“İnsanların sağlamlığının keşiyində dayanmaqdan qürur hissi keçiririk

  

Qəbələdə gedən sürətli inkişafonun respublikamızın ən gözəl rayonlarından birinə çevrilməsi istiqamətində həyata keçirilən uğurlu tədbirlər səhiyyə sisteminin də işində bir canlanma yaradıb.

 

 Nəticədə Qəbələdə əhaliyə göstərilən səhiyyə xidməti artıq sivil tələblərə tam cavab verməyə başlayıb. Bunu Qəbələ rayon mərkəzi xəstəxanasının baş həkiminin təşkilati-metodiki işlər üzrə müavini Məlikov Cavanşir də bizimlə söhbətində xüsusi vurğuladı. O qeyd etdi ki, Qəbələdə səhiyyənin inkişafını, digər quruculuq işləri, iqtisadi-sosial proqramların həyata keçirilməsi ilə sıx əlaqə kontekstində nəzərdən keçirmək lazımdır.  Baş həkimin müavini: “Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə ölkə rəhbərliyinə yenidən qayıdandan sonra səhiyyənin inkişafını xüsusi diqqət mərkəzində saxlamağa başladı. Nəticədə ulu öndərin rəhbərliyi altında ölkəmizdə iqtisadiyyatın dirçəldilməsi, adamların maddi rifah halının yaxşılaşması, səhiyyənin də inkişaf etdirilməsi və yeni şəraitə uyğunlaşdırılması istiqamətində uğurlu islahatlar həyata keçirildi. Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında “Regionların sosial-iqtisadi inkişafı proqramı” çərçivəsində səhiyyənin inkişaf etdirilməsi daha geniş vüsət aldı. Buna misal olaraq deyim ki, ötən il rayonumuzda əhalinin müayinəsi, müalicəsi, profilaktik tədbirlərin həyata keçirilməsi və digər işlərlə bağlı büdcədən kifayət qədər vəsait ayrılmış və əhaliyə 132682 manatlıq pulsuz dərman verilmişdir. Belə ki, epilepsiyalı və ruhi, şəkərli və şəkərsiz diabet və vərəm purkipson xəstələrinə 141 adda pulsuz dərman preparatları və dərmanlar verilib. Bu ildə də xəstələrə pulsuz dərmanlar verilməsi işi davam etdirilir. Ötən müddət ərzində Mərkəzi xəstəxananın qəbul, mamalıq -ginekologiya  şöbələri, rentgen kabineti əsaslı təmir edilib. Xəstəxananın inzibati hissəsində və ətrafında təmir və abadlıq işləri görülüb və xəstəxanamız üçün vacib olan müasir tibbi müalicə avadanlıqları alınıb. Bu müstəvidə də xəstəxanamızda müasir rəqəmsal fülyoroqrafiya aparatı quraşdırılıb istifadəyə verilib. Eyni zamanda ən son model rəqəmli dopler stasionar USM aparatı alınaraq əhaliyə göstərilən tibbi xidmətdə uğurla istifadə edilir. Yeni tibbi avadanlıqların alınması isə bizə xəstəxanamızda lazımi avadanlıqlarla təchiz olunmuş qəbul şöbəsi yaratmağa imkan verib. Onu da deyim ki, xəstəxanamızın müasir tibbi avadanlıqlarla təchiz olunması talasemiyalı xəstələrə qan köçürmə işimizi də yüngülləşdirib və biz bu məqsədlə yeni tibbi xidmət kabineti yaratmışıq. Həmin kabinetdə həkim-hemotoloq xəstələrə yüksək səviyyəli tibbi xidməti həyata keçirir. Ucqar dağ rayonunda belə bir şəraitin yaradılması öz növbəsində xəstələrin müayinə və müalicə üçün artıq xərc çəkərək mərkəzi şəhərlərə getməsinin də qarşısını alıb”,-deyir.

C.Məlikov həmçinin məlumat verdi ki, ötən il mərkəzi xəstəxanada 3486 nəfər stasionar müalicə alıb. Onlardan 429 nəfəri üzərində uğurlu cərrahi əməliyyat həyata keçirilib. Xəstəxanaya müraciət edənlərin 1946 nəfəri isə müxtəlif səbəblər üzündən ağır və orta travma alanlardır.  Məlikov ötən müddət ərzində rayon üzrə 146695 nəfər xəstəyə ambulator tibbi xidmət göstərildiyini də xüsusi söylədi: “ Ümumiyyətlə xəstəxanamızda 131 nəfər həkim, 347 orta tibb işçisi insanların sağlamlığı keşiyində dayanır. Bu ilin 3 ayı ərzində stasionar xəstələrimizin sayı 838 nəfər olub. Onlardan 92 nəfəri üzərində cərrahi əməliyyat aparılıb. Bu müddət ərzində 413 doğuş baş vermiş, neomatol uşaq ölümü olmamışdır. Əhaliyə göstərilən tibbi xidmətlər çərçivəsində bu ilin 3 ayında 14 nəfər talasemiyalı xəstəyə 53 paket qan köçürülüb”.

Baş həkimin müavini daha sonra bildirdi ki, əsas vəzifələrimizdən biri xəstəlikləri vaxtında aşkara çıxarmaq və onları müalicə etməkdir. Bu baxımdan ailə həkimlərinin, tibb bacılarının işinin daha səmərəli olmasına, əhali ilə sıx əlaqə yaradılmasına, profilaktik tədbirlərin gücləndirilməsinə diqqət artırılmışdır.

Məlikov Cavanşir  həmçinin məktəblilərin müayinəsinin aparılması üçün müxtəlif ixtisaslı həkimlərdən və orta tibb işçilərindən ibarət 36 briqada yaradıldığını da öz sözlərinə əlavə etdi. Həkim briqadalarının cədvəl əsasında bütün tibb məntəqələrində olduğunu və pevənd işləri apardıqlarına diqqəti cəlb edən baş həkimin müavini əhali arasında xəstəliklərin erkən aşkar edilməsi məqsədi ilə ambulator xidmətin gücləndirildiyini də bildirdi: “Mərkəzi xəstəxanada fülyoqrafiya aparatının quraşdırılması bir çox xəstəliklərin, o cümlədən vərəmin erkən aşkar edilməsi işini yaxşılaşdırmışdır. Uşaq poliklinikasında sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar həkimlər tərəfindən profillər üzrə dispanser qeydiyyatına götürülür, müvafiq müayinələr aparılır. Belə uşaqları pulsuz reseptler əsasında dərmanlarla təmin edirik. Bakı şəhərindəki klinikainstitutlarla sıx əlaqələrimiz də ümumi işimizə çox kömək edir. Məsələn, Elmi Tədqiqat Oftolmologiya İnstitutunun əməkdaşları bu ilin yanvar ayında rayonumuzda 250-dən çox adamın göz xəstəliklərini müayinə etmişlər. Onlardan 29 xəstə üzərində göz əməliyyatları aparılıb.

Nəhayət, Respublika Endokrinoloji Dispanserinin əməkdaşları bir həftə ərzində rayonumuzun 5 məktəbində şagirdləri zoba görə müayinədən keçirmiş və məsləhətlərini vermişlər. Onu da deyim ki, rayonumuzda qana ehtiyac duyanlar üçün qanvermə aksiyası da keçirilib. Bir sözlə biz, insanların cansağlığının qorunmasının keşiyində dayanmaq kimi şərəfli bir vəzifəni həyata keçirməyimizdən qürur hissi keçiririk”.         

 

  Zaman.-2012.-12-14 may.-S.8.