Henrix Müller:sirli
şəkildə yoxa çıxan adam(2)
Müharibə
başa çatandan sonra Müllerin öldüyü barədə
yayılan məlumatlar yoxlanıldı. Məzarlıqdan
aşkar edilən meyitdən tapılan sənədlərə
əsasən, Müllerin öldüyünün təsdiq edilməsi
bir müddət bu məsələni unutdurdu. Hətta Nürnberq məhkəməsində belə,
Müllerin adı bəşəriyyətə qarşı
cinayət törədən nasist canilərin siyahısında
belə çəkilmədi.
Halbuki onun təşəbbüsü
ilə Osventsim və digər qırğın düşərgələri
yaradılmışdı. Bundan əlavə,
o, faşist Almaniyasının təhlükəsizliyinə
cavabdeh olan və minlərlə antifaşisti üzə
çıxararaq həbsxanalara və ya ölüm
kameralarına göndərən, adı gələndə
insanı dəhşətə salan gestapoya rəhbərlik
edirdi. Hitler, Görinq və Göbels kimi,
Müller də müharibə illərində yüz minlərlə
insanın qətlə yetirilməsində birbaşa və ya
dolayısilə iştirak etmişdi. Belə
başa düşmək olar ki, Nürnberq məhkəməsində
hansısa “gizli əl” Mülleri himayə edərək, onun
adının nasist canilərlə birlikdə çəkilməsinə
mane olmuşdu. Amma Nürnberq məhkəməsi başa
çatandan sonra gözlənilmədən Müller “yada”
düşdü. Onun ölmədiyi və
nasist cani Borman kimi, gizlənməyə imkan tapması barədə
çoxlu sayda məlumatlar yayılmağa başladı.
Əvvəlcə, bu məlumatları istər Qərbdə,
istərsə də SSRİ-də müəyyən qədər
ironiya ilə qarşıladılar. Amma Mülleri, belə
demək mümkünsə, sağ görənlərin
sayı get-gedə artmaqda idi. Onlardan biri də
Almaniya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri və
Hitlerin ən yaxın sirdaşlarından biri hesab edilən
briqadafürer Valter Şellenberq idi. Onu da deyək ki,
Şellenberq Müllerin qatı düşmənlərindən
və əsas rəqiblərindən biri hesab edilirdi.
Şellenberqin iddiasına görə, Müller
özünü öldürməyib və aradan
çıxıb. 1952-ci ildə
yazdığı memuarlarında Şellenberq Müllerin sovet kəşfiyyatı
ilə əlaqədə olduğunu və onlara işlədiyini
bildirmişdi. Memuarlarında Şellenberq yazır:
“Müller 1943-cü ildə Rusiya gizli xidməti ilə əlaqə
yaratmışdı. 1945-ci ildə o, Berlinə hücum edən
sovet qoşunlarına təslim olaraq, özünün kim olduğunu bildirmişdi. Bundan
sonra onu Moskvaya aparıblar”. Yenə də
Şellenberqin iddiasına görə, 1948-ci ildə guya
Mülleri Moskvada görmüşdülər. Amma Şellenberq Müllerlə bağlı dediklərini
sübuta yetirə biləcək hər hansı fakt ortaya
qoymayıb, hansı mənbəyə istinad etdiyinə
azacıq da olsa işarə vurmayıb. Məntiqi
baxımdan belə çıxır ki, Şellenberq yalan
danışıb? Amma Müller barədə
yalan danışmaq Şellenberqin nəyinə lazım olub?
Çünki onların rəqabəti və
aralarında olan düşmənçilikləri artıq
keçmişdə qalmışdı. Belə
çıxır ki, Şellenberq Müllerin gizlənməsi
barədə hansısa məlumata malik olub və ya bu barədə
yalnız onun özünün bildiyi gizli mənbələrdən
xəbər tutub. Çünki hər
halda Şellenberq də kifayət qədər təcrübəli
kəşfiyyatçı idi və onun əli hətta
müharibədən sonra belə, bir çox gizli məlumatlara
çatırdı. Ona görə də
Şellenberqin yalan danışmasına da inanmaq çətindir.
Amma yenə də yuxarıda dediyimiz kimi, təcrübəli
kəşfiyyat şefinin Müllerlə bağlı
iddialarını sübut edə biləcək faktı ortaya
qoya bilməməsi onun dediklərini şübhə altına
alıb. Belə başa düşmək
olar ki, Şellenberq bununla da demək istəyib ki, SSRİ guya
nasist canilərdən birini himayə edib və onun vasitəsilə
müəyyən planlar həyata keçirib. Əslində Şellenberq Müllerin SSRİ kəşfiyyatı
ilə əlaqədə olduğunu və DTK-ya işlədiyini
söyləməsə belə, gestapo kimi dəhşətli
quruma rəhbərlik edən bir hitlerçi barədə
Nürnberq məhkəməsində məsələ
qaldırılmaması və onun adının nasist canilər
siyahına daxil edilməməsi özü belə, kifayət
qədər müəmmalı görünür. Belə ki, Stalin rejimi və DTK gestapoçuları
özlərinin ən qatı düşməni hesab edirdilər
və bu qurumun ələ keçirilən sıravi, məsul
vəzifələr tutmayan əməkdaşlarını belə,
məhkəməsiz yerindəcə güllələyirdilər.
