Azərbaycan tarixində ilkəimza
atanqazaxlılar
Qazaxlılar
Azərbaycan tarixində gələcək nəsillərə
ibrət olacaq özlərinə məxsus şərəfli və
qürur dolu izlər qoymuş- lar. Bəlkə də bu,
onların hər işdə öndə getmək, irəlidə,
birinci olmaq istəklərindən irəli gəlib. Bu müstəvidə
də elm öyrənmək, yenilik müjdəçisi olmaq məsələsində
qazaxlılar həmişə digər bölgələrdə
yaşayanlara örnək olublar. Qazaxlıların müxtəlif
sahələrdə ilkə imza atdıqlarını göstərən
bəzi faktlarla oxucularımızı tanış etmək istəyirik.
Azərbaycanın ilk qadın
pianoçusu, Şərq konservatoriyasının
yaradıcısı Xədicə
xanım Qayıbovadır
Xədicə
xanım 1893-cü il may ayının 24-də Tiflisdə məşhur
ruhani Osman Müftizadənin ailəsində dünyaya gəlib.
Ana tərəfdən Xədicə xanım məşhur
Terequlovlar nəslindən idi. Xədicə
Qayıbova Tiflisdə “Müqəddəs Nina” qız məktəbində
fortepiano üzrə xüsusi kurs bitirmişdir. 1911-ci ildə
məktəbi bitirdikdən sonra Qafqaz müftisi Mirzə
Hüseyn Əfəndi Qayıbzadənin oğlu - mühəndis
Nadir Qayıbovla ailə həyatı qurur.
1919-cu
ildə X. Qayıbova Bakıya köçür. 1920-ci ildə
Azərbaycan Maarif Komissarlığında Şərq musiqisi
üzrə müəllim kadrlarının hazırlanması məqsədi
ilə “Qısa müddətli Şərq musiqisi
kursları”nı təşkil edərək, ona
başçılıq etmiş və fortepianodan dərs
demişdir. O, “Azərbaycanlı qadınlar üçün əlavə
kurslar” da təşkil etmiş, fortepianoda muğamların ilk
ifaçısı kimi də məşhurlaşmışdır.
O, ilk dəfə 1933-cü ildə şübhəli bilinərək,
3 ay müddətinə həbs edilib, ancaq günahı
sübut edilmədiyi üçün azadlığa
buraxılıb. X.Qayıbova 1938-ci ildə “türk kəşfiyyatının
casusu” və “əksinqilabi fəaliyyət”lə məşğul
olması ittihamı ilə yenidən həbs edilmiş və
güllələnmişdir. İttihamnamədə
yazıldığı kimi, iradəcə möhkəm Xədicə
Qayıbova özünü “casusluqda” günahkar hesab etməmişdir.
O, 1954-cü ildə bəraət almışdır.
İlk tibb bacısı
Azərbacan
tarixində ilk hərbi tibb bacısı adını
daşımaq şərəfi də Nigar xanım
Şıxlinskaya nəsib olub. Şıxlinskaya Nigar Hüseyn Əfəndi
qızı 1878-ci ildə Tiflisdə anadan olub.
O məşhur
general Əliağa Şıxlinskinin həyat yoldaşı idi.
Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk
ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız,
ərəb, fars dillərini mükəmməl bilirdi. General Əliağa
Şıxlinskinin həyat yoldaşı kimi 1914-1918-ci illərdə
zabit arvadlarının yaratdığı “Qırmızı
xaç” adlı hərbi xəstəxanaya
başçılıq edən komitənin sədri
seçilmişdi.
Bununla
yanaşı Nigar xanım gecə-gündüz bilmədən
bütün zamanını hospitalda keçirir, yaralılara
kömək olaraq, onların qohumlarına rus,tatar və qazax
dillərində məktublar yazırdı.
Oktyabr
inqilabından sonra Əliağa Şıxlinski istefaya
çıxır və xanımı Nigarla birlikdə
Bakıya qayıdır.
1920-ci
ilin martın 10-da Azərbaycan Demokratik Respublikasının
Müdafiə Naziri əvəzi, general-leytenant Əliağa
Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü
ilə təsis edilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
də ilk sədri məhz Nigar Şıxlinskaya olmuşdur.
Nigar
Şıxlinskaya 15 avqust 1931-ci ildə Bakıda vəfat
etmişdir.
