“Vəzifəmiz təhsilimizin yeni zirvələri fəth etməsinə öz töhfəmizi verməkdir”

 

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə təhsil sürətlə inkişaf etməyə başladı . Bu müstəvidə də təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar Azərbaycanın sürətli elmi texniki inkişafına yol açdı.

 Təhsil sahəsində Qəbələ rayonunda da həyata keçirilən uğurlu islahatlar rayonun sürətli inkişafına təkan verib. Ona görə də, Qəbələ rayonunda təhsil sahəsində görülən işlər və həyata keçirilən uğurlu islahatlar barədə məlumat almaq üçün Qəbələ rayon Təhsil Şöbəsinin müdiri Oktay Hacıyevə müraciət etdik

- Oktay müəllim bütün sahələrdə olduğu kimi Qəbələdə təhsil sahəsində də bir canlanma hiss olunmaqdadır. Bu baxımdan Qəbələdə təhsil sahəsində görülən işlər barədə məlumat vermənizi xahiş edirik.

- Təhsil sahəsinin inkişaf etdirilməsi hər bir dövlət üçün prioritet, strateji sahə hesab edilir. Bu baxımdan ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdandan sonra təhsil sahəsində sivil tələblərə cavab verən islahatlar həyata keçirilməyə başladı. Məhz ümumilli liderimizin atalıq qayğısı nəticəsində qısa müddətdə Azərbaycan təhsili yeni uğurlara imza atdı. Hörmətli Prezident İlham Əliyev də Azərbaycanda təhsilin inkişaf etdirilməsini xüsusi strateji önəm daşıyan sahə kimi daim diqqət mərkəzində saxlamaqdadır. Bunun da nəticəsində son illərdə Azərbaycanda təhsilin maddi-texniki bazası xeyli genişləndirilmiş, yeni məktəblərin tikintisi sürətləndirilmişdir. Bu müstəvidə Qəbələ rayonunda da təhsil sahəsində mən deyərdim ki irəliyə doğru böyük sıçrayış baş verib.

Qeyd etdiyim kimi təhsildə yüksək keyfiyyətə nail olunması ölkəmizin sürətli inkişafına təkan verib. Bizim vəzifəmiz bu sürəti qoruyub saxlamaq və təhsilimizin yeni zirvələri fəth etməsinə öz töhfəmizi vermək, daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdır. Buna görə də, şöbəmiz təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin elmi-metodiki hazırlığının daha da yüksəldilməsinə, yeni təlim texnologiyalarından istifadə edilməsinə xüsusi əhəmiyyət verir. Hələ cari dərs ilinə başlamamışdan əvvəl bütün məktəblərimizdə təmir işləri aparıldı. Heydər Əliyev Fondunun dəstəyi ilə Nic qəsəbəsində 2 saylı tam orta məktəb üçün 420 yerlik, Təhsil Nazirliyinin xətti ilə İmamlı kənd ümumi orta məktəb üçün 100 yerlik yeni məktəb binaları inşa olunub.

Vəndam qəsəbə 1 saylı orta məktəbi Nazirliyin xətti ilə təmir edilmiş, müasir tipli istilik sistemi ilə təchiz olunub. Bundan əlavə qəzalı vəziyyətdə olan Topbağ ümumi orta və Tola tam orta məktəbləri üçün yeni binaların tikintisi aparılır. Rayon  İcra Hakimiyyətinin yaxından köməkliyi sayəsində Kiçik Pirəlli və Solquca kəndlərində  də yeni məktəb binalarının tikintisi başa çatdırılıb. Yerli büdcədən ayrılan vəsait hesabına Məlili kənd tam orta məktəbinin dam örtüyü əsaslı, 2 saylı şəhər tam orta məktəbinin idman zalı, 3 saylı şəhər tam orta məktəbinin su hovuzu əsaslı təmir edilib. Rayon büdcəsinin hesabına 23172 manatlıq yumşaq inventar, stol, stul, parta, yazı lövhəsi alınaraq məktəblərə paylanıb. Təhsil Nazirliyi tərəfindən isə məktəblərimiz üçün 135200 manatlıq yumşaq inventar və 53 adda dərslik, 58925 manatlıq bədii ədəbiyyat alınaraq onlara  verilib. Rayonumuz dağlıq ərazi olduğundan qışa ciddi hazırlıq işləri görülmüş, məktəblər kifayət qədər yanacaqla təmin edilmiş və qış aylarında problemlər yaşanmamışdır. Təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramına uyğun olaraq məktəblərimizin kompyuterlə təchizatına diqqət artmış və ölkədaxili sürətli internet şəbəkəsinə qoşulması davam etdirilmişdir.

