Salman Mümtaz - məşhur
türkoloq və ədəbiyyatşünas
alim (3)
1937-ci
il, oktyabr ayının 8-də axşam saat 11-də Salman
Mümtazı yaşadığı evdə, Buynakski-25-də
(indiki Şeyx Şamil küçəsi) həbs etdilər. Guya
o, SSRİ-nin əleyhinə siyasi fəaliyyətlə məşğul
olurmuş... Bundan 4 il sonra, 1941-ci il dekabr ayının 21-də
isə bu böyük insan bolşevik rejimi tərəfindən
güllələndi. Yalnız 1956-cı il noyabr ayının
16-da SSRI Ali Məhkəməsi
tərəfindən ona bəraət verildi.
Salman Mümtazın özünü həddindən artıq türkçü aparması və bu sahədə fəaliyyətini get-gedə
genişləndirməsi bolşevik rejimi tərəfindən təşvişlə
qarşılanmaqda idi. Ona
görə də Azərbaycan bolşeviklər tərəfindən
işğal ediləndən sonra Salman Mümtaz
və digər vətənpərvərlərin hər
addımı xüsusi xidmət
orqanları tərəfindən izlənilirdi. Bolşeviklər
türk birliyindən qorxaraq
türkçülük adından
çıxış edən, bu sahədə
fəaliyyət göstərən adamları məhv etmək üçün bəhanə və fürsət
axtarırdılar. Lakin ilk
dövrlərdə onlar bunu
açıq büruzə vermirdilər. Ona
görə də bir müddət türkçülüyün təbliği ilə
məşğul olanlara meydan
vermişdilər. Yeri gəlmişkən,
onu da xatırladaq ki, bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyəti dövründə milli ruhda köklənən
bütün ziyalıları hədəfə
götürmüşdülər. Xüsusilə,
müxtəlif mətbu orqanlarında çalışan yazarlar, o cümlədən
Cəfər Cabbarlı tərəfindən 1919-cu ildə yaradılan və Mirzə Bala Məmmədzadə, Hüseyn
Cavid, Əhməd Cavad
kimi tanınmış simaların daxil olduqlrı ”Yaşıl yarpaqlar”
adlı qurum da xüsusi xidmət orqanlarının qara siyahısında idi. Onlar, ilk növbədə,
məhv edilərək rejimə düşmən, antisovet güclər adı altında həbsxanalara
atılmalı və uzunmüddətli həbs cəzalarına
məhkum edilməli idilər. Salman Mümtazın gecə-gündüz
çalışması, Azərbaycan, həm də imperiya əsarəti altında
çırpınan türk toplumlarına
aid qədim əlyazmalarını
toplaması, onları mədəni sahədə bir araya gətirmək və
bununla da gələcəkdə
qurulacaq türk
birliyinə körpü salmaq
istəməsini türk-islam
dünyasına düşmən olan
bolşeviklər həzm edə bilmirdilər. Necə
deyərlər, Lenin tərəfindən
SSRİ adı altında yenidən xortladılan və xalqlar həbsxanasına çevrilən imperiya azlıqda olan millətlərə,
xüsusilə onların ziyalılarına qarşı daha amansız siyasət yeridirdi.
Əgər çar azlıqda olan xalqların milli mənəvi,
mədəni dəyərlərinə münasibətdə
onlara müəyyən qədər sərbəstlik
vermişdisə və onların assimilyasiyası məsələsində
çox yumşaq hərəkət
edirdisə, bolşeviklər bu məsələdə
daha qəddarcasına davranırdılar. Onlar üçün milli mənəvi dəyərlərdən
danışan və bu sahədə fəaliyyət
göstərən bütün qeyri-rus ziyalılar rejimin
düşməni idilər. Qeyd etdiyimiz kimi, rejim əsarət altında
saxladığı türk birliyindən çox qorxurdu. Ona görə
də Stalin tərəfindən, ilk növbədə, azlıqda olan millətlərin, xüsusilə müsəlmanların
düşünən beyinlərinin məhvi planı
hazırlanmışdı. Bu plan ötən əsrin 30-cu illərində tədricən
həyata keçirildi. Yenə də
Bəkir Çobanzadə kimi Salman Mümtazın da hədəfə
alınmasının səbəbi onun türk dünyasının milli
mənəvi dəyərlərinə sadiq
qalması, alovlu türkçü
olması idi.
