində: “Azərbaycana
hər səfərimdə daha fərqli, dəyişilmiş
bir Azərbaycanı görürəm. Bu da, təbii, Azərbaycanın
hazırda modern ölkələr arasında sürətlə
inkişaf etdiyini, bu 20 il ərzində qazanılmış
böyük uğurların bariz nümunəsidir. Bu, həm
azərbaycanlı qardaşlarımıza, həm də bizlərə
ayrı bir qürur verir”,- demişdi.
Münaqişənin həllində
Türkiyənin mövqeyi dəyişməzdir
Azərbaycan
üçün taleyüklü məsələ olan
Dağlıq Qarabağ münaqişəsinə münasibətdə
Türkiyə daim ölkəmizə dəstək verib. Türkiyə
problemin Azərbaycanın ərazi bütövlüyü və
beynəlxalq hüquq normaları çərçivəsində
həllinə tərəfdar olduğunu dəfələrlə
bəyan edib. 1993-cü ildə erməni quldur dəstələri
tərəfindən Kəlbəcərin işğal edilməsindən
sonra Türkiyə Ermənistanla sərhədi bağladı.
Qardaş ölkənin Ermənistanla sərhədlərini
açması üçün irəli sürdüyü əsas
şərtlərdən biri də erməni silahlı birləşmələrinin
işğal etdikləri Azərbaycan ərazilərindən
geri çəkilməsidir. Bu müstəvidə Baş Nazir
Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə Azərbaycana səfəri
zamanı Milli Məclisdəki çıxışında
qardaş ölkənin mövqeyinə bir daha aydınlıq gətirdi.
Türkiyənin Ermənistanla sərhədləri Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğal edilməsindən sonra
bağladığını xatırladan Baş Nazir sərhədlərin
yalnız işğal ortadan qalxandan sonra açıla biləcəyini
diqqətə çatdırdı: “Cənubi Qafqazda sülh və
təhlükəsizlik Dağlıq Qarabağ münaqişəsi
həll edilmədən mümkün deyil. Bu səbəbdən
Türkiyə heç zaman Azərbaycanın milli
maraqlarına xələl gətirəcək addım
atmayıb və atmayacaqdır”.
Yeni strateji zirvələrə
doğru
Türkiyə-Azərbaycan
münasibətləri hazırda strateji tərəfdaşlıq
səviyyəsinə yüksələrək, hərtərəfli
sıx qarşılıqlı əməkdaşlıq şəraitində
davam etməkdədir. Bu çərçivədə 2009-cu
ilin avqust ayının 16-da prezidentlər İlham Əliyev və
Abdullah Gülün Bakıda imzaladığı “Azərbaycan
və Türkiyə arasında strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında müqavilə”
hər iki dövlətin təhlükəsizlik məsələsində
də bir yerdə olduğunu göstərdi. Müqaviləyə
əsasən, tərəflər bir-birilərinin müstəqilliyinin,
suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin
toxunulmazlığının təmin olunmasında və
qorunmasında sıx əməkdaşlıq edəcək, təhdid
və təhlükələrin aradan qaldırılması
istiqamətində görülə biləcək tədbirlər
barədə təxirəsalınmadan məsləhətləşmələr
aparacaqlar.
Müqavilə
həmçinin tərəflərdən birinin
üçüncü dövlət və ya bir qrup dövlətin
silahlı basqın və ya hərbi təcavüzünə məruz
qalması halında Türkiyə və Azərbaycanın
bir-birinə qarşılıqlı yardım göstərməsini
nəzərdə tutur.
2010-cu
ilin sentyabr ayının 16-da isə iki ölkə arasında
“Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının qurulması
haqqında birgə bəyannamə” imzalandı. Bunun
ardınca Türkiyə-Azərbaycan Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurası təsis olundu.
Şura siyasi, iqtisadi, hərbi, mədəni-ideoloji və digər
sahələrdə daha geniş, əhatəli birgə
addımların atılması üçün yeni imkanlar
açacaq. Prezident İlham Əliyev bununla bağlı
bildirib ki, iki ölkə arasında imzalanmış bu sənəd
strateji əhəmiyyət daşıyır və tərəflərin
tam şəkildə müttəfiqliyini nümayiş etdirir:
“Bizi birləşdirən strateji müttəfiqliyimizdir.
İyirmi il ərzində Türkiyə və Azərbaycan
dünya miqyasında nadir müttəfiqlik münasibətlərini
qura bilmişlər. Bu dostluq, qardaşlıq bundan sonra da əbədi
yaşayacaqdır”.
Türkiyənin
Baş Naziri Rəcəb Tayyib Ərdoğan isə deyib ki, bu
mexanizmin Türkiyə-Azərbaycan əməkdaşlığına
da böyük töhfələr verəcəyi şübhəsizdir.
Baş Nazir: “İki ölkə arasında strateji əməkdaşlığın
Ali Şurası “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri
bizim kədərimizdir” deyən Atatürk ilə “Bir millət,
iki dövlət” deyən mərhum Heydər Əliyevdən
aldığımız bayrağı daha irəli zirvələrə
ucaltmaq amalının bir təzahürüdür”,- deyib.
Türkiyə
Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsində
ölkəmizdə fəaliyyət göstərən
türkiyəli iş adamları da mühüm rol
oynayırlar. Bu gün iki ölkə arasında əldə
edilən bütün uğurlarda onların böyük əməyi
var.
Nəhayət,
qardaşlığımızın sarsılmaz olduğunu
Vanda baş vermiş zəlzələ də sübut etdi. Azərbaycan
dərhal zərərçəkənlər üçün
3 təyyarə dolusu yardım göndərdi. Bütün
bunlar onu göstərir ki, Azərbaycan Türkiyə,
Türkiyə də Azərbaycan üçün əvəzedilməz
ölkədir və iki qardaş dövlət arasında
münasibətlər gələcəkdə daha da inkişaf
etdiriləcək.
Yazı
Mətbuat Şurası və Türkiyənin Azərbaycandakı
Səfirliyinin Kültür və Tanıtma
Müşavirliyinin birgə keçirdiyi “Azərbaycan-Türkiyə:
qardaşlıqdan doğan tərəfdaşlıq”
mövzusunda müsabiqəyə təqdim olunur.
ƏZİZ MUSTAFA
Zaman.-2012.-17-18 may.-S.12.