Bu baxımdan Müllerin ölməsi və ya
aradan çıxması ilə bağlı məsələnin
Stalin və DTK rəhbərlərinin diqqətindən
yayına biləcəyinə inanmaq, sadəcə olaraq,
mümkün deyil. Ona görə də adi məntiqlə
belə, bu məsələdə SSRİ-nin hansısa
maraqları olub,
ya da, həqiqətən də, DTK Müllerdən
öz xeyrinə istifadə edə bilib. Belə başa
düşmək olar ki, Müllerin müəmmalı şəkildə
yoxa çıxmasında SSRİ-nin hansısa rolu olub
Yeri gəlmişkən,
onu da deyək ki, “Baharın 17 anı” filmi efirə
çıxandan sonra
məşhur kəşfiyyatçı
Ştirlitsin məhz Müller olması barədə çoxlu
sayda ehtimallar ortaya çıxdı. Ştirlitsin
bütün hərəkətləri müəyyən qədər
gestapo şefini - Mülleri xatırladır. Hətta
Müllerin SSRİ-yə qaçdığına
inanmayanların çoxu belə, Ştirlits obrazının
arxasında konkret olaraq faşist Almaniyasında SSRİ-nin
xeyrinə işləyən ən yüksək səviyyəli
hitlerçinin dayandığını cəsarətlə
vurğulamağa başladılar
Qərb mətbuatında,
o cümlədən xüsusi xidmət orqanlarında belə
hesab edirlər ki, Müller SSRİ-yə həm də
müharibədən sonra yenidən təşkil edilən Qərbi
Almaniya kəşfiyyatı barədə daha geniş məlumat
almaq üçün təcrübəli məsləhətçi
kimi lazım olub. Belə ki, 1946-cı ildə
yenidən yaradılan bu quruma faşist Almaniyasının ən
təcrübəli generallarından biri olan general-mayor Helen
Reynxardt rəhbərlik edirdi. O, öz ətrafına, ilk
növbədə, sağ qalan və adı müxtəlif
cinayətlərdə hallandırılmayan
gestapoçuları - əks-kəşfiyyat zabitlərini toplamışdı.
Öz növbəsində, Himmler tərəfindən
canlı ensiklopediya adlandırılan və qeyri-adı
yaddaşa malik olan gestapo şefi Henrix Müller Helenin ətrafına
yığdığı kəşfiyyatçlar və
gestapoçuların çoxunu yaxından tanıyırdı
və ya onlar haqqında müəyyən məlumatlara malik
idi. Xatırladaq ki, Hitlerə qarşı
həyata keçirilən sui-qəsdin üstünü
açmaq üçün Müller yüzlərlə kəşfiyyatçının
və yüksək vəzifəli şəxslərin şəxsi
işlərini araşdırmalı olmuşdu. Sonda isə o, sui-qəsdin arxasında admiral Kanarisin
və polkovnik Hans Osterin dayandığını müəyyən
edə bilmişdi. Necə deyərlər,
o vaxt Müller alman kəşfiyyatı əməkdaşlarının
çoxunu tanımağa nail olmuşdu. Ona görə də
o, Helen Reynxardtın ətrafına yığdığı
keçmiş kəşfiyyatçılar barədə
SSRİ xüsusi xidmət orqanlarına əvəzsiz məlumatlar
verə bilərdi...
SSRİ analoji təcrübəyə
malik idi...
Müllerin SSRİ-nin xeyrinə casusluq fəaliyyətinə
cəlb edilməsinin mümkünlüyünü göstərə
biləcək çoxlu sayda faktlar mövcuddur. Birincisi, hələ
1943-cü ildə Almaniyada yüksək vəzifələr
tutan şəxslərin əksəriyyəti müharibənin
uduzulacağını hiss etmişdi. Onlardan
bir qismi öz canlarını xilas etmək üçün
ABŞ və Böyük Britaniya, digər qismi isə SSRİ
kəşfiyyatı ilə əlaqəyə girmək istəyirdi.
Hitlerə qarşı həyata keçirilən sui-qəsdin
arxasında məhz reallığı daha dərindən hiss
edən və Almaniyanı, həmçinin öz
canlarını müxtəlif yollarla xilas etmək istəyən
yüksək səviyyəli dövlət rəsmiləri
dayanmışdı. Bu müstəvidə
Müllerin də SSRİ kəşfiyyatı ilə əlaqəyə
girə bilməsi istisna edilmir.