Salman
Mümtaz xüsusi xidmət orqanları tərəfindən
izləndiyini hələ ötən əsrin 20-ci illərinin əvvəllərində
bilir və bu yolun sonunun həbsxanalarda başa
çatacağını anlayırdı. Amma mənsub
olduğu millətinə xidmət etmək, onun yenidən
oyanışına azacıq da olsa payını vermək, gənc
nəsli köləliyə qarşı mübarizəyə
hazırlamaq ehtirası, həvəsi onda olduqca güclü
idi. Ona görə də tez-tez: “Nə qədər ki, əcəl
gəlməyib, xalqın yaddaşındakıları ağ
kağızlara köçürmək, onun folklorunu, qədim
əlyazmalarını səhifə-səhifə, yarpaq-yarpaq
toplamaq son məqsədimdir, bundan mənim millətimə, vətənimə,
türk dünyasına azacıq da olsa xeyir dəysə, onda
özümü dünyanın
xoşbəxti hesab edəcək, qəbirdə rahat uyuya
biləcəyəm”,-deyirdi.
Salman
Mümtaz çoxlarının gözləmədiyi halda
böyük dramaturq Mürzə Fətəli Axundov tərəfindən
qələmə alınmış “Puşkinin
ölümünə Şərq poeması”nın əylazmasını
tapdı. Bu əlyazma dərhal həm Azərbaycan, həm də
ittifaq səviyyəsində güclü əks-səda
doğurdu. Çünki bolşeviklər Puşkinin
adından siyasi məqsədlər və xalqlar arasında
özlərinə rəğbət qazanmaq üçün
istifadə edirdilər. Digər tərəfdən, “Puşkinin ölümünə
Şərq poeması” qeyri-rus yazar tərəfindən qələmə
alınan ilk əsər idi və onda çar rejiminə
qarşı pərdəarxası nifrət kifayət qədər
güclü idi. Bu poemanın tapılmasından sonra DTK
(KQB) Salman Mümtazın həbs
edilməsi və sürgünə göndərilməsi məsələsini
bir qədər yubatmalı oldu.
Həbs
və güllələnmə təhlükəsi Salmanı
qarabaqara izləməkdə idi. Həmin dövrdə Azərbaycan
Xalq Daxili İşlər Komissarlığında rəhbər
vəzifələrdə işləyən ermənilər
bolşeviklərlə əl-ələ verərək, Azərbaycanın
tanınmış ziyalılarına qarşı əsl
soyqırımı siyasəti həyata keçirirdilər.
Xatırladaq ki, həmin dövrdə Azərbaycanın 31
rayonunda daxili işlər şöbələrinə ermənilər
rəhbərlik edirdilər. Onlar Salman Mümtaz barədə
müxtəlif saxta ittihamlar hazırlayaraq, onun həbsinə və
güllələnməsinə nail olmaq istəyirdilər.
Nəhayət,
1937-ci ilin iyun ayının 19-da
bolşevik rejimi Salman Mümtazla haqq-hesabı
çürütmək qərarına gəldi. Əvvəlcə,
bu böyük insana pantürkist damğası vuraraq, onu
Türkiyəyə işləməkdə
günahlandırdılar. Sonra isə Salman Mümtazı SSRI
Elmlər Akademiyasının Azərbaycan Filialının
Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi
işçisi vəzifəsindən azad etdilər. Amma işdən
çıxarılmasına baxmayaraq, o, yenə də
xalqımızın qədim əlyazmalarını və
folklorunu toplamaqda davam edirdi. Türkoloq-alim bu əlyazmalardan
ibarət evində xüsusi kitabxana yaratmışdı. Onun
yeganə təsəllisi bu kitabxanadan gələcəkdə
millətinin yararlanması idi. Salman Mümtaz gələcək
nəsillərin onu xoş xatirələrlə
anacağını öncədən hiss etmişdi və ona
görə də ən ağır vəziyyətində belə
nikbinliyini qoruyub saxlayırdı.
