Henrix Müller: sirli şəkildə yoxa çıxan adam(1)

 

Bir neçə gündən sonra II Dünya müharibəsində Almaniya üzərində qələbənin 67-ci ildönümü böyük təntənə ilə qeyd ediləcək. Amma bir vaxtlar dünyaya ölüm və qan gətirən Hitler Almaniyasında yüksək vəzifələr tutan bəzi şəxslər müharibə başa çatandan sonra müəmmalı şəkildə yoxa çıxdılar və bununla da etdikləri cinayətlərə görə özlərini gözləyən cəzadan yaxalarını qurtara bildilər. Nəticədə öldü-qaldısı məlum olmayan nasist canilərin ətrafında saysız-hesabsız əfsanələr meydana çıxdı. Onlardan biri haqqında Rusiya və Qərb mətbuatında gedən araşdırmalar əsasında hazırladığımız yazını oxucularımıza təqdim edirik.

O, bir vaxtlar Almaniyanın ən məşhur simalarından biri və Hitlerin sağ əli hesab edilirdi. Hitler ən məsul vəzifələrdən birinə - gestapoya rəhbərliyi ona tapşırmışdı. Onun adı gələndə Hitlerin ən yaxın adamları belə təşviş keçirir və özlərini Hitlerin qarşısında olduqları kimi hiss edirdilər. Hitlerin elə bir tapşırığı yox idi ki, o, yerinə yetirməmiş olsun. Yəhudilər üçün ölüm düşərgələri onun təşəbbüsü ilə yaradılmışdı və faktiki olaraq, o, on minlərlə insanın krematoriylərə göndərilməsində iştirak etmişdi. Amma o heç vaxt özünü gözə soxmağı sevmirdi və rəsmi qəbullarda, demək olar ki, görünmürdü və ya digər yüksək vəzifəlilərin arasına qarışaraq diqqəti cəlb etmirdi. Xarakter etibarilə sakit, təmkinli və bir də azdanışan idi. Olduqca unikal yaddaşı vardı və 10 illər bundan əvvəl baş verən hər hansı bir hadisəni belə, dəqiqliklə xatırlayırdı. Ona tapşırılan ən çətin işdən belə narazılıq etmir və tapşırığı yerinə yetirmək üçün gecə-gündüz  çalışırdı. Ona görə də Hitler bu adamı çox sevirdi və imperiyanın təhlükəsizliyini ona həvalə etmişdi. Almaniyanın məğlub olmasından sonra hamı digər nasist canilər kimi onun da ələ keçirilərək Nürnberq məhkəməsi qarşısına çıxarılacağını gözləyirdi. Lakin o, müharibənin sonlarında digər nasist cani Borman kimi müəmmalı şəkildə yoxa çıxdı və özündən sonra çoxlu sayda müəmmalar qoydu. Söhbət vaxtı ilə faşist Almaniyasının İmperiya Təhlükəsizliyi Xidməti İdarəsinə (gestapo) rəhbərlik edən Henrix Müllerdən gedir.