Digər
tərəfdən də, SSRİ kəşfiyyatı Hitler
Almaniyasında rəhbər vəzifələrdə
çalışan bəzi adamların ələ
alınmasında müəyyən təcrübəyə
malik idi. Məsələn, vaxtilə Henrix Müllerin əks
-kəşfiyyat üzrə köməkçisi, SS
ştandartenfüreri, SSRİ-yə işləyən agentləri
müəyyən edərək üzə çıxarmaq və
zərərsizləşdirmək məqsədi ilə
yaradılan “Rote kapelle” (“Qırmızı kapella”) əks-kəşfiyat
qrupunun rəhbəri Fridrix Panntsinger müharibə
dövründə əsir alınmışdı. SSRİ
xüsusi xidmət orqanları dərhal onu öz xeyirlərinə
casusluğa cəlb edə bildilər. Sonra isə onu Helenin
yanında işləmək üçün göndərdilər.
Amma Fridrix Panntsinger Helenin yanına gələn kimi SSRİ
xüsusi xidmət orqanları tərəfindən casusluğa
cəlb edildiyini etiraf etdi. Bu məsələ dərhal Qərb
mətbuatına çıxarıldı və Avropada
güclü əks-səda verdi. Qərbdə SSRİ-ni nasist
canilərdən casus kimi istifadə etməkdə
günahlandırmağa başladılar.
1945-ci
ildə SSRİ xüsusi xidmət orqanları “Kent” (Anantoli
Qureviç) ləqəbli casusun köməyi ilə gestapoda həbs
edilənlərə ən ağır cəzalar verilməsinə
rəhbərlik edən SS qauptşturmfüreri Haynts Panvitsi
öz xeyirlərinə casusluğa cəlb edə bildilər. Halbuki
Haynts Panvitsin cəza alayı 1942-ci ildə
Çexoslovakiyanın Liditsa kəndini yerlə yeksan edərək,
onu yandırmış, kənddəki bir canlıya belə rəhm
etməmişdi. Bundan əlavə, Panvits 1941-ci ildə
Almaniyada SSRİ casuslarını aşkara
çıxararaq, ölüm
kürsülərinə göndərənlərdən biri
idi. Buna baxmayaraq, SSRİ xüsusi xidmət orqanları Liditsa
cəlladı adı verilən Haynts Panvitsi öz xeyirlərinə
casusluğa cəlb etməkdən çəkinməmiş və
bu zaman özlərinin tez-tez dilə gətirdikləri sovet əxlaqı
və mənəviyyatını tapdalayaraq, bunun siyasətdə
heç bir əhəmiyyətə malik
olmadığını nümayiş etdirmişdilər.
SSRİ
xüsusi xidmət orqanları həmçinin Şellenberqin
yanında işləyən və əsasən İsveçrə məsələləri ilə məşğul
olan SS oberşturmfüreri Haynts Felfeni də öz xeyirlərinə
casusluğa cəlb etmişdilər. Felfe 1961-ci ilə kimi
SSRİ-yə yüzlərlə gizli məlumat
ötürmüşdü və bu, “Soyuq müharibə”
dövründə SSRİ-yə ABŞ və onun Qərbdəki
müttəfiqlərinə qabaqlayıcı cavab tədbirləri
həyata keçirməyə imkan vermişdi. Yalnız 1961-ci
ildə Qərbi Almaniya əks-kəşfiyyatı Felfeni
iş başında yaxalaya bilmişdi. Ola bilisn ki, məhz buna
görə də pərdəarxasından SSRİ tərəfindən
himayəyə götürülən və adı müxtəlif
cinayətlərdə çəkilən onlarla nasist cani
Nürnberq məhkəməsinə cəlb edilməmişdi
Kəşfiyyatçı Rudolf
Barakın açıqlamaları
Müllerin
müəmmalı şəkildə yoxa çıxması ətrafında
qızğın diskussiyalar bütün ötən əsr
boyu davam etdi. “Soyuq müharibə” illərində Müller barədə
söylənilən hər fikir beynəlxalq aləmdə
güclü rezonans doğururdu. Belə sensasiyalı
açıqlamalardan biri də Çexoslovakiya kəşfiyyatının
keçmiş şefi və daxili işlər naziri Rudolf Barak
tərəfindən edildi. Barakın dediyinə görə,
1955-ci ildə onu Moskvaya çağıraraq, Henrix Mülleri
həbs etmək barədə tapşırıq veriblər.
Rudolf Barak: “Moskvada DTK rəhbərliyində Müllerin
Latın Amerikasında, o cümlədən Argentinada
yaşaması barədə məlumat vardı. O vaxt mənə
Mülleri həbs etmək barədə tapşırıq verən
DTK şefi Serov bunun SSRİ-yə nə üçün
lazım olması haqda bir kəlmə də demədi. Onun
susmasından və əlavə heç nə demək istəməməsindən
başa düşdüm ki, DTK Müllerdən əvvəlcədən
planlaşdırdıqları hansısa əməliyyatda istifadə etmək istəyir”,-deyir.
Zaman.-2012.-11 may.-S.13.