İlk azərbyacanlı hərbi təyyarəçi
İlk
hərbi təyyarəçi Fərrux ağa Qayıbov
(1893-1916) Qazax rayonun Yuxarı Salahlı kəndində anadan
olub. Atası Məmmədkərim ağa da hərbçi idi
və əla xidmətə görə “Müqəddəs
Stanislav” ordeni də almışdı. Fərrux kənddə
5 sinfli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa
Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda
oxuyur. 1910-cu ildə oranı əla qiymətlərlə
bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə
daxil olur. Burada da ən çalışqanlardan olur, hətta
topdan sərrast atəş açdığı
üçün mükafat alır. Birinci Dünya Müharibəsi
başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya
korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı
il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının
tapşırığı ilə”İlya Muromets16”hərbi təyyarəsi
ilə Borınaya hücum edir, almanların mövqelərini
bombardman edir, hər şeyi külə döndərir. Onun təyyarəsinə
4 alman qırıcısı hücuma keçir. Qayıbov
onların üçünü yandırır və
aldığı zərbədən təyyarə ilə yerə
çırpılıb həlak olur. Almanlar təyyarəçinin
igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin
atdığı kağızlarda Qayıbovun və heyətinin
qəhrəmancasına vuruşaraq, həlak olduğu və
onlar tərəfdə şərəflə dəfn edildiyi
yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin
məzarı başında yaylım atəşi də
açırlar. Poruçik F.Qayıbov 4-cü dərəcəli
“Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur.
İlk rəssam qadın
Azərbaycanın
ilk rəssam qadını isə Qeysər xanım
Kaşiyevadır. O, məşhur
general Şirin bəy Kəsəmənlinin həyat
yoldaşıdır.
Kaşıyeva
Qeysər Seyfulla qızı 1893-cü il iyun ayının 6-da
Tiflisdə anadan olub. 1907-1908-ci illərdə Qafqaz İncəsənətini
Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq
siniflərində oxuyub. Yaradıcılığının
ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin
keçirdiyi mədəni tədbirlər üçün
afişa və məramnamələr tərtib etmişdir.
1907-15-ci illərdə akvarel,
qara tuş, karandaş və kömürlə çoxlu rəsm,
portret və mənzərə çəkmişdir
(“İ.Qonçarovun portreti”, 1909, “Azərbaycan
ziyalısı”, 1912, “Göl sahili”, 1914, “Küpəgirən
qarı”, 1915). Sovet hakimiyyəti illərində Əli Bayramov
adına qadınlar klubunda çalışmış, “Şərq
qadını” jurnalına illüstrasiyalar çəkmişdir.
Rəsm albomları Azərbaycan Dövlət İncəsənət
Muzeyində saxlanılır.
İlk xalq şairəsi
Azərbaycanın
ilk xalq şairəsi Mirvarid Dilbazi 1912-ci ildə Qazax rayonu Xanlıqlar kəndində (indiki Musaköy) anadan olub.
Azərbaycan
Pedaqoji İnstitunun ( indiki Nəsrəddin Tusi adına Azərbaycan
Pedqoji Universiteti) Dil və Ədəbiyyat-İctimaiyyət
fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən
sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat
müəllimi təyin olunmuşdur. İki ildən sonra
Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları
fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət
Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində
çalışmışdır.
İki
dəfə “Şərəf nişanı” ordeni,
“Qırmızı Əmək Bayrağı”, “İstiqlal”
ordeni və medallarla təltif edilmişdir.
“Qadınların
hüriyyəti” adlı ilk şeri 1927-ci ildə “Oktyabr
alovları” adlı məcmuədə dərc edilmişdir. Bu
dərgidə o cümlədən şairənin keçən
əsrin 20-ci illərinin axırlarında yazılmış,
Azərbaycan qadınlarının yeni həyat yollarını
tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın”
kimi şerləri dərc olunmuşdur. Böyük Vətən
müharibəsi illərində bir çox sənətkarlarımızda
olduğu kimi, M. Dilbazi yaradıcılığında da vətəni
müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə
şairənin yeddi kitabı çap olunmuşdur ki,
bunların altısı Vətən müharibəsinə həsr
edilmişdir. “Məhsəti” (1945), “Əlcəzairli qız”
(1961), “Partizan Aliyə” (1972) poemalarının müəllifidir.
İlk poliklinika
İlk
poliklinikanın yaradıcısı Vəkilov Məmmədrza
Mənsur oğlu olub. O, 1893-cü ildə Xarkov Universitetinin
Tibb fakültəsini bitirib.
1901-ci ildə Bakıda ilk poliklinikanı yaradıb.
İlk hərbi
topoqraf-general İbrahim
ağa Vəkilov
(1853-1934) olub. İranın “Şir Xurşid “ Ordeninə layiq görülmüşdür.
İlk pedaqoji elmlər doktoru
Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru Seyidov Əhməd Yusif oğlu olub. O, 1892-ci ildə
Qazax rayonu Aslanbəyli kəndində
anadan olub. Qori Müəllimlər Seminariyasını
bitirib.
Zaman.-2012.-19-21 may.-S.6.