Gələcəkdə Almaniya Baş Təhlükəsizlik İdarəsinə rəhbərlik edərək qısa müddətdə ən məşhur simalardan birinə çevriləcək Henrix Müller 1900-cü ildə Münhendə bağban Aloiz və Anna Müllerlərin ailəsində dünyaya göz açmışdı. O bu ailənin yeganə övladı idi. Aloiz uzun müddət polisdə işləmiş, sonra isə işdən çıxaraq bağban kimi fəaliyyətini davam etdirmişdi. Məktəbdə Mülleri ən istedadlı şagirdlərdən biri hesab edirdilər. O, nümunəvi, tapşırıqları vaxtında yerinə yetirən uşaqlardan idi. I Dünya müharibəsi başlayanda 14 yaşlı Henrix Bavariya Aviasiya sexində mexanik köməkçisi kimi işə düzəldi. Həmin dövrdə Almaniya I Dünya müharibəsində həddindən çox itki vermişdi və hökumət bu itkilərin yerini doldurmaq üçün 16-17 yaşlı gəncləri belə, orduya səfərbər etmək məcburiyyəti qarşısında qalmışdı. 1917-ci ildə Henrix də səfərbərliyə alınaraq hərbi hava qüvvələrində xidmət etməyə göndərildi. Bir müddət təyyarəçilər kursunda oxuyan Henrix Parisə hava zərbələrinin endirilməsi əməliyyatında iştirak etdi. Almaniyanın 1918-ci ildə Antanta ilə biabırçı və alçaldıcı təslimçilik anlaşmasını imzalamasından sonra, 1919-cu ilin iyun ayında Henrixi ordudan tərxis edərək, ehtiyata göndərdilər. 1919-cu ilin dekabr ayında Müller atasının yolu ilə gedərək, Münhen polisində işə düzəldi. Amma burada cəmisi bir il işləyə bildi. 1920-ci ildə onu Münhen Polis İdarəsinin kommunistlərlə mübarizə aparan Təhlükəsizlik Xidməti İdarəsində məsul vəzifəyə irəli çəkdilər. Burada işlədiyi müddətdə o, orta təhsilini tamamladı və eyni zamanda özünü bacarıqlı kadr kimi göstərə bildi. 1924-cü il, iyun ayının 24-də Henrix Müller nəşriyyat sahibi, olduqca varlı iş adamı Otto Dişnerin qızı Sofiya ilə ailə həyatı qurdu. Bu nikahdan onların Reynxard adlı oğlu və Elizabet adlı qızı dünyaya gəldi.

 

Zirvəyə aparan təyinat

 

1933-cü il sentyabrın 1-də Mülleri təyinatla Bavariya polisinin siyasi işlər idarəsində işləməyə göndərdilər. O vaxt bu idarəyə Hitlerin ən inanılmış adamlarından biri - Reynxard Heydrix rəhbərlik edirdi. Müllerin verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməsi, üstəlik, az danışaraq özünü heç vaxt gözə soxmaq istəməməsi Heydrixin xoşuna gəlmişdi. Ona görə də o, Müllerin vəzifə pillələrində sürətlə irəliləməsi üçün ona ən yüksək səviyyədə yardım göstərməyə başladı. Heydrixin yardımı ilə Mülleri partiyanın baş təhlükəsizlik idarəsində rəhbər işə göndərdilər. Müller əvvəlcə burada, sonra isə gestaponun II şöbəsində kommunistlər, marksistlər və kommunistyönlü həmkarlar ittifaqındakı yadfikirli adamlarla mübarizəyə rəhbərlik etdi. Onu da deyək ki, uzun müddət kommunistlərlə mübarizə işində çalışdığından o sovet təhlükəsizlik sisteminin iş metodlarına dərindən bələd idi. Ona görə də Müller asanlıqla onları - kommunistləri üzə çıxararaq həbsxanalara göndərirdi.

Avstriya Hitler tərəfindən Almaniyaya birləşdiriləndən sonra 1938-ci ildə Müller bir müddət orada təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində işlədi. 1939-cu ildə Müller Qlyayavitse radiostansiyasının ələ keçirilməsində iştirak etdi və bu da, öz növbəsində, IIDünya müharibəsinin başlaması üçün bir siqnal oldu.

Həmin dövrdə o, sürətlə vəzifə pilləsi ilə yüksəlməkdə davam edirdi. Belə ki, 1939-cu ildə oberfürer olan Müller, 1940-cı il sentyabr ayının 27-də İmperiya Təhlükəsizlik Xidməti IV idarəsinin (gestapo) rəhbəri təyin edildi. O, polis general-mayoru və SS briqadafüreri, 1941-ci ildə isə polis general-leytenantı və SS qruppenfüreri rütbələrinə layiq görüldü.