-Təhsil səviyyəsinin yüksəldilməsi öz işini yaxşı bilən və onu sevən pedaqoji kadrlardan bilavasitə asılıdır. Bu baxımdan Qəbələdə vəziyyət necədir?

 - Biz kadrlar məsələsini də xüsusi diqqət mərkəzində saxlayırıq. Bu məqsədlə də məktəblərimizin ixtisaslı pedaqoji kadrlarla təmin olunması sahəsində ardıcıl iş aparılır. Bununla bağlı bir müddət əvvəl məktəblərimizdə boş iş yerlərimizin monitorinqi keçirilib. Monitorinq zamanı məlum oldu ki, rayonumuzda 30 vakant yeri var. Bununla əlaqədar Təhsil Nazirliyinə müvafiq məlumat təqdim etdik. Onu da deyim ki, müəllimlərin elmi-metodiki hazırlığının artırılmasına, peşə ixtisasının təkmilləşdirilməsinə xüsusi diqqət yetiririk.

Məsələn, tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə birinci siniflərlə işi xüsusi diqqət mərkəzində saxlayırıq. Bu müstəvidə də birinci sinif müəllimlərimiz xüsusi hazırlıq kurslarından keçərək sertifikat alıblar. Eyni zamanda müllimlərimiz fənn proqramları, lazımi metodik ədəbiyyatla təmin olunmuşlar. Gənc müəllimlərə kömək məqsədi ilə rayonun yeddi məktəbində yaradılmış Zona dayaq məntəqələrinin fəaliyyəti daha da canlandırılmışdır. Şagirdlərin təlim tərbiyəsi sahəsində zəngin təcrübəyə malik müəllimlərin iş metodu öyrənilərək təbliğ edilir. Şəhər 5 saylı və Mirzəbəyli tam orta məktəblərin qabaqcıl müəllimləri Nərminə Səfərova və Məlahət Rəsulovanın işləri “Ən yaxşı müəllim” respublika müsabiqəsinə təqdim edilmişdir. I-IV siniflərdə fənn kurikulumlarının başa çatması və V siniflərdə kurikulumun tətbiqinə başlanması ilə əlaqədar müəllimlərin metodiki hazırlığını artırmaq üçün treninqlər, kurs məşğələləri təşkil edirik. Həmin məşğələlərə Şəki Müəllimlər İnstitutunun aparıcı mütəxəssisləri dəvət olunur. Bütün bunlarla yanaşı məktəblilərimizin rayon və respublika səviyyəli müsabiqə və bilik yarışlarında iştirakı da həmişə diqqət mərkəzindədir. Təkcə bir faktı göstərim ki, bu ilin mart ayında keçirilən respublika turunda şəhər 3 saylı tam orta məktəbin X sinif şagirdi Nadir Nadirli riyaziyyat üzrə III yerə, dörd nəfər şagirdimiz isə ayrı-ayrı fənlər üzrə IV yerə layiq görülmüşlər.

- Bəs həyata keçirilən çox saylı tədbirlər, gərgin zəhmət son nəticədə ali və orta ixtisas məktəblərinə qəbulda öz müsbət nəticəsini verirmi?

 -Əlbəttə, biz zəhmətimizin barını hər il dadırıq. Belə ki, 2010-2011-ci dərs ilində rayonumuzdakı məktəbləri bitirənlərdən 812 nəfər ali məktəblərə qəbul olunmaq üçün ərizə vermişdi. Onlardan 390 nəfəri tələbə adını qazanmışdır. Bunlardan 20 nəfəri isə 600-dən artıq bal toplayaraq rayon üzrə yüksək nəticə əldə etmişlər. Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının yerinə yetirilməsi sahəsində də uğurlarımız az deyil. Şagirdlərimiz müntəzəm olaraq respublika olimpiadalarında yüksək nəticələr əldə edirlər. Deməli, məzunlarımız bu il ali məktəblərə qəbulda da yaxşı göstəricilər qazanacaqlar. Hazırda məktəblərimizdə 2359 nəfər müəllim 17663 şagirdin təlim-tərbiyəsi, tədrisi ilə məşğul olur. Milli ənənələrə, ümumbəşəri dəyərlərə cavab vermək üçün təhsil islahatlarına həm diqqət həm də yaradıcılıqla, həssaslıqla yanaşmaq vacibdir.

-Müsahibə üçün çox sağ olun.

 

 

Zaman.-2012.-12-14 may.-S.2.