İşdən
çıxarılandan təxminən 3 ay yarım sonra, 1937-ci
il, oktyabr ayının 8-də axşam saat 11-də Salman
Mümtazı yaşadığı evdə, Buynakski-25-də
(indiki Şeyx Şamil küçəsi) həbs etdilər. Guya
o, SSRİ-nin əleyhinə siyasi fəaliyyətlə məşğul
olurmuş... Bundan 4 il sonra, 1941-ci il dekabr ayının 21-də
isə bu böyük insan bolşevik rejimi tərəfindən
güllələndi. Yalnız 1956-cı il noyabr ayının
16-da SSRI Ali Məhkəməsi
tərəfindən ona bəraət verildi.
Əslində bütün imperiyalar timsah kimi hərəkət
edirlər. Onlar, əvvəlcə, “ov”unu öldürür, sonra isə onun üçün
göz yaşları tökürlər...
Salman Mümtaz həbs ediləndə evindən bir maşın yükü - əlyazmalarını
müsadirə edərək
yandırdılar və
təəssüflər olsun
ki, onun topladığı folklor nümunələrindən və
nadir əlyazmalarından çox
az miqdarı günümüzə qədər
gəlib çatıb.
Onu da deyək ki,
ölümündən 55 il
sonra 1996-cı il, sentyabr ayının 17-də
Azərbaycan Prezidenti
Heydər Əliyevin sərəncamı ilə
Mərkəzi Dövlət
Ədəbiyyat və
İncəsənət Arxivinə
Salman Mümtazın adı verildi. Bununla da, nəhayət ki, bu böyük
insanın, türk dünyası aşiqinin göstərdiyi əvəzsiz
xidmətlər öz
layiqli qiymətini almış oldu. Salman Mümtazın özündən
sonra bizlərə yadigarı - iki övladı qaldı.
Onun soyunu Nuxun adlı
nəvəsi davam etdirir.
Salman
Mümtazın adına həmçinin
arxivdə 162 saylı şəxsi fond var.
S.Mümtaz
adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat
və İncəsənət Arxivinin direktoru
Marif
Teymur: “XX yüzillikdə ədəbiyyatımızın
tarixini yarpaq-yarpaq toplayıb bizə çatdıranlardan biri
də məhz Salman Mümtaz olub. Salman Mümtaz Azərbaycan ədəbiyyatı
tarixinə, mədəniyyətinə, incəsənətinə
böyük bir sevgi və məsuliyyətlə yanaşan
şəxsiyyət olub”,-deyir.
Marif
Teymur 1999-cu ildə Türkiyədə olarkən xaricdəki
istiqlal mücahidlərimizdən olan Məhəmməd Kəngərli
ilə görüşüb. Söhbət zamanı Salman
Mümtazı xatırlayıblar. Bu zaman dərindən
köks ötürən Məhəmməd Kəngərli:
“Heyif Salman Mümtazdan. O, çox gözəl, əvəzsiz
yaradıcı folklor toplayıcısı idi. Heç bir mənbəni
təhrif etməzdi.Salman Mümtaz həqiqi ədəbiyyat
aşiqi idi”,-deyib.
Marif
Teymur Salman Mümtazın qardaş Türkiyədə
çox sevildiyini xüsusi
vurğulayır. O deyir:
“1999-cu ildə YUNESKO-nun xətti ilə
Ankarada, İstanbulda olanda milli kitabxana və arxivlərdə
Salman Mümtazın adının hörmətlə çəkildiyini
gördük. Onu da deyim ki, türk dünyasında Salman
Mümtazı və Almas İldırımı çox
gözəl tanıyırlar. Elaziğ, Frakya universitetlərində
Salman Mümtaz deyən kimi, dərhal “Aaa… o toplayıcı?” -
deyə soruşurlar”.
Bu
gün Salman Mümtaz türk
dünyasını sevən hər bir insanın qəlbində
yaşayır və bu böyük ədəbiyyatçı
alim canından artıq sevdiyi türk dünyası ilə
birlikdə inamla gələcəyə doğru
addımlayır. Son
İstifadə olunan ədəbiyyat
Salman
Mümtaz - Vikipediya.
Böyük
ədəbiyyatşünas alim Salman Mümtaz, “Azadlıq” qəzeti,
5 iyun 2011.
Südabə
Sərvi, El adamı-Salman Mümtaz - KQB-nin izlədiyi adam…”El”
jurnalı aprel 2012.
Günaztv.
İyun. 29.2011-ci il “Biz kimik?” Salman Mümtaz, həyat və
yaradıcılığı.
Zaman.-2012.-3-4 may.-S.13.