1941-ci ildə Müller Şərqi Avropa ölkələri üzrə xüsusi səlahiyyətli nümayəndə vəzifəsinə təyin edildi. Bu vəzifədə onun əsas işi sovet hərbi əsirlərinin məhv edilməsi və işğal edilmiş ərazilərdəki əhalinin köçürülməsi, Almaniyaya düşmən şəxslərin aşkar edilərək güllələnməsi idi. Müller həmin dövrdə III Reyxin daxilində baş verən hadisələrdən və həyata keçirilməsi nəzərdə tutulan bütün gizli planlardan xəbərdar olan bir neçə adamdan biri idi. 1942-ci ildə yəhudi məsələsinin birdəfəlik həlli ilə əlaqədar Vanzeydə keçirilən konfransda iştirak etdi. 1944-cü ildə isə Hitlerə qarşı həyata keçirilən sui-qəsdin iştirakçılarının üzə çıxarılmasına və həbsinə rəhbərlik etdi. Bunun ardınca şəxsən özü İmperiya Təhlükəsizlik Xidməti İdarəsi V şöbəsinin şefinin qollarını qandallayaraq həbsxanaya göndərdi.

 

Ölüm, yoxsa qaçış?

 

Almaniyanın məğlub olmasının artıq şübhə doğurmadığı bir dövrdə belə, Müller Hitlerə sədaqətlə xidmət göstərməkdə davam edirdi. Hitlerin bunkerdə özünü “öldürməsindən” sonra, 1945-ci il may ayının 2-si, gecə saat 1-də Hitlerin təhlükəsizliyinə cavabdeh olan SS qruppenfüreri Hans Rattenxuber Müllerə Berlini birgə tərk etməyi təklif etdi. Sonuncu isə, öz növbəsində: “ Yox, mən şəhəri tərk edə bilməyəcəyəm. Almaniya ilə birlikdə mən də məhv oldum”,- deyə ona cavab vermişdi. Bundan sonra Mülleri bir daha görən olmadı. Müttəfiq qoşunları Berlini ələ keçirəndən sonra Müllerin özünü öldürməsi barədə məlumat əldə edilmişdi. Bunu yoxlamaq üçün 1945-ci ilin iyun-avqust aylarında Berlini idarə edən birgə müttəfiq komandanlıq şəhərdəki təzə məzarların hamısının açılması barədə sərəncam verdi. İmperiya Aviasiya Nazirliyinin ərazisindəki məzarlıqda döş cibində Müllerin adına vəsiqə olan meyit aşkar edildi. Bu vəsiqəyə əsasən meyitin Müllerə aid olduğunu söyləyərək, onu yenidən Qrossqamurqştrassedəki yəhudi məzarlığında dəfn etdilər. Üstündən 18 il ötəndən sonra, 1963-cü il sentyabr ayının 25-də həmin məzarı açaraq, meyiti yenidən yoxladılar. İki gün davam edən tibbi ekspertizadan sonra meyitin gestapo şefinə aiddiyyəti olmadığı müəyyən edildi.

Beləliklə, Müllerin guya Berlini tərk etməyərək özünü öldürməsi barədə yayılan məlumatların doğru olmadığı sübuta yetirildi. Əslində məntiqi baxımdan uzun illər həyatını ölkədə fəaliyyət göstərən gizli qurumların məhvinə rəhbərlik edən və gizli şəkildə necə aradan çıxmağın bütün yollarına bələd olan peşəkar bir insanın ölkədə qalıb ucuz ölüm yolunu seçməsi hələ o dövrdə ağlabatan sayılmırdı. Hər halda Müller bütün insanlar kimi yaşamağı sevirdi və bundan əlavə, o, yüksək vəzifəli şəxslərin Latın Amerikası və digər ölkələrə qaçırılması planından xəbərdar idi. Ona görə də Müllerin özünün “ölüm” oyununu oynaması və bu məqsədlə özünəbənzər şəxslərdən birini qurban seçdiyi ehtimal edilir. Hər halda açılan məzardakı  meyitin Müllerə aid olmaması da bu ehtimalın doğruluğunu söyləməyə imkan verir. (Ardı var)

 

 

ƏZİZ MUSTAFA

 

Zaman.-2012.-5-7 may.-S.15.